|
Новая страница 1
Akif Nağı
Azərbaycanın milli maraqları və Qarabağ məsələsi
Azərbaycanın 14 min kv. kilometrlik ərazisinin, o cümlədən Yuxarı Qarabağın
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi beynəlxalq aləmdə daha
çox “Qarabağ məsələsi” kimi tanınır, beynəlxalq təşkilatların nümayəndələri bu
ifadəni işlətməyə üstünlük verirlər. Işğal və təcavüz faktını görmək, təsdiq
etmək istəməyən beynəlxalq təşkilatlar bu termini işlədirlər. Bu terminin
işlədilməsi ermənilərin maraqlarına uyğun gəlir və erməni istəyinin nəticəsi
olaraq ortaya çıxmışdır. Erməni tərəfi “Ermənistan
-
Azərbaycan
- Dağlıq
Qarabağ münaqişəsi” ifadəsinin də tez–tez işlədilməsinə nail olubdur. Hər iki
halda məqsəd baş vermiş işğal faktının gizlədilməsi, Ermənistanın məsuliyyətdən
kənarlaşdırılmasından ibarətdir. Istənilən halda beynəlxalq təşkilatların daha
çox işlətdikləri terminə biz də üstünlük verməklə, bu terminin birinci növbədə
“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri” məzmununu ehtiva
etdiyini nəzərə çatdırırıq. Bu kiçik girişi verməkdə məqsədimiz, Azərbaycan
tərəfinin münaqişənin nizama salınması prosesində, hətta terminlərin
seçilməsində də milli maraqlardan deyil, daha çox konyuktur, təzyiqlərə
uyğunlaşma mövqeyindən çıxış etdiyini göstərməkdir. Tarixə qısa nəzər salsaq,
görərik ki, Azərbaycan XX yüzillikdə 2 dəfə ərazilərimizin taleyi ilə bağlı
prinsipial məsələ ortaya çıxanda milli maraqlar mövqeyindən deyil, “ümumbəşəri
dəyərlər” prizmasından çıxış etmişdir. 1918-ci ildə Irəvan və digər ərazilər
milli maraqlarımız nəzərə alınmadan, “Sivil Avropa” qaydalarına uyğun olaraq
ermənilərə güzəştə gedilmişdir. 1920 və 1923-cü illərdə isə milli maraqların
ziddinə olaraq “proletar beynəlmiləlçiliyi” prinsipi rəhbər tutulmuş və bu
prinsipə uyğun olaraq Zəngəzurdan imtina edilmiş, Dağlıq Qarabağa isə heç bir
əsas olmadan muxtariyyət verilmişdir. Milli maraqlara etinasızlıq xətti yenə də
davam edir. Yenə də əksəriyyət Qarabağ məsələsinin “sivil normalara, ümumbəşəri
dəyərlərə” uyğun həll olunmasını tələb edir. Ermənistan Rusiya ilə birlikdə
Qarabağa, Ingiltərə Folklend adalarına, ABŞ Iraqa “öz milli maraqlarını” qorumaq
adı altında qoşun yeridərkən bu dəyərlərəmi söykənirdilər?
Dünya praktikasında irili, xırdalı bütün dövlətlər istənilən situasiyada ön
plana öz milli, dövlət maraqlarını qoymağa, müdafiə etməyə çalışmışdır. Qarabağ
məsələsinəd də maraqlı və yaxud vasitəçi dövlətlərin hamısı öz maraqlarını
reallaşdırmağa cəhd göstərirlər. Ona görə də məsələ birmənalı şəkildə
Azərbaycanın nəzarətindən çıxarılmışdır. Bu gün reallıq belədir ki, Yuxarı
Qarabağın taleyi Rusiya və yaxud Amerikanın istəyilə, ya da onların hansısa
formada razılığa gələ biləcəyi ilə şərtlənir. Məsələnin bu şəkildə
beynəlmiləlləşməsi, iki superdövlətin inhisarına keçməsi Ermənistanın
maraqlarına uyğun gəlir. Çünki bu ərazilərin nominal da olsa, sahibi
Ermənistandır. Bu nominal sahiblik Ermənistana işğal olunmuş əraziləri faktiki
nəzarətdə saxlamağa, sərvətlərini şəriksiz mənimsəməyə imkan verir. Deməli,
Qarabağ məsələsi ilə bağlı yaranmış vəziyyət heç bir halda Azərbaycanın milli
maraqlarına uyğun gəlmir.
Beynəlxalq təşkilatlar, ayrı-ayrı iri dövlətlər Qarabağ məsələsinin danışıqlar
yolu, dinc vasitələrlə nizama salınmasında maraqlı tərəf kimi görünürlər. Bu
yanaşmanın özündə də Azərbaycandan başqa hamının, o cümlədən Ermənistanın
maraqları təmin olunur. Beynəlxalq təşkilatlar, regiona investisiya qoymuş
xarici dövlətlər, öz məqsədinə nail olmuş Ermənistan müharibənin yenidən
qızışmasını istəmirlər. Bu, aydındır. Danışıqlar yolu ilə məsələnin Azərbaycanın
maraqlarına, daha doğrusu obyektiv reallıqlara uyğun həlli perspektivi isə
inandırıcı deyil.
