|
Новая страница 1
Rəna Mirzəzadə
qadınlar
və silahlı münaqişələr
Hər bir cəmiyyətin dəyəri orada yaşayan insanların tərəqqisi üçün
yaranan Bərabərlik, Sülh, Sabitlik, Təhsil və İnkişaf problemidir. Bu
prinsiplər qlobal dünyanın prioritet məsələsidir. Azərbaycan Respublikası da bu
məsələlərin həyata keçməsi üçün müəyyən imkanlar yaratmağa səy edir.
Azərbaycan 1991-ci il oktyabrın 18-dən müstəqil demokratik
respublikadır. 1992-ci ilin martından BMT-nin üzvüdür. Ərazisi 86600 kv.km-dir.
Əhalinin ümumi sayı 8.350.000 (yanvar, 2006) nəfərə qədərdir ki, onun 4
milyondan çoxu qadındır. Təxminən 13% əhali qaçqın və məcburi köçkündür. Şəhər
əhalisi 50.8%, kənd əhalisi 4 9,2%-dir. 1995-ci il 12 noyabrda müstəqil dövlətin
ilk Konstitusiyası qəbul olunmuşdur. Konstitusiya ali qüvvəli qanun olmaq
etibarı ilə qadın və kişilərin bərabərlik hüququnu 25-ci maddədə «kişi ilə
qadının eyni hüquqları və azadlıqları vardır» kimi təsbit edir. Ölkəmizdə
qadınlara ilk dəfə seçib-seçilmək və bərabərlik hüququ 1919-cu ildə ilk
Azərbaycan Demokratik Respublikası dövründə verilmişdir.
Azərbaycan Respublikası Qarabağ münaqişəsi nəticəsində ərazisinin
20%-ni itirmiş, torpaqları işğal zonasına çevrilmiş, bir milyonadək qaçqını və
məcburi köçkünü olan, 1994-cü ildən müvəqqəti atəşkəslə müharibə vəziyyətini
yaşayan dövlətdir.
1995-ci ilin 15 mart - 4 aprelində BMT-nin Qadınların Statusu
üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 39-cu sessiyasında Azərbaycan
nümayəndə heyətinin müdaxiləsi və tövsiyyəsi nəticəsində «Silahlı münaqişələr
zamanı girov götürülmüş qadın və uşaqların azad olunması» haqqında 39/2 saylı
Qətnamə qəbul edilmişdir.
1995-ci il 30 iyunda Azərbaycan BMT-nin «Qadınlara münasibətdə
ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında»” Konvensiyaya (CEDAW
) qoşulmuş, 2001-ci ildə isə onun Fakultativ protokolunu ratifikasiya etmişdir.
Pekində keçirilmiş Qadınların IV Ümumdünya Konfransında
Azərbaycan qadınları 94 nəfərlik tərkibdə iştirak etmişlər. Onlardan 25 nəfəri
hökumət nümayəndəsi, 69 nəfəri qadın qeyri-hökumət təşkilatları üzvləri
olmuşdur. «Silahlı münaqişələr zamanı əsir düşmüş qadın və uşaqların azad
olunması barədə» BMT Qətnaməsinə müvafiq olaraq Qarabağ müharibəsi zamanı əsir
düşmüş uşaq və qadınlarımızın qaytarılması tələbi ilə çıxış etmişlər. Həmçinin
bu müharibənin sülh yolu ilə qurtarması üçün dünya ictimaiyyəti tərəfindən
yardım göstərilməsini xahiş etmişlər. Nümayəndə heyəti işğal edilmiş ərazilərdə
hərbi işğal zamanı qadın və uşaqların pozulmuş hüquqlarının müdafiəsinə dünya
ictimaiyyətinin diqqətini cəlb edib, onlar tərəfindən kömək göstərilməsini
diqqətə çatdırmışlar. Konfransda məhz Azərbaycan qadınlarının tələbi ilə bütün
dünya qadınlarına müraciət edilmişdir ki, onlar öz ölkələrinin dövlət və din
rəhbərlərindən tələb etsinlər ki, təcavüz zamanı əsir alınmış qadın və uşaqların
insan hüquqlarının fəal müdafiəsi sahəsində əməli tədbirlər görsünlər.
Azərbaycan qadın nümayəndələri həmçinin Konfransın ünvanına üzərində konfransın
simvolu olan bayraq göndərmişlər. Bayrağın üzərində «Öz doğma evimə qaytarın
məni» çağırışı ilə minlərlə qaçqın qadının imzası var idi.
