Nəticədə,
əgər 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan olunarkən ərazisi
cəmi 9,8 min km2 təşkil edirdisə, sonradan müxtəlif üsullarla
Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına onun ərazisi üç dəfə
artırılaraq 30 min km2 -ə çatdırılmışdır. Bundan sonra
azərbaycanlıların 1948 - 1953-cü illərdə Ermənistandan çıxarılması və 1988-ci
ildə isə kütləvi qırğınlarla müşayət olunan qovulma prosesi başlanmışdır. Bu
sahədə aparılan tədqiqatlar göstərir ki, öz ata-baba torpaqlarından qovulan
azərbaycanlılar həm çoxsaylı insan, həm də böyük maddi, əmlak və maliyyə
itkilərinə məruz qalmışdır.
Ermənistan
ərazisinin azərbaycanlılardan təmizlənməsi prosesi başa çatdıqdan sonra
Azərbaycanın əzəli torpağı olan Qarabağın işğalı prosesi başlanmışdır.
Ermənistan Rusiyanın yaxından iştirakı ilə Dağlıq Qarabağı və onun ətrafındakı
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi 7 rayonu işğal
etmişdir. Rəsmi sənədlərdə Ermənistanın işğal etdiyi ərazilər 20 faizə qədər
göstərilsə də, işğal zonasına yaxın yaşayış məntəqələrində normal həyat şəraiti
və təsərrüfat işlərini aparmaq imkanlarının olmadığını nəzərə almaqla, hazırda
Azərbaycan ərazisinin 25 faizə qədəri erməni təcavüzünün nəticələrini öz
üzərində hiss etməkdədir.
Ermənistanın
azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl
böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət
səviyyəsində ciddi problemlər yaratmışdır. Təcavüz nəticəsində 20 minə yaxın
azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox adam əlil
olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər
boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1
milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə
məhkum edilmişdir.
Məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız arasında
yoxsulluq, işsizlik, xəstəlik, uşaq ölümü, yetim uşaqlar problemi və sair hallar
daha yüksəkdir. Ermənistanın təcavüzünün nəticələrindən biri kimi Azərbaycan
əhalisinin demoqrafik strukturunda ciddi problemlər yaranıb. Buna baxmayaraq
beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum olunmuş
insanlara humanitar yardımı ilbəil azaldaraq heç dərəcəsinə endirmişlər. Ona
görə də hökumət Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin
həllinə yönəldilmiş Dövlət Proqramının dolğun şəkildə həyata keçirilməsi
istiqamətində səylərini artırmalıdır.
Tədqiqatlar
göstərir ki, işğal nəticəsində Azərbaycana ciddi maddi ziyan dəymışdir.
Ermənistanın işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye
və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti
təcavüzün qurbanı olmuşdur. Bundan əlavə 280 min hektar meşə, 1 milyon hektara
yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə
keçmişdir. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdır.
Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı
məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat
fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə
istehsal olunmuşdur.
Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi
yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın
tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəymişdir. Hesablamalara görə 927
kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40
mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olmuşdur.
İşğal olunmuş
ərazilərdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su
mənbələri vardır. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri
amansızcasına dağıdır, Ermənistana daşıyir, daşınması mümkün olmayanları isə
yandırmaqla ekologiyaya ciddi ziyan vururlar.
Artıq beynəlxalq
səviyyəli mötəbər sənədlərdə və hesabatlarda acıqca göstərilir ki, ermənilər
işğal edilmiş Azərbaycan ərazilərindən narkotik maddələrin yetişdirilməsi və
tranziti üçün istifadə edir. Bu o deməkdir ki, narkotik maddələrin
dövriyyəsindən əldə edilən pullar Azərbaycana qarşı yönəldilmiş təcavüzkar
separatizmin maliyyələşdirilməsində mühüm rol oynayır. Ona görə də beynəlxalq
təşkilatların bu məsələyə ciddi yanaşması tələb edilməlidir.
Bütün bunlar
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və
təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir.
İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının
16 faizini itirmiş və ölkəyə 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla
qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni
sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin
qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına
pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Beynəlxalq
hüquqda terrorçuluq və zorakılığa qarşı mübarizəyə dair bir sıra beynəlxalq
aktlar mövcuddur. Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və
miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260
(III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam
uyğun gəlir. Lakin bunların heç biri erməni işğalçılarına tətbiq edilmədiyindən
cəzasızlıq şəraiti onları Azərbaycan ərazisində cinayətkar fəaliyyətini
genişləndirməyə sövq etdirir.
Bu özünü Azərbaycan ərazilərinin işğalı ilə bağlı
beynəlxalq təşkilatların fəaliyyətindəki çatışmazlıqlar və işğalın nəticələrinin
aradan qaldırılmasının reallaşma mexanizminin olmamasında daha aydın göstərir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul
edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi
bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz
azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də
işğalçılıq siyasətini davam etdirir.
