|
Новая страница 1
Tofiq Həsənov
Şimali
Azərbaycan ərazisində erməni qurumlarının yaradılması
Azərbayn hökuməti Cənubi Qafqazda mübahisəli sərhəd məsələlərini siyasi yolla
həll etmək niyyəti ilə qonşu tərəflərə, o cümlədən ermənilərə danışıqlara
başlamağı təklif etdi. Azərbaycan Milli Şurası müstəqilliyini elan etmiş qonşu
xalqa yardım etmək və gələcəkdə onunla vahid Qafqaz Konfederasiyasına daxil
olmaq istəyi ilə ermənilərlə danışığa girdi. 1918-ci ilin may ayının 11-də Qara
dənizin sahilində yerləşmiş Batum şəhərində Azərbaycan və erməni nümayəndələri
arasında sərhəd məsələləri ilə bağlı danışıqlar aparıldı. Bu danışıqlar
nəticəsində Azərbaycan Aleksandropol quberniyası hüdudlarında erməni dövləti
yaradılmasına razı oldu. Həmin danışıqlara əsasən, İrəvan şəhəri də ermənilərə
bu şərtlə verildi ki, ermənilər Yelizavetpol (Gəncə) quberniyasının bir
hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina etsinlər.
1918-ci il 26 may tarixində Cənubi Qafqaz Seyminin son iclasından sonra meydana
gələn yeni dövlətlərdən biri də Ararat Respublikası, yəni Ermənistan idi.
Ermənilərin rəhbərləri, əhalisi əsasən türk-müsəlmanlardan ibarət olan İrəvan
şəhərini ələ keçirmək istəyirdilər. Gərgin müzakirələrdən sonra Azərbaycan Milli
Şurası xarici dövlətlər tərəfindən edilən siyasi təzyiqlər nəticəsində
ermənilərə güzəştə getdi. Bu siyasi gediş Azərbaycan Milli Şurasının və yeni
yaranmış Azərbaycan dövlətinin ilk səhvlərindən biri oldu. Bu xeyirxah addım iki
dövlət arasındakı münasibəti kəskinləşib hərbi münaqişəyə çevrilməsinin
qarşısını ala bilmədi. Erməni daşnakları Azərbaycan Milli Şurasının mülayim
qonşuluq və insanpərvəp siyasi addımından daha da böyük iddialar xülyasına
düşdülər. Onlar Qafqazda yaranmış siyasi vəziyyəti və beynəlxalq şəraiti «Böyük
Ermənistan» ideyasını reallaşdırmaq üçün əlverişli məqam hesab etdilər. Erməni
daşnak quldur dəstələri başda Andronik, Dro, Ncde olmaqla, Azərbaycan
torpaqlarında yaşayan türk-müsəlman əhalisinə qarşı məqsədyönlü soyqırımı həyata
keçirməyə başladılar. Erməni qəsbkarları Azərbaycana qarşı ərazi iddiaları irəli
sürərək, Osmanlı Türkiyəsi cəbhəsindən qayıdan rus hərbi birləşmələrinin onlara
verdikləri hərbi sursatdan istifadə edib, yerli türk-müsəlman əhalisini qırmağa
- etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar.
1918-ci ilin noyabr-dekabr aylarında türk hərbi qüvvələrinin Azərbaycan
ərazisini tərk etməsi, dinc əhalinin özünümüdafiə imkanlarına malik olmaması,
havalar soyuduqdan sonra Azərbaycanın mərkəzi bölgələri ilə əlaqənin
çətinləşməsi erməni-daşnak silahlı dəstələrinin qarşılarına qoyduqları məqsədin
həyata keçirilməsini daha da asanlaşdırırdı. Bunun nəticəsində erməni cəlladları
1918-ci ilin payızında təkcə Azərbaycanın Zəngəzur qəzasında türklər yaşayan 52
kəndi məhv etmiş, 32 kənddə 495 ev yandırılmış, 492 ev dağıdılmış, 2245 türk
öldürülmüş, 304 nəfəri diri-diri yandırılmışdır.
