Nadir şah Əfşarın öldürülməsindən (1747) sonra Qarabağın xristian məlikləri
“Otuzikili” tayfa birliyinin başçısı, yerli Cavanşir tayfasından olan Sarıcalılı
Pənah xana tabe oldular... Qarabağ xanlığı paytaxtı Pənah xan tərəfindən 1751-ci
ildə tikilmiş Pənahabad qalası (Şuşa) olmaqla, tezliklə Azərbaycan xanlıqları
arasında ən güclü xanlıqlardan birinə çevrildi [Petruşevskiy İ.P. Oçerki po
istorii feodalnıx otnoşeniy v Azerbaydjane i Armenii XVI-naçale XIX vv.
L.1949,s.136].
Qarabağ xanlığının ərazisində xristian mənşəli məliklərin olması onu başqa
xanlıqlardan fərqləndirirdi. Rusiya dövlətinin himayə etdiyi bu məliklər hələ
Pənah xanın dövründən başlayaraq bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə
mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə
və həyata keçirilməsinə kömək etməklə Qarabağ xanlığının müstəqilliyini
sarsıtmağa çalışırdılar [əlavə məlumat üçün bax: Mirzə
Adıgözəl bəy. Qarabağnamə,
// “Qarabağnamələr”, I kitab, Bakı, 1989, s.36-37].
Ermənilər Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ xanlığına ərazi iddiasını
gerçəkləşdirmək, bu torpaqlar hesabına “erməni dövləti” yaradılması ideyasını
həyata keçirmək üçün müxtəlif layihələr işləyib hazırlayır və Rusiya hakimiyyət
orqanlarına təqdim edirdilər. Hələ, I Pyotr dövründən Rusiyada bir sıra
imtiyazlar əldə edən erməni varlıları, tacirləri regionun müxtəlif yerlərində
kök salaraq özlərinə yeni-yeni məskənlər yaradır, iş yerləri açır və s. imkanlar
əldə edirdilər. Onlar özgə torpaqlarında erməni dövləti yaradılması üçün öz
“ideoloqlarını” hər cür maddi vəsaitlə təmin edirdilər.
XVIII əsrin 60-cı illərində Həmədanda yaşayan erməni ideoloqu İosif Emin gürcü
çarı II İraklinin hakimiyyəti altında “Birləşmiş erməni-gürcü dövlətinin
yaradılması” layihəsi ilə çıxış etdi. Bu layihədə “erməni dövlətçiliyinin yeganə
qalıqları” adlandırılan Qarabağın xristian məliklərinə xüsusi diqqət yetirilir,
onların II İraklinin hakimiyyəti altında birləşməsi ideyası irəli sürülür və
Avropa nümunəsində birləşmiş erməni-gürcü ordusu təşkil etmək nəzərdə tutulurdu
[Armeno-russkie otnoşenie vXVIII veke, 1760-1800 qq. t.IV, c.II, Erevan,
1990. dok.1 10].
Bu planın İngiltərənin böyük marağına səbəb olacağına ümid edən erməni ideoloqu
İngiltərə hökumətini faktiki idarə edən nazir Uliyam Pittlə görüşərək layihəsini
ona təqdim edə bilir. Lakin ingilis hökuməti onun siyasi layihəsini müdafiə
etmədi. Erməni tarixçisi C.Ananyan etiraf edir ki, bu dövrdə İngiltərənin
Türkiyə və İran ilə müttəfiqlik əlaqələrinin saxlanılması zəruri idi, buna görə
də İngiltərə ermənilərə görə bu dövlətlərin maraqlarını tapdalaya bilməzdi [Ananyan
C.A. Armenskiy prosvetitel İosif Emin.// Novae i noveyşoe istorie, 1998, 11,s.154].
`Avropa dövlətinin yardımından əlini üzən erməni ideoloqu öz sələfi İsrail Ori
kimi çıxış yolunu yalnız Rusiyada gördü. İ.Emin 1761-ci ilin noyabrında
Rusiyanın Şərqdə fəal siyasətinin tərəfdarı olan kansler Vorontsovla görüşərək
layihəni Rusiya hakimiyyət orqanlarına təqdim edə bildi. Hətta xəstə yatan
imperatriçə (I Yelizaveta-G.N.): “Cənubi Qafqazda erməni dövlətinin olması
xüsusilə, Türkiyə ilə müharibə şəraitində Rusiya üçün böyük əhəmiyyət kəsb
edərdi”-fikrini söyləyərək bu layihəni rəğbətlə qarşılamışdı. Layihədə irəli
sürülən ideyaları reallaşdırmaq məqsədi ilə İ.Emin kansler Voronsovun xüsusi
təqdimatı ilə gürcü çarı II İraklinin yanına göndərildi [Ananyan C.A.
