Əli Abbasov-
Qarabağla bağlı böyük problemlərimiz var. Biz bu problemləri müzakirə etməliyik.
Azərbaycanın lider təşkilat və lider insanları öz fikirlərini bildirməlidirlər.
Və əgər belə bir fikir olsa onda birləşib ictimai qurumları yaradıb, Qarabağla
bağlı problemləri müzakirə edərik.
Akif Nağı-
Hörmətli forum iştirakçıları, hamınızı salamlayıram. Doqquz təşkilatın və şəxsin
təşəbbüsü ilə belə bir tədbiri keçirtmək qərarına gəldik. Və çalışaq ki, az vaxt
ərzində iş görmə əmsalını göstərək, nümayiş etdirək. İstəyirik ki, bu gün qısaca
da olsa üç məsələ üzərində fikir mübadiləsi aparaq. Birinci məsələ ondan
ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Qarabağla bağlı fəaliyyətin
əlaqələndirilməsinə, məşvərətçi qurumun yaradılmasına ehtiyac var və biz bu
foruma hazırlaşarkən burada iştirak edənlərin əksəriyyəti ilə bu və ya digər
formada müzakirələr aparmışıq. Əksəriyyət məlumatlıdır ki, bizim məqsədimiz
nədən ibarətdir. İşçi qrupunun son iclasında belə qərara gəldik ki, bu qurum
Qarabağ Məşvərət Şurası adlandırılsın. Belə bir ad təklif edirik. Amma çıxış
edənlər adla bağlı öz fikirlərini bildirə bilərlər, hətta dəyişdirə də bilərlər.
Bu yeni yaranan qurum deyil, daim fəaliyyət göstərəcək qurum olmayacaq. Sadəcə
olaraq bu təşəbbüsü edən adamlardan ibarət bir işçi qrupu olacaq. Bizim işimiz
ancaq ondan ibarət olacaq ki, biz sizə zəng edib dəvət edəcəyik ki, bu məsələ
ilə bağlı Qarabağın taleyi ilə bağlı, Qarabağ naminə məsləhətləşməyə ehtiyac
var. Onda siz özünüz xətti, qərarı müəyyənləşdirəcəksiniz. Yəni bu qurumla bağlı
yanlış fikrin olmaması üçün deyirəm ki, yeni qurum yaratmırıq. Ola bilər ki,
qurum 4-5 aya da toplaşmasın. Yəni buna ehtiyac da olmasın. O da ola bilər ki,
sabah yenidən yığışmağa ehtiyac olsun. Əgər qurumla bağlı kimin nə sualı varsa
deyə bilər. Bu günləri 3 partiya, 4 partiya , bir necə QHT hardasa öz mövqeyini
formalaşdırır. Mən mətbuatda da izləyirəm ki, bu proseslər gedir. Taktiki
xəttində fərq olan, mövqeyində fərq olan, biri xalq diplomatiyası yolu ilə
Qarabağın azadlığını istəyir, digəri isə hərb yolu ilə. Hər kəsin fərqli mövqeyi
var. Biz bu təşəbbüsü edərkən, bu qərara gəldik ki, hər bir kəs öz yolu ilə gedə
bilər. Heç bir təşkilatın da müstəqilliyinə, sərbəstliyinə məhdudiyyət qoyulmur.
Bu qurum ondan ibarətdir ki, biz həlledici anda, ən kritik anda bir araya gələ
bilək. Və Qarabağ naminə, onun azadlığı naminə mövqeyimizdən asılı olmayaraq bir
yerdə addım ata bilək. Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin sağlam
hissəsi bir məsələ ilə-referendumla bağlı yekdil mövqedədir. Qarabağ Azadlıq
Təşkilatının mövqeyi ondan ibarətdir ki, heç bir halda referendumun
keçirilməsinə razılıq vermək olmaz. Hətta bütün Azərbaycan miqyasında da
referendumun keçirilməsinə razılıq vermək olmaz. Bunun da səbəbi var. Bir mənfi
cəhət ondan ibarətdir ki, əgər Dağlıq Qarabağın statusu ilə bağlı referendumun
hətta Azərbaycanda keçirilməsinə razılıq verilsə, bu o deməkdir ki, biz
Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş işğal faktının üstündən
keçirik. Digər tərəf ondan ibarətdir ki, biz bununla Dağlıq Qarabağın mübahisəli
ərazi olduğunu etiraf etmiş olarıq. Bir məsələni də qeyd etmək istəyirəm ki,
söhbətlər gedir ki, 7 rayon qaytarılacaq, qaçqınlar öz yerlərinə
yerləşdiriləcək. Bir təşkilat olaraq fikrimiz ondan ibarətdir ki, bunlar hamısı
yalandır, vəziyyət həddindən artıq təhlükəlidir. Qarabağla bağlı Azərbaycanın
maraqlarına uyğun olmayan addım atıla bilər. Burada Beynəlxalq Böhran Qrupunun
nümayəndələri də iştirak edirlər. Onlar da hər zaman öz çıxışlarında hazırkı
vəziyyətlə bağlı söhbətlər aparırlar.
