Bu əsərlərdə
təsvir olunmuş rus hərbçilərinin (rus zabiti və əsgəri) obrazlarının
açıqlanmasına xüsusi diqqət yetirmək vacibdir. Sovet İmperiyasının Qızıl
Ordusunun ermənilərə kömək etməsi müasir ədəbiyyatımızda çılpaqlığı ilə
açıqlanır. Onu da qeyd etmək lazımdır ki, rus hərbçilərinin (rus zabiti və
əsgəri) obrazlarına münasibət birmənalı olmamışdır.
Müasir romanlarımızda Rusiyanın apardığı siyasi kursuna və
onların iştirak etdiyi tarixi olaylara yazıçılar tərəfindən real qiymət
verilməsi faktı onların Azərbaycanı işğal etmək istəyi kimi
dəyərləndirilməlidir. Kərim Dünyamalının “Qana boyanmış illər” povestində
XVIII-XIX əsrlərdə çar Rusiyasının Azərbaycana qarşı apardığı siyasi mübarizəsi
açıqlanır: “məhz Rus-İran müharibələrindən sonra, çar Rusiyasının tərkibinə
qatılmış Qafqaz Azərbaycanının adı 1809-cu ildən xəritələrdən və rəsmi
sənədlərdən silinib, azəri türkləri olan əhalisi “tatar” adlandırılmışdı.” Bu
müharibənin vurduğu zərbələr Azərbaycandan yan keçmədiyi bir daha Kərim
Dünyamalı tərəfindən açıqlanır: “Türkmənçay müqaviləsindən sonra İrandan 30
mindən çox, Ədirmə sülhündən sonra isə Türkiyədən 80 min erməni ailəsi
Azərbaycanın ən münbit və strateji cəhətdən əhəmiyyətli olan ərazilərdə
yerləşdirildi. Rus çarı tərəfindən uzaqgörənliklə, düşünülmüş formada yerinə
yetirilmiş bu köçürmələr Azərbaycanda ermənilər tərəfindən törədiləcək qanlı
qırğınların bünövrəsini qoymuş oldu.
Bununla da Türkiyəyə və tük dünyasına qarşı
gizli-aşkar mübarizə gücləndirildi”. Kərim Dünyamalının bu povestində 1725-ci
ildə yazılmış və 1738-ci ildə elan edilmış I Pyotrun vəsiyyətinin verilməsi
diqqəti cəlb edən maraqlı tarixi faktlardan biridir: “Rusiya dövlətinin o zaman
dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya-Avropa xəzinələrinin
açarı olan İstanbul olsun. İstanbula sahib olan şah dünyada ilahi şah olacaqdır.
Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad
törətmək, dava-dalaş yaratmaq lazımıdr. Bu işdə sunni və şiə məzhəbləri
arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur.
Əgər bu ölkələrdə
müsəlmanlar göz açıb, hüquqlarını qansalar, o bizə böyük ziyan olar. Islam
əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada
ciddi təbliğ edib yaymaq zəruridir”. Fazil Günayın “Qara qan” romanında da
XVIII-XIX əsrlərdə çar Rusiyasının apardığı siyasətə toxunulur: “...son iki yüz
ildə erməniləri Qafqaza gətirib cəm edən, yerli əhalinin sıxışdırıb, onları
indiki Ermənistan respublikası ərazisində, Qarabağda, Gəncəbasarda yerləşdirən
Rusiya dövləti olmuşdur. Bu, tarixi faktdır. Rusiya Qafqazı işğal etdikdən sonra
ona Türkiyə və İranla öz arasında bufer xətti lazım idi. Buna görə də erməniləri
İranın, Türkiyənin içərilərindən Qafqaza köçürdülər. Ermənilərinsə öz maraqları
vardır: Rusiyanın vasitəsilə öz dövlətlərini qurmaq! Bu razılaşmalar hələ I
Pyotrun çarlığı dövründə olmuşdur”.