Bunların müqabilində Pekin Platfyormasına «Girov götürmə» -
116-cı maddəsi daxil edildi. Bu maddədə deyilir ki, «Qadınların bəzi qrupları,
xüsusən zorakılıq təhlükəsinə məruz qalırlar. Bunlardan milli azlıq təşkil edən,
qaçqın və köçkün, uzaq yoxsul kənd rayonlarında yaşayan, azadlıqdan məhrum olan
qadınları, qızları, əlil və yaşlıları, repatriant, yoxsulluq şəraitində yaşayan
qadınları, həmçinin hərbi münaqişə, xarici işğal, vətəndaş və təcavüz
müharibəsi, terrorizm, və girovalma şəraitində yaşayan qadınları qeyd etmək
olar» zorakılıq forması kimi daxil edildi. Azərbaycan nümayəndə heyətinin
rəhbəri plenar iclaslardan birinə sədrlik etmişdir.
Qadınların IV Ümumdünya Pekin Konfransı bütün dünyada, o cümlədən
Azərbaycanda da qadınların cəmiyyətdə aktivləşməsinə təkan verdi. Qadınlar
nəinki ictimai, həmçinin siyasi qurumların üzvü olub, ölkənin ictimai siyasi
həyatında aparıcı qüvvəyə çevrildilər.
Silahlı münaqişələr bütün dünyada qadın və kişilərin həyatına
dağıdıcı təsir göstərir. Bu münaqişənin təsirini öyrənmək üçün PFP-nin əsasında
problemi araşdıraq.
PFP-da əsas xətt kimi götürülən 12 problemli sahə Azərbaycanda
fəaliyyətdə olan qadın, gender və insan hüququ təşkilatlarının da strategiyası
kimi müəyyənləşmişdir.
Pekin Fəaliyyət Platforması - PFP-ın 131-149-ci bəndlərində
deyilir ki, «dünyada sülhün və insan hüquqlarının qorunması, habelə ərazi
bütövlüyü və siyasi müstəqilliyə dair zor tətbiq olunmasından imtina etmək və
müstəqilliyə hörmət etmək, münaqişələrin dinc yolla həlli qadınların
vəziyyətinin yaxşılaşdırılması üçün vacib amildir». PFP-nin 134-cü bəndində
göstərilir ki, «zorakılıq və qeyri-sabitlik mövcud olan bir zamanda sülh və
təhlükəsizliyin bərqərar olması üçün birgə tərtib olunmuş üsullar tətbiq etmək
olduqca vacibdir».
PFP-nin E bəndinin 131-ci maddəsində deyilir ki, dünyanın bir çox
regionlarında silahlı və başqa münaqişələr, terrorçuluq halları və girov
götürmək halları hələ də mövcuddur. Praktiki olaraq, hər regionda təcavüz,
xarici işğal, etnik və başqa münaqişlər bu günün gerçəkliyini təşkil edir…
Silahlı münaqişə zonasında olan qadınların hüquqlarının pozulması, insan
hüquqları və insan humanitar hüququ sahəsində beynəlxalq hüququn əsas
prinsiplərinin pozulması deməkdir. İnsanları köçkünlüyə vadar edən müharibə
şəraitində qadınların müntəzəm şəkildə zorlan-masıları kimi iyrənc bir təcrübə
qətiyyətlə pislənməli və dərhal dayandırılmalıdır. Belə silahlı münaqişələrdən
bir çoxunun kökləri bu ölkələrin tarixində baş vermiş istilalarla bağlıdır.
Azərbaycan dövlətində, əhalisinin öz ərazisinin bir yerindən
digər yerinə qaçqın və məcburi köçkün kimi yerləşdirilməsi problemlərinin dərin
siyasi - tarixi kökləri vardır. Bu XIX əsrin əvvəllərindən Rus imperiyasının
apardığı müstəmləkəçilik siyasəti nəticəsində ermənilərin bir hissəsinin İrandan
Azərbaycanın Dağlıq Qarabağ ərazisinə köçürülməsi ilə başladı. 1804-13-cü və
1826-28-ci illər Rusiya İran müharibələrinin gedişində, həm də sonralar
ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan Ön Qafqaza, o cümlədən
Qarabağa köçürülməsi nəticəsində burada onların sayı süni şəkildə artırılmışdır.
