Milli bədii düşüncəmizi sözün magik gücünə
idealist inam başlanğıcı ilə bədii-estetik tərbiyə gücünə realist inam qərarlığı
arasındakı uzun bir məsafədə faktın və hadisənin zahiri görüntüsü deyil, daxili
mahiyyəti ciddi məşğul etmiş, obrazlı desək, həyat materialından bədii təhlil
yolu ilə insan şüurunu və qəlbini zəhərləmək üçün deyil, əksinə onlara şəfa
vermək, nurlandırmaq məqsədilə istifadə edilmişdir ki, bu da ədəbiyyatımızın
başlıca amal və istiqamətini müəyyən etmişdir.
Qeyd etdiyimiz
mühüm xüsusiyyət uzun illərdir ki, milli ədəbiyyatımızda işlənməkdə olan Qarabağ
mövzusuna münasibətdə də üzə çıxır. Azərbaycanın ən qədim və tarixən inkişaf
etmiş ərazilərindən olan Qarabağ istər zəngin maddi və mənəvi mədəniyyəti, istər
əsrarəngiz təbii gözəllikləri, istərsə də milli maraqların, ictimai-siyasi
mübarizələrin, hərbi münaqişə və müharibələrin bilavasitə mərkəzi meydanına
çevrilmə gerçəklikləri ilə həm də söz-sənət adamlarının diqqətini cəlb etmiş,
milli ədəbiyyatımızın başlıca tədqiqat obyektlərindən birinə çevrilmişdir.
Artıq
20 ilə yaxındır Qarabağda və onun ətrafında baş verən qanlı hadisələr-Azərbaycan
torpaqlarına fasiləsiz erməni təcavüzü nəticəsində isə Qarabağ mövzusu daha da
aktuallaşmış, cəmiyyətdə başlıca problem səviyyəsinə yüksəlmişdir. Lakin nə
əvvəllər, nə də indi ədəbiyyatımız bu mövzudan bəhs edərkən bir milləti digər
millətin üstünə qaldırmaq niyyəti güdməmişdir. Əksinə o, milli hüquq və
azadlıqlarımız uğrunda mübarizəyə səsləməklə yanaşı, xəyanət və xudpəsəndliyn,
zülm və irticanın, təcavüz və ekspansionizmin sonu olmadığına inandırmağa
çalışmış, yolunu azmışları doğru yola səsləmişdir.
Qarabağ
mövzusunun Azərbaycan ədəbiyyatında təşəkkül tarixi və inkişaf mərhələləri bu
mövzunun ümumiyyətlə Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı ilə
ayrılmaz surətdə sıx bağlı olduğunu, milli ədəbiyyatımızın bilavasitə Qarabağ
mövzusu vasitəsilə yeni-yeni bədii meyl və keyfiyyət xüsusiyyətlərinə
yiyələnərək inkişaf etdiyini əks etdirir. Bununla belə, mövzunun təşəkkülü ilə
bağlı ədəbi-tarixi materialların qıtlığı problemi danılmazdır ki, bu da ümumən
Azərbaycan ədəbi-tarixi prosesinin tədqiqi vəziyyəti və bu istiqamətdə sistemli
tədqiqata zaman-zaman göstərilən neqativ təsirlərlə əlaqədardır. Əvvəla, qədim
dövrlər üçün yazılı ədəbiyyatımızın, xüsusən də nəsrimizin yozxsulluğu
haqqındakı mülahizələrin “buzu” hələ də tamamilə sındırılıb-əridilməmişdir.
Belə
ki, “Avesta”dan sonra miladın VII yüzilliyinə qədər ədəbiyyat tariximizdə
müəyyən bir boşluq görünür. On üç yüzillik boyu Azərbaycan xalqının bədii
yaradıcılıqla məşğul olmadığını söyləmək isə doğru olmazdı... Alban-Aran
mədəniyyəti və ədəbiyyatı da hələlik az tədqiq olunmuşdur. Ərəblərin Azərbaycanı
işğal etməsi və islamiyyətin burada yayılmasından sonrakı ilk əsrlərin
ədəbiyyatı da əsasən itib-batmışdır.
VII yüzilliyin sonu, VIII yüzilliyin əvvələrində Mədinədə yaşamış Azərbaycan şairlərinin əsərlərindən qalan kiçik
nümunələrin özü xoş bir təsadüf nəticəsində elm aləminə bəlli olmuşdur. X-XI
yüzilliklərdə yaşayan və ərəbcə yazan bəzi şair və alimlərin adı və əsərlərindən
örnəklər də təsadüflər nəticəsində günümüzə qədər gəlib çıxmışdır.
