Verilən bu bəyanatda bildirlir ki, yanvarın 18-də Fransa
parlamentinin müzakirəsinə çıxarılacaq qanun layihəsi tarixin təhrif edilməsinə
və qərəzli rəylərə əsaslanır. “Həmin layihə qəbul edilərsə, bundan sonra
Fransada söz və düşüncə azadlığı boğulacaq, tarixçilərin həqiqəti ifadə etmək
azadlıqları və səyləri qanunla məhdudlaşdırılacaqdır”.
Göründüyü kimi Fransa BMT TŞ-nın üzvü, ATƏT-in Minsk
Qrupunun həmsədridir. “Qanun qəbul edilərsə, Fransa birtərəflilik prinsipinə
sadiq qala bilməyəcək. Bu ölkənin istər Qafqaz regionunda, istərsə də Türkiyənin
birbaşa və dolayı beynəlxalq münaqişə ocaqlarında sülhün bərqərar edilməsi,
sabitliyin təmin olunması adı altında atacağı hər addım şübhəylə qarşılanacaq”.
TBMM fundamental tarixi mübahisələrdə milli parlamentlərin
iştirakını düzgün saymır və hesab edir ki, bu hadisələrin təhlili tarixçilərə
həvalə edilməlidir.
“Fransa parlamentinin gözlənilən qanun layihəsini müzakirə
etmək cəhdləri böyük şərəfli tarixi olan Türkiyə-Fransa dostluq əlaqələrinə, iki
ölkə arasındakı nümunəvi əməkdaşlığa kölgə salır”.
Bunlara baxmayaraq Türkiyədə Ermənistanla münasibətlərə
yenidən baxılmasının məqsədəuyğunluğu barədə müzakirələr gedir. Xatırladaq ki,
əvvəllər dəfələrlə bu məsələ gündəliyə çıxsa da Ankara güzəşt yolunu
tutmayacağını bildirərək bəyan edib ki, Ermənistan münasibətləri yalnız işğal
olunmuş Azərbaycan ərazilərinin qaytarılmasından sonra bərpa oluna bilər.
Lakin bəzi yayılan məlumatlar onu göstərir ki, Türkiyə
Ermənistanla bağlı siyasətini dəyişmək üzərində düşünür. XİN Dağlıq Qarabağ
münaqişəsini Azərbaycan və Ermənistanın daxili işi kimi qiymətləndirməyi və bu
mənada Türkiyənin milli mənafelərinin nəzərə alınmasını önəmli hesab edir.
Türkiyə xarici işlər nazirliyi aparatının rəhbəri Farux Loçoçlu qondarma “erməni
soyqırımı”nı neytrallaşdırmaq məqsədi güddüklərini deyib.
Politoloqların fikrincə Türkiyə Ermənistanla əlaqələrə
“yaşıl işıq” yandırsa, o zaman Yerevanı sülhə vadar edən mexanizm əldən çıxır.
Türkiyənin bu addımını “konyuktur istək” kimi qiymətləndirən politoloqlar bu
məsələlərin ortaya çıxmasının “genosid” faktoru ilə əlaqələndirilməsini doğru
sayır. Əslində isə belə bir fikrə gəlmək olar ki, bu bəyanat Avropa ölkələrində
Türkiyəyə yönələn təzyiqləri yumşaltmaq məqsədilə verilib. “Düzdür, Ermənistan
bu məsələdən kənarda qalır və bildirir ki, “genosid” barədə müzakirələr Fransa
və ya ABŞ-da olan ermənilərin təsirinin nəticəsidir. Ancaq hamı bilir ki, bu
məsələlərə başçılıq Yerevandan edilir. Bu mənada Türkiyə Yerevanı
şirnikləndirmək istəyir. Yəni bu prosesi cilovlamağın əvəzinə Türkiyə
Ermənistanla diplomatik əlaqələr qurub, münasibətləri normalaşdıra bilər. Lakin,
qısa bir müddətdə Ermənistan-Türkiyə münasibətlərinin qaydaya salınacağına
inanmıram”.
Lakin millət vəkili Asim Mollazadənin fikrincə, “Türkiyə
hakimiyyəti hər zaman olduğu kimi münaqişədə işğalçı simasında olan
Ermənistanla, bir milyona yaxın Azərbaycan türklərini öz evlərindən didərgin
salmış ölkə ilə öz münasibətlərini məhz söylənilən müstəvidə
formalaşdırmayacaq”.
Biz də Azərbaycan ərazisi işğaldan azad olunmayınca,
Ermənistan özünün təcavüzkar siyasətinə son qoymayınca Türkiyənin Cənubi Qafqaz
bölgəsi ilə bağlı siyasətində köklü dəyişikliyin olacağına inanmırıq.
Daha sonra ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya
dövlətinə və onun bizə olan münasibətinə nəzər salaq.
Ermənistanın “Kopenhagen diplomatiyasını” mətbuat
səhifəsində təhlil edilərkən göstərilmişdir: “...Danışıqları faktiki olaraq
pozmağa görə məsuliyyəti Lissabon sammitinin prinsiplərinin üzərinə yıxmağa
açıq-aşkar cəhd edilir ki, bu da Azərbaycanın mövqeyini sərtləşdirmişdi.
Dünya ictimaiyyətinə davranışının yeni ssenarisi təklif
olunur: Lissabon prinsiplərinə yenidən baxılsın. Belə ki, guya bu Ermənistana
“təzyiq göstərməkdən” də səmərəlidir”.
