Qarabağın qədim
tarixinin tədqiqinə XIX əsrin I yarısından başlanmışdı. Dyubua de Monperonun,
N.O.Silosaninin, S.Veysenqofun, E.Reslerin, A.A.İvanovskinin, B.M.Sısoyevin,
İ.İ.Meşşaninovun, C.Aleksandroviç-Nəsifinin, İ.Əzimbəyovun, A.K.Ələkbərovun,
İ.M.Cəfərzadənin, B.Latıninin, T.Passekin, Y.İ.Hümmelin, AA.İyessenin, K.X.Kuşnarevanın,
İ.H.Nərimanovun, Q.S.İsmayılovun, Ə.S.Cəfərovun, H.F.Cəfərovun və b-nın
tədqiqatları qədim qarabağlıların təsərrüfat həyatı, adət-ənənələri,
dini-ideoloji görüşləri haqqında dəyərli elmi məlumatlar verir.
Qədim insanların
həyat tərzini öyrənmək üçün yaşayış məskənləri mühüm əhəmiyyət daşıyır. Bu
cəhətdən Qarabağda Üzərliktəpə, Qaraköpəktəpə, Çinartəpə və s. abidələr böyük
maraq doğurur. Təsadüfi deyil ki, təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda
Üzərliktəpə yaşayış yeri (2,47) ilk məişət abidəsi sayılır və orta tunc dövrü
mədəniyyəti Üzərliktəpənin adı ilə bağlanmışdır.
Üzərliktəpə
yaşayış yerinin əhalisi oturaq həyat keçirmiş, əkinçilik, maldarlıqla, sənətin
müxtəlif sahələri ilə (dulusçuluq, metalişləmə, toxuculuq, sümükişləmə,
daşişləmə və s.) məşğul olmuşlar.
Qarabağda
dulusçuluq sənəti xüsusi inkişaf mərhələsi keçmişdir. Sadə və boyalı qablar
dulusçuluq sənətində olan uğurlardan xəbər verir. Boyalı qabların vətəni
Naxçıvan sayılsa da (3,3) Qarabağda orta tunc dövrü abidələrindən bu qablar
əldə olunmuşdur.
Üzərliktəpədə
bir qisim qablar qara rəngli, yaxşı bişirilmiş, üzəri süyrələnmiş, həndəsi
naxışlarla bəzədilmiş zərif rəngli boyalı qablardır ki, onlar açıq qırmızı olub,
üzəri qara rəngli boya ilə bəzədilmişdir. Üçüncü qrup isə kobud mətbəxt
qablarıdır (7,23-25).
K.X.Kuşnaryeva
orta tunc dövrü mədəniyyətinin yayılma areallarından bəhs edərkən (“Севано-Узерликская
культура периода средней бронзы на территории Южного Кавказа, 1985”) yanlış
olaraq Üzərliktəpə yaşayış yerini xronoliji cəhətdən Göycə (Sevan) abidələrindən
sonra verir. “Sevan-Üzərlik” mədəniyyəti adı altında Qarabağın orta tunc dövrü
mədəniyyətini yerli hesab etmir və səhv olaraq Sevan bölgəsindən gəlmə sayılır.
Lakin bu fikri diqqətə çatdırmaq istərdim ki, Göycə (Sevan) gölü ətrafındakı
yaylaqlar qədim Qarabağın maldar tayfalarının əsas otlaq yerləri olmuşdur.
Qarabağın oturaq
əkinçi-maldar tayfalarına məxsus “Üzərliktəpə mədəniyyəti” bu dağlıq ərazidə də
yayılmışdır. Bu iki ərazinin - Mil-Qarabağ və Göycə mahalının orta tunc dövrü
mədəniyyətinin yaxınlığından, qohumluğundan bəhs etmək lazım gələrsə, onda
ümumilikdə bu mədəniyyəti “Üzərliktəpə-Göycə (Sevan) mədəniyyəti” adlandırmaq
elmi cəhətdən daha doğru olardı (8,8).
Boyalı qabların
hazırlanma texnikası maraqlı cəhətidir. Dulusçular sadə qablara nisbətən boyalı
qablar üçün ən yüksək keyfiyyətli, odadavamlı gil seçmişlər. Qabların gilinə
narın qum qataraq yaxşı yoğrulmuş, çox simmetrik və nazik divarlı hazırlanmışlar.
Yaxşı bişirildiyi üçün qırmızı rəngdə olmuşlar (3,46).