Milli şüurun formalaşmasında yazarlarımızın təsiri
danılmaz bir faktdır. Belə ki, istər müasir, istəsə də klassik yazarlarımızın
yaradıcılıqları bu yöndə əvəzsiz xidmət göstərmələri ilə tarixi yaddaşlarda
özlərinə məxsus yer tutmuşlar. Bu baxımdan Azərbaycan ədibi Yusif Vəzir
Çəmənzəminlinin yaradıcılığı diqqəti cəlb edir. Ədibin Çar Rusiyası, Azərbaycan
Xalq Cumhuriyyəti və Sovetlər imperiyasına təsadüf etmiş yaradıcılığında xalqın
aktuallıq kəsb edən probleminə toxunulmuşdur. Yusif Vəzir “Ermənistan və biz”,
“Əfkari-ümumiyyə”, “On beş gün Ermənistanda” məqalələrində Rusiyanın o dövrdə
apardığı siyasi kursu real tarixi faktlarla canlandırması ilə maraq kəsb edir.
“Əfkari-ümumiyyə” başlığında ədib yazır: “Hankı millət yaşamaq istərsə, öz
dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və
bağırmağı bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və
məcmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur ermənidir. Bu millət
dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir.
Dünyada elə bir qəzetə
yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa özlərinə məxsus bir çox
qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində “Armyanski
vestnik” məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic
(işə salma) etmək ilə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət
şəklində Avropaya tanıtmaq idi”.
Rus ordusunun adından istifadə edilməsi kimi tarixi
faktları yazarların nəzərindən qaçmamış, bu mövzunu əsərlərinin sujet xəttinə
daxil etmişlər. Sevimli yazıçımız Əlibala Hacızadənin “Möcüzə” romanında bu fakt
özünün çılpaqlığı ilə əksini tapması baxımından diqqəti cəlb edir. Əsərdə xalqın
qanlı tarixi yaddaşına çevrilmiş 20 yanvar gecəsi geniş təhlil obyektinə
çevrilmişdir. Yazıçı 20 yanvar gecəsi qırğınında ermənilərlə yanaşı rus
ordusunun zabit və əsgərlərinin iştirakını ürək ağrısı ilə qələmə alaraq
oxucusuna çatdırmağa müvəffəq olur. Ermənilərin silahsız və günahsız Azərbaycan
xalqının üstünə göndərilməsində Mərkəzin rəhbərlik etdiyini müəllif inandırıcı
şəkildə qələmə alır. Azərbaycan xalqını ermənilərin qıracağını bilən Rus
İmperiyası onlardan hazırlanmış dəstəni Bakıya silahsız insanların üstünə
göndərmişdi.
Yazarların əsərlərində “böyük qardaş” və rus
hərbiçilərinin obrazının müqayisəli şəkildə əksi də maraq dairəsindədir.
Məsələn, A.Rəhimovun “Ikili dünyam” romanındakı Yusifin oğlu Valeriylə dialoqu
bu baxımdan maraq kəsb edir. “Böyük qardaş”ın apardığı siyasi kurs Yusifin dili
ilə gözlərimizdə canlandırılır: “...onu bilməlisən ki, Ermənistanla Azərbaycan
arasındakı milli münaqişələri yaradan Moskvadı. Kremlin şovinist, mənfur
niyyətli, səbatsız siyasətbazlarıdı. Onların “Yenidənqurma”, “Aşkarlıq”,
“Demokratiya” pərdəsi altında SSRİ adlanan nəhəng imperiyanı dağıtmaq
niyyətidir. “Dağlıq Qarabağ” kartı ortaya atılır. Onların irəli sürdükləri
məkrli siyasətlə, yüz ildən artıq tarixi olan “Daşnaq-sütyün” partiyasının
yeritdiyi “Böyük Ermənistan” yaratmaq xülyası ilə ermənilərin qaysaqlanmış
yaralarının üstü açılır. Ermənilərin düşüncə tərzi dəyişdirilir, qanlarına zəhər
qatılır.
