Ermənilər 1905-ci il may ayının axırında İrəvanın türk-müsəlman
əhalisindən beş kişi, dörd qadın və iki uşağı ələ keçirib vəhşicəsinə
öldürmüşdülər. 1905-ci ilin iyun ayında erməni silahlıları Ecmiədzin ətrafında
olan türk-müsəlman kəndlərinə geniş miqyaslı hücuma keçdilər. 10 iyunda
Ecmiədzin qəzasında olan doqquz türk-müsəlman kəndi talan edilərək
yandırılmışdır. İrəvanda yerli türk-müsəlmanlara qarşı talan, qarət və qırğınlar
törədən erməni silahlıları 1905-ci ilin may ayının 11-də Naxçıvana gələrək
Naxçıvan şəhərinin türk-müsəlman əhalisini fasiləsiz atəşə tutdular. May ayının
9-dan 30-na kimi davam edən erməni-müsəlman münaqişəsində Cəhri kəndi ermənilər
tərəfindən yandırıldı.
1905-ci ilin oktyabr ayının axırlarında erməni-daşnak
qüvvələri Qazax şəhərini yandırmışlar. 1905-ci ilin noyabr ayının 15-18-də
Gəncədə, noyabrın 20-24-də Tiflisdə qanlı erməni-müsəlman döyüşləri olmuşdur.
Gürcüstanın Borçalı qəzasında baş vermiş erməni-müsəlman toqquşmaları
nəticəsində yerli türk-müsəlman əhaliyə iki milyon manat məbləğində ziyan dəymiş
və yüzlərlə insan öldürülmüşdür.
1905-ci ilin noyabr ayının 15-dən
18-nə kimi Gəncədə ermənilər yerli türk-müsəlman əhalisinə qarşı münaqişəyə
başladı. Gəncə erməniləri Qarabağ, Tiflis, İrəvan və Bakıda silahlı erməni
dəstələrindən kömək almışdılar. Gəncə şəhərinin dağlıq hissəsində ermənilər,
düzənlik hissəsində isə türklər yaşayırdı. On dörd türk məhəllələrindən üçü,
Mollacəmilli, Çaylı və Hacıməlikli ermənilər yaşayan hissədə idi.
Ermənilər
müsəlmanlarla davanı başlamaq üçün üç müsəlmanı öldürdülər. Sonra onlara yaxın
olan üç türk-müsəlman məhəllələrinə hücuma keçdilər. Erməni silahlılarının
hücumları zamanı qadınlar, qocalar və uşaqlar Gəncə çayını keçərək türklər
yaşayan məhəllələrə gəlir, kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər
boş qalan türk evlərini talan edib yandırırdılar. “Difai” partiyası bu
vuruşmanın qarşısını almaqda böyük rol oynayırdı.
Gəncədə yerləşən “Cəmiyyəti
xeyriyyə” və “Nəşri maarif” cəmiyyətlərinin binası qərargaha çevrilmiş və
əhalinin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri olan
Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdir. Erməni silahlıları
yerləşmiş kəndlər və məhəllələr dağlıq tərəfdən əhatəyə alınaraq gecə vaxtı əks-hücuma
keçildi. Ermənilərin silahlı dəstələri tərkisilah olunub məğlub edildilər.
Ermənilər törətdikləri vəhşiliyin cavabını aldılar.
1905-ci il noyabr ayının 20-si
günorta vaxtı Tiflis şəhərində Qalovinskdəki “Nors” və Nikolayevski körpüsündəki
“Ter-Sarkisov” erməni bazarındakı ləzgilərin silah mağazalarını talan etdilər.
Axşam saat 9-da ləzgi paltarlı üç adam faytonla erməni məhəlləsi tərəfinə
gəldilər. Şeytan bazardakı “Roza” lokantasının qabağından keçərək havaya beş-on
güllə atdılar və faytonlarını bərk sürüb Ortaçalaya getdilər. O dəqiqədən
ermənilər və müsəlmanlar hər iki tərəf öz məhəllə səngərlərini açıq surətdə
qurub, bir-birinin üzərinə hücuma keçdilər.
Ömər Faiq Nemanzadə öz xatirələrində
Tiflisdə ermənilərin türk-müsəlman əhalisinə qarşı vəhşiliyini gerçək bir
surətdə təsvir etmişdir. Ömər Faiq özü gördüyü erməni vəhşiliyini qələmə alaraq
yazmışdır ki, Tiflisin Voronsov körpüsündən keçən türk hamballarını (iranlı
həmşəriləri) erməni silahlıları sürüyüb körpünün kənarına gətirir və buradan
çaya tullayırdılar. Reskavoronsov məhəllələrindəki mazutlarda işləyən türk
fəhlələrini gizləndikləri yerdən çıxarıb xəncərlə yaralaya-yaralaya Kür çayının
kənarındakı dəyirmanların hündür yerinə gətirir və oradan aşağıya tullayırdılar.
Suya atılan biçarələr boğulmamaq üçün var gücü ilə çalışır, kənara doğru
yaxınlaşır, lakin kənardakı erməni daşnaklarının onlara yağdırdıqları güllələrlə
yaralanır təkrar suya batırdılar. Bir az sonra isə çıxıb əl-ayaq çarpır, üzməyə
çalışırdılar.
