“Əvvəl axır” romanında
üçlük sujet xəttində də öz əksini tapmış olur. Əsərin əvvəllərində qurban
ətindən üç payın ayrılması vasitəsilə müəllif romandakı hadisələri Mətinin,
Mehracın və Rövşənin həyat yolları ətrafında baş verməsinə işarə edir. Qonşudan
gələn qurban ətini “kimə nə çatdığı ilə maraqlanmadan payını səliqə-sahman ilə
yeyib, indi yanını yerə verib, iri sapma stəkandan çayı hortladaraq içən”
Xaliqin etinasızlığı əsərdə hadisələri qabaqlayır. Belə ki, əsərin sonluğunda
Mətinin, Mehracın, həmçinin Rövşənin başının yarılmasının verilməsi bu gənclərə
cəmiyyət tərəfindən yetirilməyən diqqətin və dəstəyin nəticəsidir.
“Əvvəl axır” romanı əsas
və ikinci dərəcəli qəhrəmanların çoxluğu ilə seçilir. “Gözükölgəli” Mətin,
“talesiz” Mehrac, həmçinin “Vətən həsrəti ilə pörşələnən” Rövşən əsərin əsas
qəhrəmanlarıdırlar. Əsərdə bu əsas obrazlarla yanaşı digər obrazların məharətlə
qələmə alınması diqqətdən qaçmır. Həmin obrazların bu problemə ortaq olduqlarını
müşahidə edirik. Həyatın çirkabında boğulan Arzu, hisslərinə hakim olmayan və
Arzudan heç də fərqlənməyən Qönçə, həyatın hər ağır üzünü görmüş Nazpəri,
Nazpərinin körpə oğlunu oğurlamış və bu günahın cavabını almış Andra, ailəsinə
qiymət qoymayan Xaliq, özünün pak ölümü ilə yaddaşlara həkk olunan Gülyanaq və
digər surətlər müəllif tərəfindən incəliklə işlənilərək oxucuların mühakiməsinə
təqdim edilməsi ilə maraq kəsb edir.
Əsərdə Xədicə obrazı
maraq doğurur. Xədicə romandakı digər qadınlardan özünün sadiqliyi, etibarı,
isməti, qeyrəti ilə seçilir. Xədicə kimi qadınların təsvir edilməsi
cəmiyyətimizdə milli dəyərlərin məhv olmadığına, müasirliyimizin çətinliklərinə
baxmayaraq saf və təmiz münasibətlərin mümkün olmasına müəllif ümidini əks
etdirir.
Romanda ata-oğul Xaliq və
Mətinin obrazlarının müqayisəsi xüsusi maraq doğurur. Ata-babalarımızın dediyi
“ot kökü üstə bitər” deyimi sanki Mətinə aid idi. On dörd yaşlı oğlan atası
Xaliq kimi hisslərini toparlaya bilməmişdir. Xaliqin erməni axçisi Haykanuşdan
Əsli-Asya adlı bic dünyaya gəlmiş qızı erməni keşişi Qriqorinin qızına çevrilir.
Mətin də atası Xaliq kimi dünyaya bilmədən bic övlad gətirir.
“Əvvəl axır” romanının
problematikası əsasən iki mövzunu əhatə edir:
- Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının işğalı və bunun
siyasi-ictimai nəticələri;
- müasir cəmiyyətimizdə sosial ədalətsizlik və onun insanların talelərinə
təsiri.
“Əvvəl axır” romanında
azərbaycanlıların və ermənilərin milli şüurunun fərqlərinin açıqlanmasına xüsusi
diqqət yetirilir. Ermənilərin mənfur əməllərini, yəni XX əsrin əvvəllərində
törətdikləri vəhşilikləri unutmayan ağsaqqalların övladlarının ermənilərlə
kirvəlik etməsini göstərməklə müəllif Sovet İmperiyasının uzun müddət işğalında
olmuş Azərbaycanda milli yaddaşın silinməsinin təhlükəli nəticələrinə oxucuların
diqqətini cəlb edir. Ermənilərlə kirvəlik edən və milli tarixin qanlı
səhifələrini unudan azərbaycanlıların olması ürəkləri ağrıdan bir üslubla qələmə
alınmışdır: “dünyagörmüş kişinin dalağı sancırdı, qocalar ötən əsrin əvvəlində
ermənilərin törətdiyi qanlı qırğınları unutmamışdılar. Sovet hökuməti qamqalaq
evcik kimi dağıldığı vaxtdan ürəklərində mürgüləyən təşviş oyanmışdı”.