Əlverişli şəraitdə özünə kök salan və sürətlə inkişaf edən bu ideya
əvvəl Ermənistana, sonra da bütün dünyada yaşayan ermənilərə ötürülür. Daxildə
və xaricdəki dayaqları zəiflədikcə, nüfuzu azaldıqca Sovet imperiyası
Azərbaycandan çəkinməyə başlayır. Çünki Azərbaycan Şərqin qapısıdır. Kremlin
səbatsız siyasətçiləri həm Ermənistanda, həm də Azərbaycanda öz dayaqlarını
möhkəmləndirmək üçün bəzi vəzifəbazları, satqınları şirnikdirib əllərində
saxlayırlar. Onlar vasitəsilə millətlər arasındakı münasibətləri
kəskinləşdirirlər. Beləliklə də hər iki xalq arasına qırğınlar salırlar. Hazırda
Ermənistanda fəaliyyət göstərən Sovet Ordusu bu çirkin siyasətdən kənarda deyil.
Əksinə, o, Ermənistanı qızışdırıcı və himayəedici mövqedə dayanıb. Rus
hərbçiləri olmasa, ermənilər Azərbaycana heç vaxt belə təsir göstərə bilməzlər.
Pərdələnən Sovet Ordusu ilə erməni quldur dəstələri Azərbaycana qarşı birgə
əməliyyat planı həyata keçirirlər”.
“Böyük qardaş”ın apardığı bu siyasi kursun əsas
problemləri yazarlar tərəfindən əsərlərində açıqlanaraq oxuculara çatdırılır.
Ağarəhim Rəhimov “İkili dünyam” romanında Valerinin General Aleksandr Fyodoroviç
Şatalova ünvanladığı “Ermənistan da, Azərbaycan da SSRİ adlanan nəhəng bir
dövlətin tərkibində olduğu halda Kremlin bu iki qonşu xalqlar arasına nifaq
salmaqda məqsədi nədir?” sualına generalın cavabı qaranlıq məqamlara aydınlıq
gətirir: “Bilirsən ki, SSRİ artıq dağılır. Azərbaycan şərqin qapısıdır. O,
özünün müstəqilliyini, suverenliyini tələb edir. Onun zəngin yeraltı və yerüstü
sərvətləri var. Kreml bu imkanı itirmək istəmir. Onu da bilirsən ki, şimali
azərbaycanın müstəqillik, suverenlik qazanması qonşu İran dövləti üçün də
gec-tez qorxuludur.
Cənublular şımallılarla birləşmək ideyasını qaldıra
bilərlər. Belə olduqda Qafqazda Azərbaycan nəhəng bir dövlətə çevrilə bilər.
Onda gec-tez İran da, Rusiya da, elə Qafqaz xalqları da onlarla hesablaşmalı
olacaqlar. Bu nə Kreml, nə Tehran, nə Yerevan, nə də başqa xalqlar üçün
faydalıdar. Onu da bilməlisən ki, Ermənistan Moskvanın Qafqazdakı dayağıdır.
Daha dəqiq desək, Qafqazda vuran qoludur, əl altısıdır. Kreml ermənilər
vasitəsilə Qafqazda bütün istəklərinə nail ola bilir. Ona görə də Moskva
Yerevanla bir növ müttəfiqdir. Ermənistanın Qafqazda istədiyi kimi fəaliyyəti
Moskvasız mümkün deyil”.
“Böyük qardaş”ın İmperiya daxilində olan millətlər
arasında ayrıseçkiliyi məhz onların erməni yaraqlılarının mənfur əməllərinə
yardım etmələri ilə açıqlanır. Müasir bədii nümunələrimizdə ermənilərə yardım
edən rus hərbiçilərinin (rus zabit və əsgərləri) köməyi tam real faktlara
əsaslanaraq əksini tapmışdır. Belə ki, tək heç bir şeyə qadir olmayan, yalnız
qeyri-insani hərəkətlər törətməyə qadir olan erməni yaraqlılarının rus ordusuna
güvənməsi bu baxımdan səbəbsiz deyildir. Rus ordusunun adı altında bəşəri
cinayətlər törətmiş ermənilərin ruslardan silah və yardım alması faktları artıq
məlum tarixi faktlardan biridir. Məsələn, Elza Mollayevanın qələmə aldığı “Əsir
ürəklərin fəryadı” romanında ermənilərin döyüşləri soyğunçuluq və talançılıq
məqsədilə aparılmasına toxunulmuş, düşmən yaraqlıları arasında əcnəbilərin, o
cümlədən zəncilərin və rusların olması xüsusi vurğulanmışdır. Döyüş zonalarına
ezamiyyətə göndərilmiş jurnalistlərin (Şahin və Tahirin) dialoqunda bunları
müşahidə edirik: “Qarabağda sürünən ikinci və üçüncü əsgəri iri planda götür.
