|
Новая страница 1
Tofiq
Nəcəfli
Ziyadoğlu
Qacarlar sülaləsi Qarabağda
Qədim dövrlərdən güclü milli dövlətçilik ənənələrinə sahib olan Azərbaycan
xalqının tarixində orta çağ dövlətlərimizin (Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi)
yeri və rolu daha böyükdür. Azərbaycanda oğuz-türk dövlətçilik ənənələrinin
bərpası və inkişaf etdirilməsi məhz bu dövlətlərimizin tarixilə bilavasitə bağlı
olmuşdur. Bu dövlətlərimizin yaranmasında və siyasi inkişafında oğuz mənşəli
Azərbaycan-türk tayfaları aparıcı rol oynamışdır. Haqqında bəhs edəcəyimiz Qacar
tayfası da Azərbaycan Səfəvi dövlətinin yaranması prosesində yaxından iştirak
etmişdi. Qacarların mənşəyinin, Azərbaycanda məskunlaşması tarixinin və onların
Azərbaycan Səfəvi dövlətinin siyasi həyatında oynadığı həlledici rolun
araşdırılması dövlətçilik tariximizdə onların yerini müəyyən etməyə imkan
yaradır.
Azərbaycan Səfəvi dövlətinin yaranmasında əsas rol oynayan Qızılbaş
tayfalarından biri olan qacarların mənşəyi və Azərbaycanda məskunlaşması
tarixilə bağlı tarixşünaslıqda müxtəlif yanaşmalar mövcuddur. Türk tarixçisi
Z.V.Toğanın qənaətinə görə, qacarlar Azərbaycana Oğuz xanın İran səfərlərində
gəlib yerləşmiş və monqolların Azərbaycana yürüşləri vaxtı Xalxal ətrafında
yaşamışdılar. Hülaku ordusuna yardım edərək onlarla birlikdə Şam tərəflərinə
göndərilmiş, Əmir Teymur və Qaraqoyunlular dövründə isə oradan təkrar
Azərbaycana qayıtmışdılar..
F.
Sümerin fikrincə, qacarlar mənşə etibari ilə Oğuzların Bayat boyunun Şam Bayatı
oymağının bir qolu olmuşdur. Bu qol Yivə, Ağcalı və Ağcaqoyunlu oymaqları ilə
birlikdə Qacar boyunu əmələ gətirmişdi. Qacarlar XVI yüzillikdə Azərbaycanın
əsasən Gəncə və Bərdə bölgəsində yaşayırdılar. Ancaq XVI və XVII yüzilliklərdə
Qacar bəylərindən hansının Şam Bayatı boyuna mənsub olduqları bilinmir. XVIII
yüzilliyin I yarısında Gəncəyə bağlı kəndlərdən biri Şam Bayatı adını daşıyırdı.
Aərbaycan tarixçisi A.Bakıxanovun və M.Baharlının fikrincə, Cəlairi türklərindən
olan qacarlar Hülaku xanın dövründə İrana və Azərbaycana köçürülmüş və onların
bir hissəsi Anadoluya və Suriyaya köçmüşdü. Əmir Teymur 50 minlik qacar ailəsini
Cənubi Qafqaza köçürmüş və İrəvan, Gəncə və Qarabağda yerləşdirmişdi.
«Qızılbaşlar tarixi» müəllifinin təsdiq etdiyinə görə, qacarlar qədimdən Gəncə
və Bərdədə yaşamışlar və onların bir qismi Şamdan gəlmişdir.
Tarixi faktlar bir daha təsdiq edir ki, Oğuz boylarından olan qacarlar hələ
monqol yürüşləri ərəfəsində Azərbaycanda yaşamış və monqol hücumları qarşısında
türkmənlərlə yanaşı Şərqi Anadoluya çəkilməli olmuşdu. Oğuz boyları ilə yanaşı,
qacarların da xalqımızın soy kökündə yaxından iştirak etdiyini görürük. Qacarlar
XIV yüzilliyin II yarısında Ağqoyunlu tayfa birliyinə daxil olmuşdu. XV
yüzilliyin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə
qacarlar yaxından iştirak etmiş və Gəncə ətrafında yaşayan qacarlar Rüstəm
Mirzənin hakimiyyətə gəlməsinə yaxından kömək etmişdilər.
F.Sümerin fikrincə, Rüstəm padşah Gödək Əhməd tərəfindən məğlub edilən zaman
yenə də, Gəncə ətrafındakı Qacar bəyinə sığınmış və ondan yardım istəmişdi.