Danışıqların formatı, prinsipləri müəyyən edilərkən də Azərbaycan milli maraqlar
mövqeyindən çıxış edə bilmədi. Danışıqlar formal olaraq Minsk Qrupunun, əslində
isə bu Qrupun səlahiyyətlərini mənimsəmiş “həmsədrlər üçlüyü”nün vasitəçiliyi
ilə aparılır. “Üçlüyün” tərkibi müəyyənləşdirilərkən də Azərbaycan milli
maraqlardan deyil, mövcud reallıqdan çıxış etmişdir. 1997-ci ildə həmsədrlər
institutunu yaradanda belə bir tezis əsas götürüldü ki, bu üç dövlət dünyada və
regionda təsir imkanlarına malikdirlər və bu amil münaqişənin tez nizama
salınmasında rol oynaya bilər. Bu gün də o təzis tez-tez təkrar olunur. Lakin on
il ərzində bu məntiq özünü doğrultmadı. Ona görə də bu formatın saxlanılmasına
ehtiyac yoxdur. Digər tərəfdən, Azərbaycan 3 xristian dövlətinin müsəlman və
xristian ölkələri arasındakı münaqişəni ədalət prinsipi əsasında çözəcəyinə
inanmaqla yanlışlığa yol verirdi. Üstəlik bu üç həmsədr dövlətinin hər birinin
Ermənistanla konkret
bağlılığı, təəssübkeşliyi də nəzərə alınmalı idi. Azərbaycan gec
də olsa bu formatdan imtina etməlidir. Üç xristian dövləti vasitəçiliyini davam
etdirəcəksə, onlara üç müsəlman dövlətinin (bu sıraya Türkiyə, Iran, Pakistan,
Səudiyyə Ərəbistanı və digərləri daxil ola bilərlər) qoşulması zəruridir. Bunu
ölkənin milli maraqları tələb edir. Etiraz etmək istəyənlərin nəzərinə
çatdırırıq ki, Ermənistan qəti şəkildə Türkiyənin namizədliyini rədd edib,
Fransanın namizədliyi üzərində təkid edəndə heç nədən, kimlərinsə xoşuna
gəlib-gəlməməsindən asılı olmayaraq, milli maraqlarından çıxış edirdi və həmin
mövqedə qalır.
Danışıqlarda müzakirə olunan prinsiplər, konkret məsələlər Azərbaycanın milli
maraqlarından çox uzaqdır. Maraqlıdır ki, Azərbaycanın milli maraqları, obyektiv
reallıqla yanaşı, beynəlxalq hüququn da tələbləri bir kənara atılır. Vasitəçilər
Qarabağ məsələsini işğala məruz qalan tərəfin hüquqlarının bərpa olunmasının
vacibliyi, beynəlxalq hüququn tələbləri mövqeyindən deyil, “mövcud reallıqlar və
qarşılıqlı güzəştlər” prizmasından həll etməyə çalışırlar. BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində dolayısı ilə, Avropa Şurası və
Avropa Ittifaqının qətnamələrində, ABŞ Dövlət Departamentinin illik rəsmi
hesabatında, Islam Konfransı Təşkilatının qərarlarında və digər sənədlərdə
birbaşa Azərbaycanın ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal
olunduğu təsdiq edilir. Ilk baxışdan beynəlxalq hüququn hərəkətə gəlməsi,
təcavüzkar ölkəyə qarşı sanksiyaların tətbiq olunması üçün heç bir maneə yoxdur.
Amma beynəlxalq hüquq hələ də susur, cəngəllik qanunları fəaliyyət göstərir.
Deməli, beynəlxalq hüquq bizim üçün ölüb, yoxdur! Belə olmasaydı, beynəlxalq
təşkilatlardan birinin nümayəndəsi təklif etməzdi ki, “Azərbaycan status,
Ermənistan isə ərazi məsələsində güzəştə getməlidir.”
Azərbaycan milli maraqlarından geri çəkilərək danışıqlarda işğal faktının deyil,
“Dağlıq Qarabağın statusu” deyilən məsələnin müzakirəsinə razılaşmışdır.
”Praqa
prosesi” adlandırılan uzunmüddətli danışıqlar bu razılaşma üzərində aparılır.
Praqada başlanan danışıqlar Varşava, Paris, Kazan, Moskva, London, Rambuye,
Vaşınqton, Istanbul görüşləri ilə davam etdirilmiş və mahiyyət etibarı ilə
Azərbaycanın öz milli maraqlarından çox uzaq olan bir varianta razı salınmasına
yönəldilmişdir. Bu danışıqların məzmunu ilə bağlı rəsmi açıqlama verilməsə də,
nələrin müzakirə olunduğu artıq heç kəs üçün sirr deyil. Danışıqların taleyi ilə
bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Rambuye, Azərbaycan və ABŞ
prezidentlərinin Vaşinqton görüşləri, Minsk Qrupu həmsədrlərinin son səfərləri
və verdikləri açıqlamalar həlledici məqamlar kimi götürülür. Əksər mənbələr
danışıqlarda aşağıdakı məqamların müzakirə olunduğunu bildirir:
1.
