|
Новая страница 1
Araz Asalanlı
Işğala məruz qalmış Azərbaycan və
zəruri müdafiə hüququ
Hüquqi sənədlər arasında qüvvə tətbiqi mövzusunda ən sərt və ciddisi BMT
Nizamnaməsi olmuşdur. İkinci Dünya Müharibəsindən sonra, 1945-ci ildə BMT
Nizamnaməsinin qəbul edilməsində məqsəd dövlətlərin və millətlərin sülh və
təhlükəsizlik içərisində yaşamaqlarını təminat altına almaq idi. Çünki təxminən
yarım əsr ərzində dünya iki böyük müharibəyə şahid olmuş və bu müharibələrin
dünyanın demək olar ki, bütün dövlətlərinə müxtəlif şəkildə mənfi təsiri
olmuşdu. BMT Nizamnaməsinə qədər mövcud olan beynəlxalq sənədlər İkinci Dünya
Müharibəsinin qarşısını ala bilməmişdi. Buna görə də, beynəlxalq sülhün və
təhlükəsizliyin təmini üçün, hüquqi sənədlərin qəbul edilməsi vacib idi.
Qeyd etdiyimiz fikirlər BMT Nizamnaməsinin giriş hissəsində də öz əksini
tapmışdır. Nizamnamənin 1-ci və 2-ci maddələrində BMT-nin məqsəd və prinsipləri
əks olunmuşdur. 2-ci maddənin 3-cü bəndində bütün üzvlərin beynəlxalq
münaqişələrini, beynəlxalq sülhə, təhlükəsizliyə və ədalət prinsiplərinə zərər
vermədən, sülh metodları ilə həll edəcəkləri qeyd edilmişdir. Qüvvə tətbiqinin
əsaslarına aid olan 2-ci maddənin 4-cü bəndi isə, bütün üzvlərin, beynəlxalq
münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə
qarşı, həm də BMT-nin məqsədlərinə uyğun olmayacaq şəkildə qüvvə tətbiqi ilə
qorxutmalarını və birbaşa qüvvə tətbiq etmələrini qadağan edir. BMT
Nizamnaməsindəki bu əsaslar, xüsusilə də 2-ci maddənin 4-cü bəndi dövlətlərin
beynəlxalq münasibətlərdə qüvvə tətbiqi metoduna müraciət etmələrini açıqca
qadağan edir. Bu qadağanın sərhədləri və çərçivəsi ilə əlaqədar müxtəlif
mübahisələr yaşanır. Bəzi araşdırmaçılara görə, BMT-nin məqsədlərinin başında
"Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bu məqsədlə, sülhə istiqamətlənmiş
təhlükələrin qarşısını almaq, eləcə də bu təhlükələri ortadan qaldırmaq, sülh
vəziyyətinin hücum və yaxud da başqa yollarla ortadan qaldırılması hərəkətlərinə
mane olmaq; sülh vəziyyətinin ortadan qaldırılmasına səbəb ola biləcək
mahiyyətdəki beynəlxalq münaqişələrin həllinin sülh metodları ilə, beynəlxalq
hüququn təməl və ədalət prinsiplərinə uyğun şəkildə həyata keçirilməsi"
durduğuna görə, qüvvə tətbiqi qadağası mütləq bir qadağadır və istisnaları ola
bilməz.
Digər bir qrup araşdırmaçıya görə isə, qüvvə tətbiqi qadağasına dair bu məhdud
çərçivəli izah, dövlətləri mövcud haqsızlıqlara və hüquqa zidd hərəkətlərə qarşı
qeyri-müəyyən müddət ərzində dözmək məcburiyyətində qoya bilər. BMT
Nizamnaməsinə görə, beynəlxalq hüquqa hörmət, ədalət, sərhədlərin qüvvə tətbiqi
yoluyla dəyişdirilə bilməməsi və digər bir çox prinsipin açıqca ayaqlar altına
alındığı vaxtlarda, hüququ çeynənən dövlətin bu duruma razı olmasını gözləmək,
bu prinsiplərin varlığını, dolayısıyla BMT Nizamnaməsinin varlığını sual altında
qoymaqdır.