Göstərilən əsəri,s.156].
1763-cü ilin yazında Tiflisə gəlib çıxan İ.Emin Kartli-Kaxeti çarı II İrakli,
İmeretiya çarı Salamonla danışıqlar aparmış. Həmçinin Qanzasar (Alban)
patriarxı, Qarabağın bir neçə xristian məliyi və qərbdəki ermənilərlə
(Azərbaycanın İrəvan bölgəsində yaşayan azsaylı ermənilərdən söhbət gedir-G.N.)
ilə əlaqə yarada bilsə də [Armeno-russkie otnoşenie...., 1760-1800 qq., dok.
1 10] ciddi nəticə əldə edə bilməmişdi.
XVIII əsrin 60-cı illərinin sonlarından başlayaraq Rusiyanın mərkəzlərinə, Moskva və
Peterburqa köçən varlı ermənilər (Lazarev, Kampanov, Manuçarov, Sarafov və b.)
bu şəhərlərdə məskunlaşaraq özlərinə iri torpaq mülkləri əldə edir,
manufakturalar inşa etdirir, hətta bəziləri zadəgan rütbəsi alırdılar. “Müstəqil
erməni dövləti” yaratmaq xülyasını düşünən bu ermənilər “Ücmüədzim katalikosu və
Qarabağın xristian məlikləri ilə Rusiya hakimiyyət dairələri arasında vasitəçi
rolunu oynayırdılar” [İoannsen A.R. Rossie i armenskoe osvoboditelnoe dvijenie
v80-x q. XVIII veke. Erevan. 1947.s.19-20].
Bundan əlavə, uzaq Hindistanda yaşayan digər bir erməni ideoloqu Ş.Şaamiryan da
Ücmüədzim katalikosu Simona göndərdiyi müraciətində hər şeydən əvvəl “gürcü çarı
II İrakli ilə Qarabağ məliklərinin birliyinə nail olmağın zəruriliyini” qeyd
edirdi. Bundan əlavə, Ş.Şaamiryan Cənubi Qafqazda yaşayan ermənilərin sayının az
olduğunu bildiyindən Alban katalikosunu və Qarabağın xristian məliklərini də bu
mübarizəyə hazırlamağa və bu işin həyata keçirilməsində ermənilərə yardım edə
biləcək yeganə qüvvənin Rusiya olduğunu bildiyi üçün mübarizəyə başlamazdan
əvvəl II Yekaterinaya müraciət etməyi tövsiyyə edirdi [İoannisen A.R. Rossie
i Armenskoe.., s. 150-151].
Daha bir məsələyə diqqət yetirmək lazımdır: əksər erməni ideoloqları arzusunda
olduqları “erməni dövləti”nin yaradılmasında məhz Kartli-Kaxeti çarlığının
rolunu əsas götürürlər. Bu bir daha təsdiq edir ki, o dövrdə Azərbaycanın qərb
torpaqlarında yaşayan ermənilər say etibarı ilə azlıq təşkil etdiyindən bölgədə
“erməni dövləti” yaradılması ideyası sosial-iqtisadi və milli zəminə
söykənmirdi. Məhz bu səbəbdən də erməni ideoloqları ermənilərin gürcülərlə
birləşməsi ideyasını irəli sürür və əməli tədbirlərə başlamaq üşün Rusiya hakim
dairələrini saxta məlumatlarla şirnikləndirirdilər. Məhz belə məlumatların
nəticəsində 1780-ci il yanvarın 24-də Moskvadan Həştərxana göndərilən V.A.
Suvorov burada Azərbaycan və İran ərazisi, xüsusilə Qarabağ və İrəvana gedən
yollar, yaşayış məntəqələri və s. haqqında ətraflı məlumatlar toplayırdı [İonnisen
A.R. Rossie i armenskoe asvobod..., s. 28].
Əslində Azərbaycanın qərb torpaqlarına, o cümlədən Qarabağ xanlığının ərazisinə
olan ərazi iddiaları dövrün sənədlərini məharətlə saxtalaşdırmağı bacaran erməni
“tarixçiləri” tərəfindən uydurularaq Rusiya və digər xarici tarixşünaslığa yol
tapan, tarixi gerçəkliyi əks etdirməyən qondarma ideyalardan başqa bir şey
deyildir.
