Qeyd edək ki,
Ermənistan-Azərbaycan konfliktinin həlli ilə əlaqədar əsas təsir vasitəsi məhz
Rusiyanın əlindədir. Artıq danılmaz faktdır ki, Azərbaycanda daxili
ictimai-siyasi vəziyyəti Rusiya qədər qarışdıra biləcək ikinci dövlət yoxdur.
Müxtəlif dövrlərdə vaxtaşırı olaraq Azərbaycanın Şimal və Cənub bölgələrində
separatçı hərəkətlərin qızışdırılması, Rusiyada çörək pulu qazanmağa məcbur olan
çoxsaylı soydaşlarımızın taleyi ilə bağlı edilən manipulyasiyalar, vizalı
gediş-gəlişin tətbiqi və bu kimi digər hərəkətlər Rusiyanın zaman-zaman
Azərbaycana etdiyi təzyiqlərin yalnız bir qismidir.
ABŞ-da baş verən 11 sentyabr terror olayınadək Rusiya ümid
edridi ki, post-sovet məkanı hələ uzun müddət onun nüfuz dairəsində qalacaq.
Lakin 11 sentyabr hadisələrindən sonra ABŞ hərbi bazalarını dünyanın müxtəlif
ölkələrinə, o cümlədən, post-sovet məkanına yaymağa başladı. Amerikanın
fəallaşması fonunda Rusiya öz maraqlarına ciddi təhlükə hiss edərək, narahat
olmağa başladı. Rusiyanın sərt etirazlarına baxmayaraq Amerika Mərkəzi Asiyada
öz hərbi bazalarını yerləşdirdi, Yuqoslaviyanı parçaladı, Əfqanıstan və İraqa
hərbi qüvvələr çıxardı. İran məsələsində də Amerikanın Rusiyaya məhəl
qoymayacağı aydın görünür. Amerika həm də post-sovet məkanında Ukraynaya,
Gürcüstana və s. dəstək verməklə bu bölgələrdə də möhkəmlənmək niyyətini
gizlətmir. Belə vəziyyətdə Rusiya başa düşür ki, itirilmiş mövqelərini, xüsusilə
Qafqazda qaytarmaq onun üçün vacibdir.
Lakin bir tərəfdən Amerikanın timsalında
demokratiyanın Qafqaz sərhədlərinə yaxınlaşması, digər tərəfdən isə Rusiyanın
ənənəvi imperiya ambisiyalarının yeni formada ortaya çıxması Qafqazda vəziyyəti
xeyli mürəkkəbləşdirir. NATO-da Qafqaz və Orta Asiya regionları üzrə xüsusi
səlahiyyətli nümayəndə postunun yaradılması və bu vəzifəyə ABŞ Dövlət
Departamentinin keçmiş müşaviri Robert Saymonsun təyin edilməsi Qafqaz
regionunun Amerika üçün strateji əhəmiyyətinin ön plana keçdiyini göstərir.
Digər tərəfdən Rusiyanın baş Qərargah rəisi Yuri Baluyevskinin ölkə
sərhədlərindən kənarda “terrorçuların bazalarına preventiv zərbə” endiriləcəyi
barədə xəbərdarlığı regionda maraqları toqquşan hər iki superdövlətin
narahatlığından xəbər verir.
Tarixən isə Qafqazda möhkəmlənmək üçün Rusiyanın
əlində əsas vasitə ermənilər olub. İndiki dövrdə də Rusiya kənardan təsir
vasitələrini əlində saxlayaraq, Dağlıq Qarabağla bağlı prosesləri Ermənistan
vasitəsilə istiqamətləndirir. Məhz bunun nəticəsində cəmiyyətdə belə fikir
mövcuddur ki, ümumiyyətlə Rusiya Dağlıq Qarabağ məsələsinin həllinin əlehinədir.
Çünki Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar hər hansı həll modelinin
reallaşması Ermənistan və Azərbaycanın Rusiyanın əlindən çıxması demək olardı.
Təsadüfi deyil ki, indiyə qədər münaqişənin həlli ilə əlaqədar hazırlanan həll
variantları Rusiyanın yaxından iştirakı ilə hazırlanıb. Bu həll variantları elə
hazırlanıb ki, tərəflər bunları qəbul etməsinlər və problem həll olunmamış
qalsın. Çünki bu münqişənin həlli deyil, həll olnmaması Rusiyanın maraqlarına
tam uyğundur. Müşahidələr də göstərir ki, Qafqazda qeyri-sabitliyin yaranmasında
ən maraqlı dövlət Rusiyadır. Çünki Rusiya belə vəziyyətdən istifadə edərək öz
iqtisadi maraqlarını təmin etməyə çalışır, neftin qiymətinin yüksək həddə
çatmasından, silah alverindən kifayət qədər yararlanmaq imkanı əldə edir.