BMT Müqaviləsində qüvvə tətbiqi və zəruri müdafiə mövzusuyla əlaqədar digər
maddədə - 51-ci maddədə bu hökmlərə yer verilmişdir.
"Bu Müqavilənin heç bir hökmü, BMT üzvlərindən birinin silahlı hücuma məruz
qaldığı vaxt, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması
üçün lazımi tədbirləri görənə qədər, bu üzvün təbii olan fərdi, ya da ümumi
zəruri müdafiə tədbirləri hüququna xələl gətirə bilməz. Üzvlərin bu zəruri
müdafiə hüququndan istifadə edərkən gördükləri tədbirlər təcili olaraq
Təhlükəsizlik Şurasına bildirilməlidir və bu tədbirlər Şuranın Müqaviləyə görə
beynəlxalq sülh və təhlükəsizliyin qorunması və yaxud yenidən təsis edilməsi
üçün lazım görəcəyi hər an hərəkət etmək səlahiyyət və vəzifəsinə heç bir
şəkildə təsir etməz".
Burada açıqca göründüyü kimi, BMT Nizamnaməsi qüvvə tətbiqi mövzusunda ümumi bir
qadağan gətirmiş, fəqət, Nizamnamə çərçivəsində buna istisna təşkil edən hallar
da nəzərdə tutulmuşdur.
Qüvvə tətbiqi qadağasının BMT Müqaviləsi ilə gətirilmiş dörd istisnası vardır
(tədqiqatçıların çoxuna görə):
1.
Təhlükəsizlik Şurası qurulana qədərki istisnalar;
2.
İkinci Dünya Müharibəsində düşmən qəbul edilən dövlətlərə qarşı tətbiq ediləcək
addımlar;
3.
Zəruri Müdafiə;
4.
Təhlükəsizlik Şurası qərarıyla tətbiq olunan məcburi tədbirlər; (bəzi
tədqiqatçılar bu tədbirləri istisnalardan biri kimi yox, Təhlükəsizlik Şurasının
normal hüququ kimi qəbul edirlər)
Bunlardan ilk ikisi heç istifadə edilməmiş olan istisnalardır və bundan sonra
istifadə ediləcəklərinə də ehtimal verilmir. Zəruri müdafiə və Təhlükəsizlik
Şurası qərarıyla tətbiq olunan məcburi tədbirlər isə, çox az da olsa, tətbiq
edilmiş olan və tətbiqi bu gün də davam edən istisnalardır.
Zəruri müdafiə hüququ tarix boyunca heç bir vaxt qadağan edilməmiş haqq olub,
BMT Müqaviləsində də bu amil olduğu kimi saxlanılıb. Sadəcə olaraq, bəzi
addımlar atılmış, bu hüququn hüquqi sərhədləri və şərtləri müəyyən edilmişdir.
Zəruri müdafiə hüququnun şərtləri ümumi olaraq belə sadalana bilər:
·
Silahlı hücuma məruz qalmaq;
·
Təhlükəsizlik Şurasına məlumat vermək və onun məsələyə dair
konkret tədbirlər planı qəbul etməsindən sonra zəruri müdafiə hüququndan
istifadəni dayandırmaq;
·
Nisbilik;
·
Zaman bağı;
Silahlı hücuma məruz qalmaq: Zəruri müdafiə mütləq daha əvvəl baş
vermiş bir hücum aləminə qarşı həyata keçirilməlidir. BMT Nizamnaməsinin 51-ci
maddəsində də müəyyən edildiyi kimi, bu hüququn ortaya çıxması üçün mütləq bir
dövlət silahlı hücuma məruz qalmalıdır. O da var ki, silahlı hücumun nə olduğu
mövzusunda, BMT Nizamnaməsinin heç bir yerində dəqiq bir izahat verilməyib.