Bu sahədəki
mövcud vəziyyət “ilk anadilli sənət abidəmiz”lə də bağlı mübahisələrə rəvac
verir: “Həmişə deyərdik ki, Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı
Həsənoğluya və onun iki şerinə möhtac ola bilməz. Bu dil bir xalq dili kimi,
Həsənoğludan min il əvvəl formalaşıb, onun müasir dilimizin bütün quruluş
modellərini mühafizə edən “Kitabi-Dədə Qorqud” kimi əzəmətli abidəsi var... Amma
görünür ki,. tarix özü, zaman özü bizdən ağıllı və tədbirlidir, insan əməyinin
izsiz yox olmasına imkan vermir. Həsənoğlunun ardınca “Dastani-Əhməd Hərami”
məsnəvisi tapıldı... Bununla belə, Q.Kazımovun qeyd etdiyi kimi, bu
ədəbi nümunə də “o qədər kamil, o qədər məzmunlu, ana dilində o qədər yüksək
keyfiyyətdə yazılmışdır ki, onu da təşəkkül dövrünün abidəsi hesab etmək mümkün
deyil.
Bu əsər də uzun inkişaf yolunda olan, səlisləşmiş normaya düşmüş, mühüm
ənənələri olan bir ədəbiyyatın, bir ədəbi dilin nümunəsidir”. Habelə ədəbiyyat
tarixçilərimiz IX-X əsrlərə mənsub Bələzurinin “Ölkələrin fəthi”, İbn
Xordabehişin “Yollar və ölkələr”, Yəqubinin “Ölkələrin kitabı”, Əl-Kufinin
“Fəthlər kitabı”, Ət-Təbərinin “Peyğəmbərlərin və hökmdarların tarixi”, İbn-Rustanın
“Nəfis daş-qaşlar kitabı”, İbn-Hövqəlin “Ölkələr və yollar kitabı”, XI əsrə
mənsub Mahmud Kaşğarinin “Divani-lüğətit-türk” və s. kimi ədəbi faktlara istinad
edərək ədəbiyyatımızın yalnız ərəb, fars dillərində yox, həm də doğma dilimizdə
inkişaf etməsi qənaətlərində də tamamilə haqlıdırlar.
Ikincisi,
Azərbaycanda türklüyün qədimliyini və Şərq mədəniyyətinin inkişafında böyük
tarixi rolunu inkar məqsədilə bu və ya digər qüvvələr tərəfindən aparılan
təxribatlar heç vaxt səngiməmiş, xalqımıza məxsus qədim ədəbi örnəklər qəsdən
it-bata salınmış, bu günümüzə gəlib çatan nümunələrin isə yenidən nəşr edilib
yayılmasına və tədqiqinə birmənalı surətdə qadağalar qoyulmuşdur. Bu işdə
kommunist ideologiyası və sovet vətənpərvərliyi dövründə xüsusi fəallıq
göstərilmiş, xalqımızın mənşəyi probleminin tarixi həqiqətə uyğun surətdə
araşdırılmasına ciddi maneələr törədilmişdir.
Bu səbəbdən uzun illər əvvəlki
eraların (Əşkanilərin tarixi, Manna və Midiya yüzillikləri, Urartu, Gilzan,
Hurri, Savir, Kutti, Lullubi, Kasi, Kaspi, Uti, Elam, Şumer, minillikləri...)
mif, folklor və sənət-ədəbiyyat sahəsində ədəbi təcrübəsi öyrənilməmiş qalmışdır.
O cümlədən, Qarabağın V-X əsrlər dövrü üçün ən mötəbər istinad mənbəyi kimi
qiymətləndirilən M.Kalankatuklunun “Albaniya tarixi” əsəri bir neçə dəfə erməni,
rus və digər xarici dillərə tərcümə edilib nəşr olunduğu və hər dəfə də üzərində
qərəzli düzəlişlər edilib dolaşıqlığa salındığı halda (belə uydurma və qondarma
xarakterli düzəlişlərin bəziləri haqqında akademik Z.Bünyadovun “Müqəddimə”sində
məlumat verilmişdir-E.M.), əsər bizim xalqa yalnız müstəqillik əldə etdikdən
sonra -1993-cü ildə çatdırılmışdır.
Beləliklə də,
şifahi abidələrimizdə tarixi və etnoqrafik kök və xüsusiyyətlərin öyrənilməsi,
folklor və ilkin yazılı örnəklərimizin zaman koordinatlarının müəyyən edilməsi
məsələləri qaranlıq qalmışdır. Bundan istifadə edən erməni falsifikatorları isə
Qarabağda “köklü keçmişlərini” həm də söz yaddaşına köçürüb təsdiq etməyə
çalışmışlar. Lakin minilliklərin keçidlərindən, addamaclarından adlandıqca türkə
düşmənçilik sindromu tarixi faktları silməklə, itirməklə, təhriflə məşğul olub
milli keçmişimizin sərvətlərini məhv etmiş olsa da, folklor dilimiz, milli
ruhmuzun folklorla yaşantısı alınmaz bir qala kimi öz bakirəliyini qoruyub
saxlaya bilmişdir. Zənnimizcə, Qarabağın zor gücünə istilası hərbi-təcavüz
faktının arxasında da. Ilk növbədə, etnos-sənət-mənəviyyat vəhdəti, bu vəhdətdən
doğan sədaqətin, ilqarın pozulmazlığı dayanır.
