Haqqında söhbət açacağımız
ilk şəxs “Əfzəlüt-təvarix” (“Tarixlərin ən fəzilətlisi”) əsərinin müəllifi Fəzli
ibn Zeynalabdin ibn Ruhullah əl-Xuzani əl-İsfahanidir. O, özünün yazdığı kimi,
türk torpağı olan Gəncə və Qarabağda boya-başa çatmış, hələ uşaq vaxtlarından
tarixlə maraqlanmağa başlamış [9,s.869] və bir neçə il Şəkidə yaşamışdır. Öz
əsərini Bərdə və Arran hakimi Peykər xan Qacarın yanında xidmət edərkən, hələ
h.1022-ci (m.1613-14) ildə yazmağa başlayan Fəzli h.1026-cı
(m.1617) ildə I Şah
Abbas Gəncə yaxınlığında yerləşən Danki adlı yerdə qışlaq edərkən onunla
görüşmüş və şahdan bu salnaməni davam etdirmək barədə göstəriş almışdır[6,s.39].
O, bu əsər üzərində 15 ildən çox müddətdə çalışmışdır. Əsərin müqəddiməsindən
bəlli olur ki, “Əfzəlüt-təvarix” əsəri üç cilddən ibarət olmuşdur. I cilddə
əvvəlcə Səfəvilərin əcdadlarının fəaliyyəti və XV əsr sülalələrinin tarixi şərh
edilir, sonra isə türk təqvimi əsasında I Şah İsmayılın (1501-1524) hakimiyyət
illərindən bəhs olunur.
II cild üç dəftərdən ibarətdir və I Şah Təhmasibin
(1524-1576), II Şah İsmayılın (1576-1577) və Məhəmməd Xudabəndənin (1578-1587)
hakimiyyətləri dövrünə həsr olunmuşdur. III cild isə I Şah Abbasın (1587-1629)
hakimiyyəti zamanının tarixini əhatə edir [9,s.869-870]. “Əfzəlüt-təvarix” tariximizə dair faktiki məlumatlarla zəngindir və burada bir sıra mühüm
sənədlərin surətləri verilmişdir [6,s.40-44]. Əsərdə Qarabağın tarixinə xüsusi
diqqət yetirilib. Təsadüfi deyildir ki, əslən fars olan müəllif açıq-aşkar
Qarabağın türk torpağı olduğunu bəyan edir [9,s.869]. Onun bu qeydi Qarabağın
Azərbaycan türklərinin qədim yurdu olduğunu bir daha təsbit edir və erməni
tarixçilərinin saxta iddialarını heçə endirir.
Bundan əlavə, Fəzlinin
salnaməsindən bəlli olur ki, XVI əsrin 40-cı illərində Azərbaycan Səfəvilər
dövlətinin tərkibində Qarabağ bəylərbəyliyi mövcud idi və bu bəylərbəyliyin
başında qacar tayfasından olan Gökcə sultan dayanırdı [6,s.41,43.] Biz “Qarabağ
dünən, bu gün və sabah” mövzusunda hələ ötən il təşkil edilmiş V konfransın
materiallarında çap olunmuş məqaləmizdə məşhur alman tarixçisi K.M.Rohrbornun
Qarabağ bəylərbəyliyinin yaradılmasını 1554-cü ilə aid etmək fikrinə qarşı
çıxmış və Səfəvi dövrünün anonim bir mənbəyinə əsaslanaraq, Qarabağ
bəylərbəyliyinin bundan çox əvvəllər, I Şah İsmayılın hakimiyyətinin ilk
dönəmlərində yaradıldığını göstərmişdik. Bizim qənaətimiz belədir ki, Azərbaycan
Səfəvilər dövlətinin tərkibində qacar tayfasının rəhbərlik etdiyi Qarabağ
bəylərbəyliyi XVI əsrin I yarısında da mövcud olmuşdur [5,s.165-169].
“Əfzəlüt-təvarix” də Gökcə sultan Qacarın Qarabağ bəylərbəyisi olması ilə
əlaqədar verilmiş fakt bizim bu fikrimizi təsdiq edir.
Bu vaxtadək salnamənin
əlyazmasının I cildinin İngiltərədəki Eton kollecinin kitabxanasında, II
cildinin Şah Təhmasibin hakimiyyətindən bəhs edən hissəsinin isə Britaniya
muzeyində mühafizə olunduğu məlum olsa da, əsərin II cildinin sonrakı
hissələrinin və III cildinin əlyazmaları aşkara çıxarılmamışdı [9,s.870].