Digər tərəfdən Rusiya öz hərbi bazalarının Azərbaycanda
bərpa olunmasının çətin olduğunu başa düşərək burada möhkəmlənmək üçün başqa
vasitələrdən istifadə etməyə çalışır. Münqişənin həlli ilə əlaqədar Rusiyanın
müxtəlif dövrlərdə etdiyi təşəbbüslərin əsas məqsədi hansı yolla olursa-olsun
rus qoşunlarının Azərbaycana qaytarılmasından ibarətdir. Rusiya bunu daha çox
“sülhməramlı qüvvələr” adı altında həyata keçirməyə çalışır. Rusiyanın müxtəlif
dövrlərdə etdiyi digər təşəbbüslər kimi, 2004-cü ilin sentyabrında Astanada
V.Putinin vasitəçiliyi və təşəbbüsü ilə keçirilən İ.Əliyev-R.Köçəryan görüşü də
bilavasitə bunun nəticəsi olaraq meydana gəldi. Bu görüşdə V.Putinin Dağlıq
Qarabağla əlaqədar müzakirəyə təqdim etdiyi planın mahiyyəti ondan ibarətdir ki,
Ermənistan öz qoşunlarını Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdən
çıxarır, əvəzində isə Dağlıq Qarabağın statusuna dair Azərbaycan və Qarabağda
referendum keçirilir.
Təsadüfi deyil ki, Rusiyanın həmdsədr olduğu ATƏT-in Minsk
qrupunun 8 illik fasilədən sonra münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü
dördüncü həll modeli, yəni “Çərçivə sazişi” adlanan sənəd (2006-cı il) də
Azərbaycanın ərazi bütövlüyünü referenduma çıxmağı tövsiyyə edir. Əslində bu
sənəd Azərbaycanı 2 müstəqil dövlətə bölmək xəttini təklif edir. “Çərçivə sazişi”
modelinə görə, Ermənistan Azərbaycanın işğal olunmuş 5 rayonunu qaytarır və bu
ərazilərdə sülhməramlı qüvvələr yerləşdirilir. Dağlıq Qarabağın statusu məsələsi
həll olunur, sonra isə Kəlbəcər və Laçın taleyi müəyyənləşir. Dağlıq Qarabağın
statusu məsələsi isə orada referendum yolu ilə müəyyənləşir.
1989-cu ilə qədər
Dağlıq Qarabağda yaşayan azərbaycanlıların belə, referendumda iştirak etməsi
sual altındadır. Qeyd edək ki, hətta azərbaycanlıların da referendumda iştirakı
ermənilərin qələbəsini əngəlləyə bilmir. Çünki 1989-cu ilə qədər Dağlıq
Qarabağda 145 min erməni və 45 min azərbaycanlı yaşayırdı. Ona görə də
ermənilərin bu şərtə razılıq verməsi belə vəziyyətin Azərbaycanın xeyrinə
dəyişəcəyini vəd etmir. Azərbaycanın bu şərtlər daxilində referenduma razılıq
verməsi onun üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilər.
Əlbəttə ki,
Rusiya bu referendumalrın necə nəticələnəcəyini çox yaxşı dərk edir. Yəni Rusiya
bilir ki, Azərbaycan əhalisi Dağlıq Qarabağın müstəqilliyinin və ya Ermənistana
birləşdirilməsinin əlehinə, Dağlıq Qarabağın erməni əhalisi isə bunun əksinə səs
verəcək. Bu təşəbbüsdə əsas məqsəd rus qoşunlarının “sülhməramlı qüvvələr” adı
altında münaqişə bölgəsində, yəni Azərbaycanın ərazisində yerləşdirməkdən
ibarətdir. Bu isə rus qoşunlarının Azərbaycana qaytarılması deməkdir.
Getdikcə daha da aydın olur ki, Rusiya rəsmi Bakıdan
sülhməramlı qüvvələr statusu ilə öz qoşunlarını Dağlıq Qarabağda yerləşdirmək
üçün mandat əldə etmək istəyir. Rusiya hətta Azərbaycana BMT-nin mandatı ilə
gəlmək istəyir. Lakin digər tərəfdən Rusiya rəsmləri başa düşürlər ki,
qlobal-strateji baxımdan region çoxdan Amerikanın təsiri altındadır. Məlumdur
ki, neft-qaz, qoşunların yerləşdirilməsi kimi məsələlər Amerikanın təsir
dairəsindədir. Buna görə də Rusiya güclü rus oliqarxları vasitəsi ilə
Azərbaycanda böyük biznes əlaqələri qurmağa çalışır ki, külli miqdarda pul
qazansınlar.
Ona görə də bir çox ekspertlərin qənaətinə görə,
Azərbaycan Rusiyanın təsir dairəsindən uzaqlaşmaq üçün düşünülmüş şəkildə
NATO-ya getməli və ABŞ-ın partnyoru olmalıdır. Çünki Azərbaycanın Amerika ilə
ümumi neft biznesi və strateji maraqları var. Əks təqdirdə Azərbaycan Rusiyanın
təsir dairəsində olacaq.
Rusiya isə Azərbaycanın sənayesini, neft sektorunu, bütün
təbii ehtiyatlarını özəlləşdirəcək.
Nəticədə aydın olur ki, Qafqaz regionunda Rusiyanın hər
hansı şəkildə nüfuzunun artması Ermənistan-Azərbaycan münaqişəsinin həllini,
daha dəqiq desək, Azərbaycanın xeyrinə həlli ehtimalını heçə endirir.