Erməni əfisirinə zəhər verən rus kərtənkələləri. Bu ruslar olmasa, çoxdan
ermənilərin başı əzilmişdi”.
Nüşabə Məmmədlinin “Zəngulə” əsərində də bu kimi
faktların qələmə alınması diqqətdən yayınmır. Bu əsərdə erməni separatçılığının
sovet imperializmi ilə əlaqələrinin əks etdirilməsinə xüsusi diqqət
yetirilmişdır. Elza Mollayevanın qələmə aldığı “Əsir ürəklərin fəryadı”
əsərindən fərqli olaraq, “Zəngulə” romanında keçmiş Qızıl Ordunun əsgərlərinin
dili ilə onların ermənilərə yardım etməsinin Qarabağ üzərində gedən döyüşlərin
nəticəsində təsiri açıqlanır: “Əsas əziyyəti biz çəkmişik, unutmayın, hələ
qabaqda Ağdam kimi ən çox qorxduğunuz nəhəng rayon var. Qorxmursunuz ki, çəkilib
oturarıq öz yerimizdə, ağdamlılar sizi qarışqa kimi əzərlər”. Nüşabə Məmmədlinin
“Zəngulə əsərində” ermənilərə rus ordusunun yardım etməsini əsir düşmüş
azərbaycanlının dilindən də eşidirik: “...elə bilirsiniz ermənilər bizə bav gələ
bilər? Onlara uruslar kömək eliyir dayna. Yoxsa biz həm çoxuq, həm də gücdüyük.
Biz ciyarrıyıq ey, ciyarrı, qorxaq döyülük. Heç eşitməmisiniz, erməni qan gördü,
şalvarın batırdı. Onnar uruslara, xariclərə güvənməsə, heşnə eliyə bilməzlər.
Dızqağın, qorxağın biridilər”.
Elçin Mehrəliyevin “Doxsanıncı illər” romanında
rus Ordusunun erməni yaraqlılarına yardım etməsi erməni surəti ilə açıqlanır.
Romandakı erməni Samvel azərbaycanlıların qeyrətinə, mərdliyinə bələd olduğunu
boynuna alsa da, özününkülərin azərbaycanlılarla təkbaşına bacarmayacağını yaxşı
bilsə də, arxayındır ki, bu kənddə yaşayanların nə tankı var, nə topu. Ermənilər
tək yox, rusun köməyi ilə, onun topuynan, tankıynan bu silahsız adamlara qan
udduracaq. Samvel həyasız bir riyakarlıqla azərbaycanlılara “...mən deyirəm
qirğın olacaq. O qaniçənlər tək deyillər, rusun topuynan, tankıynan gələcəklər”
deməsi əsərdə bu faktı açıqlayan amillərdən biridir. Nigar Qarayevanın “Daş
hasar” romanında da rus hərbçilərinin ermənilərə yardım etməsi faktına
toxunulduğunu müşahidə edirik: “onu heç vaxt unutma ki, bu ermənilərin dalında
duranlar çoxdu, ruslardan tutmuş az qala dünyanın yarısı onları müdafiə edir.”
Bu bədii əsərlərdə rus hərbiçiləri ilə erməni yaraqlıları
arasında müqayisə aparılması da mühüm amil kimi diqqəti cəlb edir. Fazil Günayın
“Qara qan” romanında rus hərbiçilərinin (rus zabit və əsgərləri) arasında
apardığı müqayisə aktuallıq kəsb edir. Fazil Günay erməni separatçılarının
daxili aləmini açmağa nail olur: “...hər millətin canilərinin öz öldürmək üsulu
var. Ruslarda bu iş üçün balta dəbdədir. Azərbaycanlılar bıçaqla işləyirlər. Hər
ikisi öldürücü zərbə vurduqdan sonra qurbanlarını tərk edirlər. Erməni
canilərində isə bu əksinədir. Onlar can verən, ölmüş qurbanlarına qarşı
vəhşilikdən həzz alırlar”.