“Əfzəlüt-təvarix”in ilk iki cildinin məlum nüsxələri hələ ötən əsrin 70-ci
illərindən Azərbaycan tarixşünaslığında bəlli olsa da, bu vaxtadək salnamənin
üçüncü cildinin əlyazmasının mövcudluğu barədə respublikamızın elmi
ictimaiyyətində heç bir məlumat olmamışdır [1,s.298]. Lakin son zamanlarda
ingilis alimləri Kembric şəhərində yerləşən “Christ's College” təhsil
müəssisəsinin köhnə kitablar saxlanan fondundan “Əfzəlüt-təvarix”in III cildinin
əlyazmasını üzə çıxarmışlar. Məlum olmuşdur ki, həmin əlyazma 150 ildən artıq
müddətdə sözügedən kollecin kitabxanasına məxsus olsa da, kataloqlara daxil
edilməmiş və heç kim tərəfindən tədqiq olunmamışdır.
I Şah Abbasın 40 ildən
artıq sürmüş hakimiyyəti dövrü barədə müfəssəl məlumat verən bu cild tariximiz
üçün son dərəcə önəmlidir. Çünki onun müəllifi Azərbaycanda yaşamış, öz əsərini
bizim ölkəmizdə yazmış və bilavasitə şahid olduğu hadisələri qələmə almışdır.
Əlyazmanın haşiyələrinə yazılmış qeyd və düzəlişlərdən belə anlaşılır ki, bu
əlyazma müəllifin öz avtoqraf nüsxəsidir. Bu isə həmin mənbənin dəyərini daha da
artırır. Əsərin bu son cildinin yeni üzə çıxarılmış əlyazması ilk iki cildin
məlum olan əlyazmalarının faksimileləri ilə birlikdə C.Melvelin redaktəsi və
A.H.Mortonla S.Abrahamsın ön sözü ilə “David Brown” kitab ştrkəti tərəfindən
elektron variantda yayına hazırlanmışdır [3].
XVII əsrdə Qarabağ mühiti
ilə bağlı olan digər bir tarixçi Məhəmməd Məsum ibn Xacəgi isfahanidir.O,
h.995-ci (m.1585-86) ildə Azərbaycanın Qarabağ vilayətində ziyalı ailəsində
anadan olmuş və hələ uşaq yaşlarında atasından yazıb-oxumağı öyrənmişdir. Bir
müddət Azərbaycanda vergiyığan işləmiş Məhəmməd Məsum daha sonra I Şah Abbasın
İsfahandakı sarayında qulluq etməyə başlamışdır. O, orada əvvəlcə şah
dəvələrinin nəzarətçisi, sonra baş mehtər vəzifələrində çalışmış, daha sonra isə
maliyyə idarəsində işləmişdir. H. 1047(m.1637-38)-ci ildə Şah Abbasın nəvəsi və
varisi Şah Səfi (1629-42) Kirmanşah əyalətinin Takubustan kəndində olarkən,
Məhəmməd Məsumu yanına çağıraraq öz saray tarixçisi təyin etmiş və ona öz
hakimiyyətinin tarixini yazmaq barədə göstəriş vermişdi. II Şah Abbas
(1642-1666) hakimiyyətə gəldikdən sonra o, saray qulluğundan azad edilsə də,
h.1056-cı (m.1646-47) ildə öz doğulduğu vilayətə, yəni Qarabağa ezam olunmuş və
Qarabağ bəylərbəyisi Mürtəzaqulu xan Ziyadoğlu Qacarın vəziri təyin edilmişdi.
Məhəmməd Məsum ömrünü Qarabağda başa vurmuşdu
[8,s.15-18].
Onun Şah Səfinin göstərişi
ilə yazmağa başladığı “Xülasətüs-siyər” (“Tərcümeyi-hal xülasəsi”) əsəri
h.1047-1056-cı (m.1637/38-1646/47)
illər arasında yazılıb sona
çatdırılmışdır. Əsərin İranın Məşhəd şəhərindəki Astan-i Qüds kitabxanasında,
Almaniyanın Münhen kitabxanasında, Tehranın Malik və Məclis kitabxanalarında və
Rusiyanın Sankt-Peterburq şəhərinin Saltıkov-Şedrin adına kitabxanasında
mühafizə edilən beş əlyazma nüsxəsi vardır. [8,s.8-9]. Əsər 14 fəsildən
ibarətdir. Ilk 12 fəsildə müəllif türk təqviminə əsasən Şah Səfinin hakimiyyət
illərində baş vermiş hadisələri xronoloji ardıcıllıqla, ilbəil şərh edir. Hər
bir ilin hadisələri Novruz bayramı ilə başlayır.