Лейла Юнус-
Одна из наших целей заключается в том, чтобы продемонстрировать
азербайджанскому руководству, международному сообществу, что в Азербайджане
существует единая точка зрения на Карабахский конфликт. Нагорный Карабах часть
Азербайджана и его судьба не может решиться каким бы не было референдумом.
Мирный путь решения конфликта вовсе не означает народную дипломатию.
Военный путь решения предполагает нормальную, профессиональную армию, о которой
я неоднократно писала, в том числе в своем последнем докладе, с которым я
выступила на научной конференции, проводимом ООК. Я отмечу такое негативное
событие, как арест Карабахских
партизан, которых до сих пор держат в заключении. Мы боремся за их освобождение,
и думаю, что в рамках этой создаваемой организации нужно будет усилить нашу
совместную борьбу.
Я еще
раз повторяю, что в вопросе о референдуме мы все имеем единую позицию и это
должны учесть международные организации.
Pənah Hüseyn-
Mən hesab edirəm ki, yalnız təşəbbüs
qrupunun üzvləri yox, yəqin ki, dəvət olunmuş ictimai təşkilatların, siyasi
partiyaların, KİV nümayəndələrinin, müharibə veteranlarını birləşdirən
təşkilatların, döyüşçülərin, hərbçilərin çıxışlarını da dinləsək çox yaxşı olar.
Qısaca bir neçə məsələni diqqətinizə çatdırım: Qeyd etdiyim kimi məsələ təkcə
müxalifətdən olan deputatlar tərəfindən yox, həm də bəzi müstəqil deputatlar,
hətta iqtidar düşərgəsinə mənsub deputatlar tərəfindən qaldırılır. Bu məsələni
Milli Məclisin müzakirəsinə çıxarmaq mümkün deyil. Mən çox istərdim ki, bu günkü
məclis Milli Məclisdən tələb etsin ki, vəziyyətin aktuallığını, ciddiliyini
nəzərə alaraq məsələni müzakirə edib, təkcə Milli Məclisin deputatları yox,
müvafiq hökumət nümayəndələri, siyasi partiyalar, o cümlədən müxalifətdə olan
siyasi partiyalar, QHT-lər, hüquqi şəxslərin, ekspertlərin iştirakı ilə tədbir
keçirsin, cəmiyyətin bu barədə fikrinin ifadə olunmasına nail olunsun.
Ikincisi, mənim təklifim
ondan ibarətdir ki, hakimiyyət öz üzərinə düşən vəzifəni yerinə yetirsin, istər
fövqəladə, istər hərbi vəziyyət elan etməklə torpaqlarımızın işğaldan azad
olunmasına və respublikanın ərazi bütövlüyünün bərpasına yönələn real addımlar
atılsın və üçüncüsü mən hesab edirəm ki, burada iştirak edən müxalifət yönümlü
siyasi partiyaların sənədlərində, Qarabağ xartiyasında ifadə olunub ki, dövlət
və hökumət ölkənin ərazi bütövlüyünü bərpa etmək istiqamətində silahlı
qüvvələrdən də istifadə etməklə addım atarsa, bütün siyasi qüvvələr əməkdaşlığa
və hətta fəaliyyətlərinin dayandırılmasına hazır olmalıdır.
Dördüncü təklifim ondan
ibarətdir ki, əgər bu məsələ Milli Məclis səviyyəsində müzakirə olunmazsa, ən
yaxın bir dövrdə bu deyilən məsələlər, referendum məsələsi və burada səslənəcək
fikirlərin istiqamətində addımlar atılması üçün bu tədbir bir ay müddətində
yenidən toplansın və bu istiqamətdə hansı addımlar atılması məsləhətləşib
yenidən qərar qəbul edilsin.
İsa Qəmbər-
Tədbirin təşkilatçılarına, təşəbbüskarlarına təşəkkürümü bildirirəm ki, bizi bir
araya gətirdilər, bu mövzu ilə bağlı konkret təkliflər verirlər. Öncədən deyim
ki, təşəbbüs qrupunun bütün təkliflərini mən də müdafiə edirəm, yəni istər
hansısa bir məşvərət qrupunun formalaşdırılması, istərsə də referendumla bağlı
prinsipial mövqe ortaya qoyulması ilə bağlı biz təşəbbüskarların mövqeyinə
qatıla bilərik.
