Biz Azərbaycan xalqı olaraq hər
birimiz uşaqlıqdan Qarabağ haqqında Vətənimizin ən gözəl və zəngin ərazisi kimi
həmişə dərin təəsürata malik olmuşuq. Qarabağ hər bir Azərbaycan insanının
siyasi tarixindən, həm də ona görə ayrılmazdır ki, Vətənimizin bu hissəsi
mədəniyyət, incəsənət dünyamızın prioritetlərinin formalaşmasında əsaslı rol
oynamışdır. Elə buna görədir ki, sovet imperiyasının dağılması zamanı düşmən
qüvvələr tərəfindən Azərbaycanın gələcək problemlərinin nöqtəsi kimi Dağlıq
Qarabağ hədəf düyünü seçildi.
Dünya düzümünün yeni qaydada
qurulmağa başlanması sözsüz ki, bəzi dairələr üçün etnik münaqişələrin
yaradılması və bundan bəhrələnməkdən keçirdi. Üstəlik Sovet İttifaqı siyasi
bürosunun etnik siyasəti milli maraqların həlli deyil, ərazi ziddiyyətləri
yaradaraq dondurulması üzərində qurulduğundan azsaylı xalqların ərazi iddiaları
ilə silahlandırmaq onlar üçün daha asan oldu.
Ermənilər Qarabağ ərazisinə
köçürüldükləri andan başlanan bu siyasət zaman-zaman Azərbaycanın tarixi
ərazilərinin zəbt edilməsi üzərində qurulurdu. 1988-93-cü illər isə Azərbaycan
tarixinin ən faciəli dövrü kimi yadda qaldı.
Artıq Qarabağın işğalından 15
illik bir vaxt ötür. Siyasi tarix üçün bu elə də az zaman deyil. Hətta
hadisələrin bu gününü analiz etsək görərik ki, bu prosesin təşəkkül tapması və
ərazilərimizin işğalı prosesində müxtəlif maraq mərkəzləri fəaliyyətlərini
qurmuşlar. Yalnız Rusiyanın müəyyən dairələrinin deyil, həmçinin Qərbin qeyri-müəyyən
dairələrinin Ermənistanı müdafiəsi ciddi məsələlərdən xəbər verir. Bəzi
Beynəlxalq təşkilatlar hələ də bir milyondan artıq Azərbaycan məcburi köçkünün
vəziyyətini böyük bir etnos hüqularının pozulması sferasından görmək istəmirlər.
Bütün bu ziddiyyətlər Qarabağ probleminin ədalətli həllini mürəkkəbləşdirir və
proseslərin bu istiqamətdə cərəyan etməsi Azərbaycanın qarşısında bir məqsəd
qoyur: düyünü kəsmək. Bunun üçün Azərbaycan sözsüz silaha əl atmalıdır. Bunun
üçün birinci növbədə Beynəlxalq biliklərin inandırılması istiqamətində işlər
qurulmalıdır. Həmin inandırma metodu özündə ehtiva etməlidir:
1) Ermənistan silahlı birləşmələrinin Qarabağdan təmizlənməsi əməliyyatı zamanı Xankəndində və ətraf bir neçə kənddə yaşayan yerli sakinlərə zərər
toxunmayacaq.
2) Onların
təhlükəsizliyinə Azərbaycan vətəndaşı olaraq cavabdehliyi Azərbaycan
dövləti daşıyacaq.
Hadisələrin qeyd etdiyimiz
istiqamətdə reallaşması üçün ictimai birliklər, Qarabağın azadlığı üçün çalışan
təşkilatlar institutlaşmalıdır. Qarabağ Azadlıq Təşkilatı və Dağlıq Qarabağın
Azərbaycanlı icması fəaliyətlərini əlaqəli şəkildə gücləndirməlidirlər. Avropa
Şurasında təmsil olunan deputatlarımızın bu adı çəkilən təşkilatları təmsil
etməsi mexanizmi qurulmalıdır. Biz bir çox hallarda siyasətdə Qarabağ məsələsilə
bağlı daha çox proseslərə cavab istiqamətində iş qururuq.
Prosesi yaratmaq isə daha yaxşı
müdafiədir.
Beynəlxalq birliklər bilməlidir
ki, əgər Azərbaycan bu gün müharibəyə əl ataraq tarixi ərazilərini qaytarmazsa,
sabah həm Qafqaz, həm də region üçün təhlükəli vəziyyət yarana bilər. Dağlıq
Qarabağda terrorçu qüvvələrin formalaşdırılması, bu ərazidən narkotik
vasitələrin yetişdirilməsi üçün istifadə edilməsi artıq faktdır. Bu faktlar
Azərbaycanda reallaşmış enerji layihələrinin gələcək inkişafına təhlükə yaradır.