Ermənilərlə kirvəlik əlaqəsi saxlamış Xaliqin ermənilər haqqında dedikləri maraq
doğurur: “Ermənilər qudurublar, Qarabağ davası edirlər, müharibə ola bilər.
Ermənistandan Bakıya çoxlu qaçqın gəlib, burunları, qulaqları kəsilib...”
Ermənilərin XX əsrin
əvvəllərində azərbaycanlılara qarşı apardıqları müharibədə uğradıqları
məğlubiyyətlə barışmadıqları və azərbaycanlılara qarşı kinlə böyüdükləri, qisas
hissi ilə yaşadıqları müəllif tərəfindən qələmə alınaraq oxucuya çatdırılır.
Aronun dili ilə ermənilərin milli şüurunda türklər və azərbaycanlılara qarşı
nifrətin artıq dərin kök buraxması açıqlanır: “Keçmişdə türklər ana-babamın
alnını yabayla deşib, içinə torpaq doldurublar ki, gözü torpaqdan doysun. O vaxt
gəlib, babam bir türk kəndinin adamlarının əl-ayaqlarını bir-birlərinə
çataqlatdırıb diri-diri çaya tökdürübmüş.Babamın acığını çıxıram”. Totalitar
kommunist rejimi dövründə dolayı yollarla çıxış yolu tapan ermənilərin nifrəti
və qəddarlığı zəifləyən Moskvanın dəstəyi ilə irimiqyaslı xarakter almış və
Azərbaycanın bir hissəsinin işğalı ilə nəticələnmişdir. Bu məqamda, ermənilərin
ağcaqanadla müqayisəsi də əsərdə maraqlı və yaddaqalan epizodlardan birinə
çevrilmişdir. Bu müqayisə erməni millətçiliyinin mahiyyətini gözümüzdə
canlandırır: “...bir az gün dönən kimi ağcaqanadlar evə doluşub erməni arvadları
kimi qurbanlarının üstündə vay-şivən qoparacaqdılar. Gərək əvvəldən
qapı-pəncərəni açıq qoymayasan, odur, qırılmış ermənilər torpağa ağcaqanad kimi
topa-topa daraşıblar, indi bir-bir öldürüb məhv etməlisən, hiş-kişlə bayıra
çıxan deyillər”. Bu müqayisə əsərin digər bir hissəsində də öz əksini tapmışdır:
“Ermənini də, bizi də Tanrı yaratmışdı, əgər haqq tərəfində idisə, niyə onları
at milçəyi, sağalmaz azar kimi eləcə canımıza salmışdı”.
“Əvvəl axır” romanında
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər rayonlarının işğalı zamanı
rus əsgərlərinin iştirak etməsi olayları da öz əksini tapmışdır. Erməni
yaraqlılarının mənfur əməllərinə rus muzdluları tərəfindən yardım edilməsi faktı
müəllif tərəfindən işıqlandırılır. Bu baxımdan ermənilərə Sovet İmperiyasının
Qızıl Ordusunun kömək etməsi əsərdə çılpaqlığı ilə açıqlanmışdır. Iki azyaşlı
uşaqların-azərbaycanlı Mətinin və erməni dığası Xaçikin danışığında bu amil
açıqlanır: “Xaçik Mətinin gözləri ilə kəndi nişan aldığını görmüşdü, bu, heç
xoşuna gəlmirdi.
-Hara baxırsan belə?
-Bu adamlar kimdi
qaynaşır kənddə? Yas-zad düşüb?
Xaçikin dodaqları
lovğalıqdan qabardı.
-Ruslardır, qonaq gəliblər.
-Ruslardan qonaq olar? Yalan
danışma.
-Yox, yox, yaxşı adamdılar,
hətta xalam oğluna avtomat atmağı da öyrədirlər. Bir kərə də mənə verdilər.