Onu qeyd etmək istərdim ki,
hansısa addımlar atılarkən əvvəl atılan addımları da unutmaq lazım deyil,
hərçənd bizdə bir proses var ki, əvvəl atılan addımları unuduruq, onu
dəyərləndirmirik. Halbuki, Qarabağ Azadlıq Təşkilatı özü 1993-cü ilin sonunda
hərəkat şəklində yaranmış bir təşkilatdır və bu günə qədər davamlı fəaliyyət
göstərir, bu günə qədər məsələnin gündəmdə qalmasına, fəallıq göstərməsinə,
lazım gəlsə fədakarlıq göstərməsinə nümunələr qoyub ortaya. Bu
qiymətləndirilməlidir.
1997-ci ildə Azərbaycanda
fəaliyyət göstərən aparıcı müxalifət partiyalarının və hakimiyyət partiyalarının
birgə imzaladığı sənədlər var idi. İndiyə qədər həmin sənədləri imzalayan
partiyaların heç biri öz imzasını geri çəkməyib. Deməli həmin sənədlər bu gün
qüvvədədir. Əslinə qalsa hansısa birimiz bu sənədləri arxivlərdən çıxarıb
mətbuata təqdim etməliyik və həmin sənəddə göstərilmişdir ki, hərbi əməliyyatlar
bərpa olunacağı təqdirdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar
bundan öz siyasi maraqları üçün istifadə etməyəcəklər (bu həm müxalifət, həm də
hakimiyyət partiyalarına aid idi) və eyni zamanda bütün qüvvələrini cəmiyyətin
potensial qüvvələrinin səfərbər olunmasına yönəldəcəklər. Bu sənədlər
qüvvədədir, bunu qeyd etmək istəyirəm.
Burada qeyd olundu, 2001-ci
ildə hazırlanmış xartiya-Qarabağ Xartiyası, Azərbaycanda fəaliyyət göstərən
qüvvələrin böyük əksəriyyəti həmin sənədləri imzalamışdılar. Həmin sənəddə
Azərbaycan cəmiyyətinin Qarabağla bağlı mövqeyinin sərhədləri bir növ
cızılmışdır, bu da çox əhəmiyyətli bir sənəd idi.
1999-cu ildə milli
müqavimət hərəkatı yaradıldı. Yadınıza salım, ATƏT-in İstanbul sammitində böyuk
narazılıqlar var idi və o arada təşkilat yarandı. Təşkilatın yaranmasının
təşəbbüskarı Ə.Elçibəy idi. Bu təşkilat bütöv bir istiqamətdə cəmləşmişdi. Uzun
illər həmin bu təşkilat fəaliyyət göstərdi, onun sədri hamımızın hörmət
etdiyimiz Sabir Əhmədli idi. Ona da təşəkkür etmək lazımdır. Konkret işlər
görürdü, fədakarlıq göstərirdi. Bu təşkilat mövcud idi. Yəni demək istəyirəm ki,
biz indiyə qədər etdiklərimizi unutmayaq, hər dəfə sıfırdan başlamış kimi
davranmayaq. Məncə bu proseslər həmin formata cəlb olunmalıdır.
Məsələnin konkret həllinə
gəldikdə isə Qarabağ haqqında danışıqlardan müsbət xəbər gözləyənlər üçün
təəssüflə, mənfi xəbər gözləyənlər üçün isə arxayınlıqla demək olar ki, yaxın
dövrlərdə bu məsələdən heç nə gözlənilmir. Yəni məsələ bir sıra obyektiv və
subyektiv səbəblərdən dalana dirənibdir. Beynəlxalq birlik bu məsələnin həllində
heç bir iradə, heç bir davamlılıq, prinsipiallıq göstərmir və Azərbaycanda da
hesab edirəm ki, hakimiyyət ilk növbədə günahkardır. Ancaq bununla belə, özümüz
də bir kənara çəkilməli deyilik. Biz də məsələnin həlli üçün gərəkən
fədakarlığı, gərəkən gücü göstərmirik. Ona görə də yaxın gələcəkdə bu
istiqamətdə hər hansı müsbət və mənfi addımların atılacağını gözləmirəm. Hər
halda Qarabağla bağlı Məşvərət Şurasının yaradılmasına qatılıram və Müsavat
Partiyası prosesdə iştirak etməyə hazırdır.
Əli Kərimli-
Son zamanlar neqativ tendensiyalar davam edir. Bu neqativ tendensiyalar
Azərbaycan cəmiyyətini səfərbər olmağa sövq edir. Mən xüsusilə iki məsələni
vurğulamaq istəyirəm. İki ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri
Ermənistana təklif edirlər ki, Dağlıq Qarabağın stausu müəyyənləşdirilsin. Bu
təklif Azərbaycan xalqına qarşı təhqiramiz münasibətdir. Azərbaycan hökuməti bu
təklifləri dərhal rədd etmir. İki ildən artıqdır ki, Xarici İşlər nazirliyi
səviyyəsində müzakirə edir və beləliklə bu təkliflərə legitimlik qazandırır.