Rus hərbiçilərinin erməni yaraqlıları ilə müttəfiq
olmalarına baxmayaraq onlara etibar etmədiklərini yazıçılarımız qələmə almış
olduqları əsərlərində onların dili ilə açmağa nail olmuşlar. Fazil Günayın “Qara
qan” romanında rus hərbçisi İvanın azərbaycanlı qızı Aysuya dedikləri
fikirlərində ermənilərin ikiüzlüyü, xainliyi gostərilməklə yanaşı onlara
inanmadıqları və etibar etmədikləri də açıqlanır: “...cəbhə xəttində hər şey ola
bilər: snayper gülləsi, uzaqvuran topların mərmisi, havadan atılan bomba... Amma
məni qorxudan arxadan atıla biləcək güllədir. Elə bilirsiniz mən bu ermənilərə
inanıram? Lazım gəlsə məni aradan götürmək onlar üçün bir qurtum su içmək kimi
asandır.”
Bütün bu ziddiyyətli məqamlara baxmayaraq rus
hərbiçilərinin peşimançılıq çəkmələri faktlarının Azərbaycan ədəbiyyatında
açıqlanması maraq doğurur. Fazil Günay “Qara qan” romanında ermənilərə hərbi
yardım edən rus hərbçilərinə toxunaraq onların daxili aləmlərini qələmə almış,
rus hərbçilərinin bu vəhşiliklərdə fəal iştirakçı olduqlarını göstərməklə
yanaşı, etdikləri hərəkətlərə görə rus hərbçisinin mənən əzab çəkdiyini və baş
verən siyasi olaylara qarışa bilmədiyini reallıqla əks etdirə bilmişdir: “Çox
həqiqətləri dayandırmaqla bağlı cınqırını belə çıxara bilməzdi. Onu əlli-əyaqlı
yox edərdilər... Ermənilərin dinc əhaliyə divan tutması barədə rəislərinə gözü
ilə gördüyü dəqiq məlumatlar verməkdən başqa onun əlindən bir şey gəlmirdi. Hər
dəfə bu məlumatlarla yanaşı azərbaycanlı əsirlərin rusları da bu cinayətlərin
şərikli hesab etməyini yazıb göndərmişdi”.
Ağarəhim Rəhimovun “İkili dünyam”
romanında erməni yaraqlılarının “Dənizdən-dənizə Ermənistan” riyakar planlarının
realizə edilməsinə və Rusiyanın yeritdiyi siyasətə rus zabitlərinin etirazları
da maraq doğuran amillərdəndir. Romanda Kapitan İvan Kiselyovun bu məsələyə öz
etirazını bildirməsi diqqətdən yayınmır: “...Biz hərbiçiyik. Əmrləri sözsüz
yerinə yetirməliyik. Ancaq istəməzdim ki, Rusiya belə məkrli siyasət yeritsin.
Pis odur ki, indiki halda çoxlu günahsız adamlar qırılır. Qanlar axıdılır. Özü
də ölənlərin çoxu uşaqlardı, qız-gəlinlərdi, qocalardı, bir sözlə, imkansız əli
yalın xalqdı...”
Qələmə alınmış müasir bədii nümunələrimizdə rus
hərbçilərinin (rus zabiti və əsgəri) dili ilə Azərbaycan xalqının, türkün
böyüklüyü, əzəmətliyi, qırılmazlığı, mətinliyi kimi milli xarakterlərin
təsdiqləndiyini də müşahidə edirik. Mahirə Abdullanın “Əvvəl axır” romanında
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər rayonların işğalı zamanı rus
hərbçilərinin (rus zabiti və əsgəri) iştirak etməsi olayları əksini tapmışdır.