Hətta, bu mövzudakı problemləri ortadan qaldırmaq məqsədilə alınan 3314 nömrəli
14 dekabr 1974-cü il tarixli Hücumun Mahiyyətinin Müəyyən Edilməsi Haqqında Baş
Məclis Qərarında da, bu mövzuya tam mənasıyla açıqlıq gətirilməyib. Çünki bu
qərarda, birbaşa silahlı hücumun deyil, ümumi olaraq hücumun tərifi verilmişdir.
Bunlarla bərabər, irəlidə üzərində daha geniş olaraq duracağımız çərçivədə
silahlı hücumun gerçəkləşmiş olması, dövlətə, ya da dövlətlərə zəruri müdafiə
hüququ verir. Burada gücə ilk müraciət edən dövlət işğalçı olur və bu fakt
ikinci tərəfə zəruri müdafiə hüququ verir. Bu mövzuda da bəzən problemlər olur.
Kimin ilk öncə güc tətbiq etdiyi məsələsinin müəyyənləşdirilməsi asan deyil.
Fəqət, bu məsələnin mübahisəli olduğu vəziyyətlərdə, əlaqədar beynəlxalq
quruluşların araşdırmaları nəticəsində lazımi qərarlar alına bilər. Məhz,
mövzuya aid çoxlu mübahisəli məsələ Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) tərəfindən
aydınlaşdırılmışdır.
Beynəlxalq nəzəri hüquq və beynəlxalq hüquq praktikası sərhədləri daxilində
Azərbaycan-Ermənistan münaqişəsində silahlı gücdən istifadə və zəruri müdafiə
hüququnun yerinə baxaq.
Bu
fakt beynəlxalq sənədlərdə yer alsa da, Ermənistan səlahiyyətliləri çox vaxt
bunu rədd edir, bölgədə işğal hadisəsinin mövcud olmadığını və əslində guya
"keçmiş DQMV ermənilərinin müstəqillik mübarizəsi apardıqlarını" iddia edir.
Ancaq yenə də bəzən Ermənistan dövlət səlahiyyətlilərinin işğalı qəbul
etdiklərini isbat edən ifadələr işlətdikləri də görünmüşdür. Bunun bir
nümunəsinə 17 may 2001-ci ildə şahid olunmuşdur. Bu tarixdə keçirilən Ermənistan
parlamentinin toplantısında Ermənistan müdafiə naziri Serj Sarkisyan aşağıdakı
ifadələri işlətmişdir: "İşğal etdiyimiz torpaqlar var. Burada utanılacaq bir şey
yoxdur. Təhlükəsizliyimizi təminat altına almaq üçün bu torpaqları işğal etdik.
Biz bunu 1992-ci il və daha əvvəllərində də deyirdik, indi də deyirik. Bəlkə
diplomatik tərzdə danışmıram, ancaq həqiqət belədir".
2002-ci ilin avqustunda Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan
prezidenti Robert Koçaryan arasında Sədərəkdə görüş keçirilərkən mətbuata
fikirlərini açıqlayan Ermənistan müdafiə naziri S.Sarkisyan, işğal bölgəsində
Ermənistan əsgərlərinin olduğunu rəsmi olaraq etiraf edərək, bunun normal
olduğunu əlavə etmişdir. Eyni açıqlamasında Sarkisyan keçmiş DQMV torpaqlarını
heç vaxt Azərbaycan torpaqları olaraq görmədiklərini də vurğulamışdır.
Əvvəlcə zəruri müdafiə hüququ üçün vacib olan hücuma məruzqalma faktını
araşdıraq. Bu gün Azərbaycan torpaqlarının işğal edilməsi faktı beynəlxalq
aləmdə hamılıqla qəbul edilir və beynəlxalq sənədlərdə də hər zaman yer
almışdır.