Belə məlum olur ki, Azərbaycana təklif etmək olar ki, sənin ərazinin bir
hissəsini referendum yolu ilə səndən alıram, sən necə baxırsan bu məsələyə?
Onlar da uzun-uzadı bu məsələnin müxtəlif tərəflərini müzakirə edə bilərlər. Hər
dəfə Azərbaycan cəmiyyətinə təsəlli verilir ki, bu referendum olsa da indi
olmayacaq, sonra deyirlər ki, biz orada kimin iştirak edəcəyini razılaşmamışıq.
Guya bütün Qarabağdan qovulmuş adamalrın, hətta hamısının bu referendumda
iştirak etməsi nəyi isə dəyişəcək. Biz açıq şəkildə bilməliyik ki, bu ideyanın
özünün varlığı, bu ideyanın açıq, dövlət səviyyəsində müzakirəsi artıq Qarabağın
üzərində böyük bir təhlükədir. Mənim fikrimcə ən böyük təhlükə bu müzakirələrin
aparılmasıdır. Ona görə də, bir halda ki, Azərbaycan cəmiyyətinin əksər
qüvvələri təşəbbüsçülərin səyi ilə bir araya toplanırsa, məncə tələb olunmalıdır
ki, referendumla Qarabağın statusunu müəyyən etmək müddəası ümumiyyətlə
danışıqların predmeti olmasın. Çıxarılsın bu məsələ. Azərbaycan tərəfi birmənalı
şəkildə bu məsələni müzakirə etməkdən imtina etsin. Onu müzakirə etmək artıq
bizi məğlubiyyətə hər gün yaxınlaşdırır. Bu birinci böyük təhlükədir və bizim
sənədimizdə öz əksini tapmalıdır. İkinci məsələ, biz görməliyik ki, gözümüzün
qabağında olan bütün bizim kimi problemi olan ölkələr üçün bir hadisə baş verir
ki, president yaranır ki, ondan sonra dünya birliyi böyük dövlətlər istədikləri
kimi o presidentdən istifadə edə bilərlər. Bilirsiniz ki, Kosovanın
müstəqilliyinin tanınması ilə bağlı böyük bir mübarizə gedir. Ola bilsin ki,
bizlərin hansımızınsa qəlbində bəlkə də müsəlman həmrəyliyi baxımından təhlükə
olduğunu başa düşməyək. Amma bu president yaransa, ondan sonra bütün bu
separatçı hərəkatlar üçün artıq qadağa aradan qalxır. Ondan sonra dünyanın böyük
dövlətləri hansısa separatçı hərəkatlara müstəqillik, muxtariyyat tələb edə
bilərlər. Ona görə bu da ikinci böyük təhlükədir ki, beynəlxalq aləmdə bizim
üçün əlverişsiz bir vəziyyət yaranır. Bu da Kosovanın müstəqilliyi üçün Avropa
birliyi, ABŞ-ın daimi səy göstərməyidir və bu səylər nə vaxtsa nəticə versə o
zaman Azərbaycan üçün də birbaşa təhlükə yaranmış olur.
Aslan
İsmayılov- Biz bütün problemlərin
həllini bir şeydən başlamalıyıq. Bir şeyi nəzərə çatdırmaq istəyirəm ki, heç bir
böyük dövlət heç bir problemin həllində maraqlı deyil. Əksinə onlar problemin
olmasını istəyirlər ona görə ki, bu problemlərdən istifadə edib öz maraqlarını
bu və ya digər formada təmin etsinlər. Mən 10-15 ildir ki, xarici beynəlxalq
təşkilatlarla işləyirəm. Heç bir xarici dövlətin hansısa bir problemi həll etmək
istəyi yoxdur. Əslində onlara maraqlıdır ki, problem qalsın böyüsün və bu
problemdən istifadə edib öz siyasi, iqtisadi maraqlarını təmin etsinlər. Bunun
üçün bütün dünya bilməlidir ki, Azərbaycan cəmiyyəti Qarabağın verilməsi ilə heç
vaxt barışmayacaqdır. Bütün dünya dövlətləri, QHT-lər bu və ya digər formada öz
ölkələrinin maraqlarını başqa digər ölkələrdə yerinə yetirirlər və öz
ölkələrinin maraqlarına qulluq edirlər. Azərbaycanda olan QHT-lər də bunu
bilməlidirlər. Ölkə daxilində və ölkə xaricində atılan bütün addımlar Qarabağla
bağlı mənim dövlətimə xidmət etməlidir. Biz hər birimiz etiraf etməliytik ki,
həm də dünyaya çatdırmalıyıq ki, Qarabağla bağlı səhvlərə yol verməyəcəyik. Yəni
ölkə daxilində və xaricində Qarabağla bağlı məsələ gərginləşəndə biz bundan
siyasi hakimiyyəti ələ keçirtmək üçün istifadə etməyək. Ona görə ki, mən
1990-1993-cü illərdə Azərbaycana gəlmiş bir insan kimi həmişə onun şahidi
olmuşam ki, Qarabağ problemindən digər qüvvələr həmişə hakimiyyətə gəlmək üçün
istifadə ediblər.