Daha sonra belə şərh edilmişdir... “Dağlıq Qarabağdakı
münaqişə problemi müzakirə edilərkən Lissabon sammitinin prinsiplərini təsdiq
etməli və danışıqların mərhələli metodunun bərpasını təsbit etməli olan qərarın
qəbulu təklif olundu. Bu təklif Ermənistanın nümayəndə heyəti tərəfindən rədd
olundu. Bunun ardınca alternativ, qismən də demək olar ki, oxşar məzmunlu başqa,
bu dəfə ATƏT-də sədrlik edənin bəyanatı qismində bir mətn təklif edildi ki, bu
da Ermənistanın nümayəndə heyəti tərəfindən rədd edilıdi”. Aydın göründüyü kimi,
Kopenhagen görüşünün gedişi bir daha təsdiq etmişdir ki, Ermənistandan ciddi
kompromis gözləməyinə dəyməz. 2001-ci ilin yanvarın 7-də Respublika prezidenti
Heydər Əliyevlə Almaniya Federativ Respublikasının nümayəndə heyəti Falker
Ruhenin görüşü olmuşdur.
Almaniya Federativ Respublikası Parlamentinin üzvü,
Xristian Demokrat ittifaqı xristian sosial ittifaqı Fraksiyasının sədr müavini
Falker Ruhe ilə Azərbaycan prezidentinin arasında Almaniya ilə Azərbaycan
dostluğunun, iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərinə
toxunuldu və hər iki dövlətlər arasında bir-birinə qarşı çox yaxşı münasibət
olduğunu bildirdilər.
Görüşdə daha sonra Ermənistan-Azərbaycan münaqişəsindən də
danışıldı. Bu məsələnin sülh yolu ilə həll olunması üçün 1992-ci ildə ATƏT-in
Minsk qrupu təşkil olunub, Almaniya da Minsk qrupunun üzvüdür. Lakin, indi Minsk
qrupunun fəaliyyətinin əsasən həmsədrlər-Rusiya, ABŞ, Fransa həyata keçirirlər.
Azərbaycan prezidenti H.Əliyev həmişə olduğu kimi indi də
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsini bildirdi.
Yalnız unutmaq lazım deyil ki, bu beynəlxalq normalar, Helsinki Paktı, ATƏT-in
və BMT-nin prinsipləri əsasında olmalıdır deyərək azərbaycan xalqının sülhsevər
olduğunu qeyd etdi.
Ona görə də Azərbaycan ərazi bütövlüyü təmin edilməlidir.
1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş qərar əsasında
Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarə hüququ verilə
bilərdi. Əfsuslar olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutduğuna
görə, hələ də bu məsələ həll olunmamış qalır. Əgər Ermənistanla Azərbaycan
arasında sülh yaransa, yollar açılıb ticarət başlansa Ermənistan bundan çox şey
qazanar. Bu sülhün yaranması üçün Avropanın və o cümlədən də Amaniyanın bizə
kömək göstərməsinə böyük ehtiyacımız vardır.
Bəli, danışıq zamanı hər bir şəxs yaxşı fikir deyə bilər.
Neçə illərdir ki, kimlərin və necə köməklik etdikləri göz qabağında deyilmi?
Görək kömək umduğumuz Almaniya Federativ Respublikasının
nümayəndəsi bizə nə vəd edir?
Vasitəçilik fəaliyyətilə məşğul olan başqa dövlətlər kimi
Almaniya dövləti də yalnız ən başlıcası Dağlıq Qarabağ münaqişəsinin həllini
Ermənistan və Azərbaycan prezidentlərinin kompromis yollu ilə həllində görürlər.
Biz isə hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquq
prinsiplərini rəhbər tutaraq, danışıqlar prosesinə daha səmərəli təsir
göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunmasına, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğunu bütün dünyaya çatdırsın və ədalət öz yerini tapsın. Təəssüflər
olsun ki, Ermənistan hər vəchlə Azərbaycanın ərazisini zaman –zaman qoparıb
özünə birləşdirməyə çalışıb.
Münaqişənin həllini iki dövlət rəhbərlərinin görüşlərindən
arxayınlaşan, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə mövqeyi
tutmuşlar. Onlar öz fəaliyyətlərində “prezidentlər nə zaman razılığa gəlsələr,
bu ATƏT üçün məqbul olacaqdır” prinsipini əsas tutmuşlar. Bu faktdır ki,
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı işğal edərək, nəinki Dağlıq
Qarabağı, hətta onun hüdudlarından kənarda olan neçə-neçə Azərbaycanın iri
inzibati rayonlarını zəbt etdilər. Bu gün dünyada bir dövlətin başqa bir ərazini
işğal etməsi, orada kütləvi etnik təmizləmə aparması kimi ikinci bir hala rast
gəlmək mümkün deyildir. Təəssüflər olsun ki. hələ də Dünya Birliyi bu faciəni
seyr etməklə kifayətlənir.
Lakin, bu münaqişəyə son qoyaraq Ermənistana bir dəfəlik
bildirmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisinin ayrılmaz bir hissəsi
olaraq Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan dövləti çalışır ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə aradan
qaldırılsın. Əlbəttə, bu mümkün olmasa Azərbaycan xalqı torpağını düşmənlərdən
azad etmək üçün silaha sarılmağa, özlərini Vətən uğrunda şəhid etməyə hazırdır.