1920-ci il aprel ayının 28-də XI Qızıl Ordunun Azərbaycana gəlişi ilə, 1920-ci
il yanvar ayının 11-də Paris sülh konfransının Ali Şurası və bir sıra dövlətlər
tərəfindən müstəqilliyi tanınmış, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan
Xalq Cümhuriyyəti devrildi. Bu tarixdə ilk dəfə olaraq çar Rusiyasının
devrilməsindən sonra müstəqilliyini əldə etmiş Şimali Azərbaycanın türk-müsəlman
əhalisinin azadlığına son qoymuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti ərazisində yaradılmış Sovet Azərbaycanı müstəqil
respublika elan olunsa da, getdikcə onun müstəqilliyi formal mahiyyət daşıyırdı.
İlk növbədə Azərbaycanın 20-yə qədər xarici dövlətlə olan azad, sərbəst
münasibətləri ləğv olundu. 1920-ci ilin yazında, dünyada, o cümlədən Cənubi
Qafqazda beynəlxalq vəziyyətin yaxşılaşdığı bir dövrdə ermənilər London
müşavirəsində və San-Remo konfransında Azərbaycan Respublikasına qarşı əsassız
ərazi iddiaları ilə çıxışlar etdilər.
Ermənilər 1920-ci il aprel çevrilişindən sonra da Azərbaycana qarşı olan ərazi
iddialarından əl çəkmədilər. Onlar hələ Azərbaycan Xalq Cümhuriyyəti vaxtında
Azərbaycan torpaqları olan - Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz, Göycə və
Dağlıq Qarabağı ələ keçirmək niyyətində idilər. 1920-ci ilin dekabr ayının 25-də
Zəngəzurun qərb torpaqlarını işğal altında saxlayan ermənilər «Azad Sünik
hökuməti» adı altında erməni dövlət qurumu yaratdılar. 1918-ci ilin may ayında
keçirilmiş Batum sülh konfransında Azərbaycan və erməni nümayəndələrinin
danışıqları nəticəsində Azərbaycan torpaqlarında yaradılan Ermənistanın ərazisi
9,2 min kv.km idi. Bolşevik çevrilişi ərəfəsində Azərbaycan Demokratik
Respublikasının ərazisi 114 min kv.km idi. Lakin Şura hökumətinin ərazi
məsələlərinin birtərəfli daşnak-bolşevik sayağı «həlli» nəticəsində Azərbaycanın
11 min kv.km ərazisi qanunsuz olaraq Ermənistana verildi. Buraya əsasən Zəngəzur
qəzası, Şərur-Dərələyəz qəzası və Göycə dairəsinin torpaqları daxil idi.
Nəticədə Ermənistan ərazisi 1920-1922-ci illərdə Azərbaycan torpaqları hesabına
genişlənərək 28,1 min kv.km-ə çatmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin XI Qızıl Ordu tərəfindən işğalından sonra
Qarabağ məsələsi nəinki həll olunmadı, əksinə, ermənilər tərəfindən daha da
kəskin şəkildə qoyuldu. Azərbaycan torpaqlarında yaradılmış Ermənistan hər bir
vasitə ilə Qarabağın Dağlıq hissəsini ələ keçirməyə can atırdı. Bu dövrdə Dağlıq
Qarabağ istilahı da ortaya atıldı. Əslində tarix boyu Qarabağın dağ və aran
zonası birgə fəaliyyət göstərmiş və ictimai-iqtisadi-siyasi və mədəni cəhətdən
sıx birləşmişdilər. 1920-ci il iyul ayının 19-da Ermənistan hökuməti Dağlıq
Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğu barədə bəyanat verdi.