Bədii sözdə, etnik yaddaşda
sənədləşən düşüncə və mənəviyyat, folklor, dil, adət-ənənə özəllikləri olmasaydı,
Qarabağı işğal etməyə, zor gücünə özününküləşdirməyə də ehtiyac yaranmazdı. Hər
halda tarix bir daha göstərdi ki, Azərbaycana təcavüz, Qarabağın vahid candan
qopardılması qəsdi öncə etnomənəvi dəyərlərimizə, qədim maddi və mənəvi
mədəniyyət örnəklərimizə qəsd və təcavüzdən başlanmışdır. sYeri gəlmişkən, qeyd
etməliyik ki, “Qarabağ ” anlayışının meydana gəlmə tarixi barədəki mülahizələr
də yekdil deyil və bu səbəbdən mübahisəlidir. Bir sıra mənbələrdən aydın olur ki,
artıq XII-XIII əsrlərdə Qarabağ adı məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür.
Lakin tədqiqatçıların istinad etdikləri “ilk yazılı məlumat”ların onların özünə
də inandırıcı görünmədiyi aydınlaşır. Məsələn, R.Göyüşov mülahizəsində davam
edərək yazır: ”Bu heç də o demək deyildir ki, “Qarabağ” sözü XII-XIV əsrlərdə
yaranmışdır. Çox güman ki, o uzun müddət şifahi surətdə geniş xalq kütlələri
arasında işləndikdən sonra yazılı ədəbiyyata düşmüşdür”. Başqa müəlliflər,
məsələn, A.A.Bakıxanov Babək hərəkatının ilk dəfə Qarabağda başlandığını,
R.Yüzbaşov VII-XVII əsrlərdə Qarabağ adlı mühüm bir şəhərin mövcud olduğunu,
İran Azərbaycanından Kiçik Qafqaza gedən böyük ticarət yolunun məhz bu şəhərdən
keçdiyini bildirmişlər.
Baharlı məsələyə 1888-ci ildə bir qədər ümumi şəkildə
aydınlıq gətirməyə çalışmışdır: “Şuşa qalası qədim deyil, 150 və ya 160 ildir ki,
bina olub... Belə ki, bəndə 80 təliqə üzü ki, böyük Xəlifənin dəftərxanasında
var və keçən padşahlardan verilib və təliqələrin tarixi 600 il, 500 il, 400 il,
300 il olur... O təliqələrdə Qarabağ və Şirvan və Gəncə və Bərdə yazılıbdır...
Amma məlum deyil ki, şəhər imiş və yain ki, mahalın adıdır. Və bir də ki, mahala
Aran deyirlər”. “Qarabağ” sözünün etimoloji kökünün ibtidai azərbaycanlının od
və su ilə bağlı ilk inamı ilə əlaqələndirilməsi və “Böyük müqəddəs bağ” mənasını
verməsi barədəki mülahizələr də maraq doğurur.
Qeydlərdən belə
nəticəyə gəlmək olar ki, bu gün Qarabağ ətrafında gedən əsassız münaqişə və
mübahisələrə bəhanə verən səbəblərdən biri bu qədim diyarın tarixi keçmişinin və
mədəniyyətinin vaxtında yetərincə öyrənilməməsi və əsil həqiqətlərin ortaya
qoyulmaması ilə əlaqədardır. O cümlədən, Qarabağ mövzusunun ədəbiyyatımızda
təşəkkülü və inkişafı mərhələlərinin tədqiqi məsələləri yetərincə
araşdırılmamışdır.
Qədim dövr
qalıqlarının araşdırılması və sənətin mənşəyinə dair nəzəriyyələr isə
regionallıq xüsusiyyətlərini özündə qoruyub saxlamış folklor nümunələri vasitəsi
ilə Albaniya-Aran-Qarabağ mövzusunun Azərbaycan ədəbiyyatında təşəkkül tarixinin
daha uzaq keçmişimiz və tarixi mədəniyyətimizlə sıx bağlı olması barədə fikir
söyləməyə əsas verir. Bu bağlılıq, ilk növbədə, Qarabağın maddi və mənəvi
mədəniyyətinə dair etnik irsin zənginliyi dəlil-sübutundan irəli gəlir.
Qarabağın maddi-mədəniyyət irsini tədqiq edib tarix mənbələrə əsaslanan
tədqiqatçılar onun bütün komponentləri ilə Azərbaycan xalqına məxsus olduğunu
təsdiq edirlər. Habelə Atropaten və Albaniya dövlətləri zamanında Azərbaycan
ədəbiyyatı yeni müvəffəqiyyətlər qazanmışdır. Bunu bərdəli Dəvdəyin bizə gəlib
çatan yeganə yaradıcılıq nümunəsinin-Girdıman sahibi Cavanşirin ölümü
münasibətilə yazdığı nəğmə-ağının poetik xüsusiyyətləri də təsdiq edir.