Mahirə Abdullanın “Əvvəl axır” əsərində rus zabiti Vasyanın dili ilə geniş türk
ailəsinə aid azərbaycanlıların milli dəyərlərin qorunması sahəsində üzləşdiyi
problemlərin qlobal xarakter daşımasını və bütün türk dünyasını əhatə etməsini
vurğuladığının şahidi oluruq. Bu baxımdan, romanda rus zabiti Vasyanın
azərbaycanlıların daxili xüsusiyyətləri və keçmişi barədə düşüncələri maraq
doğurur: “Onun üçün azərbaycanlı ölümün, qəflətin, cəzanın, dözümsüzlüyün,
aclığın, əsirliyin adı olan çeçenlərin özü idi.
Düzdür, azərbaycanlılar ilk
baxışdan çeçenlərdən fağır, ağır görünürdülər, amma yəqin onları tərpədən yox
idi. Çeçen də türk idi, müsəlman idi. Türk onun üçün nəfəsini içinə çəkib,
gərginlikdən donub qalmış, yatmış əjdahaya, divə bənzəyirdi. Nə qədər nəfəsini
saxlaya bilərdi? Bir gün ağzını açacaqdı, alovlar zəbanə çəkib düşmənləri külə
döndərəcəkdi. Sonra külün üstündə nəhəng ləpirlər qoyub dərin mağaralara yatmağa
gedəcəkdi. Yenə bayırda nə baş verəcəyindən xəbərsiz olacaqdı. Hər dəfə ayılanda
türklərin sonuncu dənizə qeyrət yürüşləri başlanırdı. Lakin mənzilə çatanda
qələbə badəsini axıradək başına çəkmiş bu divin, əjdahanın yenə şöhrətdən başı
gicəllənəcək, sonuncu dənizin dəli dalğalarının harayını eşitmək, qumlu
sahillərin, fəth edilmiş, torpaqların sahibi olmaq həmişəki kimi kənarda,
yanında kor çaqqal kimi gözləyənlərə qismət olurdu”.
Ağarəhim Rəhimovun “Ikili dünyam” romanında adi bir
çilingərin dili ilə erməni və rusların həmrəy olmalarının təsvir edilməsi
yazıçının istifadə etdiyi maraqlı ədəbi priyomlardan biridir: “Tarixən biz
ermənilər siz ruslarla həmişə həmrəy olmuşuq. Müttəfiqiq. Həmişə də belə
olacağıq. Rusların Qafqazda dayaq nöqtəsi ermənilər, ermənilərin də arxası
ruslar olub. Bu birlik ermənilərə xoşbəxtlik gətiribş Yoxsa, bu türklər
ermənilərə qan uddurardılar”.
A.Rəhimovun “Ikili dünyam” əsərində erməni mayoru
Sarkisyanın dili ilə rusların onlarla müttəfiq olması faktı açıqlanaraq oxucuya
çatdırılır: “Bizim planımıza görə, döyüşə girəcək Azərbaycan hərbi hissəsinə
mənim komandanlıq etdiyim hərbi hissə kiçik zərbə endirib geri çəkiləcək. Biz
çəkildikcə Azərbaycan hərbi hissəsi sağ və sol cinahlarına güvənərək hücuma
keçəcək, bizə tərəf iki-üç kilometr irəliləyəcəklər. Bundan sonra bizim sag
cinahda olan rus hərbçiləri atəş açacaqlar”. Bu romanda Şuşamızı ələ keçirmək
istəyən ermənilərin planlarına rus hərbçiləri yardım etməsi açıqlığı və reallığı
ilə erməni polkovniki Zori Babayanın dili ilə əks etdirlir: “... Mənim fikrimcə,
rus hərbi birləşməsi Güllücə, onun sağ cinahında muzdlu hərbi bölməsi Kəpənəkli,
sol cinahında erməni hərbi hissəsi Qaraçala kəndinə hücuma keçsin”.
