|
Новая страница 1
Rizvan Qarabağlı
qərbi
azərbaycan abidələri
Məşhur türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə (h.t. ilə 915), M.t.
1509-1510-cu ildə Şah İsmayıl Səfəvi öz vəziri Rəvan Qulu xana qala tikdirilməsi
üçün (indiki İrəvan şəhərinin yerində-Zəngi çayının sağ sahili boyunca) fərman
verdi. Rəvan Qulu xan 7 ilə qalanı tikdirib, başa çatdırdı.
Qalanın üç qapısı – «Təbriz qapısı», «Şirvan qapısı», «Körpü qapısı» və 4
məhəlləsi olmuşdur: «Qala», «Şəhər», «Təpəbaşı» və «Dəmirbulaq». 1864-cü ildən
başlayaraq qala divarları tamamilə söküldü. Göydələn minarələri olan İrəvan
məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə
məscidlərin elə 4-ü qalanın «Şəhər» adlı məhəlləsində yerləşirdi: «Novruzəli
xan», «Hüseynəli xan» (Göy məscid), «Xoca Səfərbəy» və «Məhəmməd Sərtibxan»
cameləri.
1604-cü ildə I Şah Abbas İrəvan qalasını Osmanlılardan azad edəndən sonra Sərdar
sarayının şərq tərəfində möhtəşəm bir came inşa etdirdi. 1606-cı ildə inşa
edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi.
Gəncə Camesi ilə ümumi oxşarlığı olan İrəvan Came kompleksinə mədrəsə,
kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə
qədər came və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Sonralar
tamamilə məhv edildi.
1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında yeni bir məscid inşa edildi.
XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna
görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur.
Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi
məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus
kilsəsi tikilmişdir.
Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin öncə dörd minarəsi
olmuşdur. İkinci dünya müharibəsindən sonra camenin üç minarəsini dağıtmışlar.
Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid İslam nişanəsi kimi şəhərdə
diqqəti cəlb edən abidələrdən idi. Ümumiyyətlə, XX yüzilliyin əvvəllərinə qədər
İrəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir. İndi onların izi belə
qalmamışdır. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri
ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları
dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə
dönmüşdür.
Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində –
İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid
fəaliyyət göstərmişdir. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı
ermənilər tərəfindən dağıdılmışdır.
İrəvan qalasında yerləşən Sərdar sarayı (Xan sarayı) kompleksi də vaxtilə bura
gələn səyyahları heyran edən memarlıq həllinə malik olmuşdur. Saray kompleksi
bütünlüklə Zəngi çayının qorxunc uçurumu kənarında salınmışdır. Çayın digər
sahili boyunca müxtəlif gül-çiçək və meyvə ağacları ilə zəngin olan Xan bağı
salınmışdır ki, ilin əksər ayları buralar yaşıllığa bürünmüş olardı. Səfəvi və
Türk şahları dövründə Saray kompleksi bərpa və yenidənqurma işləri sayəsində
daha da genişləndirilmiş və abadlaşdırılmışdı. Belə ki, XVIII əsrdə Hüseynəli
Xan Xoylunun tapşırığı ilə memar Mirzə Cəfər Saray kompleksində geniş miqyaslı
yenidənqurma işləri aparmışdır. 1791-ci ildə Məhəmməd Xan Saray kompleksinə
aynalı salon və yay imarəti bölümünü əlavə etdirir. 1798-ci ildə isə Mahmud Xan
da öz növbəsində Sarayda abadlıq işləri gördürməklə yanaşı, həm də bir neçə
müxtəlif təyinatlı binalar tikdirmişdir. Sarayın son bəzək işləri məşhur
azərbaycanlı rəssam Mirzə Qədim İrəvani tərəfindən 1850-ci ildə işlənmişdir.
Ümumilikdə, gözəl memarlıq biçimi və bədii görünüşü ilə İsfahandakı Həşt-behişt
və İstanbuldakı Çinili Köşk memarlıq kompleksləri ilə müqayisə olunan Sərdar
Sarayı kompleksi 1913-1918-ci illər arası rus və erməni birləşmiş quldur
dəstələri tərəfindən tamamilə dağıdılmışdır. Son nəticə olaraq, Səfəvi və Qacar
dönəminə məxsus olan saray memarlığının gözəl bir nümunəsi də yer üzündən əbədi
silinmişdir.
