|
Новая страница 1
Rövşən Qəmbərov
qarabağ
problemi və azərbaycan əsgəri
Son dövrlərin hadisələri, xüsusilə Budapeşt məhkəməsinin Azərbaycan Ordusunun
zabiti Ramil Səfərov haqqında ədalətsiz qərar çıxarması onsuz da gərgin olan
əsəbləri daha da gərginləşdirmişdir. Gec-tez həll olunacaq «Qarabağ problemi»ni
təzədən manşetə çıxarmaq üçün bu hadisə kifayət idi. Nəticədə insanların
hisslərinin qəzəblə birləşməsi təbii ki, öz reaksiyasını verəcəkdir. Dağlıq
Qarabağ ətrafında erməni- Azərbaycan münaqişəsini həll etmək üçün istər hər iki
respublikanın siyasi dairələrində, istərsə də xarici siyasətçilər arasında
indiyə qədər yüzlərlə təkliflər və tövsiyyələr irəli sürülmüşdür. Onların
arasında ingilis siyasətçi alimi
C.Qordonun
planı xüsusi maraq doğurur. Bu plana əsasən Zəngəzur Azərbaycanla birləşir və
əvəzində Dağlıq Qarabağ Ermənistana verilir. Lakin bu erməniləri razı salmadı,
çünki onda Azərbaycan bir növ Naxçıvanla birləşib Türkiyəyə birbaşa çıxış əldə
edir. Bu isə, Türkiyənin birbaşa Orta Asiya Türk Respublikaları ilə birləşməsinə
və nəhayət, Turan dövlətinin yaranmasına səbəb ola bilər. İkinci bir tərəfdən,
Ermənistanın xarici aləmlə, xüsusən İranla sərhədləri bağlanaraq, bir növ
anklava çevrilmiş olur. Digər tərəfdən, ermənilərin gələcək strateci planlarına
Naxçıvanı da ələ keçirmək daxil olduğu üçün, onun Azərbaycanla birləşməsinə və
Azərbaycanla Türkiyə arasında bir körpü rolu oynamasına razılıq vermirlər. Bu
plan heç İran və Rusiyanın siyasi dairələri tərəfindən də qəbul olunmur, çünki
onlar da regionda güclü Turan dövləti yarana bilməsindən ehtiyat edirlər. Ancaq
bu problemlərin, təkliflərin həllinin bir yolu var, o da
Azərbaycan
əsgərinin həll edəcəyi yoldur.
Bu
problem ətrafında Ə.Qəşəmoğlunun təklifləri də maraq doğurmaya bilmir. O,
«Dağlıq Qarabağ problemi və onun həlli» məqaləsində yazır: «...Beynəlxalq aləmin
Dağlıq Qarabağın bizim dövlətin tərkibində qalmasına kömək etməsi üçün
respublikanın imici Dağlıq Qarabağın imicindən yüksək olmalıdır. Özümüzü bir
anlığa o beynəlxalq qüvvələrin yerinə qoyaq. Axı, Azərbaycan feodal
qayda-qanununun hökm sürdüyü bir ölkə kimi tanıdılırsa, niyə biz, yəni
beynəlxalq aləm daha qabaqcıl, bizə daha yaxın olan kimi tanıdılmış Dağlıq
Qarabağı geriyə addım atmağa, feodal Azərbaycanının tərkibinə daxil olmağa kömək
etməliyik?» Mövzumuzla bilavasitə bağlı olduğundan müəllifin irəli sürdüyü
fikirlər bizim üçün də maraqlı olmaya bilməz. Müəllif problemin həlli üçün
aşağıdakıları təklif edir:
1)
Problemin həlli üçün həm Azərbaycanda, həm də Ermənistanda rəy
formalaşdırılmalıdır və beynəlxalq təşkilatlar ona kömək etməlidirlər;
2)
Ermənistan və Azərbaycan əhalisi biri-birinə yaxınlaşmalıdır, çünki belə bir
yaxınlaşma olmadan problemin həllindən danışmaq qeyri-mümkündür;
3)
Ermənistan əhalisi içərisində təbliğatı gücləndirərək onları belə bir fakt
qarşısında qoymaq lazımdır ki, Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır və
onun əlindən alına bilməz. Eyni zamanda, Azərbaycan əhalisini də inandırmaq
lazımdır ki, Dağlıq Qarabağa geniş mənada siyasi müstəqillik verilməlidir;
4)
Həm Ermənistan, həm də Azərbaycan əhalisinə deyilməlidir ki, bu münaqişədə 3-cü
tərəf də var, amma bu üçüncü tərəfin adını deməmək lazımdır, yoxsa o diqqət
mərkəzinə çevrilə bilər;
5)
Ermənilərin və azərbaycanlıların ayrı-ayrı sahələrdə çalışan adamları ilə
görüşməli, onlar arasında müəyyən əlaqələr yaradılmalıdır;
6)
Azərbaycan ordusu gücləndirilməlidir və s.