Ermənistan BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozmuşdur. BMT
Təhlükəsizlik Şurasının qərarlarında Ermənistanın adının açıq şəkildə işğalçı
dövlət olaraq göstərilməməsinin səbəbi, qərarların alınması prosesində Şura üzvü
olan dövlətlərin siyasi baxışlarının əhəmiyyətli rol oynamasıdır. Xatırladaq ki,
Ermənistan Parlamenti 1 dekabr 1989-cu il tarixində qəbul etdiyi, Azərbaycan
Respublikasının keçmiş DQMV-nin Ermənistan Respublikasına birləşdirilməsi barədə
qərarını hələ də qüvvədə saxlayır və ləğv etmir.
Mövzumuza aydınlıq gətirəcək bir fakt da Ermənistandakı son
prezident seçkiləri vaxtı ortaya çıxmışdır. Ermənistanın indiki prezidenti
R.Koçaryanın namizədliyinin hüquqi olmadığı barədə iddia irəli sürülmüşdür.
Müxaliflər, Koçaryanın namizədlik üçün vacib olan "ən azı on il öncədən
Ermənistan vətəndaşı olmaq" şərtini ödəmədiyini iddia etmişdir. Buna cavab
olaraq, Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan Parlamentinin 1 dekabr
1989-cu il tarixli qərarını əsas götürərək, Koçaryana vətəndaşlıq şərtinə aid
sənədi vermişdir. Beləcə, Ermənistan Daxili İşlər Nazirliyi açıq şəkildə
Azərbaycan torpaqlarını işğal altında saxladıqlarını qəbul etmişdir.
Bütün bu qeyd etdiklərimiz Ermənistanın Azərbaycan torpaqlarına yönəlmiş
təcavüzçü fəaliyyətlərini təsdiq edən faktlardır.
Ermənistanın özünün "biz bunları etmişik"–deyə etiraf etdiyi məsələlər də
Azərbaycanın zəruri müdafiə hüququnu açıq şəkildə ortaya qoyur. Məsələn,
Ermənistan dəfələrlə, BMT Baş Məclisinin 3314 nömrəli qərarının 3-cü maddəsində
göstərilənlərə uyğun
hərəkətlər etdiyini qəbul etmişdir. Ermənistan bəzən bu maddədə
göstərilənlərdən a) və b) bəndlərindəkiləri etdiyini qəbul etməsə də, ğ)
bəndində göstərilən əməlləri etdiyini hər zaman qəbul etmişdir. ATƏT sədrinin
xüsusi nümayəndəsi Ancey Kaspşik bölgəni ziyarət edərkən, "işğal altındakı
Azərbaycan torpaqlarında Ermənistan Müdafiə Nazirliyinə bağlı hərbi hissələrin
olduğunu, bunu Ermənistan müdafiə naziri S.Sarkisyanın da hər zaman qəbul
etdiyini" açıqlamışdır. Bu hərəkət, Beynəlxalq Cinayət Məhkəməsinin 1986-cı il
tarixli Nikaraqua Qərarında silahlı hücum olaraq qəbul edilmiş və qarşı tərəfə
zəruri müdafiə hüququ vermişdir.
İşğalçı hərəkətlərin artdığı və Azərbaycan təkbaşına bunun qarşısını ala
bilmədiyi üçün, Azərbaycanın atəşkəs müqaviləsi (sülh müqaviləsi deyil)
imzalamaqdan başqa yolu qalmamışdır (bu mövzuda da fərqli fikirlər ola bilər,
ancaq bu məqalədə daxili siyasi fikirlərə aid nüanslar üzərində
durulmayacaqdır). Fəqət, keçən müddət ərzində, Azərbaycan səlahiyyətliləri daim
torpaqlarını Ermənistan işğalı altında qoymayacağını, torpaqlarını işğaldan
qurtarmaq üçün hərbi gücdən istifadə etmək də daxil olmaqla, bütün yollara
müraciət edəcəyini açıqlamışdır. Ermənistan işğala başlayarkən, Azərbaycanın
özünü müdafiə etmək üçün lazımi gücə sahib olmaması və bu səbəbdən atəşkəs
müqaviləsi imzalamaq məcburiyyətində qalması; Azərbaycan, işğalı heç bir vaxt
qəbul etmədiyi, torpaqlarını Ermənistan işğalından xilas etmək üçün hərbi yol da
daxil olmaqla bütün yollara müraciət edəcəyini mütəmadi açıqladığı, yəni bu
istiqamətdəki iradəsini ara vermədən davam etdirdiyi üçün, zəruri müdafiə üçün
zaman məsələsinin problem olmadığı ortaya çıxır.