Qüdrət
Həsənquliyev- Torpaqlarımızın yarısı
işğal altındadır. Biz torpaqlarımızın azad olunması barədə düşünməliyik.
Referendumla bağlı məsələnin bu istiqamətdə aparılması artıq uduzmağımız
deməkdir. Mənə elə gəlir ki, biz bu yolla Azərbaycan hökumətindən tələb
etməliyik ki, ermənilərin, beynəlxalq təşkilatların qarşısında müddət
müəyyənləşdirilsin. Bu müddət ərzində Ermənistanı ya məcbur edin ki,
Azərbaycanın ərazi bütövlüyünü tanısın, ya da Azərbaycan hakimiyyəti öz suveren
hüquqlarından istifadə edərək torpaqlarını azad etsin. Azərbaycanın müxalifəti,
Azərbaycanın qeyri qüvvələri hökumətdən tələb etməlidir ki, Ermənistanın
qarşısında konkret vaxt müəyyənləşdirsin ki, biz torpaqlarımızı azad etməliyik.
Biz bu günləri referendum əlehinə çıxırıq. Referndum əlehinə çıxsaq onda
Ermənistan tərəfi, başqa beynəlxalq birlik tamam başqa bir təşəbbüslə çıxış
edəcək. Bunun üçün bu istiqamətdə yanaşmanı doğru sayıram və digər həmkarlarımı
da bu məsələlər barədə ciddi düşünməyə çağırıram.
İsgəndər
Həmidov-Foruma görə çox sağ olun, amma
təşkilatçıların özündə fikir ayrılığı var. Xalq səsverməsi deyirlər, diplomatiya
deyirlər, iyirmi ildir, diplomatiya yolu ilə torpaq azad olunur, hələ də
torpaqlar verilə-verilə gedir. Ona görə də Qarabağın işğaldan azad olunmasının
iki yolu var:
I Qüdrət bəy və Pənah bəy
təklif etdi ki, müxalifət öz fəaliyyətlərini dayandırır, demokratiya boğulur,
iqtidar Ermənistana güzəşt edir, Qarabağı tamamilə ermənilərə verir.
II-si hərb yoludur.
Azərbaycan xalqı öz hərbi qüdrətinə inanaraq ATƏT-in Minsk qrupu
vasitəçiliyindən imtina edir, xalq diplomatiyasını dayandırır, çünki, xalq
diplomatiyasını gördük. Nazirlər bura gəldi, nazirlər ora getdi, ofiserlər bura
gəldi, ofiserlər ora getdi, Azərbaycan əsgəri çörək dalınca sərhəddi keçdi, əsir
düşdü, bu günə qədər də azad edə bilmirik. Xalq diplomatiyası nə deməkdir, hələ
bilmirik.
Müharibə başlayacağı
təqdirdə istifadə etməməyin də bir yolu var: iqtidar 6-7 müxalifət
nümayəndələrini, biz inandığımızı İsa bəy, Hacı Tahir, digərlərini çağırır və
deyir ki, siz qarant durun, mən 2 aydan sonra hərbi yola başlayıram, siz öz
fəaliyyətinizə 1-2 illik xitam verin. Hamımız buna hazırıq. Amma biz tamamilə
dayanacayıq xətdə, əlimizdə silah qabaqda gedəcəyik ki, birinci güllə bizə
dəysin. Isa bəy düzgün qeyd etdi ki, belə bir antidemokratik şəraitdə bu
müxalifət cəsarət tapıb Qarabağın harayını qaldırıbsa onun səsini boğmaq olmaz.
Dədəmizin-babamızın uyuyan yerlərini azad edək.
Qaldı diplomatiya yolu ilə,
xatırlatmaq istəyirəm , burda mənim yoldaşlarım oturub, 92-ci il avqustun 6-da
biz Xaçınçayın üstünə çıxmışdıq. Pənah bəy, sizin də yadınızdadır. Sonra bizim
yoldaşlardan sizin də tez-tez dialoq apardığınız insan getdi Pyatiqorskda
Qraçovun vasitəsilə Ermənistanın müdafiə naziri ilə atəşkəs imzaladı və onun
nəticəsində sentyabr ayından başlayaraq ermənilər Ağdərə istiqamətində hücuma
keçib işğal etmişlər. Xaçınçayla Xankəndinin arası 5 km-dir, hələ 5-dən də
azdır. Ona görə də bu gün hər hansı bir böhran qrupu və ictimai təşkilatlar, nə
Amerika dəli dövlətdir, nə Avropa, pulunu göyə sovurmayıb. Onların da öz
məqsədləri var, öz maraqları da ona gətirib çıxarır ki, Qarabağ haqqında
söhbətlər səngiyir.