Nədənsə, salnamədə h. 1043-cü
ilin hadisələrinə fəsil ayrılmamışdır. 13-cü fəsil müəllifin özü haqqında, 14-cü
fəsil isə Qarabağ bəylərbəyiləri olmuş Ziyadoğlular nəslinin tarixi və Gəncə
şəhərinin vəziyyəti barəsindədir [8,s.12-14]. Bu əsərdə Şah Səfi dövrünün dolğun
mənzərəsi yaradılmış, Qarabağın, Gəncənin və Ziyadoğlular nəslinin tarixi ilə
bağlı dəyərli məlumatlar verilmişdir. Sözügedən salnamənin Münhen nüsxəsi hələ
1978-ci ildə Gerhard Rettelbax tərəfindən almanca tərcümə olunaraq Berlində nəşr
edilmişdir. Məşhəd və Münxen nüsxələri əsasında əsərin elmi-tənqidi mətni türk
mənşəli İran alimi İrəc Əfşar tərəfindən Tehranda nəşr edilmişdir [4]. Rus
tarixçisi İ.K.Pavlova “Xülasətüs-siyər” əsəri əsasında monoqrafiya yazmışdır[8].
Qarabağ bəylərbəyliyində
yaşamış XVII əsr tarixçilərindən biri də həyatı və yaradıcılığı bu vaxtadək
ölkəmizdə tədqiq olnmamış Hacı Məhəmmədqulu Qacardır. Öz şərhinə əsasən, o, türk
dünyasının (Türküstanın) böyük şəhərlərindən olan Gəncə şəhərində hərbçi
ailəsində doğulmuşdur.[7,s.26]. Səfəvilər zamanında Gəncə şəhəri Qarabağ
bəylərbəyliyinin mərkəzi hesab olunurdu və qacar tayfası bəylərbəyliyin idarə
edilməsində ən önəmli rola malik idi. Hacı Məhəmmədqulu Qacarın ata-babaları
nəsillikcə Gəncədə yaşayıb Səfəvi ordusunda xidmət etmişlər.
Müəllifin özü də
hərbçi olmuşdur. O, uzun müddət hərbçiliklə məşğul olması səbəbindən təhsilinə
az vaxt ayıra bilsə də, bəzi tarixi kitabları mütaliə etmiş və tarixi əsər
yazmaq həvəsinə düşmüşdür [7,s.26]. 1097-ci (1685/86) ildə o, müsəlman tarixinə
dair 23 fəsildən ibarət olan “Lübbül-lübab” (“Seçilmişlərin cövhəri”) adlı
əsərini qələmə almışdır. Əsərin günümüzə qədər iki əlyazma nüsxəsi gəlib
çıxmışdır [9,s.443]. Tehran Universitetinin Ədəbiyyat İnsitutunda saxlanan nüsxə
[2,s.32-33] nöqsanlı olsa da, Londondakı Britaniya Muzeyində mühafizə edilən
əlyazma nüsxəsi [7,s.26-27] bütöv və mükəmməldir.
“Lübbül-lübab” aşağıdakı
fəsillərə bölünür: 1. On dörd məsumun, yəni Məhəmməd Peyğəmbərin (s), onun qızı
Həzrəti Fatimə xanımın və on iki imamın həyatı; 2. Xilafətdə hökmranlıq etmiş
ilk üç şəxsin (Əbu Bəkr, Ömər, Osman) hakimiyyəti; 3. Əməvilər sülaləsi; 4.
Abbasilər sülaləsi; 5. Səffarilər sülaləsi; 6. Samanilər; 7. Tahirilər; 8.
Qəznəvilər; 9. Qurilər; 10. Büveyhilər; 11. Səlcuqilər; 12. Xarəzmşahlar; 13.
Atabəylər; 14. İsmaililər; 15. Kirman Qaraxitayları; 16. Çingiz xan və onun
xələfləri; 17. Sərbədarlar; 18. Teymur və onun xələfləri; 19. Qaraqoyunlular və
Ağqoyunlular; 20. IV Məhəmmədədək (1648-1687) Rum sultanları; 21. Şahibəydən (Məhəmməd
Şeybani xan nəzərdə tutulur-N.M) Əbdüllətif xanın ölümünə qədər, yəni
1500-1552-ci illərdə özbək xanları; 22. I Şah Ismayıldan I Şah Abbasın h.1038-ci
(m.1629-cu) ildə ölümünədək Səfəvilərin tarixi; 23. 220 şairin həyat və
yaradıcılıqları haqqında qısa məlumatlar
[7,s.26-27].
Haqqında söz açdığımız bu üç
salnaməçinin hər biri XVII əsrdə Azərbaycanın eimi-mədəni mühitinə öz
töhfələrini vermiş şəxslərdirlər. Bir tərəfdən onların salnaməçilik sahəsindəki
fəaliyyətlərinin araşdırılması Azərbaycanda tarix elminin inkişafı prosesini
daha dolğun formada izləməyə imkan verirsə, digər tərəfdən də onların
əsərlərinin geniş şəkildə tədqiqata cəlb olunması tariximizə dair yeni faktların
aşkarlanmasına yardımçı olur.