İyulun 31-də
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan
nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər
Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir
hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən,
Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara
keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan
torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla
çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər.
Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə
onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan,
Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi.
Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə
malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş
etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti
altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət
nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur.
Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə
qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir,
Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır
olduqlarını bildirirdilər. Türkiyənin dünya müharibəsində məğlubiyyətindən sonra
regionu tərk etmək məcburiyyəti və müttəfiq qoşunlarının komandanı V.Tomsonun
başçılığı ilə ingilis hərbçilərinin Cənubi Qafqazda yerləşməsi, Bakıda ingilis
hərbi general-qubernatorluğunun yaradılması, xristian həmrəyliyinin yenidən
dirçəlməsi ermənilərin mövqeyində özünü biruzə verdi. 1918-ci ilin dekabrında
Andronik “ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında” şayiə yaymağa
başlamışdı. Dekabrın 22-də general V.Tomson bu şayiəni təkzib etmişdi.
Artıq
1918-ci ilin payızından etibarən Qarabağla bağlı xarici qüvvə faktorunun təsiri
siyasi müstəvidə özünü göstərir. Siyasi və diplomatik fəaliyyətin işlənilən
nəticəni təmin etmək əsasından yetərli olmayacağını bildiklərindən erməni
separatçıları azərbaycanlılara qarşı etnik təmizləmə-soyqırım əməliyyatını davam
etdirdilər. Əhalisinin kütləvi məhvinin qarşısını almaq məqsədilə Azərbaycan
Cümhuriyyətinin Daxili İşlər nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa,
Cavanşır, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti
general-qubernatorluğun yaradılmasını təklif etdi. Həmin qəzalarda müvəqqəti
general-qubernatorluğun yaradılması haqqında Azərbaycan hökuməti 1919-cu il
yanvarın 15-də qərar verdi. Xosrov bəy Sultanov yanvarın 29-da
general-qubernator təyin olundu.
Xüsusi statuslu inzibati təsisat təcrübəsi
tətbiq edildi. Belə bir şəraitdə Ermənistan hökuməti Qarabağın dağlıq hissəsinə
açıq iddia ilə çıxış etdi və bu Azərbaycan hökuməti üçün gözlənilməz olsa da,
iddianı tamamilə əsassız hesab etmiş, yanvarın 31-də cavab notasında Qarabağın
tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi. Ermənistanın
Qarabağ general-qubernatorluğunun yaradılmasına etirazını Azərbaycanın
suverenliyinə qəsd, onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.
1919-cu ilin əvvəllərindən etibarən Qarabağın yuxarı hissəsi ilə bağlı 2 dövlət
Azərbaycan və Ermənistan arasında qarşılıqlı rəsmi müraciətlər forması yaranır.
Rəsmi erməni hökuməti 1919-cu ilin əvvəlində “tarixi
hüquq” prinsipinin işə yarayacağını real hesab edir və hökumət hərbi
hissələrinin, erməni yaraqlı dəstələrinin zorakı, qanlı qırğınlar törətməklə
məqsədyönlü əməllərin qarşısının alınacağından təşvişə düşərək qabaqlayıcı
tədbirlər görürdü. Bütün Borçalı ərazisinə iddialarında uğursuzluğa düçar olan
erməni hökumətinin Qarabağla bağlı mövqeyinin də tarixi, iqtisadi, etnoqrafik
cəhətdən əsassız olduğu Azərbaycan hökumətinin rəsmi etirazında ifadə olunmuşdu.
Erməni hökuməti Böyük Britaniyanın Qafqazdakı hərbi qüvvələrinin rəsmilərinə
(Uorkerə, Tomsona və d.) müraciətlə Azərbaycana təzyiqi artırmağa çalışsa da,
bütün cəhdləri nəticəsiz qaldı. Polkovnik Şatelvort Şuşaya gedərək ermənilərin
Azərbaycan Cümhuriyyəti hökumətinə tabe olmasını tələb etmişdi.
Bununla belə
ermənilər separatçılıq fəaliyyətini davam etdirdilər. 1919-cu il aprelin sonunda
keçirdikləri qurultayda Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan
imtina etmişdilər. Belə qərarların qəbul olunmasında Ermənistan hökuməti və onun
Dağlıq Qarabağdakı nümayəndələrinin pozuculuq fəaliyyəti mühüm rol oynayırdı.
Qafqaz respublikaları arasında meydana çıxan ərazi mübahisələrini ilk dəfə
olaraq xarici vasitəçilərə çözmək təcrübəsi yarandı. Əsasən Böyük Britaniya və
ABŞ-ın fəal müdaxiləsi, xüsusi layihələrlə çıxış etmək nümunələri bəllidir.
