|
Новая страница 1
Salidə Şərifova
ələmdar
quluzadə və
qarabağ mövzusu
Ələmdar Quluzadə Qarabağ mövzusunda yaratdığı lirik nümunələri ilə müasir
Azərbaycan poeziyasında özünəməxsus yer tutur. Mənəvi-siyasi və yüksək bədii
keyfiyyətlərə malik olan şairin qələmə aldığı “Şəhid şəhər”, “Qarabağ oyunu”,
“Alay komandiri” və bu kimi digər Qarabağ mövzusuna həsr olunmuş əsərlər
ümummilli problemə çevrilmiş Qarabağın, eləcə də digər ərazilərin işğalının
müxtəlif amillərini poetik üslubda açıqlayır. Qarabağ işğalı zamanı 88 yaşlı
atası Allahverdi kişinin erməni millətçiləri tərəfindən qətlə yetirilməsi
Ələmdar Quluzadənin yaradıcılığına xüsusi təsir göstərmişdir. Xüsusilə qeyd
etmək istəyirəm ki, şairin əsərləri öz reallığı, müharibə ağırlıqlarını dolğun
əks etdirməsi ilə seçilir. Allahverdi kişinin xatirəsinə həsr edilmiş “Şəhid
şəhər” poemasında şair Xocalı faciəsinin dəhşətlərini və ağrılarını oxuculara
çatdırmağa nail olmuşdur:
Bəşər görməmişdi bu qovhaqovu,
Danışa bilmirəm, dilim də əsir.
Bülənd olub ərşə qalxdı alovu,
Sağlar girov düşdü, şəhidlər əsir.
Ələmdar Quluzadə əsərlərində erməni-azərbaycanlı qarşıdurmasının köklərini
aydınlaşdırmağa can atır. Şair erməni təcavüzkarlığının kökündə uydurma və
qəddar tezislərlə əsaslandırılmış “Böyük Hayastan” yalançı nəzəriyyəsinin
olduğuna diqqət yetirir. Şairirn “Şəhid şəhər” poemasında erməni əməlləri,
absurd bir ideya olan və ermənilərin şüurlarını zəhərləmiş “Böyük Hayastan”
xülyası ermənilərə məxsus milli xəstəlik kimi oxucuların diqqətinə çatdırılır:
“Erməni azarı” deyirlər buna,
Qınamaq nə lazım sənətçiləri.
“Böyük Ermənistan” viruslarına
Tutulub erməni millətçiləri.
“Qarabağ oyunu” adlı poemasında şair ermənilərin Qarabağa gəlmə olmaları ilə
yanaşı, onlara sığınacaq vermiş insanlara xəyanətkarlıq edən bir millət kimi
xislətlərini açıqlamışdır:
Oduna qalandıq çox imdadların,
Sözümün yüz sual, yüz nidası var.
Qapıma qonaqtək gələn yadların
Evimə sahiblik iddiası var.
Uydurma və faşist nəzəriyyəsinin təsiri altında insanın, etnik qrupun mənəvi
böhrana uğraması amilinə Ə.Quluzadə xüsusi diqqət yetirir. Ermənilərin dinc
azərbaycanlılara, xüsusilə də əsir düşmüş həmvətənlərimizə qarşı etdikləri
qeyri-insani hərəkətləri şar məhz “Böyük Hayastan” virusunun nəticəsi kimi
qələmə verir. Terrorçuluğa xüsusi meylli millət kimi özlərini dünyaya tanıtmış
ermənilərin işləri düşəndə göstərdikləri simasızlıqları və mənəviyyatsızlıqları
şairin “Alay komandiri” poemasında geniş işıqlandırılıb:
Əllərini qaldırıb
“Təslimik” söyləyirlər,
Həyasızlığa bax ki,
Mərhəmət diləyirlər.
Nə
qədər günahsızın
Qanını tökən qatil
Elə sızıldayır ki,
Sanki müqəssir deyil.
Faşist və terrorçu dünyagörüşünün təsiri nəticəsində artıq mənəvi cəhətdən məhv
edilmiş erməni təcavüzkarlarının dünyagörüşü ilə Ə.Quluzadə öz millətinin
gələcəyi, Vətəninin azadlığı uğrunda vuruşan Azərbaycan əsgərinin daxili mənəvi
təmizliyini müqayisə edir. Şair Azərbaycan əsgərinin simasında çətin
imtahanlardan üzüağ çıxmış əzmkar, mübariz Azərbaycan xalqının ümumiləşdirilmiş
obrazını yaradıb:
Təhlükə gözləyirdi
Əliyalın Vətəni.