Boyalı qablar
mədəniyyətinin tədqiqatçısı V.H.Əliyev abidələrinin stratiqrafiyası və onlarla
birlikdə əldə edilmiş materialların təhlili əsasında Azərbaycanda boyalı qablar
mədəniyyətinin tunc dövründən dəmir dövrünün əvvəllərinədək dörd inkişaf
mərhələsindən keçdiyini göstərmişdir. O, Üzərliktəpə boyalı qablarını birinci
mərhələyə aid etmişdi. Onun fikrincə ilk, orta tunc dövründə hazırlanmış boyalı
qablar forma və naxışlarının motivinə görə bəsit olub son tunc dövrünün boyalı
qablarından fərqlənirlər. Bu qablar monoxrom (birrəngli) naxışlıdır. Onların
üzəri qırmızı anqobla örtülmüş, gövdəsinin yuxarı hissəsi motivlərlə, nazik
xətlərlə simmetrik naxışlanmışdır (3,46). Demək olar ki, boyalı qablar forma və
naxışlarına görə bir növ sadə qabları təkrar edir.
Boyalı qabların
ilkin yaranma ocağı tədqiqatçıları daim maraqlandırmışdı. O.H.Həbibullayev
boyalı qabların Naxçıvan ərazisində İran mədəniyyətinin təsiri nəticəsində
yarandığını (3,96), B.A.Kuftinin Cənubi Qafqazın boyalı qablarının İran və
Mesopotamiyanın boyalı qablarından sonra gəldiyini və bu əraziyə Cənubi
Mesopotamiyanın keçdiyini (6,10), və H.Əliyev Naxçıvanın İran və Yaxın Şərq
ərazisinə yaxın olduğundan, boyalı qablar ilk dəfə burada inkişaf etdiyini və
tayfalararası mübadilə nəticəsində Cənubi Qafqazın digər rayonlarına yayıldığını
(3,44) göstərmişdir.
B.Braunun
fikrinə nəzər salaq. Onun fikrincə hər bir ərazinin sadə cilalı keramikasının
yerli variantlarının özünəməxsus xüsusiyyətləri olub, başqa ərazilərdən
fərqlənir. Sadə gil qabların meydana çıxdığı ərazi Azərbaycan, Gürcüstan
ərazisidir. Azərbaycan bu mədəniyyəti qəbul edən yox, yayan bir mərkəz olmuşdu
(1,246-247). Belə olan halda həm Naxçıvanda, həm də Qarabağda dulusçuluq
mərkəzlərində, ocaqlarında sadə qabları təkrar edən, yerli istehsal
xüsusiyyətləri daşıyan qablar – boyalı qabların istehsalı labüddür.
Tədqiqatlar
nəticəsində Üzərliktəpə tipli qab nümunələri Qaraköpəktəpədən, Günəştəpə,
Kültəpə, Xantəpə, Uzuntəpədən də əldə edilmişdir. Quruçay və Köndələnçay
vadisindəki bu orta tunc dövrü abidələrindən qara və boz cilalı qablarla
yanaşı boyalı qab nümunələri toplanmışdı. Belə qablardakı naxışlar əsasən həndəsi formalarda - paralel, düz, dalğavari xətlərdən, bucaq və üçbucaqlardan,
spirallardan ibarətdi (5,38).
Tədqiqatçı Q.S.İsmayılovun
fikrincə əgər bu ərazidəki abidələrdə boyalı qablar dulus məmulatının çox
hissəsini təşkil edirsə, çox güman ki, bu cür qabların istehsal ocağı Naxçıvan
ərazisində olmuş və yalnız tayfalararası iqtisadi-mədəni əlaqələr nəticəsində
Araz vadisi boyunca Quruçay, Köndələnçay vadisinə daxil olmuşdu. Mil-Qarabağ
düzündəki, eləcə də Quruçay və Köndələnçay vadisindəki orta tunc dövrü yaşayış
yerləri üçün isə əksinə daha çox boz və qara cilalı, xüsusi naxışlı qablar xas
olmuşdur. Güman ki, bu qablar eyni yolla Naxçıvana aparılmşdı (5,38).
Qarabağın digər
abidələrində Çinartəpə, Rəsultəpə, Göytəpə, Toxmaqtəpə, Nərgiztəpə, Ağtəpə,
Düyütəpəsi abidələrindən də Üzərliktəpə tipli boyalı keramika əldə olunmuşdu. Bu
abidələr içərisində Çinartəpə keramikası xüsusilə seçilir. Buradan toplanmış
boyalı qablar yüksək keyfiyyətli, narın gildən hazırlanmış qərmızı rəngli,
simmetrik quruluşlu, səthi cilalanmış küpələrdən ibarətdir. Bəzi qabların
gilinin tərkibində qızılı rəngli zərrəciklər qarışığı vardır. Boyalı qabların
naxışları qırmızı fonda, qara rəngli boya ilə çəkilmiş paralel enli xıtlərdən
ibarətdir. Əksər qablarda boğaz və çiyin hissə naxışlanmışdı (2,52).
