Üstəlik, nə iqtidar, nə ordu, nə də xalq
müharibəyə hazırdır. Hələ 90-cı illərin əvvəllərində bu cür sülh danışıqlarının
mənasızlığı tarixi təcrübədən öyrənilərək rədd edilməli idi. Yalnız bu gün biz
ürək ağrısı ilə anlayırıq ki, Qarabağın qorunub saxlanılması və ya işğaldan azad
edilməsi Azərbaycan iqtidarının məqsədi yox, istəyi olub. Məhz, buna görə biz
danışıqları əsaslı səbəb olmadan uduza-uduza Qarabağdan düşmənlərimizin
arzuladıqları məsafəyə qədər uzaqlaşmışıq. Indi yalnız ipi kəsmək qalır ki,
bunun da məqamı ilbəil yaxınlaşır. Bu mənzərə nə qədər sərt və acı olsa da
reallıqdır. Ancaq, mövcud reallığın acılığı və sərtliyi hələ onun qəbulu demək
deyil.
Yəni, əslində bu mənzərənin qarşısında dura biləcək başqa bir reallıq da
mövcuddur ki, bu da Azərbaycanın malik olduğu potensial, başqa sözlə bu
potensialın işə salınmasıdır. Böyüklüyündən və kiçikliyindən, iqtisadi və hərbi
gücündən asılı olmayaraq hər hansı dövlətin ərazi bütövlüyü onun fəaliyyətində
cari məsələ yox, TARİXİ vəzifədir. Ancaq bu gün iqtidarlı-müxalifətli Azərbaycan
xalqının “Qarabağ” fəaliyyəti TARİXİ VƏZİFƏ səviyyəsindədirmi? Bu suala müsbət
cavab yalnız ritorik mahiyyət daşıyar. Vəziyyətin bu dərəcəyə enməsinin obyektiv
və subyektiv səbəblərinin araşdırılması bu günün işi deyil. Bu gün buraxılmış
səhvlərin aradan qaldırılması və təkrarlanmaması üçün təşəbbüskarlığı
gücləndirmək gərəkdir.
Ən başlıcası, Azərbaycan rəhbərliyi Qarabağ məsələsi üzrə
mövqeyini zəruriliyinə çoxdan ehtiyac duyulan sənəd şəklində, deyək ki, “Qarabağ
Konsepsiyası” formasında ortaya qoymalıdır. Həmin sənəddə Azərbaycan tərəfi
münaqişənin tənzimlənməsində öz məqsədinin detallarını açıqlamalı, Dağlıq
Qarabağa təklif edəcəyi statusun konturlarını dəqiqləşdirməli və tarixi, coğrafi,
iqtisadi və siyasi cəhətdən əsaslandırmalıdır. Eyni zamanda, bunun rədd
ediləcəyi təqdirdə birtərəfli fəaliyyətinin şərtlərini göstərməlidir. Belə bir
konsepsiyanın təqdimi üçün heç vaxt indiki qədər tələbat olmayıb. Belə ki, BMT
çərçivəsində GUAM dövlətlərinin təklifilə dondurulmuş münaqişələrin müzakirəsi
gedişində belə bir sənədin ortaya qoyulması, güclü təsir vasitəsi olmaqla yanaşı
Azərbaycanın QƏTİYYƏTLİLİYİnin göstəricisinə çevrilər.
Üstəlik, Qarabağın hüququ
mənsubluğu üzərində ABŞ dövlət departamentinin bu yaxınlarda çıxartdığı şouya və
Rusiya federasiyasının ensiklopedik məlumatda etdiyi əllaməliyə tutarlı siyasi
cavab olar. Dövlət tərəfindən belə bir sənəd ortaya qoyularsa, təbii ki, onun
icra proqramı tərtib olunmalıdır. Proqramın həyata keçirilmə mexanizmi Qarabağ
üzrə xarici siyasətin bütün aspektlərini özündə ehtiva etməklə yanaşı bütövlükdə
Azərbaycan iqtidqrının QƏTİYYƏTLİLİYİnin təcəssümü olmalıdır. Çünki, regionda
gözü olan əcnəbi qüvvələrin səyi ilə Qarabağ məsələsinin dünya siyasəti
müstəvisinə çıxarılması bu münaqişənin çözülməsinə qeyri-adekvat siyasi çalarlar
verib ki, bunlardan da ən mühümü PSİXOLOJİ amildir.