Azərbaycan K(b)P-nın Siyasi və Təşkilat büroları Ermənistanın Qarabağın yuxarı
hissəsinə olan iddiasını rədd edərək, bu məsələyə dair obyektiv qərar qəbul
etdi. 1921-ci il iyul ayının 4-də RK(b)P MK Qafqaz bürosu Dağlıq Qarabağın
Ermənistan SSR-nin tərkibinə qatılması və burada yaşayan ermənilər arasında rəy
sorğusu keçirilməsi haqqında qərar çıxardı. Dağlıq Qarabağın yerli türk-müsəlman
əhalisinin narazılığını əsas götürən N.Nərimanov bu qəsbkar mahiyyət daşıyan
qərara Azərbaycan dövlətinin rəhbəri kimi etiraz etdi. Qafqaz bürosu 1921-ci il
iyul ayının 5-də qərarı təkrar müzakirəyə qoyaraq ədalətsiz qərar kimi onu ləğv
etdi. Bunun əvəzində Büro Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində
saxlanılması və eyni zamanda Dağlıq Qarabağa Muxtariyyət verilməsi barədə qərar
qəbul etdi. Bu qərar 1923-cü il iyun ayının 27-də RK(b)P-nın Cənubi Qafqaz Ölkə
Komitəsinin plenumunda təsdiq olundu. 1923-cü il iyul ayının 7-də Azərbaycan SSR
MİK «Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında» dekret verdi.
Azərbaycan SSR 1922-ci il mart ayının 12-də Zaqafqaziya Sovet Sosialist
Respublikaları Federativ İttifaqına (ZSSRFİ) daxil oldu. 1922-ci il dekabr
ayının 13-də bu ittifaq Zaqafqaziya Sovet Federativ Sosialist İttifaqı şəklində
yenidən təşkil olundu. Azərbaycan SSR ZSFSR tərkibində SSRİ-yə daxil oldu və
bununla da öz müstəqilliyini tam itirib Rusiyanın müstəmləkəsinə çevrildi. DQMV-
Qarabağın türk-müsəlman əhalisinin, eləcə də milli mənafelərdən çıxış edən
dövlət və partiya xadimlərinin mövqeləri nəzərə alınmadan, yalnız ermənilərin
maraqlarına uyğun, velikorus-şovinist siyasətin məntiqi nəticəsi kimi
yaradılmışdı.
1924-cü il noyabrın 26-da dərc olunmuş «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında
Əsasnamə»də deyilirdi ki, DQMV Azərbaycan SSR-in tərkib hissəsidir. Ərazisi 4372
kv.km olub, inzibati baxımdan beş rayonu – Şuşa, Əsgəran, Mardakert (Ağdərə),
Martuni (Xocavənd), Hadrut rayonlarını birləşdirirdi. Mərkəzi Xankəndi idi.
Əsasnaməyə görə, Şuşa qəzasından Şuşa şəhəri və Xankəndindən 115 kənd, Cavanşir
qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə
Qaladərəsi kəndi DQMV-nə verildi. 1918-ci illərdə Azərbaycan Demokratik
Respublikası hökumətinin ciddi səyləri və Azərbaycan xalqının qanı bahasına
qorunub saxlanılan unitar dövlət kimi 114 min kv.km ərazisində mövcud olan
Azərbaycan, Şura hökuməti qurulması nəticəsində mahiyyətcə federativ dövlətə
çevrildi və tarixi ərazisinin böyük hissəsini 30 min kv.km-ni itirdi.
Tarix boyu Azərbaycanın yerli türk-müsəlman əhalisinə mənsub və aid olan
dədə-baba torpaqlarında, Cənubi Qafqaza köçüb gəlmiş ermənilər üçün Ermənistan
SSR və Qarabağın dağlıq hissəsində dövlət qurumlarının yaradılması dünya
miqyasında analoqu olmayan çirkli siyasət, həm də Azərbaycan xalqına qarşı misli
görünməmiş tarixi ədalətsizlik idi.
|