1920-ci il
martın 17-də Qafqaz Cəbhəsinin hərbi inqilab Şurasına Leninin göndərdiyi
teleqramda Bakının işğal olunması açıq-aydın tələb edildi.
Azərbaycana
hücumun hazırlandığı vaxtda Moskvaya gəlmiş erməni nümayəndələri ərazi
güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək işinə öz yardımlarını
təklif etdilər. Təbii ki, bu təklif nəticəsiz qalmadı. Qeyd etdiyimiz kimi
martın 20-də Qarabağda başlanan etrməni qiyamı və Azərbaycan ordusunun Qarabağa
cəlb edilməsi bu razılaşmanın nəticəsi idi.
Faktlara nəzər
salaq: Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığının XI ordu rəhbəliyinə və Volqa-Xəzər
donanmasına, Tuxaçovski, Orconikidze və Zaxarovun imzası ilə göndərilən
direktivdə əmr edilirdi ki, aprelin 27-də Azərbaycan sərhədlərini keçib, beş gün
ərzində Yalama –Bakı əməliyyatını yerinə yetirsinlər. Aprel ayının 23-də bu
direktivdə dəyişiklik edildi və sərəncam verildi ki, XI ordunun son vəzifəsi
Bakı quberniyasını deyil, bütün Azərbaycanı ələ keçirməkdir. Bu sərəncam o vaxt
verildi ki, Azərbaycanın 40 minlik ordusundan 33 minə qədəri Qarabağ qiyamının
yatırılması üçün bu bölgəyə səfərbər edilmişdi. Göründüyü kimi, Bakının XI Ordu
tərəfindən müqavimətsiz işğalında Sovet Rusiyasının “Qarabağ oyunu” çox ciddi
rol oynadı.
Azərbaycanın
bolşevikləşməsi və XI ordunun Azərbaycanda yerləşməsinə baxmayaraq ermənilər
Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər.
Azərbaycan
ərazisi olan Qarabağa, Naxçıvana, Zəngəzura, və b. bölgələrə erməni təcavüzü
davam edirdi. 1920-ci ilin yayında Azərbaycanın siyasi vəziyyətinin
mürəkkəbliyindən istifadə edən Ermənistan hökuməti təcavüzü gücləndirdi. Iyunun
axırlarında erməni hərbi hissələri Zəngibasarı dağıtdı və Naxçıvana doğru
irəlilədi. Lakin türk qoşunu tərəfindən Naxçıvanın nəzarət altına alınması
ermənilərin qabağında sipər oldu.
İyulun axırları-avqustun əvvəllərində
Ermənistanda məğlub olmuş üsyançıları təqib etmək bəhanəsi altında Ermənistan
qoşunları Zəngəzura yenidən hücum etdi və Zəngəzurun böyük bir hissəsini zəbt
etdi. Bu vaxtlar Azərbaycanda baş verən üsyanlar XI Orduda elə hiddət yaratmışdı
ki, onlar ermənilərin Azərbaycan sərhəddinə təcavüzünə və onların törətdiyi
cinayətlərə biganə qalırdı. Səbəb də məlum idi. Ermənilər tərəfindən
azərbaycanlılar nə qədər çox sıxışdırılsa, yerli əhalinin XI Orduya itaəti bir o
qədər artardı.
Həmçinin Sovet Rusiyasını o torpaqların hansı millətin əlində
olması deyil, bütün Qafqazı bolşevik təsirinə salmaq maraqlandırırdı. Məlumdur
ki, Azərbaycandan sonra Rusiyanın növbəti hədəfi Ermənistan və Gürcüstan idi.
1920-ci il noyabrın 29-da Ermənistanda “inqilab” baş verdi. Bir gün sonra, yəni
noyabrın 30-da AK(b) MK-nın Siyasi və təşkilat bürolarının birgə iclası
keçirildi. Iclasda N.Nərimanova xüsusi bəyanat hazırlanması tapşırıldı.
Eyni
zamanda bəyanatın əsas prinsipləri də müəyyənləşdirildi. Bu prinsiplərdən birinə
əsasən Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin mövcudluğu inkar
edilirdi. Əslində bu o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin işğalı
ilə razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq
hissəsinə öz müqəddəratını təyn etmək hüququ verirdi.
1920-ci il
dekabrın 1-də elan olunmuş belə bir məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan
ermənilərin işğalı ilə razılaşdı. Lakin ermənilərin və onların havadarlarının
iştahası daha böyük idi. Qarabağın Dağlıq hissəsi və Naxçıvan məsələsi
gündəlikdə qalırdı. Ermənistan hökuməti Qarabağın dağlıq hissəsinin öz tərkibinə
daxil edilməsi məsələsini irəli sürdü. 1921-ci il iyulun 27-də AK(b)P MK özünün
siyasi və təşkilat bürosunun birgə iclasında bu məsələyə baxmağa məcbur oldu. Bu
dəfə milliyyətcə azərbaycanlı olan kommunistlər birləşərək yekdilliklə
Ermənistanın iddialarını rədd etdi.