Təkcə 1826-28-ci illərdə İrandan və Azərbaycanın cənub ərazilərindən ön Qafqaza,
o cümlədən Qarabağa 18 min erməni köçürülmüşdür. Çarizmin milli münaqişələr
yaratmaq məqsədi güdən köçürülmə siyasəti nəticəsində 1915-16-cı illərdə 400 min
erməni əhalisi Kiçik Asiyadan Cənubi Qafqaza köçüb gəlib. Onların böyük hissəsi
isə tarixi Azərbaycan torpaqlarında yerləşdirilib. Köçürülən ermənilərlə yerli
azərbaycanlılar arasındakı münaqişənin kökləri o dövrdə başlamış, bu günə qədər
də davam etməkdədir. 1905-07-ci və 1918-20-ci illərdə də erməni
təxribatçılarının Azərbaycanın Bakı və Şamaxı şəhərlərində törətdiyi qanlı
qırğınlar azərbaycan tarixinin ağrılı səhifələridir. 1947-ci il 23 dekabrda SSRİ
Nazirlər Sovetinin «1947-50-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan
SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhalisi Azərbaycan SSR-nin
Kür-Araz ovalığına köçürülsün» Qərarı verildi və həyata keçirildi. 1988-89-cu
illərdə SSRİ dövründə yenə Ermənistanda yaşayan 243682 nəfər azərbaycanlı həmin
respublikadan zorla, ağır işgəncələrə məruz qalaraq qovuldular. 1988-ci ildən
etibarən Ermənistan tərəfindən başlanan etnik münaqişə Azərbaycanın inkişafına
böyük zərbə vurdu. Zor tətbiqi nəticəsində on minlərlə məcburi köçkün (MK) və
qaçqın öz doğma torpaqlarından didərgin düşdü və Azərbaycanın müxtəlif
ərazilərində sığınacaq tapdı. Qətlə yetirilmin insanların sayı təxminən 20.000
nəfər olmuşdur. 1990-cı ildə Orta Asiya və Qazaxıstandan, milli münaqişə
nəticəsində, didərgin düşmüş 50 minədək axısxa (mesheti ) türkü də Azərbaycana
pənah gətirdi. 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı bütov bir şəhər yerlə
yeksan edilmiş, 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə
öldürülmüşdür, 6 ailə bütövlükdə məhv edilmişdir. 1994-cü ildə atəşkəs elan
edildi və bu vaxtdan etibarən onun şərtləri qüvvədədir. Lakin, Azərbaycan
iqtisadiyyatı kömək və zəruri yardım tələb edən qaçqınların qayğı yükü altında
qalmaqda davam edir. Vurulmuş iqtisadi ziyan 53.5 milyon ABŞ dolları dəyərində
qiymətləndirilir
(7;
s.52). Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan torpaqlarının işğalı
nəticəsində ölkəyə 53,5 milard ABŞ dolları həcmində zərər dəymişdir.
Qaçqın və məcburi köçkünlər iqtisadi keçid dövrünü yaşayan gənc,
müstəqil respublikanın vəziyyətinə kəskin surətdə təsir edir. Müvəqqəti olaraq
respublikanın müxtəlif rayonlarında, çadır düşərgələri və yataqxanalarda
yerləşdirilmiş bu insanlar ağlasığmaz məşəqqət, çətinliklərə düçar olmuş, adi
insan üçün normal olan tələbatlardan məhrum vəziyyətdə yaşayırlar.
Hərbi müdaxilə zamanı 100-dək uşaq, 442 qadın, 370 qoca əsir
götürülmüşdü ki, sonradan Azərbaycan Respublikasının hərbi əsirlər, girovlar və
itkin düşmüşlər üzrə Dövlət Komissiyasının gücü və tələbi ilə 30 uşaq, 92 qadın
və 115 qocanı azad etmək mümkün olmuşdur. Müharibənin depresiv əlamətlərini
yaşayan minlərlə insan isə əsəb və ruhi xəstəlikdən əzab çəkir. Psixoloji
stress, cinsiyyəf yolu ilə keçən xəstəliklər və ya infeksiyalar da bu kimi
problemlər içərisindədir.
PFP-nin 138-ci bəndində yazılıb, ki qadın təşkilatlarının çoxu
ümumdünya hərbi xərclərin, beynəlxalq silah alverinin, onun dövriyyəsi və
yayılmasının ixtisar olunmasına çağırır. Hədsiz dərəcədə hərbi xərclər və
münaqişələr yoxsulluq şəraitində yaşayan insanlara daha ağır mənfi təsir edir,
yoxsulluqda, xüsusən kənd rayonlarında yaşayan qadınlar da silah işlətmə
nəticəsində əzab çəkirlər. Dünyanın 64 ölkəsində piyada qoşunlara qarşı 100
milyondan çox yerüstü minalar quraşdırılıbdır. Silah istehsalı və inkişafına
qoyulan ümumi investisiyaların ümumi inkişafa edən mənfi təsirinin öyrənilməsi
vacibdir.
Milli təhlükəsizlik tələblərini nəzərə almaqla, hədsiz hərbi
xərclər, silah alveri və silah istehsalına kapital qoyuluşu mövcud vəsaitləri
sosial-iqtisadi inkişaf məqsədlərindən, xüsusilə də qadınların vəziyyətinin
yaxşılaşdırılması işindən yayındırır. Bir çox ölkələrdə iqtisadi sanksiyalar
mülki əhali, xüsusən qadın və uşaqlar üçün mənfi sosial və humanitar nəticələrə
gətirib çıxarmışdır.