Belə nəticəyə
gəlmək mümkündür ki, Qarabağda mədəni inkişaf zəminində dulusçuluq sənətinin
inkişafında xüsusi yüksəliş olmuş və dulusçuluq istehsal iri sahəsində istehsal
ocaqları mövcud olmuşdu.
V.H.Əliyev
boyalı qablar istehsalını qədim şəhər mədəniyyətinin mühüm xüsusiyyətlətindən
biri hesab edir (9, 56). Üzərliktəpə, Çinartəpə və Qaraköpəktəpə qədim
mədəniyyət ocaqları bu cəhətdən seçilirlər.
Ətrafı çiy
kərpic və kontrforslarla əhatələnmiş Üzərliktəpə və ətrafı daş divarlarla
müdafiə olunan Qaraköpəktəpə yaşayış məskənlərində iqtisadiyyatın və
mədəniyyətin inkişafı saəyəsində e.ə.II minilliyin I yarısında ilkin şəhər
mədəniyyəti formalaşmışdı. Bu mədəniyyətin formalaşması üçün güclü zəmin mövcud
idi.
Sual yaranır.
Qarabağda bu mədəniyyəti kimlər yaratmışdı?
E.ə. III
minilliyin sonlarında Kür-Araz mədəniyyəti tayfaları iqtisadi cəhətdən xeyli
varlanmış və onlar tayfa ittifaqları halında müəyyən ərazilərdə birləşmişlər (9,55). Bu hal – Üzərliktəpə, həm də Qaraköpəktəpə yaşayış yerlərində izlənmişdir.
Üzərliktəpə qədim yaşayış yerinin son dövrlərində əhalinin sayı xeyli artmış,
onların bir qismi müdafiə divarlarından xaricdə yaşamışlar (3,24).
Məhsuldar
qüvvələrin inkişafındakı böyük irəliləyiş nəsli qəbilə icmalarının quruluşunda
da dəyişikiliklər yaratmışdı. Bu mərhələdə əvvəlki qəbilə icmaları əsasında
böyük birləşmələr – tayfa ittifaqları meydana gəlmişdi. Buna müvafiq ayrı-ayrı
tayfalara məxsus müdafiə divarları ilə əhatələnmiş böyük yaşayış yerləri əmələ
gəlmişdi. Qaraköpəktəpə, Meynətəpə, Kültəpə, Xantəpə kimi yaşayış yerləri Qarabağda Quruçay və Köndələnçay vadisini bütövlükdə tutan böyük bir əkinçi-maldar
tayfa ittifaqını təşkil etmişdi (5,33).
Tunc dövründə
Qarabağda artıq tam formalaşmış müstəqil dulusçuluq, metalişləmə, toxuculuq,
sümükişləmə, daşişləmə və sənət növləri mövcud olmuşdu. Qədim qarabağlılar
Azərbaycanın digər mədəni mərkəzləri ilə iqtisadi-mədəni əlaqələr yaratmışlar.
Tədqiqatlar göstərmişdir ki, Qarabağda, Naxçıvanda və s. bölgələrdə tədqiq olunmuş tunc dövrü yaşayış yerlərindən əldə edilmiş məişət əşyaları, sənətkarlıq
məmulatları, əmək alətləri və s. etnik cəhərdən bir-biri ilə bağlı olan qədim
tayfaların maddi-mədəniyyətidir. Azərbaycanın tunc dövrü mədəniyyətlərinin
inkişaf dinamikası Qarabağda çoxtəbəqəli Qaraköpəktəpə, Naxçıvanda I və II
Kültəpə və s. qədim yaşayış yerlərində ardıcıl şəkildə izlənmişdir. Bu
mədəniyyət mərkəzlərində qədim nəsillərin həyat tərzi fasiləsiz, arasıkəsilmədən
davam etmişdi.
Azərbaycanın
tunc dövrü abıdələrindən əldə olunmuş maddi mədəniyyət nümunələri
azərbaycanlıları bir xalq kimi həmin dövrdən formalaşmağa başlandığını söyləməyə
əsas verir. Bu günkü Azərbaycanın tarixi, onun əhalisi, mədəniyyəti məhz tunc
dövründə eyni kökə və mədəniyyətə malik olan qədim tayfaların birliyi əsasında
yaradılmışdı (10,99-100).