Dağlıq Qarabağ ətrafındakı 5, yaxud 6 rayondan Ermənistanın
silahlı qüvvələri çıxarılır. Rambuyedə boşaldılacaq royonların sayı mübahisə
mövzusu olub. Ermənistan Kəlbəcər və Laçını hələlik öz nəzarətində saxlamağa
çalışıb. Buradan aydın görünür ki, beynəlxalq hüquq heç bir nəzakət-filan
gözlənilmədən kənara atılıb. Işğal faktına göz yummaqla, işğalçıdan sanki heç nə
olmamış kimi öz qoşunlarını geri çəkməyi xahiş etməyin başqa adı yoxdur.
2.
Azərbaycan 15 və yaxud daha çox ildən sonra Dağlıq Qarabağda
referendum keçirilməsinə razılıq verir. Azərbaycan tərəfindən Dağlıq Qarabağda
hətta 100 ildən sonra da referendum keçirilməsinə razılıq verilməsi bu ərazinin
itirilməsi deməkdir. Referenduma razılıq verməklə, Azərbaycan bütün dünya
qarşısında Dağlıq Qarabağla bağlı hüquqlarından imtina edir.
3.
Referenduma qədərki dövr ərzində Dağlıq Qarabağda indiki oyuncaq
recimin hakimiyyəti saxlanılır. Bu şərt birmənalı şəkildə Dağlıq Qarabağdakı
recimin legitimləşdirilməsinə xidmət edir.
4.
Azərbaycanlı köçkünlər daimi yaşayış yerlərinə qaytarılır. Planın
bu bəndinin uğursuzluğa uğrayacağını, faktiki nəticəsinin olmayacağını indidən
də söyləmək çətin deyil. Əhali yeniden erməni silahlılarının daim təhlükə
altında saxlandıqları ərazilərə qayıtmaqdan imtina edəcəkdir. Qayıdıb yaşayanlar
isə növbəti erməni təxribat və terrorunun girovuna çevriləcəklər.
5.
Münaqişə zonasına, yəni Laçın və Dağlıq Qarabağla Azərbaycanın
digər ərazilərinin arasında sülhməramlı qüvvələr yerləşdirilir. Tərkibindən
asılı olmayaraq, sülhməramlı qüvvələr faktiki olaraq Dağlıq Qarabağdakı oyuncaq
recimin qayğısız mövcudluğunun təminatçısı olacaqlar. Azərbaycan situasiyanı
dəyişmək üçün bütün imkanlardan məhrum ediləcəkdir.
6.
Regionda iqtisadi və hətta siyasi əməkdaşlıq üçün şərait
yaradılır, kommunikasiyalar bərpa olunur. Bu, iqtisadi cəhətdən ciddi
çətinliklər içərisində olan Ermənistanın hərtərəfli inkişafı, regiona gedən
proseslərə, regional böyük layihələrə qoşulması, geniş miqyasda mənfəət
götürməsi üçün şərait yaradır. Göründüyü kimi, danışıqlar birtərəfli qaydada
Ermənistanın maraqlarının təmin olunmasına yönəlmişdir. Azərbaycanın maraqları
isə qətiyyən nəzərə alınmır. Deməli, Azərbaycan lap əvvəldən danışıqların milli
maraqlarımıza və obyektiv reallıqlara, baş vermiş hadisənin mahiyyətinə uyğun
müstəvidə aparılmasına nail ola bilməmişdir. Biz danışıqların əleyhinə deyilik,
danışıqlar yolu ilə də milli maraqların təmin edilməsinə nail olmaq mümkündür.
Amma bu gün aparılan danışıqlara ümid etməklə özümüzü aldatmış olarıq.
Hər bir dövlət, o cümlədən Azərbaycan öz milli maraqlarını, təhlükəsizliyini
təmin etməyi bacarmalıdır. Bacarmırsa, deməli, öz əsas funksiyalarından birini
yerinə yetirmir. Azərbaycan hakimiyyəti Qarabağ məsələsində milli maraqlarını
danışıqlar yolu ilə təmin etmək istəyirsə, onda dərhal danışıqların milli
maraqlarımıza uyğun müstəviyə keçməsinə nail olmalıdır. Əgər bu, baş vermirsə,
onda milli maraqların təmin olunması üçün radikal formanın, hərb yolunun
seçilməsinə zərurət yaranır. Azərbaycanın milli maraqları ölkənin ərazi
bütövlüyünün, bütün ərazilərində suveren hüquqlarının dərhal bərpa olunmasını
tələb edir. Bu, danışıqlar, “sülh” yolu ilə mümkün olmadığına görə, BMT
Nizamnaməsinin 51-ci maddəsinə, yəni zəruri mudafiə hüququna uyğun olaraq hərbi
yolla həyata keçirilməlidir.
|