General Tomson 1919-cu il mayın 5-də bildirmişdi ki, separatçı şəxslərin sürgün
edilməsi haqqında sərəncam vermişdir.
İyunun 5-də qatı erməni irticaçıları
ingilis komandanlığının nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün
edildi. İyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə
ermənilər Azərbaycan hökumətini tanıdıqlarını bildirdilər. Ermənilər
general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək müzakirələr
aparmağa başlamışdılar. 1919-cu il avqustun 15-də ermənilər Azərbaycan hökuməti
ilə saziş imzalayaraq ermənilərin yaşadığı ərazilərin Azərbaycanın tərkib
hissəsi olduğunu qəbul etdilər. Qarabağ ermənilərinə “mədəni təyini-müqəddərat”
nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, o dövrdə də Şuşaya xaricilər hər
hansısa təşkilatların nümayəndələri qismində Azərbaycan hökumətinin məlumatı
olmadan, yerli hökumət orqanlarına heç bir mandat təqdim etmədən səfər
edirdilər. Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini tanımasından
sonra amerikanların müvafiq sənəd təqdim etmədən Qarabağa gəlişinə Azərbaycan
XİN etiraz münasibətini bildirmişdir.
1919-cu ilin yazında ermənilər yenidən ərazi mübadiləsi
prinsipi üzrə sövdələşmə cəhdi göstərirdilər. 1918-ci ilin yazında İrəvan
bölgəsinə sahib olmaq niyyətilə Qarabağa iddia etmədikləri şərtilə Azərbaycan
tərəfi ilə razılaşdıqları halda, bir il sonra həmin Qarabağı bir daha
Azərbaycanınkı hesab etmək müqabilində Şərur-Naxçıvan ərazisinin Ermənistana
keçməsini rəsmiləşdirmək zəmini hazırlayırdılar. Ermənistan hökuməti Azərbaycan
torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı,
pul vəsaiti sərf edilməsinə də xüsusi fikir verirdi. 1919-cu ilin sonlarında
Ermənistan hökuməti Dağlıq Qarabağın “azad edilməsi” üçün 19 milyon manat pul
ayırmışdı.
Beynəlxalq ictimaiyyəti zorakı ilhaq niyyətindən
yayındırmaq istəyərək Ermənistan tərəfi (rəsmi və qeyri-rəsmi səviyyədə)
“münaqişəni” (özləri tərəfindən yaradılmış) Azərbaycan ermənilərinin öz
müqəddəratını təyin etmək iradəsi kimi qələmə verir. Eyni iddia ilə Gürcüstan
ermənilərinin separat fəaliyyətini həmin dövlətin daxili işi, yəni oradakı
ermənilərin öz iradəsini sərbəst təsbit etmək məzmununda dəyərləndirmək kursu
nümayiş etdirirlər. Ermənistan Respublikası qonşu dövlətlərin ərazilərində
kompakt yaşayan (bu nəticənin tarixən necə formalaşmasından asılı olmayaraq)
ermənilərin milli təyini-müqəddərat hüququnu əldə bayraq etməklə (formal
dəstəkləmək, əslində isə tarixi və çağdaş təcrübədən bilindiyi kimi rəvac
verməklə) ətrafında müstəqil yaxud yarımmüstəqil erməni dövlət qurumları zolağı
yaratmaqla sonradan ilhaq prosesini reallaşdırmaq imkanı qazanmış olur.
Hazırkı konkret mərhələdə Dağlıq Qarabağ məkanı
çərçivəsində münaqişə yaradılması və iddianın vahid hədəfə istiqamətlənməsi də
ənənəvi erməni taktiki gedişlərindəndir. “Dağlıq Qarabağ münaqişəsi”nin
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən kənarda
çözələnməsi obyektiv məzmun daşıya bilməz. Məhz bu baxımdan müttəfiq dövlətlərin
Cənubi Qafqazdakı Ali Komisarına nota göndərən Azərbaycanın XİN-i F.Xoyski
yalnız Qarabağ rayonunda olmuş hadislərin Cənubi Qafqazda baş vermiş hadislərdən
əlaqəsiz tədqiq edilməsini yalnış saymış, düzgün tədbirlər görülməsi ilə
nəticələnməyəcəyini və qanlı hadisələrin təkrarlanacağından xəbərdar etmişdi.
XX yüzilliyin sonlarında yenidən Dağlıq Qarabağ iddiası
zəminində qanlı hadisələr gedişatında Ermənistanda qalmış azərbaycanlıların son
nəfərinədək əzəli yurdlarından zorakılıqla qovulması beynəlxalq səviyyədə
diqqətdən kənarda saxlanılır. Ermənistanda (öz əzəli torpaqlarında) daha geniş
coğrafiyada əsrlərlə kompakt yaşamış azərbaycanlıların vətənlərinə qayıdıb
muxtar idarəçilik statusu ilə təmin edilməsi isə ümumiyyətlə danışıqlar
prosesinin predmeti deyildir.