Bu özünü işğal zonalarında Azərbaycan izini
itirmək üçün Şuşanın və digər tarixi Azərbaycan şəhərlərinin görkəmini
dəyişdirmək, mədəni irsimizə edilən qəsd, işğal olunmuş ərazilərdə geniş
miqyaslı yanğınlar törətmək və qiymətli sərvətləri talan etmək və sair istiqamətlərdə
daha qabarıq göstərir. İşğal olunmuş ərazilərdəki meşələrdəki qiymətli ağaclar
kəsilib satılır. İşğal altındakı yaşayış məntəqələrindəki tikililərin xeyli
hissəsi dağıdılır və tikinti materialı kimi Ermənistana daşınır. İşğal zonasında
qalmış faydalı qazıntıların istismarı ildən-ilə genişləndirilir. Bir sıra
ölkələrin şirkətləri beynəlxalq konvensiyaların hamı tərəfindən gözlənilməli
olan təməl prinsiplərini pozaraq bu talançılıqda iştirak edirlər. Kanadanın
First Dynasty Mines (FDM) şirkəti işğal olunmuş Azərbaycan ərazisində Kəlbəcərin
“Söyüdlü” qızıl yatağının istismarı ilə məşğuldur. Həmin yatağın qızıl
ehtiyatları 40 tona qədər qiymətləndirilir. Yatağın 73 faizi, yəni orada olan
qızılın 29,2 tonu işğal olunmuş Kəlbəcər ərazisinə düşür.
Bir sıra mənbələrin
verdiyi məlumatlara görə First Dynasty Mines (FDM) şirkəti “Söyüdlü” yatağından
2003-cü ildə 2 ton, 2004-cü ildə 2,5 ton, 2005-ci ildə 3 tondan, 2006-cı ildə
isə 5 tondan artıq qızıl çıxarıb. İşğal olunmuş ərazilərin sərvətlərinin talan
edilməsi beynəlxalq hüquq normalarına və konvensiyalarına ziddir. Bu talançılığa
göz yumulması, Azərbaycan tərəfinə qızılın hazırkı qiymətləri ilə götürüldükdə
600 milyon ABŞ dollarından artıq ziyan vurulması deməkdir. Ona görə də bu məsələ
ilə bağlı beynəlxalq konvensiyalara uyğun surətdə məhkəmə iddiası qaldırılmalı
və Ermənistanın talançılıq siyasətinə son qoyulmalıdır.
Bütün bunlar
göstərir ki, Qarabağı azad etmək və azad yaşamaq istəyiriksə Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpasına dair
xüsusi proqram hazırlanmalı və həyata keçirilməlidir. Qarabağın işğalından sonra
keçən illər ərzində aparılan sosioloji sorğularda Azərbaycan xalqı Qarabağı
həmişə bir nömrəli problemi kimi önə çəkmişdir. Deməli, Azərbaycanın mənəvi
səfərbərlik sahəsində potensialı çox güclüdür. Ona görə də bütün qüvvələr
səfərbər olunmalı və ondan səmərəli istifadə olunması istiqamətində sistemli iş
aparılmalıdır.
Azərbaycanda demokratik hüquq dövləti və vətəndaş cəmiyyətinin
formalaşdırılması, insan haqlarının qorunması istiqamətində əsaslı islahatlar
həyata keçirilməli və bu əsasda beynəlxalq aləmdə Azərbaycanın imicində müsbət
dəyişikliklərə nail olunmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır
etməkdən ötrü dünyaya yaydığı yalançı erməni təbliğatının ifşa edilməsi
istiqamətində işlərə sistem xarakteri verilməklə gücləndirilməlidir. Bütün
vasitələrdən istifadə edərək beynəlxalq ictimaiyyətə çatdırılmalıdır ki,
Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazın Avropaya inteqrasiyasına mane
olur, təkcə region üçün yox, bütün dünya üçün sülh və sabitliyə təhlükə yaradır.
Son illər müdafiə xərclərinin artırılması istiqamətində görülən işlər davam
etdirilməli, həmin vəsaitdən məqsədyönlü istifadənin etibarlı mexanizmi
yaradılmalı, ordunun maddi-texniki və maliyyə təminatı müasir tələblər
səviyyəsinə çatdırılmalıdır. Hərbi-sənaye kompleksinin inkişafını
sürətləndirməkdən ötrü maddi-texniki, maliyyə, elmi-texniki, intellektual,
təşkilati və stimullaşdırıcı tədbirlər gücləndirilməlidir.
Ölkədə hərbi
vətənpərvərlik ruhunun və hərbi-psixoloji hazırlığın gücləndirilməsi
istiqamətində geniş miqyaslı iş aparılmalıdır. Azərbaycanın işğal olunmuş
torpaqlarının azad edilməsi məsələsində dünya azərbaycanlılarının aktiv mövqeyi
ortaya qoyulmalıdır. Diplomatik fəaliyyətin müasir beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində məqsədyönlü iş aparılmalı və Dağlıq Qarabağ
məsələsinin beynəlxalq hüquq müstəvisində haqlı olaraq öz xeyrimizə
dəyişdirilməsinə və Ermənistanın Azərbaycana qarşı törətdiklərinin terror kimi
qiymətləndirilməsinə nail olunmalıdır.
Bu işdə beynəlxalq məhkəmə praktikasından
səmərəli istifadə edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı
azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi
beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır.
Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat – güclü
ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və
işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir.