XVIII əsrin əvvəllərində, Xəzər Rusiyanın azad çıxışa
malik olduğu yeganə cənub dənizi idi. I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində
vasitəçi dövlətə çevirməyə çalışırdı. Rusiya tarixçisi A.Komarov yazırdı:
“Xəzər” dənizi vasitəsilə Şərqlə ticarətin inkişafı Rusiyanın varlanmasına,
sənaye sahələrinin inkişaf etdirilməsinə xidmət edəcəkdi. Məhz buna görə Böyük
Pyotr, bütün bu əlverişli imkanlardan istifadə edərək, Xəzəri “ərazi baxımdan
rus dənizinə çevirməyə çalışırdı”.
Pyotrun Səfəvilər dölətinə yürüş etmək fikri hələ XVII
əsrin son onilliyində meydana çıxmışdı. Artıq 1694-cü ildə o, Xəzərsahili
vilayətlərə yürüş etmək qərarına gəlmişdi.
Rusiyanın iqtisadi maraqları və Səfəvilər dövləti ilə
yanaşı əlaqələrin müəyyənləşməsi, rus hökumətini Xəzərin şərq və qərb
sahillərinin təbii-coğrafi şəraitini dərindən öyrənməyə vadar edirdi. Bəzi
məlumatlara əsasən, artıq XVII əsrin sonundan başlayaraq, Rusiya səfirləri Xəzər
dənizi sahillərinin tədqiqinə cəhd gösərirdilər.
Xəzər dənizinin qərb sahillərindəki əyalətləri öyrənmək
məqsədi ilə I Pyotr öz yaxın adamı polkovnik A.Volinskinin səfir kimi Səfəvilər
dövlətinə göndərdi.
A.Volınskiyə rəsmi tapşırıq kimi Səfəvi hökuməti ilə
ticarət müqaviləsi bağlamaq göstərişi verilmişdi. Rəsmi tapşırıqdan əlavə
A.Volınskiyə gizli təlimat da təqdim olunmuşdu. Təlimatda səfirə Səfəvi
dövlətinin Xəzərsahili vilayətlərinin ərazisini, ordunun irəliləməsi üçün karvan
yollarını, səfəvi ordusunun, qalaların vəziyyətini və s. dərindən öyrənmək
həvalə edilmişdi. Hərtərəfli hərbi-diplomatik hazırlıqdan sonra I Pyotr
Səfəvilər dövlətinin Xəzərsahili vilayətlərini işğal etmək planını reallaşdırmaq
üçün donanma və ordu hissələrinin yürüşə hazırlaşmasına göstəriş verdi.
Həştərxanın qubernatoru təyin edilən A.Volınski I Pyotrun
tapşırığı ilə yürüşdən qabaq Qafqaz xalqlarını öz tərəfinə çəkməyə can atırdı.
Diplomatik bacarığı sahəsində qubernator kabardinləri, braqunları, aksayları,
tarkov şamxalını, qaraqaytaqları, Dərbənd və Tabasaran xanlarını öz tərəfinə
çəkməyə nail oldu. Lakin, V.P.Listsovun fikrincə, Şimali Qafqaz xalqlarının çoxu
Rusiya hökmdarının ali hakimiyyətini tanımaqlarına baxmayaraq, tez-tez gizli
şəkildə türkiyəpərəst Krım xanı, Kuban sultanı, Kabardin knyazları və Qumıq
şamxalı ilə danışıqlara girirdilər. Hətta A.Volınski I Pyotra məktubunda,
Qafqazın qeyri-xristian xalqlarının hakimləri ilə yaxınlaşmağı məsləhət görmür,
onları qorxu altında saxlamaq və Rusiya maraqlarına tabe etmək üçün yeganə
etibarlı vasitə kimi silaha arxalanmağa üstünlük verirdi.
Bundan əlavə, A.Volınski Kartli çarı VI Vaxtanq və
Azərbaycanın erməni əhalisi ilə də danışıqlar apardı. Pyotrun ermənilərlə
əlaqələri Xəzər sahilinə yürüşdən çox-çox əvvəllər başlanmışdı.
Azərbaycanın Qarabağ bəylərbəyliyində yaşayan ermənilər
yaxşı başa düşürdülər ki, Rusiyanın və başqa xristian ölkələrinin yardımı
olmadan Azərbaycanın ərazisində öz dövlətlərini yarada bilməyəcəklər. Öz
məqsədlərinə çatmaq üçün ermənilər bütün imkanlardan istifadə etməyə
çalışırdılar. Erməni tarixçisi P.T.Arutyunyan tamamilə döğru göstərir ki,
“1699-cu ildən 1711-ci ilə qədər Israil Orinin (erməni nümayəndəsi-O.Ə.) bütün
fəaliyyəti müstəqil və ya Rusiya himayəsi altında yarımmüstəqil erməni
dövlətinin yaradılmasına yönəldilmişdi”.
Lakin, Israil Ori vasitəsi ilə XVII
əsrin sonunda ermənilərin Avropa dövlətlərinə müraciətləri heç bir nəticə
vermədi. Qərbi Avropada nəticəsiz axtarışlardan sonra, 1701-ci ildə Israil Ori
və onun katibi Qandzasar monastırının arximandriti Minas Tiqranyans Moskvaya
gəldi. Pyotrla əlaqəyə girən erməni nümayəndələri, Zaqafqaziyaya daxil olacaq
rus ordusuna, səfəvilərə qarşı mübarizədə böyük saylı erməni qoşunu ilə yardım
etmək vədini verdilər. Qeyd etmək lazımdır ki, öz məqsədlərinə çatmaq üçün,
ermənilərin nümayəndəsi Minas Tiqranyans hətta bir neçə dəfə öz dini etiqadını
dəyişməli olmuşdu. P.T.Arutyunyanın məlumatına görə, Qərbi Avropaya gələn Minas,
ehtimal ki, katolik kilsəsi və Qərbi Avropanın katolik dövlətlərinin başçıları
ilə əlaqə yaratmaq üçün katolikliyi qəbul etmişdi. Sonralar Rusiyaya qayıtmış
Minas yenidən erməni dini etiqadına dönmüş, ömrünün sonuna yaxın isə
pravoslavlığı qəbul etmişdi.
VI Vaxtanqla əlaqələrin yaradılması isə 1720-ci ildə
başlanmışdı. A.Volınskiyə, Pyotr tərəfindən, gürcü çarını öz tərəfinə çəkmək
tapşırığı verilmişdi.
Yesai Həsən Cəlalyan qeyd edirdi ki, Osmanlı imperiyası və
Rusiya Vaxtanqı öz tərəflərinə çəkməyə çalışırdılar. I Pyotr deyirdi: “sən mənim
dindaşımsan, sən mənə qulaq asıb yanıma gəlməlisən”.
Pyotrun göstərişini yerinə yetirən Volınski gürcü çarını
Rusiyaya tərəf sövq etmək üçün bir neçə dəfə emissarlar göndərmişdi.
A.Volınskinin Vaxtanqa müraciəti cavabsız qalmamışdı. Kartli çarı öz
hakimiyyətini saxlamaq ümidi ilə 1721-ci ildə Rusiya təbəəliyini qəbul etməyə
hazır olduğunu bildirdi.
I Pyotr gürcü və ermənilərin nümayəndələri ilə yazışmaları
zamanı onları Səfəvi hakimiyyəti altından azad etməyə, Kartli çarı VI Vaxtanqa
isə osmanlılar tərəfindən işğal edilmiş gürcü torpaqlarını qaytarmaq vədini
verirdi. Gürcü və erməni nümayəndələri isə öz növbəsində rus ordusu Səfəvi
dövlətinin sərhədlərini keçən kimi Pyotra canlı qüvvə ilə yardım göstərməyə söz
verirdilər.
Erməni və gürcüləri ruhlandırmaqla I Pyotr onları lazımi
vaxtda rus ordusuna kömək göstərmək üçün təşkilatlandırırdı. Erməni və
gürcülərin birləşmiş hərbi qüvvələri döğrudan da rus ordusunun Şamaxıya hücum
edəcəyi təqdirdə şəhərə daxil olmağa hazırlaşırdılar. Bu tədbirlər Azərbaycanın
Rusiya tərəfindən işğalını asanlaşdırmaq üçün olduqca vacib hesab edilirdi.
Lakin Azərbaycanın şimal-şərq rayonlarında baş verən hadisələr Rusiyanı çox
narahat edirdi. Hacı Davud, Surxay xan və qaytaqlı Əhməd xanın rəhbərliyi
altında üsyançılar bölgənin şəhərlərinə basqınlar edirdilər. Əlbəttə ki, Hacı
Davudun Səfəvi hakimiyyətini devirərək özünü müstəqil hökmdar elan etmək istəyi
Pyotrun şərq siyasətinə zidd idi. Rusiya hökuməti üsyançıları öz tərəfinə cəlb
etmək məqsədi ilə Hacı Davuda müraciət etmək qərarına gəldi.
Tarixi ədəbiyyatda bununla bağlı ziddiyyətli faktlar
mövcuddur. Rus tədqiqatçılarının əksəriyyəti Hacı Davudun ilk olaraq kömək üçün
Osmanlı hökumətinə müraciət etdiyini bildirərək, onu türkpərəst hesab etmiş,
hətta bəzən Osmanlı imperiyasının cəsusu adlandırmışlar. Bir sıra müəlliflər isə
bunun əksini isbat etməyə çalışmışlar. Onların fikrincə, Bakı, Dərbənd və
Qubanın alınması cəhdləri puça çıxdıqdan sonra, Hacı Davud kömək üçün ilkin
olaraq Rusiyaya müraciət etmişdi.
Bu məsələ ilə bağlı müxtəlif məlumat və faktları
araşdırdıqdan sonra, biz, vəziyyətin tamamilə başqa cür olması fikrinə gəldik.
Faktlar göstərir ki, əslində, Kartli çarı Vaxtanq kimi, Hacı Davuda da birinci
olaraq Rusiya hökuməti özü müraciət etmişdi. Belə ki, Səfəvilər dövlətinin
süqutunu sürətləndirmək üçün bütün imkanlardan istifadə etmək, o cümlədən Qafqaz
xalqlarını ayağa qaldırmaq tapşırığı almış A.Volınski Hacı Davuda məktub yazaraq,
ona Rusiya təbəəliyini qəbul etmək təklifi ilə müraciət etmişdi.
Bu hadisələrə toxunan V.Lıstsov, Həştərxan qubernatorunun
Hacı Davudun yanına nümayəndə göndərdiyini göstəmişdir. Bu, Hacı Davudun
Həştərxan voyevodası İ.V.Kilkinə göndərdiyi 22 aprel 1721-ci il tarixli
məktubundan da aydın olur. Məktubda rusların göndərdiyi “çapar”dan danışılır.
Bir müddət keçdikdən sonra 1721-ci ilin yayında Hacı Davud A.Volınskinin
müraciətinə yalnız müəyyən şərtlər daxilində razılıq verəcəyini bildirdi. Lakin,
Hacı Davudun Rusiya imperiyasına xidməti müqabilində irəli sürdüyü şərtləri
Volınski qəbuledilməz hesab etmişdi. Bu şərtlər haqqında Volınski I Pyotra
yazırdı: “Hacı Davud bəy mənə cavabında Sizin böyüklüyünüzə xidmət etmək
istədiyini bildirir, lakin əvəzində sizdən ordu və kifayət qədər top göndərməyi
xahiş edir ki, onların köməyi ilə İran (Səfəvi imperiyası-O.Ə) şəhərlərini
alsın, lazım olanlarını özünə götürüb,qalanlarını sizə versin...”.
Şirvanda Hacı Davudun nüfuzunun güclənməsi Rusiya hakim
dairələrinin təşvişinə səbəb olmuşdu. Hacı Davudun yardımından faydalanaraq
cəhdlərinin uğursuzluqla nəticələnməsinə baxmayaraq, Rusiya Səfəvi dövlətinə
yürüşə hazırlığı davam etdirirdi.
Hadisələrin belə inkişaf etməsi Şirvanda da narahatçılıq
doğururdu. Rusiya ilə toqquşmaya davam gətirə bilməyəcəyini başa düşən Hacı
Davud, öz müstəqilliyini qoruyub saxlamaq məqsədilə 1721-ci ilin sonunda kömək
üçün Rusiya və Səfəvi dövlətləri ilə düşmənçilik edən Türkiyəyə müraciət etdi.
Lakin Hacı Davud sultandan hərbi yardım istəyərək, daxili muxtariyyətini
saxlamaq şərti ilə Türkiyədən vassal asılılığının qəbul etməyə vəd verdi.
Gördüyümüz kimi Hacı Davud, yalnız daxili muxtariyyatı saxlamaq şərti
ilə, osmanlı imperiyasından asılılığı qəbul edirdi. Bu da, bizim fikrimizcə, bir
daha Hacı Davudun müstəqillik uğrunda mübarizə apardığını göstərir və hər hansı
bir dövlətə meylli olması haqqında fikirlərin yanlış olduğunu sübut edir.