Yurd özünə güvənsə,
Milyon çıraq yandırar,
Oğluna arxalansa...
“Alay komandiri” poemasında həmçinin tarixə çevrilmiş “Fərrux əməliyyatı”nın
uğurları öz əksini tapıb:
Cəmi on iki nəfər
Düşmənə dərs vermişdi.
Burnu qanamamışdı
Bir igidin, bir ərin
Vətən alqışlayırdı
Öz
oğlun, öz əsgərin.
“Alay komandiri” poemasında şair xalqımıza xas olan humanistlik, rəhmdillik,
mərdlik kimi yüksək mənəvi keyfiyyətləri Azərbaycan əsgərinin xarakterində
ümumiləşdirib:
Unudur ki, döyüşür,
Yaddan çıxır silahı.
Düşünür, bu yazığın
Axı nədir günahı?
Girsin xarabasına
Öldürməyib ötərəm,
Mən buna əl qaldırsam
Ermənidən betərəm...
XIX əsrin sonları və XX əsrdə ermənilərin azərbaycanlılara qarşı milli zəmində
dəfələrlə cinayətlər törətmələrinə baxmayaraq, azərbaycanlılar özlərini dinc
əhali kimi göstərən ermənilərin Azərbaycanda yaşamasına maneçilik
törətməmişdilər. Əksinə, onların firavan yaşamaları üçün şərait yaratmışdılar.
“Alay komandiri” poemasında Azərbaycan əsgərinin əsir düşmüş ermənini
öldürməməsi və bu nəcib hərəkətinə görə erməninin mənfur əməlinə tuş gəlməsi,
etdiyi insani hərəkətə, yaxşılığına görə həyatı bahasına cavab verməsi düşmənə
daha adekvat yanaşma probleminin aktuallığını əks etdirir. Azərbaycan əsgərinə
erməni qadını arxasında gizlənmiş erməni yaraqlısının etdiyi hərəkət poemada
ürək ağrıdan epizod kimi yadda qalır:
Yerə çökür bu iblis,
Arxasında bir cani,
Nişan alır həmin an
Oğlanın sinəsini.
Niyə unutdun axı
Döyüşürsən şər ilə?
Arvadını qabağa
Verən namərdlər ilə.
Şairin, yaradıcılığında qələmə aldığı hadisələrə yanaşma metodu da diqqəti cəlb
edir. Millətinə məhəbbətin güclü təsviri ilə yanaşı, düşmənə, erməni işğalçısına
nifrət hissi Ə.Quluzadənin “Şəhid şəhər” poemasında özünü daha qabarıq şəkildə
büruzə verir. Erməni təcavüzkarlığının dəfələrlə təkrarlanmasının səbəblərindən
birini şair düşmənə adekvat hissin formalaşdırılması nəticəsində biganəliyin
yaranmasında görür. Ermənilər tərəfindən millətimizin başına gətirilmiş
müsibətlərin unudulmasını xalqımızın unutqanlığı kimi qələmə alan müəllif bunu
poetik dillə təsvir edir.
Bu
dərdlə tanışdır əvvəlki nəsil,
Mənim qan yaddaşım eşidir məni.
Tarixin təkrarı vecimə deyil,
Səhvlərin təkrarı üşüdür məni.
Erməni təcavüzkarlığına biganə yanaşma amilinə toxunan Ə.Quluzadə
azərbaycanlılar arasında satqınlıq faktlarının əks etdirilməsinə də diqqət
yetirmişdir. “Alay komandiri” poemasında hamımızı düşündürə biləcək bu problem
geniş açıqlanır. Erməni silahlı dəstələrinə satqınlıq edilmə faktından çox
mütəssir olan şair bunu belə qələmə alır:
Görən hansı mənbədən
Məlumatlanır o tay?
Yerini həftədə bir
Dəyişməkdədir alay
Satqınlıq problemi ilə yanaşı düşmənlə mübarizənin təşkilinə bürokratiyanın
mənfi təsir etməsi də “Alay komandiri” poemasında işıqlandırılır. Şair poemada
Vətən üçün heç nə etməyən vəzifə sahiblərini tənqid atəşinə tutur:
Hələ Müdafiə Nazirliyində
Gedib başbilənlər qış yuxusuna.
***
Vətən torpağını qorumalı kəs,
Milçək ovundadır kabinetlərdə.
Bürokratların biganəliyi ilə yanaşı, Ə.Quluzadə azərbaycanlılara qarşı
törədilmiş vəhşiliklərə bəşəriyyətin biganə yanaşmasına da diqqət yetirir. Dünya
ictimaiyyətinin ermənilərin əməllərinə göz yunmasını, Xocalı soyqırımına biganə
münasibəti nəzərə alan şair, onların bu problemə ikili standartdan yanaşmasını
“Qarabağ oyunu” əsərində açıqlayıb:
Öldürənlər əzabkeş,
Ölənlər isə qatil,
Dünyanın qulaqları
Darı dəlir elə bil.