Hazırkı dövrdə qərb
siyasətinin ən mürəkkəb və güclü halqası məhz, psixoloji durumla bağlıdır. Yəni,
qərb cəmiyyətlərində qətiyyətlilik haqqın göstəricisi kimi anlaşılır.
Qətiyyətlilik isə müxtəlif səvviyyələrdə “lazım gələrsə torpaqlarımızı azad
edərik” kimi ritorik ibarələrlə yox, əməli işlə göstərilməlidir. Söhbət ondan
getmir ki, Azərbaycan bu dəqiqə müharibəyə başlamalıdır. Düzdür, Qarabağ
münaqişəsinin ən qısa və haqlı yolu düşməni döyüşlə qovmaqdır. Ancaq, Azərbaycan
sülh danışıqları yolu seçib və heç olmasa bu yolda hücumçu mövqeyində çıxış
etməlidir, çünki, Azərbaycan haqlıdır və İDDİAÇI rolundadır.Əgər Azərbaycan
iqtidarının bu gün Minsk qrupundan (yararsızlığı bir yana, Azərbaycanı
təslimçiliyə sürüklədiyinə görə) imtina etməyə cəsarəti çatmırsa, amma həmin
qrupun “yengəlik” funksiyasını qəbul edirsə, onda özü təşəbbüskarlıq edərək
qrupun işini yönəltməyə çalışmalı, başqa sözlə, qrupa təsir edərək söz sahibi
olduğunu nəzərə çatdırmaqla öz mövqeyini möhkəmləndirməlidir.
Bir sözlə,
Azərbaycan Qarabağ üzərində hüquqi haqqın ona məxsus olduğunu ən kiçik
səviyyələrdən başlamış, ən yüksək görüşlərədək hər yanda vəchlə nümayiş
etdirməlidir. Qarabağ münaqişəsinin həllində ikinci ən mühüm şərt daxili siyasi
ab-havanın yüksəldilməsi, yəni ölkə həyatının demokratikləşməsi prosesinin
gücləndirilməsidir. Bu gün Azərbaycanın demokratikləşdirilməsi onun özündən
başqa heç bir dövlətə gərək deyil. Çünki demokratik cəmiyyətin əsaslarını
laxlatmaq, demokratik hakimiyyətə kənardan təsir edərək öz niyyətlərini qəbul
etdirmək çox çətindir. Qərbdən gələn demokratik islahatlar tələbi isə sünidir və
hakimiyyətə təsir etmək vasitəsindən başqa bir şey deyildir.
Elə buna görə də
Qərb Azərbaycana münasibətində ikili standartlara malikdir ki, bu da onun əsl
məqsədinin nədən ibarət olduğunu ortaya qoyur. Belə şəraitdə Azərbaycanın bircə
düzgün yolu var: iqtidar inqilabi səviyyədə demokratik islahatları həyata
keçirməli, ikili standart mövqeli dövlətləri demokratik prinsiplərə, tarixi-beynəlxalq
hüquq normalarına əməl etməyə çağırmalıdır.Bizcə, bu yolla Azərbaycan Qarabağ
münaqişəsinin danışıqlar yolu ilə həllində keyfiyyət dəyişikliyinə nail ola
bilər. Itirilmiş torpaqlarımızın geri qaytarılması üçün edilən səylərin indiki
durumu üzrə mən bir sıra mülahizələrimi bu yazı ilə ictimaiyyətin nəzərinə
çatdırmağa çalışdım. Əminəm ki, Azərbaycan xalqı öz haqqının tapdalanmamasına
yol verməyəcək və gec-tez Qarabağımızı geri qaytaracağıq.