Əlisəfa Azayevin “Əsgər anası” povestində rus
hərbçilərinin (rus zabiti və əsgəri) heç də işğalçı olmadıqları və humanist
prinsiplərə sahib olduqları da açıqlanır. Onun bu əsərində Azərbaycanın işğal
olunmuş ərazisində azərbaycanlı qocaya heç nə etməmələri, sadəcə olaraq
dedikləri fikirlər bu mənzərəni gözümüzdə canlandırır. Şuşanın işğalı probleminə
toxunan yazıçının mövqeyi də diqqətdən kənarda qalmır. Əsərdə söylənilənlər
hadisənin mahiyyətini açıqlamağa yardımçı olur: “... Şuşanın əldən verildiyini
eşidəndə yer-göy başıma fırlandı. Deməsinə görə bir balaca əmanəti, pulu varmış,
orada qalıbmış. Düz üz tutur Şuşaya tərəf... Hə, and içir ki, yolda bir nəfər
erməniyə rast gəlməyib. Qarşısına üç rus əsgəri çıxıb. Onlar da qocanı xeyli
töhmətləyiblər. Deyiblər ki, siz tərəfdən bir səs salan olsa, heç olmasa biz də
bir bəhanə edib qaçarıq. Çıxıb gedərik burdan”.
Son dövrlərdə qələmə alınmış müasir romanlarımızda
Azərbaycan suvereniteti və təbii sərvətləri uğrunda aparılan mübarızələr də
geniş əksini tapmışdır. Romanlarımızda Milli dirçəlişimizə xələl gətirəcək
amillərin açıqlanmasına toxunulması faktı diqqətləri cəlb edir. Məsələn,
Ağarəhim Rəhimovun “İkili dünyam” romanında bu problemlərin açıqlanması
diqqətdən yayınmır. Romanda kapitan İvan Kiselyovun dili ilə Rusiyanın
Azərbaycana qarşı yürütdüyü siyasət açıqlanır. Bu açıqlamadakı real faktlar
böyük əhəmiyyət kəsb edir: “Azərbaycan iki hissəyə bölünüb. Cənubi Azərbaycan
İranın, şimali Azərbaycan rusların əsarətindədir. Azərbaycanın geniş ərazisi,
zəngin sərvətləri var. Bilirsən ki, Azərbaycanda indi güclü milli oyanış gedir.
İki yerə parçalanmış bu xalq birləşərsə, Şərqdə güclü bir dövlət yarada bilər.
Ona görə də bu nə ruslara, nə də İrana faydalı olar. Bunun üçün Azərbaycan daim
nəzarətdə saxlanılmalıdı.
Ruslar bu respublikanı əldən vermək istəmirlər. Bura
bir başa müdaxilə etməyi də özlərinə sığışdırmır. Qorxurlar ki, beynəlxalq
aləmdə az-çox olan nüfuzlarını da itirsinlər. Bu Rusiya üçün rüsvayçılıq olar.
Bunun üçün erməniləri irəli itələyir, özləri pərdələnmiş şəkildə Azərbaycana
“qulaqburması” verirlər”. Bu romanda komandir müavini baş letytenant Nikita
Pavloviç Panfilovun dedikləri də bütün bu deyilənləri təsdiqləyir: “... Bu
müharibə süni şəkildə törədilib. Azərbaycanın iqtisadiyyatı üçün Şərq də, Qərb
də maraqlıdır. Rusiya isə bu xammal bənbəyini-Azərbaycanı əlində saxlaya bilmədi.
Rusiya səhvini indi başa düşüb. Çalışır ki, nəyin bahasına olursa olsun səhvini
düzəltsin. Artıq gecdir. Uğursuz siyasət nəticəsində Rusiya Qafqazda da nüfuzdan
düşür. Ona görə də Rusiya Qarabağ kartını ortaya atıb. Ermənistanı şirnikdirib
Azərbaycanın üstünə salıb”.
Göründüyü kimi, XX yüzilliyin əvvəlləri və sonları
bəşəriyyətin gözləri qarşısında baş vermiş vəhşiliklərin, ermənilər tərəfindən
törədilmiş cinayətlərin və onlara yardımda bulunmuş rus ordusunun zabit və
əsgərlərin əməllərinin milli yaddaşlarda qoruyub saxlamaq iqtidarına malik olan
bədii nümunələrin qələmə alınması artıq zəruriyyətə çevrilmişdir.