Bizə belə gəlir ki, Yuxarı Qarabağda erməni-Azərbaycan münaqişəsini aradan
qaldırmaq üçün, ümumiyyətlə, bu təhlükədə Qafqazda hərbi-siyasi və ideoloji
stabilliyə nail olmaq lazımdır. Bunun yolları aşağıdakılardır:
-
Qafqaz təhlükəsizlik kompleksi kimi;
-
Qafqaz regionunun birliyi və vəhdəti;
-
Qafqazın bölünməzliyi: onların dostluğu və həmrəyliyi;
-
Xarici hərbi qüvvələrin və bazaların Qafqazdan uzaqlaşdırılması;
-
Qafqazdaxili problemlərin qafqazlıların özləri tərəfindən həll edilməsi;
-
Qafqaz xüsusi, əlahiddə, özünəməxsus xüsusiyyətləri olan sivil bir regiondur;
-
Xaricilərin Qafqazda xüsusi maraqları olduğu üçün onlar buradakı münaqişəli
vəziyyətlərin stabilləşməsi tərəfdarı deyillər və hər an bu münaqişələrdən öz
mənafeləri naminə bir kart kimi istifadə etməyə çalışırlar;
-
Yığcam «Qafqaz evi»nin yaradılması, onun vahid iqtisadi, siyasi və hərbi zonaya
çevrilməsi;
-
Qüvvələr nisbətinin tarazlaşdırılması, yəni paritetin əldə olunması, yüksək
dərəcədə silahlanmaya yol verilməməsi.
Bunlar Qafqazdakı münaqişəli vəziyyətin aradan qaldırılması üçün zəruri olan
amillərdir.
1992-ci ildən ATƏT tərkibində fəaliyyət göstərən Minsk Qrupu və onun üzvləri
olan ABŞ, Fransa, Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması
istiqamətində bir sıra konkret təkliflərlə çıxış etmişlər və indi də edirlər. Bu
təkliflərdən bəziləri Ermənistan, bir qismi isə Azərbaycan tərəfindən onların
mənafe və maraqları üçün uyğun gəlmədiyindən qəbul olunmamışdı. Ter-Petrosyanın
istefasına qədər mövcud olmuş təkliflər bir növ hər iki tərəfi razı salırdı və
onun qəbul edilməsi üçün danışıqlar aparılırdı. Lakin bu təkliflər də həm
erməniləri, həm də Moskvanın müəyyən dairələrini razı salmırdı. Ona görə də
Ter-Petrosyan istefa verməli oldu və ermənilər yeni bir təkliflə-«ümumi dövlət»
yaratmaq təklifilə çıxış etdilər. Bu təklif təbii ki, Azərbaycan tərəfini razı
sala bilməzdi və ona görə də qəbul olunmadı. Erməni tərəfi belə bir təkliflə
çıxış edəndə çox yaxşı bilirdilər ki, onu Azərbaycan qəbul etməyəcək. Onlar
sadəcə olaraq vaxt udmaq, yeni-yeni silahlarla öz ordularını möhkəmləndirmək və
təchiz etmək, beləliklə də yenidən öz planlarını qəbul etdirmək istəyirlər. Həm
də məsələnin həllinin uzadılması onlara xeyirdir. Bunun nəticəsində işğal olunan
torpaqların istismarı və mənimsənilməsi, o yerlərdən köçənlərə bir növ
torpaqların yadlaşması, unudulması, ermənilər tərəfindən isə
özününküləşdirilməsi prosesi gedə bilər. Rusların Kiprdə yerləşdirmiş olduqları
S-300 tipli raketlərin və MİQ-18 tipli hərbi təyyarələrin Ermənistandakı Rusiya
bazalarında yerləşdirilməsi və oradan da əl altından Ermənistan ordusuna
ötürülməsi faktı ermənilərin problemi zor gücünə həll etmək istəyindən irəli
gəlir. Lakin bütün bunlar ruhdan düşmək üçün əsas vermir. Biz səfərbərlik etməli
və müharibəyə başlamalıyıq. Qələbəyə gedən yol yalnız budur. Başqa yol yoxdur.
|