|
Новая страница 1
Vüqar Abbasov
Qarabağın ilk orta əsrlər tarixinin tədqiqi üçün yazılı
qaynaqlar və arxeoloji tədqiqatlara yeni bir baxış
Azərbaycanın, o cümlədən Qarabağın ilk orta əsrlər tarixini öyrənmək üçün yazılı
mənbələrin olmaması həmin dövrün tarixində boşluqların yaranmasına səbəb
olmuşdur.
Ancaq qeyd etmək lazımdır ki, orta əsr yazılı mənbələr Azərbaycanın Qarabağ
bölgəsinin tarixini araşdırmaq üçün bəzi məsələlərə işıq salsa da, həmin
mənbələrə son dərəcə tənqidi yanaşmaqla tədqiqatda yararlanmaq mümkündür. Bir
çox Şərq ölkələrini, o cümlədən Albaniyanı gəzmiş, ayrı-ayrı xalqların dini
adətlərinə yaxından bələd olmuş, Cənubi Qafqaz xalqları arasında dünyanın
yaranmasına dair mövcud təsəvvürləri, həmçinin onların Allah, günəş, ay,
planetlər, torpaq, su, hava, heyvanat aləmi və s. haqqındakı dini təsəvvürlərini
təsvir etmiş Yeznik Kulpetsi öz əsərində Qarabağ ərazisində yaşayan əhalinin
xristianlığa qədərki dini təsəvvürü haqqında məlumat vermişdir. Həmçinin, Movses
Xorenatsinin əsərlərində Albaniyanın və onun vilayətlərinin, o cümlədən Qarabağ
ərazisinin ilk orta əsrlər dini və dünyəvi tarixi haqqında müfəssəl məlumat
verilmişdir. Eləcə də, Anani Şirakatsi «Coğrafiya» əsəri də Albaniyanın
sərhədləri və ayrı-ayrı iqtisadi rayonlarından bəhs edərək, Araz çayından Kür
çayınadək olan ərazidə Albaniyanın vilayətlərinin yerləşdiyini göstərir. VI
əsrdə yaşamış İohan Yerusəlimskinin «Alban katolikosu Abasa məktub» adlı
əsərində Albaniya, o cümlədən Qarabağ ərazisindəki alban xristian abidələrinin
tarixi ilə tanışlıq üçün maraqlı sənədlərdən biridir. Qeyd etmək lazımdır ki, V
əsrdə Albaniyada monofizitlərlə diofizitlər arasında mübarizə gedən zaman
monofizit təriqətinə sitayiş edən ermənilər xristianlıqda xüsusi mövqe
tutmuşdular. Belə bir şəraitdə alban kilsəsini özlərinə tabe etmək istəyən
monofizitlər ölkədə öz təriqətləri xeyrinə hər cür təbliğat aparırdılar.
Yerusəlim patriarxı İohanın alban katolikosu Abasa yazdığı təbliğat xarakterli
məktubunda Albaniyanı öz tərəfinə çəkmək istəyən monofizit din xadimlərinin öz
məqsədlərinə çatmaq üçün hansı vasitələrə əl atdıqları aydın təsvir edilmişdir.
Erməni yepiskopu Sebeosun «Tarix» əsərində VI-VII əsrlərdə Albaniyada, o
cümlədən Qarabağ ərazisində baş vermiş bir çox siyasi hadisələr təsvir
edilmişdir. Burada onu da vurğulamaq lazımdır ki, ilk orta əsr erməni
müəlliflərinin yaşadığı dövrün düzgün göstərilmədiyi, yəni tarixin
saxtalaşdırıldığı güman edilir.
Bütün bunlarla bərabər, Azərbaycanın Qarabağ bölgəsinin tarixini,
onun əyalət və şəhərlərini, həmçinin ölkənin tarixində baş vermiş iqtisadi,
siyasi və dini hadisələri öyrənmək üçün mötəbər mənbə alban tarixçisi Moisey
Kalankaytuklunun «Albaniya tarixi» adlı əsəridir. Moisey Kalankaytuklu VII əsrdə
yaşamış, xüsusi təhsil almış və bir sıra ölkələri, o cümlədən Yerusəlimi
gəzmişdir. O, iki hissədən ibarət «Albaniya tarixi»ni yazmış, X əsrin sonu və XI
əsrin əvvəllərində yaşamış Moisey Dasxoranski adlı bir şəxs isə həmin əsərə III
hissə əlavə etmişdir. Hər üç hissədə Albaniyanın, onun tərkib hissəsi olan
Qarabağ ərazisinin qədim nahiyələri
olan Uti və Arsakın siyasi, sosial-iqtisadi, mədəni tarixi və həmçinin orada
yaşayan əhalinin etnik mənsubiyyəti barədə məlumat verilmişdir.
Yuxarıda göstərilən əsərlərlə yanaşı, bir qrup mənbələr də, xüsusilə dini və ya
dünyəvi müqavilələr, ayrı-ayrı məktublar, xatirə yazıları da məlumdur ki, bunlar
da Qarabağ tarixinə dair müəyyən problemlərin həlli üçün mühüm mənbə rolu
oynayır.
Qeyd etmək lazımdır ki, erməni mənbələri müəlliflərinin demək olar hamısı kilsə
tarixçiləridir. Məhz buna görə də onlar ümumiyyətlə, dünya kilsə təşkilatları
üçün səciyyəvi bir cəhətə dönmədən əməl etmişlər. Bu da ondan ibarətdir ki, hər
bir kilsə tarixçisi öz əsərində kilsələrin və ayrı-ayrı din xadimlərinin
fəaliyyətini şişirtməyə çalışmışlar. Bir çox kilsə tarixçiləri öz əsərlərində bu
ənənəyə sadiq qalmış və bəzi yanlış nəticələrə gəlmişlər ki, bu da onlardan
istifadə edən hər bir tədqiqatçıdan böyük diqqət tələb edir.
Demək olar ki, son dövrlərin erməni tədqiqatçılarının özləri də həmin mənbələrin
çoxundan imtina edirlər. Həmin mənbələrin tərcümələri zamanı edilmiş
saxtakarlıqları nəzərə alaraq həmin dövrün tarixi, xüsusilə də sosial-iqtisadi
və mədəni tarixi arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət
nümunələri əsasında tədqiq edilməlidir.
Ümumiyyətlə, tədqiqatda istifadə edilən yazılı mənbələrin, xüsusilə erməni
mənbələrinin mötəbər olmaması, başqa sözlə, müəyyən zamanlarda onların
tərcüməsinin məqsədyönlü şəkildə saxtalaşdırılması indiyə qədər yazılmış tarixi
ədəbiyyata yeni baxış, başqa sözlə daha ciddi yanaşmağı tələb edir. Bunsuz
Qarabağ tarixinin ilk orta əsrlər dövrünü obyektiv tədqiq etmək qeyri mümkündür.
Beləliklə, Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər tarixini tədqiq etmək
üçün yazılı qaynaqların mötəbər olmaması səbəbindən Qarabağın ilk orta əsrlər
tarixinin öyrənilməsində arxeoloji tədqiqatları ən mühüm mənbə hesab edirik.
Qarabağda vaxtilə aparılmış arxeoloji qazıntılar Qarabağ tarixinin ilk orta
əsrlər dövrünü tədqiq etməyə və bununla da Vətən tariximizin vacib
problemlərindən birini obyektiv həll etməyə imkan verir.
|