Artıq atmağı bilirəm”. Daha bir fakt da ermənilərin rus ordusu ilə birlikdə
Azərbaycan torpaqlarını zəbt etmək niyyəti ilə həyata keçiriləsi planlarını
reallaşdırmaq üçün atacaqları addımları gözümüzdə canlandırır: “...müharibə
olacaq, ermənilərin qan düşməni türklərdən olub-qalanların, qırılanların qisası
alınacaq”.
Erməni millətçiliyinin uydurma
tezislərə əsaslanması əsərdə erməni meyidinin ortada qalması epizodu vasitəsilə
göstərilir. Bu cür bədii priyomla müəllif ermənilərin Cənubi Qafqazda gəlmə
olduqlarını oxuculara çatdırır-torpaq gəlmə olan erməniləri “qəbul etmir”:
“...Yolun ortasında qalmış yiyəsiz erməni meyidinin sümüklərinə isə çölün ac
çaqqalı da yaxın getmirdi. Köpək oğlu erməninin sümüyü də insan sümüyü deyildi,
zəhərli idi. Kəndin təsadüfən ora-bura keçən it-pişikləri onu yaxşıca
murdarlamış, ...qalağına çevirmişdilər. ...əyri sümükləri ağaran erməni seçim
qarşısında qalsaydı, yenə bu taleyə inciməzdi. Çürüsün, murdarlansın, təki türk
torpağında ölsün, türkün bir qarış torpağını tutmaq da qəhrəmanlıqdır, “yazıq”
erməninin gömülməyə torpağı yox idi”.
Gəlməlik erməni millətinin
şüuruna önəmli təsir göstərir. Belə ki, tarixi Azərbaycan torpaqlarında
məskunlaşmış ermənilərin milli şüurunda qorxu kompleksi kök buraxmışdır.
Ermənistanın rəsmi sənədlərini və dövlət xadimlərinin çıxışlarını nəzərdən
keçirsək görmək olar ki, ermənilər azərbaycanlılar və türklərdən vahimələnirlər.
Erməni dığası Xaçikin ermənilərlə azərbaycanlıların niyə düşmən olması haqqında
öz-özünə verdiyi suallar da maraq doğurur. Onun türklərin niyə pis adam
adlandırılması sualına cavab axtarması, ermənilərin guya türklər tərəfindən
qırılmalarını ağlına sığışdırmayan erməni balasının düşüncələri bu baxımdan
diqqəti cəlb edir. Belə ki, nənəsinin birinci ərinin, yəni öz anasının atası,
babasının türk olması bu balaca erməni dığasını fikirləşməyə vadar edir.
Müəllifin istifadə etdiyi ədəbi priyom maraq doğurur. Xaçikin “türk pis idi,
nənəsi niyə ona ərə getmişdi, nədən onu xatırlayanda həsrətlə köks ötürürdü?”
kimi düşüncələri bir daha bizləri fikirləşməyə vadar edir.
Qorxu, vahimə erməni milli
şüurunda qüsurluq sindromunu yaradaraq, bu etnik qrupun daxilində cəmləşmiş
mənfi duyğuların üzə çıxarmasına şərait yaratmış olur. Nəticədə, erməni
millətçiliyi azərbaycanlılara və digər xalqlara qarşı törədilən bütün qəddar və
cinayətkar hərəkətlərə bəraət qazandırır. Faktiki olaraq, erməni millətçiliyi öz
faşist mahiyyətini bununla açıqlayır.
Bu konteksdə əsərdə əsir düşmüş
azərbaycanlıların əsir düşmələrinin təsviri maraqlıdır. Belə ki, alman
natsistləri kimi erməni millətçiləri işə qadir olmasından asılı olaraq əsirləri
iki hissəyə bölürlər. Işə qadir olmayan soydaşlarımız əziyyətlə qətlə yetirilir,
digərləri isə qul qismində Ermənistana aparılır: “...kəndin ortasında bizim
əsgərləri görmüş, aşağı düşüb düz onların yanına gəlmiş, doğma görkəmində olan
ermənilərə əsir düşmüşdülər. Qaça bilməyənlər yerlərindəcə güllələnmiş,
cavanları kolxoz anbarına yığıb qıfıllamış, qapıya keşikçi qoymuşdular.
Xankəndinə aparıb nökərçiliyə verəcək, yüzillik acıqlarını çıxacaqdılar”. Erməni
quldarlığın qəddarlığı və insanlığı erməni yaraqlısı Arakelin dili ilə oxuculara
çatdırılır: “...Buna bax ey, arvad belə olar, aparıb komandirə peşkəş edəcəyəm,
qoy ayaqlarını yusun, gecələr canını qızdırsın. Bəlkə başı qarışıb, bizi
izləməsin, qoysun qumarımızı oynayaq. Bunları da yeməkxanada işlədərik. Birini
anamgilə verəcəyəm, mal-qaraya baxsın. Hələ canı suludur. Onsuz da nənəm imkan
verməz dədəm bununla gözunun qurdunu öldürsün. Bir zülmü dədəm edəcək, yüz zülmü
nənəm”.
“Əvvəl axır” romanında
Azərbaycana qarşı müharibənin döyüş meydanında aparılması ilə yanaşı,
gənclərimizin əxlaqsız həyata sövq edilməsi vasitəsilə aparılması xüsusi
vurğulanır. Belə ki, romanda əksini tapmış azərbaycan gənclərinin narkotik
maddələrin qəbul edilməsinə məqsədyönlü sövq olunması gerçəkliyimizin ən
dəhşətli təhlükələrindən biridir. Misal kimi qeyd etmək olar ki. rəsmi
satistikaya görə respublikamıza narkotik maddələrin “idxalı”nda Azərbaycanın
milli azadlıq hərəkatından çəkinən İran aparıcı mövqe əldə edə bilmişdir.
Romanın “Narkoman” bölməsində erməni dığası Xaçikin Mətini narkotikə öyrətməsini
təsvir etməklə müəllif soydaşlarımızı düşünməyə çağırır: “Al dadına bax, bu ayrı
şeydir, sən deyənlərdən deyil. Con dayı verib, bir günə bəs edir, əsl kayfdır”.
Mətinin Xaçik tərəfindən bilərəkdən narkomana çevrilməsi milli fəlakət kimi
dəyərləndirilməlidir.
Mətinin narkomanlığa uğraması
vasitəsilə müəllif cəmiyyətimizdə milli dəyərlərin qorunması probleminə toxunur.
Mahirə Abdulla rus zabiti Vasyanın dili ilə geniş türk ailəsinə mənsub
azərbaycanlıların milli dəyərlərin qorunması sahəsində üzləşdiyi problemlərin
qlobal xarakter daşımasını və bütün türk dünyasını əhatə etməsini vurğulayır. Bu
baxımdan, romanda rus zabiti Vasyanın azərbaycanlıların daxili xüsusiyyətləri və
keçmişi barədə düşüncələri maraq doğurur: “Onun üçün azərbaycanlı ölümün,
qəflətin, cəzanın, dözümsüzlüyün, aclığın, əsirliyin adı olan çeçenlərin özü
idi. Düzdür, azərbaycanlılar ilk baxışdan çeçenlərdən fağır, ağır görünürdülər,
amma yəqin onları tərpədən yox idi. Çeçen də türk idi, müsəlman idi. Türk onun
üçün nəfəsini içinə çəkib, gərginlikdən donub qalmış, yatmış əjdahaya, divə
bənzəyirdi. Nə qədər nəfəsini saxlaya bilərdi? Bir gün ağzını açacaqdı, alovlar
zəbanə çəkib düşmənləri külə döndərəcəkdi. Sonra külün üstündə nəhəng ləpirlər
qoyub dərin mağaralara yatmağa gedəcəkdi. Yenə bayırda nə baş verəcəyindən
xəbərsiz olacaqdı. Hər dəfə ayılanda türklərin sonuncu dənizə qeyrət yürüşləri
başlanırdı. Lakin mənzilə çatanda qələbə badəsini axıradək başına çəkmiş bu
divin, əjdahanın yenə şöhrətdən başı gicəllənəcək, sonuncu dənizin dəli
dalğalarının harayını eşitmək, qumlu sahillərin, fəth edilmiş torpaqların sahibi
olmaq həmişəki kimi kənarda, yanında kor çaqqal kimi gözləyənlərə qismət
olurdu”.
Diqqətəlayiq haldır ki, müəllif
milli dəyərlərin qorunması problemini ordu quruculuğu sahəsində əldə edilən
nailiyyətlərlə əlaqələndirir. “Əvvəl axır” romanında dövlətçiliyin və
suverenitetin təmin edilməsində milli ordunun rolunun açıqlanmasına xüsusi
diqqət yetirilir. Mahirə Abdulla milli ordu quruculuğunda yaranan ziddiyyətlərə
xüsusi diqqətlə yanaşır. Mətindən fərqli olaraq, sənət məktəbində peşə öyrənən
Rövşənin hərbi döyüşlərə can atması və burada gördüyü reallıqlar özünün əksini
tapmışdır. Ordu sıralarındakı nizamsızlıq açıqlanır: “Əsgərlər dağınıq idilər,
Rövşən də, elə çoxu da döyüş texnikasını bilmirdi, tətiyi çəkməyi təzəcə
öyrənirdilər. Ağdərə mühasirəsindən sağ çıxmayan əsgərlərdən sonra bütün orduda
boşluq yaranmışdı, boşluq həm də ürəklərdə, başlarda idi”.
Əsərdə cəbhədə bir ayağını
qıçdan aşağı itirmiş Rövşənə məmurların etinasızlığı özlüyündə iki dünyagörüşün
qarşıdurmasını əks etdirir: bir tərəfdən, Vətən məhəbbəti ilə yaşayan Rövşənin
dünyagörüşü, digər tərəfdən isə simasızlaşdırılmış məmur düşüncəsi. Romanda bu
qarşıdurmada bürokrat mexanizmi üstün gəlir: dövlətin məcburetmə mexanizminə
güvənən məmurlar şəxsi maraqlarını Vətənə olan sevgilərindən üstün tuturlar.
Döyüşlər zamanı aparılan kəşfiyyat əməliyyatı zamanı ayağını itirmiş Rövşənə
Müdafiə Nazirliyində “cavan, balacaboy, eni-boyu bilinməyən kişi”nin “nə bilim,
bəlkə qaçanda qıçın minaya düşüb? Vuruşmusunuz, bəs hanı torpaqlar, niyə erməni
oturub orada?” deməsi sadalanan iki düşüncə arasındakı fərqləri açıqlayır.
Romanın “Ağdərədən üzübəri” bölməsində asayişi qorumağa borclu olan polis
əməkdaşları tərəfindən Rövşənin başının yarılmasının ürəkağrısı ilə qələmə
alınması diqqəti cəlb edir. Vətən uğrunda döyüşməkdənsə, yaraşıqlı, rahat
kobinetlərdə oturub göstəriş verən bir məmurun Rövşənə qarşı bu kimi ittihamlar
irəli sürməsi, polis əməkdaşlarının isə ona əl qaldırmaları oxucuları erməni
işğalçılarına qarşı vuruşmuş soydaşlarımıza qarşı göstərilən münasibət barədə
düşünməyə sövq edir.
Ilk baxışdan Mətinin
narkomanlığa uğraması və Vətən uğrunda döyüşlərdə iştirak etmiş Rövşənə qarşı
laqeyd münasibət arasında əlaqə gözə çarpmır. Lakin, bu iki hadisələr daxili
məntiqinə görə əlaqəlidir. Belə ki, Rövşən kimi döyüşçülərə qarşı etinasızlıq
cəmiyyətdə ümumbəşəri və milli dəyərlərin silinməsinə, gənclərdə milli hissin
məhv olmasına əlverişli şərait yaradır. Nəticədə, ümummilli problemlərin, o
cümlədən Dağlıq Qarabağın və digər rayonların işğaldan azad edilməsi probleminin
həllinə dair inam azalır: “Qarabağsız hamımız dilənçiyik... Qarabağsız şilik,
şikəstik, dilənçiyik, fağırıq, mağmunq... Ay dədənizə lənət, Qarabağı verənlər!”
Qarabağın qəsdən verilməsi amilinə toxunan Xədicənin fikirləri də bu baxımdan
maraqlıdır. Xədicənin Rövşəni Müdafiə Nazirliyinə getməsində suçlandıraraq
“...Qarabağı özləri verib, özləri alacaqlar? Gülməli söhbətdir” deməsi hamımızı
bu problem ətrafında düşünməyə vadar edir.
Bununla belə, “Əvvəl axır”
romanında Dağlıq Qarabağın və digər rayonların işğaldan azad edilməsinə çağırış
səslənir. Müəllif, milli dirçəlişi və milli dövlətçiliyin inkişafını işğal
edilmiş ərazilərdə Azərbaycan suverenitetinin bərpa edilməsindən asılı olmasını
xüsusi vurğulayır: “Müharibədə uduzmuş ölkə-təkərləri çıxarılmış arabaydı, nə
dayandığı yerdə yaxşı durur, nə də yol gedə bilirdi, ləngərlənib içindəkiləri
yerə tökməyə, xışmalamağa çalışırdı, əzilib birrəngli, birtərkibli boz kütləyə
çevrilmək hər kəsin, hər anın qisməti ola bilərdi. Müharibə-təbii fəlakət idi,
yaxşıya, pisə, gözələ, çirkinə baxmırdı. Hamıya öz damğasını basırdı. Bəzisi
qaçıb qurtarmağa müvəffəq olsa da, övladları, nəsli-kökü bir gün onunla
üzləşirdi”.
Sosial ədalətsizlik və onun
insanların talelərinə təsiri Mahirə Abdullanın “Əvvəl axır” romanının
problematikasında önəmli yer tutur. Bu baxımdan, əsərdə sosial ziddiyyətlərin
qurbanına çevrilmiş insanların qələmə alınması maraqlıdır. Romanda mənəviyyatsız
həyat tərzi sürən Arzu kimi azərbaycanlı qadınlarının təsviri ağır da olsa
günümüzün reallığı kimi səslənir. Evdə oturub arvadı Arzuya şəhərə pul qazanmaq
üçün göndərən kişinin xanımı bundan artıq ola da bilməz. Tanımadığı Bahadur adlı
bir kişinin təklifini qəbul edən Arzunun özünə haqq qazandırması ağlabatan
deyil. Özünün ləyaqətinə qiymət qoymayan qadının surəti qısa epizodlarla təsvir
edilsə də çılpaqlığı ilə tam açıqlandığını müşahidə edirik. Üç uşaq anası olan
Arzunun Bahadurun “qadını”na çevrilməsi ilə cəmiyyətdəki mövqeyi dəyişildimi?
Əksinə, olan mənliyi də ayaqlar altına atıldı. Yazıçının qeyd etdiyi kimi Arzu
“...yazıq olan-oyuncağa çevrilən, əzilən, mənliyi, ləyaqəti təhqir olunan, kobud
kişilərin rəftarından, ürək açmayan, istək-filan nəzərə alınmayan, yalnız
tələbata, vərdişə çevrilmiş münasibətlərdən bezən, boşluğa və heçliyə
yuvarlanan, getdikcə dərinləşən uçurumdan çıxış yolu tapmayıb ümidsizləşən,
abırsızlaşan qadınlar”ı əks etdirir.
Son illərdə Azərbaycandan xeyli
soydaşlarımız ailələrini dolandırmaq üçün MDB və digər ölkələrə işləməyə getməyə
məcbur olurlar. Gercəkliyimizə xas olan miqrasiya probleminə toxunan müəllif bu
proseslərin ailə münasibətlərinə göstərdiyi təsirin aşıqlanmasına çalışır.
Əsərdə Rusiyaya pul qazanmağa getmiş olan ərləri tərəfindən atılan qadınların
talelərinin açıqlanması da diqqəti cəlb edir. Lakin müəllifin gəldiyi qənaət
qaneedici deyil. Belə ki, yazıçının “Qız evdə qalanda təmiz, soyuq bulaq kimi
çağlayır, ərə gedəndə qızmar ocağa dönür, odunu almaq, göz önündə, yanında
saxlamaq lazımdır, özünü də, başqalarını da qovurub qarsmasın.