1998-ci ilin iyul ayında Prezident Fərmanı ilə minalarla bağlı
tədbirlərin görülməsindən ötrü Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan
Hökuməti və BMT İP tədbirlər planını təsdiq etmiş, icraçı təşkilat kimi BMT-nin
Layihə Xidmətləri üzrə İdarəsi (BMTLXİ) ilə saziş imzalanmışdır. Azərbaycanın
minaların zərərsizləşdirilməsi üçün təsirli hərbi imkanları vardır.
Lakin minaların zərərsizləşdirilməsi üzrə humanitar standartlara
cavab verən tədbirlərin görülməsi üçün vəsait azdır. Hərtərəfli iqtisadi planın
hazırlanması üçün təcili və hərtərəfli tədqiqatın keçirilməsi böyük əhəmiyyət
daşıyır. Layihə vəsaitlə yarımçıq təmin olduğundan iştirakçıları nəzərdə tutulan
minaçıların yalnız yarısı təlim keçmişdir.
«Minaların ləğv olunması barədə» Konvensiyaya, artıq dünyanın 150
ölkəsi imza atıb və bu Konvensiya 2003-cü ilin mart ayının 1-dən qüvvəyə
minmişdir. Konvensiyaya imza atmayan 44 ölkə vardır ki, Azərbaycan da bunların
içərisinə daxildir. Ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycan Milli
Agentliyi bildirir ki, işğal olunmuş Azərbaycan torpaqlarının 10%-i minalanıb.
Kompaniyanın direktoru N.İsmaylovun verdiyi məlumata görə, həzırda 82 ölkə mina
və sursatdan əziyyət çəkir. Konvensiyadan əvvəl 55 ölkə minaların istehsalı ilə
məşğul olurdusa, Konvensiyadan sonra bu ölkələrin sayı 14-ə enibdir. Ümumilikdə
72 ölkədə 215 milyon mina mövcuddur. Diqqətə yetirək ki, Azərbaycanda heç bir
vaxt mina istehsal olunmayıb. Məhz həm bu səbəb, həm də Azərbaycanın sülh
uğrunda apardığı ardıcıl mübarizə də göstərir ki, Azərbaycan o vaxt Konvensiyanı
imzalayacaq ki, Ermənistanla sülh müqaviləsi bağlansın.
1996-cı ildə xarici ölkələrin və beynəlxalq təşkilatların köməyi
ilə müharibənin izlərinin ləğv edilməsinə başlayarkən Azərbaycan Hökuməti mina
problemi ilə üzləşdi. İnsanların, əsasən də ailə-məişət yükünü çəkən qadınların,
nəqliyyat vasitələrinin və malqaranın minaya düşməsi ilə bağlı çoxsaylı
hadisələr mina təhlükəsinin geniş miqyaslı olduğunu göstərirdi. Mina problemi
müharibədən zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Dövlət
Proqramının həyata keçirilməsi yolunda maneə olmuşdu.
Atəşkəs xəttinə yaxın və Ermənistanla həmsərhəd işğal altında
olan 11 rayon üzrə torpaqların təxminən 65 min kv.m. sahəsinin mina şübhəli
olduğu barədə məlumat vardır və daha 44 min kv.m. sahənin isə partlamamış hərbi
sursatla (PHS)-lə çirklənmiş olduğu təyin edilmişdir.
ANAMA-nın məlumat bazasında müharibədən zərər çəkmiş 11 rayon
üzrə 1300-ə yaxın mina qurbanı barədə müxtəlif mənbələrdən alınmış məlumat qeyd
olunmuşdur. Ölkə daxilində minadan zərər çəkənlərin real sayı 2004-cü ildə
aparılacaq xüsusi tədqiqatlar nəticəsində müəyyən olunacaqdır. İndiki mərhələdə
işğal edilmiş ərazilərdə mina və PHS probleminin miqyasını təyin etmək mümkün
deyildir. Dağlıq Qarabağdan başqa Jəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər
rayonları, Füzuli və Ağdam rayonlarının bir hissəsi Ermənistanın nəzarəti
altındadır və onların mina ilə güclü çirklənməsi gözlənilir. Bu zaman təhlükəli
ərazilərin ümumi sahəsi təxmini olaraq 350-830 min kv.m, minaların güman edilən
sayı isə 15 mindən 100 minə qədərdir.
Azərbaycan Hökuməti, Dünya Bankı və BMT-nin Azərbaycandakı
təşkilatları ilə birgə maliyəlişdirdiyi, «Humanitar Yardımdan İnkişafa doğru:
daha etibarlı yolların aranması» Konfransını keçirmişdir. Azad olunmuş
torpaqlarda yenidənqurma və reabilitasiya işlərində səylərin gücləndirilməsi
məsələsi müzakirə obyekti olmuşdur.
|