Müəllifin qənaətinə görə, bu zaman Qacar tayfasının başında Ziyad bəy olmuşdu.
XV yüzilliyin II yarısında Şeyx Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları
arasında qacarlar da xüsusi yer almışdı.
Şeyx Heydərin müridlərindən olan Qara Piri bəy Qacarın Azərbaycan Səfəvi
dövlətinin yaranmasında aparıcı rol oynadığını dövrün qaynaqları bir daha təsdiq
edir. 1499-cu ildə İsmayıl Lahicanı tərk edib Ərdəbil istiqamətində hərəkət edən
zaman onun yanındakı sadiq Qızılbaş müridləri arasında Qara Piri bəy Qacar da
olmuşdu. Zeynalabdin Əli «Təkmilətül əxbar» əsərində yazır ki, göstərdiyi
igidliyə görə «Tozqoparan» ləqəbini almış Qara Piri bəy Qacar İsmayıl tərəfindən
1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilmiş avanqard qoşuna rəhbər təyin
edilmişdi.
Qara Piri bəy Qacar Şah İsmayılın Şirvanşah Fərrux Yasar, Ağqoyunlu Əlvənd Mirzə
və Sultan Murad ilə apardığı döyüşlərdə böyük igidliklər göstərmişdi. Qacar
boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlü
olmuşdu.
Şah Təhmasib dövründə qacarlar birinci dərəcəli Qızılbaş tayfalarının sırasında
olmuş və onlar arasından bir çox tanınmış əmirlər mühüm vəzifələrə yüksəlmişdi.
Bu tayfadan Budaq xan, Göycə Sultan, Şahverdi xan Ziyadoğlu, Toygün xan, Bayram
bəy, Şahqulu bəy, Mirzə Əli bəy və Əliqulu bəy daha çox tanınmışdı. Şah Təhmasib
qacarların siyasi nüfuzunun güclənməsini nəzərə alaraq, onların nüfuzlu
əmirlərini mərkəzi dövlət aparatına cəlb etmiş, oğlanlarının tərbiyəsini,
ayrı-ayrı vilayətlərin idarə edilməsini və eləcə də diplomatik danışıqlar
aparılmasını onlara həvalə etmişdi.
Şah Təhmasib dövründə tanınmış Qacar əmirlərindən biri də Ziyadoğlu Şahverdi
Sultandır. XVIII yüzilliyin sonunda İranda hakimiyyətə gələn qacarlar da məhz
Ziyadoğlu nəslindəndir. Ziyadın XV yüzilliyin sonu
- XVI
yüzilliyin başlanğıcında yaşadığı güman edilir. 1537-ci il Qəndəhar yürüşünə
qatılan Şahverdi xan bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak
etmişdi. O, ata yurdunun mərkəzi Gəncə olan Qarabağ valisi idi. Qarabağ
bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas
dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olan Məhəmməd Məsumun
«Xülasət əssiyar» əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI
yüzilliyin 40-cı illərindən XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən
yüzillik bir tarixini öz əsərində işıqlandırmışdır. O, Ziyadoğlu nəslindən
Şahverdi Sultan, İbrahim Xan, Yusif Xəlifə, Məhəmməd xan, Mürşüdqulu xan,
Məhəmmədqulu xan və Murtuzaqulu xanın fəaliyyətinə geniş yer vermişdi. Ziyadoğlu
Qacar nəslinin Qarabağ bəylərbəyi kimi fəaliyyəti, yalnız M. Məsumun əsərində
ətraflı verilmişdir. Qarabağ bəylərbəyi təyin olunan Şahverdi xan Səfəvi
sarayının siyasi həyatında əhəmiyyətli rol oynamışdı. Şah Təhmasib 1547-ci ildə
göstərdiyi tarixi xidmətləri nəzərə alaraq, Şahverdi xana Sultan titulunu
vermişdi. M. Məsum yazır ki, XVI yüzilliyin 40-50-ci illərində Osmanlı-Səfəvi
hərbi əməliyyatları zamanı Şahverdi Sultanın hərbi hissələri Ərzurumu mühasirəyə
alan İsgəndər paşanın qüvvələrini məğlub etmişdi. Düşmənin məğlub edilməsi şah
ordusuna Cənubi Qafqazda qələbə qazandıraraq İrəvanı öz əlində saxlamağa imkan
vermişdi. Şah Təhmasib buna görə, Şahverdi Sultana «müsahib» titulunu vermiş,
həm də Qarabağın dörd mülkü ilə yanaşı, Şəki əyalətinə daxil olan Danəki adlı
yeri də ona bağışlamış və öz ehtiyacını daha yaxşı təmin etmək, Şirazdan lazım
olan şeyləri alıb gətirmək üçün illik min tümən məvacib verilməsini əmr etmişdi.
Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu olmuşdu. Onlardan
Xəlil xan hələ atasının sağlığında Astrabad bəylərbəyi və buradakı Qacar
tayfasının başçısı təyin edilmişdi. M. Məsum yazır ki, hazırda Astrabadda
yaşayan qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir. Şahverdi
Sultanın ölümündən sonra onun digər iki oğlu-İbrahim xan və Yusif Xəlifə 1576-cı
ilə kimi ardıcıl olaraq Qarabağ bəylərbəyi olaraq buradakı qacarlara rəhbərlik
etmişdi. II Şah İsmayıl Qarabağ qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün
şəxsi düşməni hesab etmişdi. Çünki, Şahverdi Sultanın təlqinləri nəticəsində
İsmayıl Mirzə atasına şübhəli bilinmiş və Şah Təhmasib tərəfindən Qəhqəhə
qalasında 20 ildən artıq siyasi məhbus kimi saxlanılmışdı.
1576-cı ildə Şah Təhmasibin ölümü zamanı Qacar əmirlərindən biri Şahverdi
Sultanın oğlu Yusif Xəlifə olmuşdu. O, Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin
lələsi təyin edilsə də, şahın ölümü ilə bağlı hələ də Qəzvində qalmışdı. Bu
zaman Mirzə Əli Sultan Qacar da ən mötəbər əmirlərdən biri kimi divanbəyi
olmuşdu.
1576-cı ildə Səfəvi taxt-tacı uğrunda mübarizə zamanı Yusif Xəlifə Ziyadoğlu II
İsmayılın rəqibi olan Heydər Mirzənin tərəfini saxlamışdı. Buna görə də, II Şah
İsmayıl Yusif Xəlifəni Qarabağ bəylərbəyi və Qacar tayfasının rəhbəri
vəzifəsindən azad etsə də, Qarabağ bəylərbəyliyini digər Qızılbaş tayfasına
verməmişdi. Şah bəylərbəyiliyi ilk öncə, Yusif Xəlifənin qardaşı oğlu Peykər
Sultana, sonra isə onun nəvəsi İmamqulu xana vermişdi. İmamqulu xan 1580-ci ildə
həm də Şirvan bəylərbəyi təyin edilmiş və nəticədə Qacar əyanlarının bir hissəsi
Şirvana köç etmiş və orada torpaq mülkləri almışdı.
II
Şah İsmayıl və Məhəmməd Xudabəndə dövründə qacarlar yenə Qarabağ bölgəsindəki
yurdlarında yaşayırdılar. Bu zaman Qarabağ bəylərbəyi olan İmamqulu xan Qacar
osmanlılara qarşı vuruşaraq yurdunu qorumuşdu. İmamqulu xan Qacar özünün böyük
hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən artıq
mübarizə aparmışdı. 1587-ci ildə onun Gəncədə ölümündən sonra Məhəmməd xan
Ziyadoğlu Qarabağ bəylərbəyi təyin olundu. Lakin o, 1588-ci ildə Fərhad Paşa
ordusunun Qarabağı işğal etməsindən sonra tayfasının bir qismi ilə Arazbara
çəkilmişdi. Osmanlı işğalı zamanı Qarabağda qacarlarla yanaşı, otuzikili,
qazaxlar, iyirmidördlü, qaramanlı və digər tayfalar yaşayırdı. Qarabağın Osmanlı
idarəçiliyinə keçməsi nəticəsində qacarların bir hissəsi Osmanlı hakimiyyəti
altında qalmaq istəməyərək, Arazın cənubuna köç etdilər. Şərəf xan Bitlisinin
yazdığına görə, 1588-ci ilin 1 sentyabrında Fərhad Paşa Gəncəni ələ keçirən
zaman Məhəmməd xan Ziyadoğlu ətrafdakı 40-50 min evdən ibarət olan ulusunu Araz
çayının kənarına köçürmüşdü. M. Məsumun təsdiq etdiyi kimi, Qarabağ
bəylərbəyiliyini irsi olaraq Ziyadoğlu Qacar nəsli idarə etmişdi. Şahverdi
Sultanın nəvəsi Astrabadlı Xəlil xanın oğlu Məhəmməd xanın dövründə Ziyadoğlu
nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan deyil, həm də Qarabağdan
çıxarılmışdı. Beləliklə, bütün qacarlar Qarabağı tərk edərək, Arazdan cənubda
məskunlaşmışdı.
Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən işğal edilməsi ilə uzun
müddət barışmamışdı. Məhəmməd xan Qacar 1589-cu ildə Qarabağa yürüş edərək Gəncə
şəhərini mühasirəyə almışdı. Lakin Şah Abbas III Sultan Muradla sülh
danışıqlarının başlandığını nəzərə alaraq, Məhəmməd xanı Gəncə mühasirəsindən
geri çağırmışdı.
Qarabağın Ziyadoğlu nəslinin irsi mülkü olduğunu bu fakt bir daha təsdiq edir
ki, Şah Abbas 1606-cı ildə Qarabağı azad etdikdən sonra, onun idarəsini yenidən
Ziyadoğlu nəslinə vermişdi. Bu nəsildən olan Hüseyn xan Qacar, sonra isə
Məhəmməd xan Qacar ikinci dəfə bəylərbəyi təyin edilmişdi. 1615-ci ildə Gəncədə
Məhəmməd xanın üsyançılar tərəfindən öldürülməsindən sonra, Qarabağ
bəylərbəyiliyini ardıcıl olaraq onun oğlanları Mürşüdqulu və Məhəmmədqulu xan
idarə etmişdi. Şah Abbasın hakimiyyətinin son illərində Məhəmmədqulu xan
iftiraların qurbanı olmuş və 1627-ci ildə bəylərbəyi vəzifəsindən azad
edilmişdi. Ziyadoğlu nəsli Qarabağ bəylərbəyiliyindən uzaqlaşdırılmış və onu şah
qulamlarından olan sərkərdə Allahverdi xanın oğlu Davud xan əvəz etmişdi.
M.
Məsumun verdiyi məlumata görə, 1632-ci ildə Şah Səfi Davud xanı vəzifədən
uzaqlaşdırmış və Qarabağ bəylərbəyiliyini yenidən Ziyadoğlu nəslindən olan
Məhəmmədqulu xana qaytarmışdı. Məhəmmədqulu xan şahın hüsnü-rəğbətini
qazanaraq, 1633-cü ildə kürdlərin qiyamının yatırılmasında yaxından iştirak
etmiş və 1635-ci ildə İrəvan yaxınlığında osmanlılara qarşı hərbi əməliyyatlar
zamanı şah ordusuna uğurla rəhbərlik etmişdi. Məhəmmədqulu xan ölümünə kimi
Qarabağ bəylərbəyiliyini idarə etmişdi. Ondan sonra Qarabağı qardaşı Murtuzaqulu
xan idarə etmişdi. Murtuzaqulu xan 1664-cü ildə ölmüş və onu qardaşı oğlu I
Uğurlu xan əvəz etmişdir.
Şah Süleyman Kaxeti çarlığının idarəsini etibarlı adamlarından olan Qarabağ
bəylərbəyi Abasqulu xan Qacara tapşırmışdı. Abasqulu xanı isə Kəlbəli xan Qacar
əvəz etmişdi. Şah Hüseynin hakimiyyəti dövründə də qacarlar Kaxetiyə hakim təyin
edilmiş və 8 il oranı idarə etmişdilər.
Səfəvi şahları, Nadir şah Əfşara kimi, Qarabağı Ziyadoğlu nəslindən almağa cəhd
göstərməmişdi. Lakin, 1736-cı ildə Nadir xanın çağırdığı Muğan qurultayından
sonra Ziyadoğlu Qacar sülaləsinin həyatında böyük siyasi dəyişikliklər baş
verdi. Muğan qurultayında iştirak edən bəzi xanlar kimi II Uğurlu xan Ziyadoğlu
da Qırxlı Əfşar nəslindən olan sərkərdə Nadir xanın şahlıq üçün namizəd
verilməsinin əleyhinə çıxaraq, Səfəvilər sülaləsinin devrilməsinə qəti etiraz
etdi. Nadir xan şah seçildikdən sonra Ziyadoğlular nəslinə ciddi zərbə vurdu.
Nadir şah onları zəiflətmək məqsədilə, Qarabağın beş xristian məlikliyini və
Mil-Qarabağ düzündəki tayfaları, eləcə də Zəngəzuru onun nəzarətindən çıxartdı.
Bütün bu torpaqlar Nadir şahın qardaşı Azərbaycan sipəhsaları İbrahim xana tabe
edildi. Bu zaman Qazax və Şəmşədli tayfalarının mülkləri də Kartli çarı
Teymuraza verildi. II Uğurlu xan Ziyadoğlu Gəncə bəylərbəyi kimi yalnız Gəncə
ətrafını əlində saxladı.
|