Təzə gəlini toydan sonra qoyub
getmək böyük günahdır. Quru taxıl zəmisinin ortasında ocaq çatmaqdır. Yağı
ocağın üstünə töküb üzünü ona tutmaqdır” və s. deyimlərin qələmə alınması heç də
bir-iki ilin gəlini olan Qönçəyə imkan vermir ki, ismətini, qeyrətini atıb ərli
qadın ola-ola on dörd yaşlı bir uşağın qucağnda ehtirasını söndürsün.
Mahirə Abdullanın ailə
münasibətlərinin durumuna marağı, onların insan taleyini müəyyənləşdirən amil
olmasından irəli gəlir. Əsərin “Agah” adlı hissəsində düzgün qurulmamış ailə
münasibətlərinin insanın taleyini sındıran faktor kimi çıxış etməsi göstərilir.
Bu baxımdan, Nazpərinin ağır həyatının müəyyən hissələrinin işıqlandırılaraq
oxucuya çatdırılması öz-özlüyündə maraq doğurur.Yaşadığı ailədəki haqsızlıqdan
zinhara gəlmiş “kənddə ikinci adam” hesab edilən briqadir Nağının qızı
Nazpərinin çoban olan “şivərək bədənli Qacay”a qoşulub qaçması onun ağrılı
həyatının davamı kimi açıqlanır. “Yağışdan çıxıb yağmura düşən” Nazpərinin bu
səhvi törətməsində ana evini zəli kimi sümürən, “fikri-zikri dağar qarınlı
ərinin qoynuna girib doğmaq, siçovul kimi harada nə gördü, dartıb yuvasına
gətirmək” olan bacını, qızının qayğısına qalmayan ananı səbəbkar kimi görmək
mümkündür. Nazpərinin bu addımı atmasına “...dədəsinin kəsilməyən qışqırığı,
anasının deyintisi, bacısının donqultusu, bacısı uşaqlarının zıqqıltısı” vadar
etməsi müəllif tərəfindən oxucunun gözündə canlandırılır. Əsərdə Nazpərinin
körpə oğlunun qaraçı dəstəsindən olan Andra tərəfindən oğurlanması faktı da
qələmə alınır. “Əvvəl necə başlayır, Axır da elə gətirir” kimi qeyd edən yazıçı
Nazpərinin iztirablarla dolu həyatında atası evindəki mövcud ədalətsizliyin
təsirini tam açıqlayır.
Üç hissədən ibarət (“Narkoman”,
“Agah”, “Ağdərədən üzübəri”) “Əvvəl axır” romanının “müharibə qurtarmamışdı. Hər
yerdə müharibə gedirdi...” sonluğu ilə bitməsi Azərbaycan xalqını erməni
quldurlarının apardıqları soyqırıma qarşı həmişə hazır olmağı və bu mənfur
məxluqlar üzərində zəfər çalmağın çağırışı kimi qəbul edilməlidir. Romanı
oxuyarkən bir daha bu nəticəyə gəlirik ki, Qarabağ müharibəsinin özü faciədir.
Qarabağ müharibəsi insanın heç bir şeylə əvəz oluna bilməyən həyatına, təbiətə,
insanın qurub yaratdığı cəmiyyətə, bir sözlə bəşəriyyətə qarşı yönəldilmiş
cinayət kimi qiymətləndirilməlidir. Bu baxımdan “Əvvəl axır” romanı “Qarabağ
romanı” janrın kamil nümunəsi kimi qəbul edilməlidir. Bununla belə, romanın
müxtəlif hissələrində ikinci dərəcəli qəhrəmanların adlarında çaşqınlıq
mövcuddur. Belə ki, çoban Qiyas romanın digər bir yerində Qaçay kimi təqdim
olunur, qaraçı Zaxarın anası Nona kimi təqdim edildiyi ilə yanaşı həmçinin Ada (Ada
arvad) kimi təqdim edilir. (“Nonanın falının düzgünlüyünə şübhə yox idi” və ya
“Adanın dalağı sancmışdır”).