Ermənistan-Azərbaycan münaqışəsinin son mərhələsi
prosesinin tərkib hissəsi olduğu halda bu məsələ beynəlxalq vasitəçilərin
diqqətini “cəlb etmir”. Dağlıq Qarabağın statusu ilə bağlı ermənilər tərəfindən
zəbt edilmiş ətraf Azərbaycan torpaqlarının (həm də Dağlıq Qarabağın Ermənistan
Respublikası ilə ərazi bağlılığını geniş ərazidə təmin edən) təhlükəsizlik
zolağı kimi təqdim edilməsi Ermənistanın təcavüzkar tərəf kimi etirafıdır.
Kütləvi qırğınlar, zorakılıqlar ilə Azərbaycan torpaqlarını ələ keçirən erməni
tərəfinə münaqişənin beynəlxalq arenada müzakirəsi sərfəlidir: məsələnin
Azərbaycanın daxili işi olaraq həlli variantından daha üstün nəticələrə nail
olmaq və bu mərhələdə problemin beynəlxalq normalara müvafiq tərzdə, yəni sivil
qaydada həlli müstəvisində Azərbaycanın hərb etmək imkanının qarşısını almaq,
həm də qanlı, qəddar davranışdan sonra beynəlxalq hüquq normalarına etimadlı
imic yaratmaq.
Hazırda “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həlli
variantlarından ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin
etmək prinsiplərinin ziddiyyəti müzakirəyə cəlb edilmişdir.
Dağlıq Qarabağın statusu ilə bağlı referenduma razılıq
verməsi Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi yönündə Ermənistan
üçün real kompensasiya kimi ATƏT-in Minsk Qrupu tərəfindən bəyan edilmiş təklif
oldu. Münaqişənin həlli, daha dəqiqi Dağlıq Qarabağın statusu ilə bağlı
referendum keçirilməsi təklifi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı.
Rəsmi və qeyri-rəsmi qurumların, şəxslərin əksqütblü mülahizələri ümumilikdə
problemin çözülməsinə təsir edə biləcək potensial gücün mövcudluğunu bir daha
təsbit edir.
Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar statusunun,
formasından asılı olmayaraq, Azərbaycanın bütün ərazisi üzrə referendumun
keçirilməsi ilə müəyyənləşdirilməsini yeganə yol bilib, Prezidentin yaxud
hakimiyyət qurumlarının səlahiyyəti səviyyəsində muxtariyyətin yaradılmasını
qeyri-məqbul hesab etmək bölgənin ilkin muxtar statusu ilə bağlı tarixi
sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, 1921-23-cü illərdə Dağlıq Qarabağın
erməni hissəsinin müqəddəratı ilə bağlı müzakirələrdə verilən qərarlar
hakimiyyət qurumları, yaxud partiya orqanları tərəfindən həyata keçirilirdi.
1923-cü ilin iyulun 7-də isə məhz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.
Referndum yolu ilə
yaradılmamış bir muxtariyyətin hazırkı zamanda hansl forma və məzmunda müzakirə
etmək mümkündür. Referendum mexanizminə qarşı çıxmağı qəbahət saymaq düzgün
deyildir. Hakimiyyət orqanının qərarı ilə yaradılmış, sonralar hakimiyyət orqanı
tərəfindən ləğv edilmiş bir muxtar bölgə idarəçiliyinə ali hakimiyyət qurumu
tərəfindən ifadə oluna bilər. Demokratik idarəçilik prinsiplərini nəzərə alaraq,
mövcud konstitusiyanı əsas bilərək Azərbaycan xalqının, öz dövlətinin tərkib
hissəsi olmuş bir ərazinin müqəddəratı ilə bağlı qəti rəyini referendum vasitəsi
ilə bəyan etməsi normal qarşılana bilər. Amma referendum keçirilməsinin forma
variantları bu prosesi lüzumsuz edir.İndiki versiyaları təhlil etməzdən öncə
məhz bu məsələ ilə bağlı tarixə diqqət edək. Sovetlər dönəmində bölgənin iki
Qafqaz cümhuriyyəti arasında sövdələşmə predmeti olmasından tutmuş statusun
müəyyənləşdirilməsi üçün rəsmi müzakirələr keçirilməsi də daxil olmaqla tarixi
təcrübədən nəticə çıxartmaq imkanı vardır.