Hesab edirəm ki, bu gün
bizdə optimistlik var. Sülhməramlı qüvvələrə o vaxt icazə vermək olar ki, gəlsin
Ermənistanla Azərbaycanın arasında yerləşsin ki, Ermənistandan Azərbaycana
silah-sursat daşınmasın. Burda danışanda bilirik ki, sülhməramlı qoşunlar
söhbəti var. Onun Avropa şurası altında, ya BMT adı altında, bu var. Bunun
haqqında biz danışmalıyıq. Əgər Kosovanı misal göstəririksə, onu NATO dağıtdı,
sonra, bu tərəflə o biri tərəfdə öz qoşunlarını yerləşdirdi. Qoşunları
yerləşdirdi, 10 ldən sonra dedi ki, Kosovo azad olmalıdır. Çünki bu tərəf o biri
tərəfi müdafiə edə bilmir. Ona görə də qətiyyən buna da imkan vermək olmaz, bu
haqda da bir qərar qəbul etməlisiniz ki, Azərbaycan ictimaiyyəti və Azərbaycan
müxalifəti buna tamamilə yox deyir. Əgər bu forum gələcəkdə düzgün istiqamətdə
doğrudan da Xudu bəy qeyd etdiyi kimi, Qarabağ istiqamətində fəaliyyət
göstərəcəksə, biz hazırıq. Ancaq kiminsə qoltuğu altında yox. Hansısa ATƏT –in
Minsk qrupu, BMT-nin nə bilim nəyi, kimin nəyi olsun, biz qəbul etmirik. Çünki
bizim hər şeyimiz var, onlar bizimlə hesablaşmalıdır.
Etibar
Məmmədov-Burda təşəbbüsün təqdir
olunması prosesi getdi, mən də hesab edirəm ki, yaxşı təşəbbüsdür. 2001-ci ildə
mənim yadımdadır ki, prinsiplər Qarabağ xartiyasında müəyyənləşmişdi. Iqtidar
partiyasından başqa digər ictimai təşkilatlar bu prinsipləri təsdiq etmişdilər.
İndi yenidən yeni prinsiplər müəyyənləşdirməyə məncə ehtiyac yoxdur. Məsələnin
həllində prinsiplər müəyyənləşməlidir və bir daha elan olunmalıdır ki, hökumət
öz fəaliyyətində bu prinsiplərdən kənara çıxa bilməsin. Qalan məsələlərdə isə
xalq diplomatiyası, başqa diplomatlar heç bir rol oynamır. Bu danışıqları da
hökumət aparır, rəsmi şəxslər aparır. Sadəcə olaraq bütün ictimai-siyasi
təşkilatların vəzifəsi onları mütəmadi olaraq izləməkdən və onları həmin
prinsiplərdən kənara çıxmağa imkan verməməkdir.
Qalan təhlükələrdən
danışdıqda isə təhlükələr böyükdür. Praktik olaraq Dağlıq Qarabağ 15 ildir ki,
Azərbaycanın nəzərindən kənardadır və mənim fikrimcə bu prosesin rəsmiləşməsi bu
gün, sabah gözlənilmir. Burda deyildiyi kimi Kosovo prosesi nümunə kimi olacaq.
Hələlik Azərbaycan neftinə görə Qərbə, Amerikaya lazımdır, nə qədər ki, neft
var, bu məsələnin rəsmiləşdirilməsi uzana-uzana gedəcək. Könüllü şəkildə
Azərbaycan hökuməti buna razı olmasa, Azərbaycan hökumətini buna heç kim məcbur
etməyəcək. Neft qurtarandan sonra bunu məcbur da edə bilərlər, necə ki, Kosovo
məsələsində məcburiyyət prinsipi keçirilibdir. Ya Kosovoya müstəqillik
verilməlidir, ya da bu məsələ heç bir şəkildə müzakirə olunmayacaq. Bu
təhlükənin olmaması üçün ictimai fəallığın olması lazımdır və mən də təqdir
edirəm ki, bu günkü forum həmin ictimai fəallığı təmsil edəcək, bizdən də asılı
nə varsa, hamısını etməyə hazırıq.