İrəvan qalasında çoxsaylı karvansaralar da fəaliyyət göstərmişdir. Sərdar,
Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və
sair karvansaralar elə bu qəbildəndir. Göründüyü kimi, hətta adı ilə belə
müsəlman dünyasını yada salan karvansaraların da heç biri bu günə qədər gəlib
çatmamışdır.
Araşdırmalar göstərir ki, müsəlman aləminə məxsus olan tarix və mədəniyyət
irsini yer üzündən silmək ermənilər üçün adi bir hal almışdır. Məsələn,
Cəfərabad kəndində (indiki Ermənistan ərazisində) qırmızı tuf daşından tikilmiş
hündür türbə son dövrlərə qədər gəlib çatmışdır. Ümumi memarlıq biçimi ilə
Naxçıvandakı Mömünəxatun türbəsini yada salan bu türbənin günbəzi 1956-cı ilə
qədər qalırmış.
AMEA-nın müxbir üzvü M.Nemətin verdiyi məlumata görə, türbənin bütün karnizi
boyu kəmərvari əhatə olunan kitabəsində süls elementli nəsx xətti ilə ərəbcə Səd
vilayətinin Saadlu tayfasından olan əmirləri Pir Hüseyn və onun atası Əmir
Sədinin adı yazılmışdır. Kitabəyə görə, Qaraqoyunlu və Ağqoyunlu (XV) dövrlərinə
aid edilən bu abidənin ətrafında geniş ərazilərə mənsub olan bir neçə qədim
müsəlman qəbiristanlığı və türbələri də olmuşdur. İndi onlardan əsər-əlamət belə
qalmamışdır. Elə Səlim keçidindəki eyniadlı karvansaranın da son aqibəti bizə
məlum deyil. 1328-ci ildə yerli daşla inşa edilmiş Səlim karvansarası ikiqat
örtüyə malik olmuşdur.
İki böyük zaldan ibarət olan karvansaranın birinci zalı 15x7 arşın, ikincisi isə
45x21 arşına bərabər imiş. Karvansaranın stalaktitli portalının yan tərəflərində
heyvan fiqurları, mərkəzində isə üzəri nəbati naxışlarla haşiyələnmiş daş kitabə
(1,87x0,76m) yerləşdirilmişdir (Kitabənin mətni M.Nemət tərəfindən oxunmuşdur).
Bütün bunlara məhəl qoymayan ermənilər dini abidə olmadığını nəzərə alaraq,
karvansaranın daxili şərq divarına erməni dilində yazılmış kitabə
yerləşdirməklə, onu özününküləşdirməyə cəhd göstərmişdilər.
Onu da xatırladım ki, 1988-ci ilə qədər Qərbi Azərbaycanda 1870-dən çox
türk-azəri mənşəli tarixi-mədəniyyət abidələri, kənd-qəsəbə, el-oba, yer-yurd və
sair coğrafi adlar dəyişdirilərək, ya erməniləşdirilmiş, ya da tamamilə məhv
edilmişdir.
Bəli, bir milləti yer üzündən silmək üçün onun torpağını işğal etmək azmış. Sən
demə, həmin millətə məxsus olan tarix və mədəniyyət abidələrini də məhv etmək
əsas məsələlərdən imiş. Bunu gözəl bilən ermənilər Azərbaycana qarşı zaman-zaman
bax bu məqsədlərini də həyata keçirmişlər. Dünya isə hələ də bu barədə susur!!!
Ədəbiyyatlar:
1.
Ö.Çələbi.
«Səyahətnamə». Bakı, 1997.
2.
C.Qiyasi,
İ.Bozyel. «Erməni kültür terrörü». Ankara, 1996.
3.
М.Немат.
«Корпус эпиграфических памятников Азербайджана». Том ЫЫЫ. Баку, 2001.
4.
B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponimlərin
izahlı lüğəti». Bakı, «Oğuz eli»,
1998.
|