Qələmə alınan əsərlər ilk baxışdan tarixi sənədlər və materiallarla
zəngin olsalar da, onların Kommunist partiyasının sifarişlərinə müvafiq surətdə
təhlil edilməsi səmərəli elmi axtarışlar aparılmasına imkan verməmişdir.
Nəticədə tariximizin bir çox vacib məqamlarına, o cümlədən Azərbaycan-erməni
münasibətlərinin tarixinə aydınlıq gətirilməmiş, tarixi hadisələrin izahı, şərhi
saxtalaşdırılmış, araşdırmalarda tarixi həqiqətdən çox ideologiyaya üstünlük
verilmişdir. Sovet erməni tarixşünaslığında erməni xalqının tarixi aşağıdakı
istiqamətlərdə verilirdi:
1. kafirlərin (müsəlmanların) əhatəsində olan
“əzabkeş” bir xristian xalqın obrazı yaradılırdı;
2. bu xalqın “qədimliyi”
müxtəlif saxta mənbələrlə əsaslandırılırdı;
3. 1915-ci il qondarma “soyqırım”
məsələsi qabardılırdı;
4. ermənilərin şüurunda düşmən türk və tarixi rus-erməni
dostluğu haqqında fikir formalaşdırılırdı;
5. “Böyük Ermənistan dövlətini bərpa
etmək” ideyası gündəmə gətirilirdi.
Azərbaycan və erməni
xalqlarının qədim və orta əsrlər tarixinə dair yazılmış əsərlər bir-birinə çox
bənzəyirdi. Müəlliflər sovet tarix elmində mövcud olan hakim konsepsiyaya əsasən
hər iki xalqın xarici işğalçılara (romalılara, farslara, ərəblərə, monqollara,
osmanlılara) və daxili zülmkarlara qarşı mübarizədə vahid cəbhədə mübarizə
apardıqlarını sübut etməyə çalışmışdılar. Erməni müəllifləri həmin hadisələrin
nəticəsi kimi bütün əsərlərində tarixi faktları təhrif edərək guya erməni
torpaqlarının Şərqi və Qərbi Ermənistana bölünməsini sübut etməyə cəhd
edirdilər. Bu fikir erməni tarixçilərinin əsərlərinin ana xəttini təşkil edirdi.
Digər tərəfdən həmin müəlliflər tarixi faktları saxtalaşdıraraq Səfəvilər
dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi
yaradılmış və deetnizasiyaya məruz qalmış beş alban xristian məlikliyinin siyasi
rolunu şişirtməyə, hər bir məlikliyi az qala “erməni millidövlətçiliyi”nin
nümunəsi, “əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan,
yaşadan” qurum kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi
Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırdılar. Bu
müəlliflər Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin
cəmləndiyi “tarixi Ermənistan ərazisi” adlandırmaqla yanaşı, Qarabağ ərazisində
olan xristian məlikləri “faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam
ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar” kimi təsvir
etmişdilər.
XIX əsrin əvvəllərində Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal
olunmasına erməni sovet tarixşünaslığında “nicat yolu”, “könüllü birləşmə ” kimi
ifadələrlə bəraət qazandırılırdı. Erməni tarixçiləri Qarabağ xanlığı ilə Rusiya
arasında 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsinin bağlanması faktını və
onun məzmununu gizlətməyə çalışmışdılar. Bu təsadüfi deyildi, çünki həmin
müqavilə ilə Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi
qəbul etmişdir, ən əsası isə Qarabağ xanı İbrahim xan müqavilədə Şuşalı və
Qarabağlı İbrahim xan kimi göstərilmişdir. Bununla bərabər müqavilədə nə
məlikliklər, nə də ermənilər haqqında bir kəlmə belə söylənilməmişdir.
Eyni
saxta üsullardan istifadə edən erməni müəllifləri əsərlərində Azərbaycanın Qərb
torpaqlarının (İrəvan xanlığının, indiki Ermənistan respublikası) Rusiya
tərəfindən işğalı faktını Şərqi Ermənistanın ona könüllü birləşməsi kimi qələmə
verirdilər, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanmış
Türkmənçay müqaviləsinin XV maddəsinin mahiyyətini isə tamamilə gizlədirdilər.
Beləliklə ermənilərin XIX əsrin əvvəllərində İrandan və Türkiyədən Şimali
Azərbaycanın tarixi torpaqları olan Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarına
kütləvi köçürülməsi və həmin torpaqlara sonrakı iddiaları ya işıqlandırılmamış,
ya da bu məsələlərə sovet elmi konsepsiyası və sinfi-ideoloji məqsədlər
mövqeyindən qiymət verilmişdir.
