Azərbaycanın Şura hökuməti RSFSR ilə hərbi-iqtisadi ittifaq haqqında müqavilə
(30.XI.1920) bağlayarkən birgə sosializm quruculuğu, Sovet Rusiyası
rəhbərliyinin təzyiqi və s. mülahizələri əsas tutmaqla yanaşı həm də öz
ərazisinin bütövlüyünün təmin olunmasına da ümid bəsləmişdi. O mübahisəli
məsələləri həll etmək üçün bir sıra yeni təkliflər irəli sürmüşdü.
Bunlarla paralel surətdə Sovet Rusiyası ilə Ermənistan arasında müqavilənin
layihəsi hazırlanırdı. Bir sıra diplomatik sənədlərin də sübuta yetirlidiyi
kimi, həmin danışıqlarda söhbət gedən layihədə Azərbaycanın milli-dövlət
mənafelərinə ciddi qəsdlər edilərək onun tarixi torpaqları olan Zəngəzur və
Naxçıvanın Ermənistana verilməsi planlaşdırıldı. Bu zaman Rusiya hökuməti
Q.Orconikidzenin belə bir müddəasından çıxış edirdi ki, “...məlum siyasi
şəraitdə Ermənistan bizə lazım ola bilər”.
Həmin fikirləri sovet rəhbərliyi tərəfindən
mərhələ-mərhələ ortalığa atılan və regionda həyata keçirilən bu şüarlar da
(əvvəlcə “Yalnız Sovet hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü təmin edə
bilər”, sonra isə “Yalnız Sovet hakimiyəti Zəngəzuru Ermənistana qaytara və
Azərbaycanı Qarabağa muxtariyyat verməyə məcbur edə bilər”) təsdiqləyir.
İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini
tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı. Həmin sazişlə də
Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxşıvanı almalı idi.
Göründüyü kimi, işlər İ.Stalinin “Azərbaycanın fatehi” adlandırdığı
Q.Orconikidzenin “əvvəlcə Naxşıvanla Zəngəzurun Ermənistana keçməsinə nail olmaq
və sonra da Azərbaycanı Dağlıq Qarabağa muxtariyyat verməyə vadar etmək” planına
uyğun gedirdi. Doğrudur, AK(b)P MK Siyasi Bürosu və RK(b)P MK Qafqaz Bürosunun
İ.Stalin, Q.Orconikidze, Qabrielyan, B.Leqran, Ə.Qarayev və b. iştiraki ilə keçirilən birgə iclasında (4.XI.1920) Rusiya ilə Ermənistan arasındakı
müqavilənin şərtlərinə toxunularkən belə bir qərar qəbul edilmişdi: “Naxçıvan və
Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də
strateji cəhətdən sərfəli deyildir və yalnız lap son halda baş tuta bilər”.
İ.Stalinin Bakıda AK(b)P MK və Bakı komitəsinin birgə plenumunda-RK(b)MK Qafqaz
Bürosu, Azərbaycan İnqilab Komitəsi, Bakı Soveti və s. birgə iclasında
(9.XI.1920) “Zəngəzur məsələsi”nin müzakirəsi zamanı söylədiyi aşağıdakı sözlər
də fikrimizə əsas ola bilər: əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını
bilmək istəyirlərsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, orada
Sovet hökuməti yaranarsa vermək olar. Onun belə bir mövqeyini bir sıra digər
mülahizələrlə yanaşı, həm də “Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı
deyiləm. Kommunistlərin bir hissəsinin digərindən müstəqilliyi ola bilməz” kimi
məkrli və eyni zamanda cəfəng tezislə izah etmək mümkündür.
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsində
aşağıdakı iclasın da böyük “xidməti” olmuşdur. AK(b)P MK Siyasi və Təşkilat
bürolarının bu birgə iclasının (30.XI.1920) qəbul etdiyi “tarixi” qərarlara
aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət
yetirilməlidir. Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski,
N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və b. iclasda 3-cü məsələ kimi “Ermənistan
İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında
teleqramı” müzakirə edilmiş və geniş bir qərar çıxarılmışdı.
Həmin qərarın “v” bəndində yazılırdı: Sovet Azərbaycanı
ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir. İclasın və
qərarın, demək olar ki, başlıca məqsədi onun mərkəzi bəndində (“q”) öz əksini
tapmışdı. Orada deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər
bəndlərdə isə yazılırdı: d) Qarabağın dağlıq hissəsinə öz müqəddaratını təyin
etmək hüququ verilir; e) Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi
və təsərrüfat ittifaqı bağlayır (o cümlədən, neft haqqında göstərilsin). “J” və
“İ” bəndlərində isə N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu
Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.