Bütün bunlarla yanaşı, Ermənistanın müxtəlif səviyyədəki səlahiyyətli
nümayəndələri Azərbaycanın torpaq bütövlüyünü heç bir vaxt tanımayacaqlarını,
işğal altında tutduqları Azərbaycan torpaqlarının (onlar bu torpaqların əsasən
keçmiş DQMV coğrafiyasındakı hissəsini "Dağlıq Qarabağ" adıyla ifadə edirlər)
Azərbaycana birləşməsinə heç vaxt icazə verməyəcəklərini qeyd edirlər. Sadəcə,
bu belə, dövlətin mövcudiyyətinə və bütövlüyünə qarşı hücumların zəruri
müdafiəyə haqq qazandırdığı bugünkü dünyada Azərbaycana zəruri müdafiə hüququ
verməkdədir.
Nəticə olaraq qeyd etməliyik ki, beynəlxalq hüquq Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına məlumat verərək, Ermənistanın işğal altında tutduğu torpaqlarını xilas
etmək məqsədilə hərbi gücdən istifadə etməsinə icazə verir. Bunu bildirməkdə
şübhəsiz məqsədimiz müharibəni və ya ümumiyyətlə, hərbi gücdən istifadəni təbliğ
etmək deyil. Biz də dövlətlər arasındakı məsələlərin mümkün qədər sülh yoluyla,
yəni silahlı gücdən istifadə etmədən həllinin tərəfdarıyıq. Çünki silahlı gücdən
istifadənin insanlıq və mədəniyyət üçün nə qədər təhlükəli nəticələr ortaya
çıxaracağını bilirik. Ancaq işğal faktına bu qədər göz yummağın, beynəlxalq sülh
və
təhlükəsizlik üçün, dolayısı ilə də insanlıq və mədəniyyət üçün
daha böyük təhlükələr meydana gətirəcəyi də unudulmamalıdır.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsindən zərər görən, etnik mənşəyindən asılı
olmayaraq, bütün Azərbaycan vətəndaşlarının normal həyata dönmələri tezliklə
təmin edilməlidir. Bunun üçün, Azərbaycan əvvəlcədən altı ay yaxud da bir il
vaxt verməklə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini
istəyə bilər. Bu məsələdə BMT Təhlükəsizlik Şurasının 1990-1991-ci illərdə
İraqın Küveyti işğalı hadisəsində olduğu kimi, dəqiq tarix və proqramlar da
müəyyən edilə bilər. Belə bir vəziyyətdə Azərbaycanın proqramın bitiş tarixini
və nəticələrini gözləməsi məqsədə uyğun olar. Fəqət, əgər, belə bir proqram bu
gündən etibarən altı ay, ya da bir il kimi müəyyən vaxt çərçivəsində ortaya
qoyulmazsa, yaxud da ortaya qoyulmuş proqram qeyd edilmiş vaxtda lazımi nəticəni
verməzsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən zəruri müdafiə
hüququndan istifadə etməlidir. Bu dövlətimiz üçün, sadəcə öz xalqımız yox, həm
də beynəlxalq hüquq və dünya ictimaiyyəti qarşısında öhdəlikdir.
|