Azərbaycan torpağında azərbaycanlıların ermənilər tərəfindən öldürülməsi, bunun
müqabilində ermənilərin “yazıq”, azərbaycanlıların isə “vəhşi” kimi dünyada
tanıdılmasına cəhdlər şairin qəzəbinə səbəb olur:
Bir mllət gen düşür öz ulusundan,
Könül toxluğundan, göz dolusundan.
Batır neçə-neçə igidin qanı,
Təkləyib boğurlar Azərbaycanı.
Ermənilərin azərbaycanlılara qarşı apardıqları mübarizədə tək olmadıqları və
onlara himayədarlıq edən qüvvələrin açıqlanması maraq doğurur. “Şəhid şəhər”
poemasında Xocalı soyqırımında erməni şovinistlərinə yardımçı olmuş və onlarla
bərabər bu cinayəti törətmiş 366-cı polkun əməlləri poetik dillə qələmə alınır.
Şair erməni yaraqlılarına yardımçı olmuş qüvvələri işıqlandırmaqla yanaşı,
onların mənəvi aləmlərinə nəzər salaraq, tarixi gözümüzdə canlandırır:
Qanıma işləyən qanun deyilmiş,
Gördük qılıncını yüz Beriyanın.
Erməni sonuncu silahı imiş
Ölümlə çarpışan imperiyanın.
Azərbaycanın haqq səsinin bəşəriyyət tərəfindən eşidilməməsinin səbəbini
Ə.Quluzadə ermənilərin bəzi xarici dairələrlə birgə fəaliyyətləri ilə
əlaqələndirir. Qarabağ düyününə cavab axtaran şairin “Qarabağ oyunu” poemasında
ermənilərə yardım göstərmiş qüvvələrin əsl simaları açıqlanır:
Kəsib bağlamışdı ölüm hər yanı,
Zabitlər öpürdü mey kuzəsini.
Vatikan oxuyub xeyir-duanı,
Moskva vermişdi icazəsini.
Şair millətini düşmənə qarşı mübariz olmağa, döyüş ruhunu itirməməyə çağırır:
Ağlasaq gözümüzdə
Qürbət göyərəcəkdi.
Döyüşsək sinəmizdə
Qeyrət göyərəcəkdi.
Azərbaycanın taleyini döyüş meydanında həll etməyə çalışmış Azərbaycanın Milli
Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin könüllülərdən ibarət yaratdığı
özünümüdafiə batalyonunun şücaətləri işıqlandırılaraq oxucunun mühakiməsinə
verilir:
Işə bax, erməni yurduma sahib,
Səngər Vətənimn içindən keçir-
deyə yanıb-qovrulan alay komandirinin söylədikləri qəlbləri riqqətə gətirir:
Əsgər paltarını geyinən oğlan
Gərək qisasını ala yağıdan.
Şuşa qaytarılıb, Laçın dönməsə,
Düşmənin bayrağı yerə enməsə,
Səsimiz yetməsə Cıdır düzünə
Biz baxa bilmərik elin gözünə.
Torpaqlarımız düşmən tapdağından azad olmamış, azadlıqdan danışmağa mənəvi
haqqımızın olmadığını vurğulayan şair mənən haqlı olmasını poetik dillə qələmə
alır:
Azadlıqdan danışma
Torpaq xilas olmasa.
Yurdunun hər qarışı
Azad nəfəs almasa.
Ə.Quluzadə ordu quruculuğuna xüsusi diqqət yetirilməsinə çağıraraq, əsərlərində
orduya biganəliyin dözülməz olmasını qeyd edir. O, döyüşçülərə göstərilən
biganəliyi ürək ağrısı ilə qələmə alır:
Iki aydır bu kənddədir
Əlli igid ac-yalavac.
Müharibənin müvəqqəti olaraq atəşkəslə dayandırılmasını, Qarabağ müharibəsinin
başa çatmadığını yaddan çıxarmamalıyıq. Bu baxımından Ə.Quluzadənin Vətənə,
millətə böyük məhəbbətlə yaradılmış və Qarabağ probleminin müxtəlif faktorlarını
işıqlandıran əsərlərinin təhlil edilməsi, geniş dairələrin nəzər-diqqətinə
çatdırılması, gəncləri vətənpərvərliyə səsləyən təbliğat vasitəsi kimi istifadə
edilməsi zəruridir.
|