Zəngəzurun ermənilərə verilməsi, əslində isə
“bağışlanması” istiqamətində daha bir addım 1920-ci il dekabrın 1-də atıldı.
Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə
keçirilən, təntənəli “tarixi” iclasında N.Nəimanov Bəyanatla çıxış etdi. “Sovet
Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin
günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni
xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi
məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların
bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan
qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir (Seçdirmə
bizimdir-İ.M.); Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin
etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar
dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar”. Burada
daha sonra qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz
sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün
geniş açır.
Bu Bəyaqnatla Azərbaycan torpaqlarının Ermənistana
verilməsi (“bağlanması”) ilə bağlı bəzi mövqe və mülahizələri də bilmək maraqlı
və faydalı olardı. Bakı Sovetinin həmin iclasının yekdilliklə qəbul olunan
qətnaməsində “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun
“...Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı
müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq
xalqlarının tarixində yeni səhifə (?!-İ.M.) açdığı qeyd edilirdi”.
Çoxlu arxiv sənədlərinin də təsdiqlədiyi kimi,
torpaqlarımızın parçalanması və paylanmasında əsas rol oynayanlardan biri olan
İ.Stalin bu hadisəni belə “izah” etmişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı
mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq
Qarabağın (Bəyanatın məzmunu Yuxarı Qarabağla bağlı burada da təhrif
edilmişdir-İ.M.) Sovet Ermənistanına verilməsini elan edir”.
Bakı Sovetinin həmin iclasındakı çıxışında “əzabkeş erməni
xalqının” (onun ifadəsidir-İ.M.) Sovet hakimiyyətinin bayrağı altına gəlməsini
alqışlayan Q.Orconikidze bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan
mühüm əhəmiyyətli (?!-İ.M.) tarixi akt” kimi qiymətləndirmişdi. Həmin çıxışında
o, Azərbaycanın strateji bölgələrinin əhəmiyyətini azaldaraq demişdi:
“Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir.
Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş
Nərimanov deyir: “Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan
üçün götürün”. Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur”
(Seçdirmə bizimdir-İ.M.).
Q.Orconikidze elə həmin gün PK(b)P MK Qafqaz Bürosunun
üzvü-erməni kommunistlərinin liderlərindən biri olan Nazaretyana məlum Bəyanat
barədə xəbər yetirdikdə o, “mətbuatda bərəkallah azərbaycanlılar”- deyə car
çəkməyə başlayacağıq cavabını vermişdi. Q.Orconikidze 1920-ci il dekabrın 2-də
Bakıda verdiyi məlumatda V.Leninə və İ.Stalinə “Azərbaycan artıq dünən Naxçıvan,
Zəngəzur və Dağlıq Qarabağın (sonuncuya dair fikir yenə də təhrif edilir-İ.M.)
Sovet Ermənistanına verilməsini rəsmən bəyan etmişdir” xəbərini çatdırmışdı.
Bu kimi “qanunauyğun” fikirlərlə yanaşı, o vaxt Azərbaycan
torpaqlarının ermənilərə verilməsinin (“bağışlanmasının”) həmin dövrdə və
gələcəkdəki acı nəticələrini dərk edənlər və buna qarşı çıxanlar da az
olmamışdı. M.Rəsulzadə yazırdı: “Ermənistanda dəxi bolşevik hökuməti təsis
edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə
eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir sürətdə Ermənistana
hədiyyə etdi”.
Azərbaycan rəhbərliyinin az öncə sədalanan beynəlmiləlçi
güzəştləri və ilkin sazişlə (10.VIII.1920) hədəfə alınanlar RSFSR-lə Sovet
Ermənistanı arasındakı hərbi-siyasi müqavilə (2.XII.1920) ilə möhkəmləndirildi
və gerçəkləşdirildi. Həmin sazişin 3-cü maddəsində yazılırdı ki, Rusiya Sovet
hökuməti İrəvan quberniyasının.... (Naxçıvan və çevrəsindəki torpaqlar nəzərdə
tutulur-İ.M.), Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil
olmasını mübahisəsiz tanıyır. Bunula da Rusiya-Ermənistan münasibətlərində mühüm
önəmə malik olan məsələlərdən ən başlıcası-Azərbaycan torpaqları ətrafındakı
növbəti sövdələşmə o mərhələ üçün bu şəkildə yekunlaşdırıldı.