M.Q.Nersisyanın ümumi redaktəsi ilə tərtib olunan “Erməni-rus əlaqələri”nin IV
cildində nəşr olunmuş bu sənədin heç bir yerində erməni məlikləri və ya “erməni
ərazisi” ifadələri işlənmədiyi halda, erməni müəllifi A.R.İoannisyan həmin
sənədi şərh edərkən heç bir tarixi fakta əsaslanmadan məlikləri erməni, söhbət
gedən əraziləri isə Ermənistan adlandırmışdır [Armeno-russkie
otnoşenie...,t.IV, c..II, dok.1 92,s.155-156]. Məqsəd aydındır,
dövrün sənədlərini saxtalaşdırmaqdan çəkinməyən “müəllif” qeyd olunan dövrdə
məhz həmin ərazlərinin sakinlərinin erməni olduğunu “sübuta yetirməyə” və bunu
ictimaiyyətin beyninə yetirməyə çalışmışdı.
1768-1774-cü illərdə baş vermiş Rusiya-Türkiyə savaşının birincinin
qələbəsi ilə qurtarması və Rusiyanın özü üçün əlverişli olan kiçik Qaynarca
sülhünün (1774, iyul) imzalanmasından sonra Şərq siyasəti yenidən fəallaşdı. Bu
müqaviləyə əsasən Rusiya Qara dənizdə ticarət donanması saxlamaq hüququ aldı,
Krım osmanlılardan asılı olmayan bitərəf dövlət elan edildi. Osmanlı imperiyası
Cənubi Qafqazda fəal siyasət yeritmək imkanından məhrum olaraq ilk dəfə
müsəlmanlarla məskunlaşmış ərazini güzəştə getmək məcburiyyətində qaldı.
Əlverişli beynəlxalq vəziyyətdən yararlanan ermənilər öz məkirli
ideyalarını reallaşdırmaq üçün müxtəlif vasitələrlə Rusiyanın hakimiyyət
orqanları ilə yaxınlaşmağa çalışırdılar. İvan Lazarev Rusiyadakı erməni
arxiyepiskopu İosif Arqutinski ilə yaxın əlaqələrə malik olmuş, müxtəlif
vasitələrlə Rusiya hakimiyyət dairələrində yüksək nüfuza malik şəxslərin, o
cümlədən knyaz Q.A.Potyomkinin, general A.V.Suvorovun, kansler A.A.Bezborodkonun
etimadını qazanmış və bundan istifadə edərək “Rusiyanın köməyi və
protektoratlığı altında erməni dövləti yaradılması” ideyasını irəli sürmüşdü. (Armeno-russkie
otnoşenie... 1760-1800 qq., dok.88).
Bundan əlavə, 1780-cı il yanvarın 10-da İvan Lazarevin Rusiyanın
yuxarı dairələri ilə olan görüşündə erməni ideoloqu A.V.Suvorova “Ermənistannın
siyasi vəziyəti və erməni dövlətinin bərpası haqqında tədbirlər” adlanan “məruzə
qeydləri”ni təqdim etdi. Bu görüşdə “Böyük Ermənistan”ın bəpası və İrəvanda
ayrıca erməni dövləti yaradılması haqqında ideyalarla bərabər həmçinin, uydurma
bir xəritə tərtib edərək “qədim erməni əraziləri” adı ilə knyaz Q.A.Potyomkinə
təqdim edilmişdi (Armeno-russkie otnoşenie...1760-1800qq., dok. 88).
Erməni tarixçiləri bu xəritənin İ.Lazarev və İ.Arqutinski tərəfindən
A.V.Suvorova təqdim olunduğunu qeyd etməklə yanaşı, həmin xəritənin sonunda
A.V.Suvorovun imzasının qoyulmasını hakim dairələrinin “erməni məsələsi”nə necə
ciddi yanaşdığını, “Rusiyanın protektoratlığı altında erməni dövlətinin bərpası
məsələsinə” ürəkdən can yandırdığını iddia edirlər (Yenə orada, s. 7).
Görünür, həmişə öz işğalçı siyasətlərini başqa xalqın problemləri
üzərində həll etməyə öyrənmiş Rusiya hakim dairələri bu dəfə də əlverişli
kartdan-Qarabağda xan ilə məliklər arasındakı münaqişələrdən istifadə etməyə can
atır və I Pyotrun dövründə özünü doğrultmuş olan müsəlman dövlətlərinin
tərkibində yaşayan xristianları “himayə etmək” adlı ənənəvi siyasətini davam
etdirirdi. Bu fürsətdən yararlanan erməni ideoloqları isə Rusiya hakimiyyət
orqanlarını hər iki tərəfə sərf edəcək qeyri-obyektiv məlumatlarla təmin edirdi.