Lakin RK(b)P-nin
Qafqaz bürosu rəhbərliyinin erməni və gürcü çoxluğu Qarabağ məsələsini
Ermənistanın xeyrinə həll etmək fikrinə düşdü. 1921-ci il iyulun 4-5-də RK(b)P
Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. Iclas səs çoxluğu
ilə Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək haqqında qərar qəbul
etdi. Lakin iclasda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan SSR
üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu məsələnin RK(b)P MK-nin
müzakirəsinə keçirilməsi haqqında qərar qəbul edildi.
N.Nərimanov V.İ.Leninə bu
məsələ ilə bağlı teleqram vurdu və məktub yazdı. Məktubda deyilirdi: “Əziz
Vladimir İliç: Teleqramda göstərdiyimi təkrar etməyə məcburam. Vəziyyət
dəhşətlidir. Mərkəz Azərbaycanın, Ermənistanın və Gürcüstanın müstəqilliyini
qəbul edib. Indi isə mərkəz Azərbaycanın mübahisəsiz ərazisini Ermənistana verir.
Əgər bu ərazi Gürcüstana verilsəydi buna hansısa ictimai-siyasi don geydirmək
olardı. Lakin bu ərazinin Ermənistana daşnaklara verilməsi düzəlməyən səhvdir.
Bizim oradakı nümayəndəmiz bu məsələ ilə bağlı sizə ətraflı məlumat verəcəkdir
...
Əziz Vladimir
İliç, görəsən “Müstəqil Azərbaycan” sözü sizin ağzınızdan çıxmamışdırmı?...
Bütün vaxtlar Denikini müdafiə edən Ermənistan müstəqillik, əlavə olaraq ərazi
alır. İkili siyasət yeridən Gürcüstan müstəqillik qazanır. Sovet Rusiyasına ilk
meyl edən Azərbaycan isə həm müstəqilliyini, həm də ərazisini itirir. Çomilyonlu
xalqın hüquq və hissləri ilə zarafat etmək olmaz...Mən qəti bildirirəm: Əgər
bizim fikirlərimizə əhəmiyət verməsəniz biz geri çağırılmağımız haqqında məsələ
qaldıracağıq. ...Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əgər mərkəz qısa
müddətdə daşnak kommunistlərinin iyrənciliyinə son qoymasa bütün müsəlman şərqi
bizdən üz döndərəcəkdir”.
Bu sətirlər
bolşevik ideyalarının toruna düşmüş Azərbaycan rəhbərinin fəryadı idi. Lakin
istefa vermək imkanı olmayan N.Nərimanov Moskvanı Şərqin ondan üz döndərməsi ilə
hədələsə də heç bir nəticə əldə edilmədi.
1921-ci il
iyulun 5-də MK-nın Qafqaz bürosunun plenumu PK(b)P MK-nın rəyini nəzərə alaraq
aşağıdakı qərarı qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın
zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Dağlıq
Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati mərkəzi muxtar
vilayətin Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyatı verilsin”.
1921-ci il
sentyabr ayında AK(b)P MK-nın Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz
Bürosundan Dağlıq Qarabağa geniş vilayət Muxtariyyatı verilməsi haqqında məlum
qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 1921-ci il
oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi qərarda
deyilirdi ki, Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyatının verilməsi
məqsədəuyğun hesab edilməsin.
Lakin
respublikanın bu məsələdə fikri mərkəz üçün həlledici deyildi.
RK(b)P MK-nın
Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyulun 27-28-də keçirilmiş plenumu
Q.Orcenikidzenin təzyiqi ilə ultimatumun formasında bir aylıq müddət ərzində
Dağlıq Qarabağa vilayət muxtariyyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq
verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan MİK “Dağlıq Qarabağ
Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi.
Qarabağın dağlıq
hissəsinə muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfindən bu torpaqların
ermənilərə məxsus olmasının qismən də olsa etirafı idi. Bu isə Ermənistana və
onun himayədarlarına gələcək siyasi oyunlar üçün bir “əlyeri” qoymaq idi. Bu
belə də oldu.
Sovetlər
İmperiyasının yaranmasında istifadə edilən Qarabağ oyunundan bu imperiyanın
dağılması ərəfəsində və sonralar da məharətlə istifadə edildi. Belə ki, Rusiya
hərbi qüvvələrinin köməyi ilə Ermənistan silahlı qüvvələri 1992-ci ilin
əvvəllərində Dağlıq Qarabağdakı azərbaycanlıları yaşadıqları sonuncu yaşayış
məntəqəsini tərk etməyə məcbur etdi. Rusiyanın hərbi qüvvələrinə və Qərb
himayədarlarına arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və
bir milyon insan öz vətənində qaçqına çevrildi. Dünyanın gözü qabağında baş
verən bu hadisəyə çox təəssüf ki, böyük dövlətlər susur. Nəinki susurlar, hətta
bu hadisədən Azərbaycana qarşı “məkrli niyyətlərinin” həyata keçirilməsi üçün
yararlanmağa çalışırlar.