Qaldı ki, replikayla bağlı
fikrimi bildirim ki, burada Rusiya ilə bağlı asılılıq gündəmə gətirilməməlidir
ki, nə qədər Azərbaycan Rusiyadan asılıdır, bu məsələ həll olunmayacaq. Nə qədər
ki, Azərbaycan bir gün Rusiyadan, sabah Amerikadan asılıdır, bu məsələ həll
olunmayacaq. Azərbaycan da özündən asılı vəziyyətdə olmalıdır, öz milli
maraqlarını təmsil etməlidir. Bu gün təəssüf ki, Azərbaycan bu gün Rusiyanın
təsiri altına düşür, sabah Amerikanın təsir dairəsinə düşür, nə Amerika, nə
Rusiya heç vaxt Azərbaycanın maraqlarını müdafiə etməyib, sabah da təmin
etməyəcək. Bunu hamı yadda saxlamalıdır.
Hökumətdən yalnız tələbim o
ola bilər ki, ancaq milli maraqlara riayət etsin.
Hacı
İlqar İbrahimoğlu- Bu təşəbbüsün
yalnız bir məqsədi var. Müxtəlif, hətta diametral əks fikirdə olan insanların, 9
təşkilatın, təşəbbüskarların içində bu mövzuya fərqli yanaşanların burada
olmağı, ümumiyyətlə toplumda müxtəlif düşünən insanların mövzu ilə bağlı
məşvərət aparmasına imkan yaradır. Ona görə də, mən bir daha bu məşvərət
şurasının əsas ara prinsipinə qayıtmaq istəyirəm. Bu ara prinsip də elə budur
ki, bu məsələyə müxtəlif baxışı olan insanlar buraya toplaşıblar və ölkənin
nüfuzlu hissəsinin insanlarını buraya toplayıblar. Bu heç də insanların hamısını
eyni cür düşünməyə məcbur etmir. Bu, sadəcə olaraq il ərzində bir dəfə müxtəlif
sahələrdə iş görən forumların, qrupların, bu sahədə iş görən işçi heyətin
toplaşıb fikirlərin yaxınlaşdırılmasına, məsləhətləşməsinə görə yaranmışdır. Bu
nə Qarabağ Azadlıq Təşkilatının təkrarıdır, nə bu günləri çox effektli fəaliyyət
göstərən Arzu xanımgilin təşəbbüsünün təkrarıdır, nə də ki, başqa formalarda
olan təşəbbüsçülərin təkrarıdır. Bunun yalnız bir məqsədi var. Bu fərqli
təşəbbüslərin, bu fərqli görülən işlərin arasında bir əlaqələndirməni təmin
etməkdən ibarətdir. Və mən hesab edirəm ki, bu gün buraya bu insanların
hamısının toplanması bir daha bunu göstərir ki, Qarabağ kimi ikinci bir mövzu
yoxdur ki, ölkədəki insanları bu formada maraqlandırsın. Və hətta bu məsələnin
həllini müharibə yolu ilə və ya xalq diplomatiyası yolu ilə görənlər də bu gün
bu məsələ ilə bağlı bir yerdə oturub eyni mövzu qoya bilirlər. Məncə elə bu ən
böyük uğurdur.
Mehriban
Vəzir- Mən həm təşkilatçılara öz
təşəkkürümü bildirirəm və həm də öz şəxsi sevincimi ifadə etmək istəyirəm.
Həqiqətən bu gün cəmiyyətdə bu qədər insanı bir araya gətirmək çox çətindir.
Azərbaycan ictimai fikrində Qarabağ çox önəmli yer tutur. Mən bir şeyə əminəm
ki, burada oturan insanlar və oturmayan insanlar, ümumiyyətlə xalqımızın böyük
əksəriyyəti və demək olar ki, hamısı hətta Qarabağı düşünməyəndə də şüurumuzda
Qarabağ problemi var. Bu problem hər birimizin yaddaşındadır. Biz Qarabağı
unutmuruq. Hətta ondan danışmayanda da Qarabağı düşünürük. Qarabağ məsələsi ilə
bağlı biz hər zaman bir fikirdə olmalıyıq. Yəqinki bizim bir fikrimiz, bir
bəyanımız olmalıdır. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz xalqımıza bir
daha müraciət edib deməliyik ki, bu problem sənindir, bu problemin həllində sən
öndə olmalısan. İkinci məsələ biz hökumətə müraciət etməliyik ki, Qarabağ
məsələsinin həllində Azərbaycan xalqı, ictimaiyyəti, xüsusilə demokratik düşərgə
iştirak edəcək. Onun fikri olmadan hökumət heç bir addım ata bilməz. Beynəlxalq
qurumlara müraciət olunmalıdır. Yəni Qarabağ məsələsində aktiv olan beynəlxalq
qurumlara, o cümlədən dünya birliyinə müraciətlər olunmalıdır.
İlyas
İsmayılov- Mən bunu qeyd etmək istəyirəm
ki, Dağlıq Qarabağ Azərbaycanın öz problemidir və özü həll etməlidir. Heç bir
beynəlxalq təşkilat, dövlət münaqişəni nizamlamayacaq. Biz güc ortaya qoymasaq,
ermənilər heç vaxt sülh danışığına getməyəcək. Hər halda düşünürəm ki, öz
problemimizi özümüz həll etməliyik. Əgər sülh yolu ilə olmazsa, o zaman hərb
yolu ilə öz torpaqlarımızı azad etməliyik.
Sadiq
İsabəyli- Qarabağ problemi ümumilli
problem olduğundan Güney faktorunu da unutmayaq. 35 milyon Güney Azərbaycan
türkü var və bunu sizlər hesaba salmalısınız. Biz Xocalıyla bağlı hər il
Tehranda çox izdihamlı şəkildə bütün təzyiqlərə baxmayaraq mitinqlər keçiririk.
Yəni bu faktları nəzərə almalısınız ki, Güney Azərbaycan türkü bütün Qarabağla
bağlı gedən proseslərə hər zaman dəstək olacaq və orada müharibə yolu ilə və ya
hər hansı yolla olursa olsun bu məsələnin həlli yolunda güneylilər öz iradəsini
ortaya qoyur və qoyacaq. Babək qalasında hər il artıq Qarabağ şüarı səslənir. Və
burada səsləndi ki, Azərbaycanda ictimai bir fikir formalaşmayıb ki, savaş
başlasın və getsin. Qərb təşkilatları gəlib Azərbaycanın işğal olunmuş
ərazilərində onun vətəndaşlarına, qaçqınların yeniyetmə uşaqlarına sülhpərvərlik
öyrədirlər.
Akif Nağı- Müzakirələri yekunlaşdırır
və qərarlarımızı veririk. Müzakirələr nəticəsində ən ümumi qərarlarımız
bunlardır:
- Qarabağla bağlı
aparılan danışıqlar Azərbaycanın maraqlarına uyğun deyildir.
- Dağlıq Qarabağın
statusu ilə bağlı hər hansı formada referendumun keçirilməsi yolverilməzdir.
- Forum
iştirakçılarının istənilən vaxt ümumi mövqe və atılacaq addımları
müəyyənləşdirmək üçün bu formatda toplaşması məqsədəuyğundur.
- Forumun təşkili üçün
yaradılmış Təşəbbüs qrupu əlaqələndirici qurum kimi fəaliyyətini davam etdirsin.
P.S.
Forumda iştirak edənlər: Vətəndaş Həmrəyliyi partiyası, “Azəri-Türk” qadınlar
birliyi, deputat F.İbrahimli, Fazil Qəzənfəroğlu, İslam partiyası, Orduya
Vətəndaş Nəzarəti birliyi, Vətən Müharibəsi Veteranları Birliyi, Ehtiyatda və
İstefada olan Zabitlər Birliyi, Qarabağ Azadlıq Təşkilatı, Şuşa Birlik
Cəmiyyəti, Aydın Quliyev, “Turan” İnformasiya agentliyi, Mübariz Veteranlar
Birliyi, Sosial-demokrat partiyası, Ədalət partiyası, deputat İlyas İsmayılov,
Milli İstiqlal partiyası, vəkil Aslan İsmayılov, Əvəz Zeynallı, Demokratik İslam
partiyası, Azadlıq partiyası, deputat Arzu Səmədbəyli, Əli Abbasov, Xalq Ziyalı
Hərəkatı, “Azəri” Birliyi, Xalq Cəbhəsi partiyası, Elçin Behbudov, Etibar
Axundov, Əhrar partiyası, Milli Demokrat partiyası, Müsavat partiyası, Hacı
İlqar İbrahimoğlu, Sülh və Demokratiya institutu, Beynəlxalq Böhran Qrupu (qonaq
qismində), Liberal partiyası, Klassik Xalq Cəbhəsi partiyası, Qədir Nəsirov,
Vəli Əlibəyli, Beynəlxalq Qarabağ fondunun Azərbaycan nümayəndəliyi, Bütöv
Azərbaycan Xalq Cəbhəsi partiyası, deputat Qüdrət Həsənquliyev, Mehriban Vəzir,
deputat Pənah Hüseyn, Rasim Musabəyov, Əsgər ailəsi komitəsi, Veteran qadın
jurnalistlər birliyi, Məcburi köçkünlər birliyi, “ELS” müstəqil araşdırmalar
mərkəzi, Dünya Azərbaycanlılarının Vətənpərvərlik Birliyi, Rauf Mirqədirov,
Abidələri Mühafizə Birliyi, Elçin Mirzəbəyli, Birlik Təşkilatı, Sərdar Əlibəyli,
Azad İsazadə, Demokratik Təsisatlar və İnsan Hüquqları Birliyi, Respublika
Qadınlar Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Nizami
Məmmədov, Veteran qadınlar Təşkilatı, “Parlaq gələcək” təşkilatı, Əfqanıstan
Veteranlar İttifaqı və digərləri.