Sovet Rusiyasının Azərbaycan
ərazisində hərbi təcavüzündən sonra bolşeviklər “müstəqil respublikalar oyununu”
dayandırmağı vacib sayırdı. Sovet muxtariyyətinin “elastikliyi” prinsipi milli-dövlət
quruculuğu üçün geniş imkanlar açırdı. “Elastik muxtariyyət” formalarından biri
də DQMV gerçəkliyi oldu. Bu ərazi 1920-ci ildə Rusiyanın bolşevik rəhbərliyi ilə
aparılan danışıqlar zamanı bütün variantlarda Azərbaycan üçün saxlanılıbdır.
Qarabağ məsələsinin yüksək rəsmi səviyyədə müzakirəsi Qarabağın yuxarı hissəsinə
müxtariyyət verilməsi ilə nəticələndi, muxtar vilayətin inzibati mərkəzi Şuşa
şəhəri olamlı idi. RK (b)P MK Qafqaz bürosu plenumunun 5 iyul 1921-ci il tarixli
qərarını “Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi üçün” yeganə
“hüquqi əsas” kimi göstərən çağdaş erməni siyasətçilərinin çoxminillik
Azərbaycan tarixinə, mədəniyyətinə nəzər salmadan belə, ən azından 1805-ci il
Kürəkçay müqaviləsini yada salmaları kifayətdir. 1921-ci il iyulun 4-də
Qarabağın statusu ilə bağlı plebissit keçirilməsi formaları da müzakirə
olunmuşdur.
Ermənilər və onların mövqeyini dəstəkləyənlər plebissitin
Qarabağ azərbaycanlılarının iştirakı olmadan yalnız ermənilərin arasında
keçirilməsinin tərəfdarı idilər. Qarabağ ermənilərinin say azlığı səbəbindən bu
mövqedən çıxış edirdilər. Azərbaycan tərəfi isə 1921-ci ildə Qarabağda bütün
erməni və azərbaycanlı əhalisinin iştirakı ilə sorğu keçirilməsinə tərəfdar
çıxaraq sorğunun yalnız Dağlıq Qarabağın erməniləri arasında keçirilməsini rədd
etmişdir. 1923-cü ildən geniş muxtariyyət almış, ermənilərin say və nüfuz
artımının gücləndiyi regionda separatçılığın növbəti dəfə baş qaldırması,
azərbaycanlılara münasibətdə etnik təmizləmə siyasəti və “təhlükəsizlik zolağı”
adı ilə Azərbaycanın daha 7 rayonunun zəbt edilməsi, Xocalı faciəsinin
törədilməsi, işğal əraziləri hesabına Ermənistana ilhaqa nail olunması
referendumun hansı nəticəni ortaya qoyacağının 100%-lik məlum göstəricisini
bəlli edir.
1989-cu ildə mövcud SSRİ konstitusiyasına, beynəlxalq normalara zidd
olaraq DQMV Azərbaycana tabeçilikdən çıxarılaraq Xüsusi İdarəetmə Komitəsi (XİT)
adlı, birbaşa Federasiya Mərkəzinə tabe qurumun nəzarətinə verildi. Dağlıq
Qarabağdan azərbaycanlıların təmizlənməsi başa çatdırıldı. Növbəti mərhələ
DQMV-nin Ermənistana ilhaqı və XİT-in ləğv edilməsi idi. Bu ssenarinin ilkin
variantı 1920-ci ildə də irəli sürülmüşdü: “Bakı vasitəsilə Rusiyaya” qatılmaq.
Azərbaycan tabeçiliyndən çıxdıqdan sonra Ermənistana verilməsi asan reallaşa
bilərdi.
Öz müqəddəratını təyin etmək prinsipi heç də onun ən
yüksək pillədə həllinin mütləq “himayəçi” dövlətə ərazi bağlılığının təmin
olunması demək deyildir.
Dağlıq Qarabağla bağlı irəli sürülən prinsiplərin
tətbiqinə tərəflərin mövqeyi, mənafeyinə müvafiq məzmun daşıyacaqdır. Regionun
hərbisizləşdirilməsi, referendum, Dağlıq Qarabağın müvəqqəti statusu prinsipi,
sülh məramlı qüvvələrin yerləşdirilməsi, birgə komissiyanın yaradılması, zor və
hədələrdən imtina etmək və s. 1918-1923-cü illər arasında məhz Qarabağın dağlıq
hissəsi ilə bağlı hallandırılmış, müvafiq qərarlar qəbulu ilə nəticələnmiş
prinsiplərdir. Son 90 il ərzində irəli sürülmüş bu prinsiplər fərqli,
mərhələlərlə təkrarlanan zəngin təsnifatı ortaya qoyur. Tarixi tətbiq olunmuş
prinsiplərin eyni regiona, oxşar motivə söykənərək aid edilməsi hadisələrin
sonrakı gedişatını və nəticələrini proqnozlaşdırmaq baxımından diqqətə alınmalı
amildir.