Yuxarıda qeyd etdiyimiz “İvan Lazarevin qeydləri”ni (arxiv Akademii Nauk SSSR,
f. 99, 13, “Bumaqi qeroe Suvorova 1780-1783qq. v bıtnosti eqo v Astarxani
ideoloji na kubani, o Persii ideoloji Kavkaze”, 11. 59-64; İoanissen
A.R.Rosse i armenskoe osvobod..., s. 23) şərh edən erməni tarixçisi
A.İoanisyan tarixi qərəzli şəkildə saxtalaşdıraraq Qarabağı “Ermənistan”ın bir
hissəsi kimi qələmə verməkdən çəkinməyərək yazır: “Sənəddə qeyd olunur ki,
Ermənistanın artıq neçə əsrdən bəri dövlətçilikdən məhrum olmasına baxmayaraq,
qarabağlılar indi də müstəqildilər və imkan yetişən kimi “Ermənistan dövləti”
asanlıqla bərpa oluna bilər.
Əgər, imperatriçənin himayəsilə aramızdan bir
rəhbər təyin edilsə kifayətdir ki, ilk vaxtda o, Dərbənddə möhkəmlənə bilər və
əgər Şamaxı və Gəncəni tutmaq üçün ona yardım göstərilərsə, şübhəsiz ki, Qarabağ
və Sığnaqdan onlara çoxlu adam qoşula bilər. Böyük miqdarda qoşunla İrəvan və
digər şəhərləri asanlıqla ələ keçirmək olar. Bunun üçün ilkin sığınacaq və 2-3
minlik qoşunu saxlamaq üçün iki illik xərc lazımdır. Bütün bu vilayətlər ələ
keçirildikdən sonra isə erməni “rəhbəri” bu vilayətlərin gəlirləri hesabına
xeyli qoşun saxlaya bilər. Lakin, gələcəkdə də milli orduya lazımi hərbi
bilikləri öyrətmək üçün rəhbərin sərəncamında bir qədər rus piyadası, həmçinin
topçular olmalıdır.
Bütün bu nailiyyətləri asanlıqla həyata keçirmək olar və bu
nəinki Rusiyanın şöhrətini artırar, həm də Türkiyə və İrana böyük zərbə olar,
çünki gələcəkdə Ermənistan öz sərhədlərini genişləndirdikdən sonra öz gəlirləri
hesabına 15-25 minlik qoşun saxlaya bilər. Türklərə və hər hansı birisinə qarşı
müharibə təqdirində isə 60 mindən çox ordu çıxara bilər” (Ioannisən A.R.Rossie i armenskoe osvobod..., s. 23-24).
XVIII əsrin II yarısında Rusiyada “ermnəi dövlətini bərpa etmək
planları”nın hazırlandığı bir dövrdə digər bir planı-yeni yaradılacaq
“Ermənistan dövlətinin” hansı formada olması barədə layihəni Hindistan ermənisi
Şaamir Şaamiryan tərtib etmişdir. Bu plana görə “yaradılacaq müstəqil erməni
dövlətinin başında erməni çarı durmalı; dövlətinin Peterburqda daimi
nümayəndəliyi olmalı; Rusiya ilə ömürlük müqavilə imzalanmalı; Ermənistanın
təhlükəsizliyini təmin etmək üçün 6 minlik rus qarnizonu 20 il müddətinə
Ermənistanda qalmalı” idi [İstorie armenskoqo naroda /pod. red.
M.Q.Nersisena/, s. 173 /].
70-ci illərdə Şaamiryan tərəfindən Ücmüədzim katalikosu Simona göndərilən
müraciətlərdə “Ermənistanın azad edilməsi uğrunda mübarizənin fəaliyyət proqramı”
öz əksini tapmışdı. Burada hər şeydən əvvəl “gürcü çarı II İrakli ilə Qarabağ
məliklərinin birliyinə nail olmağın zəruriliyi” qeyd olunurdu. Sonra isə II
Yekaterinaya “xüsusi müraciətin yazılması” təklif edilirdi. Bununla yanaşı,
Ücmüədzim katalikosuna “erməni əhalisinin sayının dəqiqləşdirilməsi, “azadlıq
mübarizəsinin” maliyələşdirilməsi, kilsəyə toplanan vəsaitlə üsyana hazırlaşmaq
üçün hərbi təlimlər keçirilməsi” tövsiyə olunurdu. Erməni ideoloqu eyni vaxtda
həm də, Qarabağın xristian məlikləri ilə də yazışmalar aparırdı.