Lakin yenə güllə yağışına tutularaq batır və axırda görünməz
olurdular. Kür çayı sularının qanlı dalğaları arasında qarışıb axaraq gedən
cansız, hərəkətsiz türk-müsəlman meyidləri görünürdü. Bu hadisədən xəbər tutan
Tiflis şəhəri ətrafında kəndlərdə yaşayan yerli türk-müsəlman əhalisi atlanaraq
Tiflis şəhərinin türk-müsəlman əhalisinin köməyinə gəldilər. Cənubi Qafqaz üzrə
canişin kəndlərdən gələn köməkdən xəbərdar olan kimi əmr verdi ki, atla şəhərə
girmək qadağan olunsun. Türk-müsəlman igidləri şəhərin ətrafından atlarını
kəndlərə geri qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Erməni
silahlı dəstələrinin üzərinə hücuma keçən türk-müsəlman silahlıları bu gün
vuruşduqdan sonra erməni daşnak silahlılarını məğlub etdilər.
1905-ci ilin iyun ayının 13-də
Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları
başladı. 1905-1906-ci illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman
əhalisinə qarşı təcavüzü daşnak partiyasının Tiflis, Bakı şəhərlərindən sonra
güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına
qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır,
vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.
Şuşa
şəhərində ilk erməni daşnak silahlılarının təcavüzünə məruz qalan Şuşa şəhərinin
küçələrinin çıraqlarını yandıran Kərbəlayi Məhəmmədhüseyn olmuşdur. Səhər tezdən
küçələrin çıraqlarını söndürərkən, “Şahlıq” körpüsü yanında fənər nərdivanından
yerə düşərkən üç erməni Kərbəlayi Məhəmmədhüseynə bir neçə yerdən ölümcül zərbə
vurmuşlar. Kərbəlayi Məhəmmədhüseynin ölümündən bir az sonra Şuşa realnı
məktəbinin təmirini edən on səkkiz iranlı fəhlənin qaldıqları evin sahibi onları
erməni silahlılarına təhvil verir. Onlardan ancaq biri erməni ev sahibinin
sözlərinə aldanmayıb aradan qaçıb canını qurtara bilmişdi. Yerdə qalan on yeddi
nəfərini erməni daşnakları başlarına iri mismarlar calıb əzmişlər. Şuşa əhli
ermənilərin bu vəhşiliyndən daha da qəzəblənmişlər. Türk-müsəlmanlar iranlı
fəhlələrin cəsədlərini çıxarıb gətirib Cıdır düzündə dəfn etmişlər.
1905-ci ilin avqust ayının
16-21-də Şuşada erməni silahlılarının təcavüzü nəticəsində türk-müsəlman əhalisi
müdafiə olunmaq üçün silaha sarılmışdır. Avqust ayının 16-da erməni daşnak
silahlıları üç istiqamətdə Şuşanın türk-müsəlman əhalisi üzərinə hücuma
keçdilər. Ermənilərin 1-ci dəstəsi Yuxarı Xəlfəli qapısına, 2-ci dəstəsi
Meydana, 3-cü dəstəsi Köçərli məhəlləsinə hücum etdilər. Qalan ermənilər isə
əvvəldən qazılmış səngərlərə girdilər. Ermənilər Köçərli məhəlləsində beş
nəfəri, doxsan yaşlı Abbas bəyi, onun oğlu və qardaşı oğlunu, Nuşirəvan adlı bir
gənci gəlini ilə birlikdə öldürüb evlərinə od vurdular. Ermənilər köçərli
məhəlləsində on beşə qədər müsəlman evini qarət edib yandırdılar.
Ermənilər
Xəlfəli qapısında on evə hücum edərək yandırdılar. Ev sakinlərindən üç nəfər
öldürüldü, qalanları qaçıb canlarını qurtardılar. Erməni silahlılarına qoşulan
erməni tacirləri öz dükanlarını bağlayır, əllərinə silah alaraq
türk-müsəlmanların dükanlarını gülləboran edirdilər. Bazarda on beşə qədər
müsəlman dükanı var idi. Erməni silahlıları müsəlman dükanlarının qapılarını
açaraq içəridəki müsəlmanları öldürür, mal-dövlətlərini isə qarət edirdilər.
Şuşanın türk-müsəlman əhalisi şəhərin strateji və döyüş üçün əlverişli
yerlərində altı müdafiə və hücum səngərləri qurmuşdular. Döyüş başlayanda
ermənilər məhkəmə və duma divanxanasını yandırdılar. Avqust ayının 17-də
“Difai” partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan
sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.
Şuşa
müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı
dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə
gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Avqust ayının 19-da Şuşanın
türk-müsəlman əhalisinin özünü müdafiə dəstələri ermənilərin qərargah və silah
anbarı kimi istifadə etdikləri Xandəmirov teatrına od vurdular. Şuşada döyüş
üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi
erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci
il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni
silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır.
1905-ci il sentyabr ayının 10- dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz
canişini Voronsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı.
Sentyabrın 14-də sülh elan olundu.
Cənubi Qafqazın bütün şəhər və
kəndlərində türk-müsəlmanlara qarşı hücuma başlayan erməni daşnak silahlı
dəstələri döyüşləri uduzaraq geri çəkilməyə məcbur olmuşdular. Döyüşlər
türk-müsəlman əhalisinin özünü müdafiə dəstələrinin üstünlüyü ilə davam edirdi.
Qarabağ, Irəvan, Naxçıvan, Borçalı, Şirvan vilayətlərində, Bakı, Şuşa, Gəncə,
Tiflis, İrəvan, Naxçıvan, Şamaxı şəhərlərində təşəbbüs türk-müsəlman əhalisinin
tərəfinə keçmiş və uğurlu əks-hücumlar təşkil olunmuşdur. Türk-müsəlman
əhalisinin qələbəsi erməni daşnak silahlıları tərəfində olan çar Rusiyasının
hakim dairələrini olduqca narahat etmiş və onların yüksək vəzifəli məmurları
silahın geriyə təpdiyini anlamışdılar. Ermənilər təlaşa və çaxnaşmaya düşərək
tezliklə sülh bağlanmasına çalışırdılar.