Новая страница 1
Pərvin Ahənçi
Şifahi tarix: problemlər və perspektivlər
(Qarabağ köçkünlərinin xatirələri tarixi mənbə kimi)
Şifahi tarix nədir?
Qərbi Avropa, Amerika tarix elmində təşəkkül tapmış və inkişafda
olan «şifahi tarix» tarix elminin mühüm istiqamətlərindəndir. Klassik baxımdan
tarix elmi yazılı, maddi-mədəni (arxeoloji, epiqrafik, numizmatik, etnoqrafik)
mənbələrə əsaslanır. Yalnız, etiraf etməliyik ki, insan oğlu ilk yazılı tarixi
mənbə yaratmaqdan öncə tarixi hadisələrlə şifahi olaraq yaşayırdı. Onlar
bir-birilərinə baş vermiş tarixi hadisələr haqqında danışmış, adət-ənənələri,
təcrübələri gələcək nəsillərə məhz şifahi yolla çatdırırdılar. Bu yolla
yaranmış şifahi tarix sonralar tarixi təkamül prosesi nəticəsində (əlifbanın
yaranması, çap maşınının icad olunması və s.) xalqın yaddaşından və ya «şahid
mənbələrdən» yazılı mənbələrə köçürülür.
Şifahi tarix hər hansı bir tarixi ərazidə yaşamış insanların
təcrübəsindən bəhs edir. Tarixçilər etiraf edirlər ki, insanların gündəlik
xatirələri nəinki dərin və önəmlidir, hətta onlar özü-özlüyündə tarixi əhəmiyyət
kəsb edirlər. Tarixin keçməkeşli səhifələrində bir çox, son dərəcədə mühüm
xatirələr mövcuddur ki, bunlar cərayan edən (və ya etmiş) müəyyən tarixi
hadisələr haqqında toplanıb və yazılı mənbələrdə həkk olunmasa və ya müəyyən
tədqiqatlarda öz əksini tapmasa, biz bu vacib materialları həmişəlik itirə
bilərik. Beləliklə, şifahi tarix keçmişin rekonstruksiyasıdır.
Qarabağ köçkünlərinin xatirələrinə tarixi baxış
Zənnimcə, «iltihablı beyində» yetişmiş siyasətin nəticəsində,
qarabağlıları doğma vətənlərindən bir sel kimi alıb, Azərbaycanın bir çox
rayonlarına səpələmiş bu insanların yaddaşlarına həkk olunmuş tarixi hadisələr
ömürlük ağrılı-acılı bir iz qoymuşdur. Bu baxımdan yuxarıda qeyd olunan şifahi
tarixin tədqiqini qarabağlıların xatirələri əsasında izləmək olar. Hansı
qarabağlını dindirsək hərəsinə bir şifahi tarixi mənbə kimi baxıla bilər.
Ümumilikdə isə, didərgin düşmüş bu insanlar kütləvi şifahi tarixi mənbə kimi
tədqiqat obyektinə çevrilə bilərlər.
Nəzərdə tutulmuş şifahi tarix aşağıda qeyd olunan istiqamətlərdə
tədqiq oluna bilər:
- Qarabağ uğrunda gedən döyüşlərin iştirakçıları məlumatları;
- Yaşlı nəslin məlumatları;
- Orta yaşlı nəslin məlumatları;
- Yeniyetmələrin məlumatları;
- Qadınların məlumatları;
Bütün bu informatorların informasiyaları müasir Azərbaycan
tarixinin çox dəyərli, unikal şifahi səhifələri sayıla bilər. Ümumilikdə isə, bu
Azəbaycan tarixi səlnaməsinin azərbaycan xalqına zorla tətbiq olunmuş «Qarabağ
çaxnaşması»nın yazılmamış ağrılı-acılı səhifələrinin əsasını təşkil edə bilər.
Zənnimcə, Qarabağdan didərgin düşmüş qarabağlıların bütün bu informasiyaları,
xatirələri dünən və bu gün yaşadığımız müasir tariximizin qiymətli mənbəsi
sayılaraq Azərbaycan tarix elminə bir samballı töhfə ola bilər.
Ancaq etiraf etməliyik, ki bu məsələnin bir aspektidir. Digər
aspekt isə, bu tarixi hadisələrin şahidi olanların sosial-psixoloji
problemlərindən ibarətdir. Ata-baba yurdundan didərgin düşmüş insanların hansını
dindirsək ürəkləri, qəlbləri dərdlə doludur. Onlar əvəzolunmaz torpaq, doğma
insan itkilərinə məruz qalaraq, arzu olunmayan miqrasiyaya uğramış, məcburi
olaraq digər ərazilərdə məskən salmış, yeni yaşayış yerləri salaraq (və ya yeni
yaşayış yerləri ilə təmin olunaraq) uzun zaman tələb edən çətin adaptasiya
mərhələsini keçmişlər.
Bu prosesin psixoloji gərginliyi isə ondan ibarətdir ki, ən
başlıca olaraq, fərqli iqlim, yeni iş yerləri ilə təmin olmaq ehtiyacı, yeni
tədris mərkəzlərinə uyğunlaşmaq, hər birinin qəlbinə toxunmuş xüsusi vəsiqələrdə
formal əksini tapmış «qaçqın» adı. Bir sözlə, sanki kökündən qoparılıb başqa
ərazidə əkilmiş ağaclar kimi… Şübhəsiz, qarabağlılar üçün Azərbaycanın hər yeri
Vətəndir!, ancaq, insanın öz ocağı doğma el-obasında daha da gur yanar!
Qeyd olunanlar ondan ibarətdir ki, bu insanlar şahidləri
olduqları, yaşadıqları qanlı hadisələrin və sonrakı adaptasiya dövrünün
problemlərindən bəhs edərək bir növ psixoloji təsəlli taparlar. Şifahi olaraq
bəhs ediləcək bu tarix bir növ Qarabağda baş vermiş savaşa və onların
Azərbacanın tarixində qara iz buraxmış tarixi dövrə və insanların talehindən çox
sərt bir xəncəl kimi keçmiş Qarabağın dünəninə bu gün baxılan bir pəncərədir.
|