O, Alban katalikosu İosifə də Ücmüədzim katalikosuna təbliğ etdiyi ideyalarının əks
olunduğu məktubu ilə bərabər müxtəlif odlu silahlar və özünün “Yeni kitab”ını
göndərmişdi [İoannisen A.R.Rossie i armenskoe osvobod..., s.150-151].
Göründüyü kimi, Ş.Şaamiryan Cənubi Qafqazda yaşayan ermənilərin sayının az
olduğunu bildiyindən Alban katalikosunu və Qarabağın 5 xristian məliklərini də
bu mübarizəyə hazırlayır və bu işin həyata keçirilməsində ermənilərə yardım edə
biləcək yeganə qüvvənin Rusiya olduğunu bildiyi üçün mübarizəyə başlamazdan
əvvəl II Yekaterinaya müraciət etməyi tövsiyyə edirdi.
Erməni ideoloqu Ş.Şaamiryan yeni Ücmüədzim katalikosunun vasitəsi ilə 1784,
1785-ci illərdə Qarabağ məlikləri və Gürcü çarı II Irakli ilə əlaqədar saxlamış,
onlara öz “planları”nı, “əsərləri”ni və hətta özü tərəfindən tərtib olunmuş
uydurma “Ermənistan xəritəsi”ni də göndərmişdi [İoannisen A.R. Rossie i
armenskoe osvobod..., s. 152].
Göründüyü kimi, İ.Arqutinskidən fərqli olaraq Ş,Şaamiryan “gələcək Ermənistanın”
Rusiyadan asılılığını yalnız xərac verməkdə görürdü. Lakin, onların hər ikisini
eyni fikir birləşdirirdi. İ.Arqutinski kimi Şaamiryan da “ermənilərə dövlət
yaratmaq” ideyasını yalnız Rusiya hakim dairələrinin yardımı ilə Azərbaycan
torpaqlarının zəbt olunması hesabına həyata keçəcəyini əsas götürürdü. Hər iki
layihə Rusiyanın Şərqə doğru irəliləməsi nəticəsində “erməni məsələsi”nin siyasi
fəallıq qazandığı bir dövrdə ortaya çıxmışdı.İ.Arqutinskinin tərtib etdiyi
layihə Rusiya siyasətinin məqsəd və vəzifələri ilə ziddiyyət təşkil etmədiyindən
Rusiya hakim dairələri tərəfindən daha münasib qarşılanmışdı. Hər iki layihənin
mətnindən bəlli olur ki, Rusiya diplomatiyası qarşıya qoyulan məqsədi həyata
keçirməyə nail olmayacağı təqdirdə, yəni Rusiyanın köməyi olmadan oyuncaq
“erməni dövləti”nin yaradılması reallaşa bilməzdi.
Erməni keşişi Q.A.Potyomkinə məktubunda [ÜQADA, Qosarxiv, Razred XV, dok.
1149,1.1. 195-196; İonnisen A.R.Rossie i armenskoe osvobod..., s. 120]
qeyd edirdi ki, “əgər İbrahim xan imperatriçanın himayəsini qəbul etsə,
məliklər Rusiya himayəsinə, xüsusilə ayrıca surətdə qəbul olunsunlar və yalnız
II İraklidən asılı olaraq müstəqil olsunlar”. Göründüyü kimi, İ.Arqutinski artıq
rus qoşunlarının gəlməsinə şübhə ilə yanaşırdı. Bundan əlavə erməni müəllifi
A.İoannisyanın özünün etiraf etdiyi kimi, erməni keşişi həmçinin, “İbrahimxəlil
xanın Rusiyaya müraciətini eşidib Rusiya hakim dairələrinin erməniləri unudaraq
Qarabağ xanı ilə müqavilə bağlayacağından qorxurdu. Buna görə də o, artıq bir il
əvvəlki kimi çox iri əraziyə malik olan “Böyük Ermənistan dövləti” (Azərbaycan,
həm də Osmanlı torpaqları hesabına-G.N.) yaratmaq barədə geniş planlar irəli
sürmür, yalnız “Ararat çarlığı” (İrəvan bölgəsini nəzərdə tuturlar-G.N)
adlandırdığı erməni dövləti yaradılması planını təklif edirdi” [Yenə orada].
Lakin, Rusiya-Türkiyə savaşının (1787-1791) başlanması XVIII əsrin ikinci
yarısında Rusiya imperiyasının Cənubi Qafqazda fəal müstəmləkəçi siyasətini
axıra qədər reallaşdıra bilməsinə imkan verməmiş, Azərbaycan torpaqları, o
cümlədən Qarabağ xanlığı ərazisində “erməni dövləti” yaratmaq məqsədilə tərtib
olunan layihələr kağız üzərində qalmışdı.