1905-1906, 1918-1920-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım erməni sovet
tarixşünaslığında sinfi mübarizə, daşnakların və müsavatçıların öz xalqlarına
qarşı düşmən münasibəti kimi işıqlandırılmışdır. Bu hadisələrlə bağlı baş verən
ictimai və siyasi proseslərin mahiyyəti təhrif olunmuş, onlara dair faktlar və
sənədlər tədqiqatçılardan gizlədilmiş, tariximizə böhtanlar atılmış, mühacir və
xarici tədqiqatçıların bu mövzuda axtarışlarına “burjua saxtalaşdırıcıları”
damğaları vurulmuşdu.
Sovet etməni
tarixşünaslığı, “Böyük Ermənistan” və onun əsas daşıyıcısı olan “Daşnaksütun”
partiyasının siyasətinin yedəyində gedən, nəzəri-ideoloji təminatçı rolunu
oynayırdı. Erməni tarixçiləri Azərbaycan-erməni münasibətlərinə Rusiya-Türkiyə,
Ermənistan-Türkiyə tarixi münasibətləri prizmasından baxırdılar. Onlar
Ermənistanda Sovet hakimiyyətinin qurulması, Türkiyə və Rusiya ilə əlaqədar
problemlərə həsr etdikləri əsərlərdə Naxçıvan, Zəngəzur, Qarabağ bölgələrinin
tarixinə dair bəzi məsələləri öz tarixləri kimi qələmə vermişdilər. Ermənilərin
bu ərazilərə olan iddialarını pərdələmək üçün həmin müəlliflər Qarabağı,
Naxçıvanı, Zəngəzuru Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” kimi
təqdim edirdilər, lakin mübahisənin təşəbbüskarı kim olduğunu gizlətməyə
çalışırdılar (S.Xarmandaryan, Q.Qaloyan).
Bu isə ermənilərin mənafe və
məqsədlərindən doğan bir çox tarixi faktların və həqiqətlərin
saxtalaşdırılmasına gətirib çıxarmışdır. Məsələn, bir qrup sovet erməni
tarixçisi (S.Aqayan, H.Barseqyan, S.Kakapetyan, Q.Qaloyan) Naxçıvanda,
Zəngəzurda, Şərur-Dərələyəzdə və Qərbi Azərbaycanın digər bölgələrində
azərbaycanlıların qırğınlarının təşkilatçıları olan Andronik, Dro, Ncdenin
əməllərini müxtəlif elmi və siyasi ibarələrlə ötr-basdır etməyə çalışmış, tarixi
həqiqətləri saxtalaşdırmışdılar. M.Şaqinyan Qarabağ və Zəngəzuru, Z.Balayan isə
Naxçıvan və Qarabağı öz əsərlərində tarixi erməni əraziləri kimi qələmə
vermişdilər.
XX əsrin 80-ci illərinin
sonundan başlayaraq ermənilərin növbəti dəfə Azərbaycanın Dağlıq Qarabağ
bölgəsində olan ərazi iddiaları fonunda Ermənistanda yazılan əsər və məqalələrin
əsas istiqamətlərini aşağıdakılar təşkil edirdi: 1)Dağlıq Qarabağa ermənilərin
iddialarının tarixi nöqteyi-nəzərdən əsaslandırılması 2)Andronik və
digərlərinin erməni xalqının tarixində “qəhrəman” kimi yaddaşlarda
möhkəmləndirilməsi 3)Zəngəzurun Ermənistana verilməsinin tarixi ədalətin
bərpası kimi qiymətləndirilməsi və bu zəmində Naxçıvana dair yeni ərazi
iddialarının qanuniliyi tam aşkar şəkildə ifadə olunmuşdur.
Ermənistan
tarixşünaslığında sovet dövründə yazılan əsərlərin təhlili zamanı bir sıra qeyd
ediləsi məqamlar müşahidə olunur. Totalitar sovet siyasi sistemi şəraitində
formalaşmasına baxmayaraq, erməni tarixşünaslığı dövrün yaratdığı qadağalara
məhəl qoymayaraq qondarma erməni ümummilli ideyasına –“Böyük Ermənistan”
ideyasına xidmət etmişdir. Sovet tarixşünaslığı ilə mühacirət qütbdən olan
tədqiqatların istiqamətləri, məzmununa və nəticələrinə görə bir-biri ilə
ziddiyyət təşkil etdikləri halda, bunu Ermənistan tarixşünaslığının müvafiq
qütbləri haqqında demək olmaz. Burada hər iki qütb, demək olar ki, eyni hədəfə
vurmuş, yəni “Böyük Ermənistan” ideyasına xidmət etmişdilər.