Qarabağın tarixən bir-biri ilə sıx, iqtisadi və mədəni əlaqədə olan dağlıq
və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi idi. Qaynaqlarda
bəzən Qarabağ ilə Arran eyniləşdirilib vahid ərazi kimi də təqdim olunurdu.
Arran daha geniş ərazini əhatə edən inzibati-coğrafi vahid olub, Azərbaycanın
bir hissəsi hesab olunmuşdu. Qarabağ Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi
əl-Əhərinin təbiri ilə desək “Arranın paytaxtı”, daha doğrusu onun mərkəzi hesab
olunurdu (Əbu Bəkr əl-Qütbü əl-Əhəri. Tarix-e Şeyx Uveys. Fars dilindən tərcümə
və müqəddimə, şərhlər və qeydlər M.D.Kazımov və V.Z.Piriyevindir. Bakı, 1984, s.
57). “Qarabağ ”istilahı XIV yüzilliyin sonu-XV yüzilliyin əvvəllərində “Arran”
termini ilə yanaşı işlənmiş, bəzən onu əvəz etmiş və inzibati ərazi baxımından
isə Arranın mərkəzi sahələrini əhatə etmişdi. Qarabağ dağlıq və dağətəyi yerləri
birləşdirən vahid ərazidən ibarət olmuşdu.
Qarabağ Arranın tərkib hissəsi kimi
XIV-XV yüzilliklərdə Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin
mərkəzlərindən biri idi. Elxanların daim Qarabağda qışlamaları, bir sıra dövlət
səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdu. Elxani hökmdarlarından
üçü-Qazan xan, Arpa xan və Ənuşirəvan səltənət taxtına Qarabağda çıxmış, ikisi
isə-Arqun və Əbu Səid Qarabağda vəfat etmişlər (Piriyev V.Z. Gös. əsəri, s.
101-102).
1335-ci ildə Elxani
hökmdarı sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin tənəzzülə
uğraması, parçalanması və nəhayət süqut etməsi Qarabağda da öz təsirini
göstərmişdi. Qarabağ hakimi Əmir Surğan və anası Satıbəy Xatun Hülakilər
dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına
çevrildilər. 1338-ci ildə hakimiyyət uğrunda mübarizə aparan feodal qrupları ilk
növbədə çobanilərlə cəlairlər arasında bağlanan müqaviləyə əsasən Arranın tərkib
hissəsi kimi Satıbəy Xatun və Əmir Surğanın sərəncamında qaldı. Çox keçmədən
Qarabağ hakimi Satıbəy Xatunun Hülakülər dövlətinin padşahı seçilməsindən
başlayaraq Qarabağ uzun müddət Çobanilərin fəaliyyəti ilə bağlı tarixi
hadisələrin mərkəzində durmuşdu (Həmdullah Mustofi Qəzvini. Zeyl-e Tarix-e
qozide. Giriş, tərcümə, şərhlər və göstəricilər M.D.Kazımovun və
V.Z.Piriyevindir, Bakı, 1986, s. 32; Piriyev V.Z. Göstərilən əsəri, s. 103.).
XIV yüzilliyin II
yarısında Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil olduqdan sonra
Qarabağ ərazisi də bu dövlətin nəzarətinə keçdi. Sultan Əhmədin hakimiyyətinin
ilk vaxtlarında Qarabağ Cəlairi əmirləri tərəfindən idarə olunurdu. Əmir
Teymurun Azərbaycana yürüşlərindən sonra Qarabağ demək olar ki, tamamilə onun
buradakı canişinlərinin tabeliyində olmuşdu. Qarabağ Əmir Teymurun qış
iqamətgahına çevrilmişdi. Dövrün mənbələrində Teymurun və eləcə də ondan əvvəlki
Hülaku və Cəlairi şahzadələrinin Qarabağda qışlamaları barədə çoxsaylı faktlara
təsadüf olunur. Əmir Teymur Qarabağ ərazisindən özünün qərbdəki düşmənlərinə
qarşı mübarizəsində başlıca istinadgah kimi istifadə edirdi.
XV yüzilliyin
əvvəllərində tərkibinə Qarabağın da daxil olduğu Cəlairilər dövləti Əmir
Teymurun yürüşü nəticəsində dağıldı. Sultan Əhməd Bağdada qaçdığı üçün
Azərbaycanı Əmir Teymur oğlu Miranşah idarə edirdi.
1404-cü ilin martında Əmir
Teymur Qarabağ qışlağından Səmərqəndə dönən zaman Hülakü ulusuna daxil olan
ərazilərin idarəsini nəvəsi Ömər Mirzəyə tapşırdı (Sümer F.Kara Koyunlular. I
cilt, Ankara, 1967, s. 70). 1405-ci ildə Teymurun vəfatı onun imperiyasında
sülalə ixtilaflarına, övladları arasında hakimiyyət uğrunda arasıkəsilməyən
toqquşmalara zəmin yaratdı. Azərbaycan yeni müharibələr meydanına çevrildi.
Əlverişli siyasi vəziyyətdən faydalanan yerli hakimlər xalq kütlələrinin yardımı
ilə müstəqillik uğrunda mübarizəyə başladılar (Azərbaycan tarixi. Yeddi cilddə.
Üçüncü cild, Bakı, 1999, s. 78). Bu mübarizəyə Şirvanşah İbrahim (1382-1417)
rəhbərlik edirdi. Ölkənin ayrı-ayrı vilayətlərində yadelli ağalığına qarşı
başlanan mübarizədən istifadə edən I İbrahim 1406-ci ildə Kür çayını keçərək
Gəncəni və Qarabağın böyük bir hissəsini nəzarət altına aldı. Qaynaqların qeyd
etdiyinə görə, bu dövrdə Qarabağın hakimi Qaramanlı tayfasından olan Yar Əhməd
olmuşdu (Ali-zade A.A.)......
Bu zaman Gəncə və
Qarabağ hakimi Yar Əhməd Qaraman, Şirvanşah I İbrahim, Ərdəbil hakimi Bistam
Cagir, Şəki hakimi Seydi Əhməd Teymuri Ömər Mirzəyə qarşı mübarizədə öz
qüvvələrini birləşdirdilər. Ömər Mirzə birləşmiş qüvvələrlə döyüşə girməkdən
çəkinərək geri döndüyü üçün Azərbaycanın şimal torpaqları Teymurilərdən tamamilə
azad edildi. 1406-cı ilin mayında Şirvanşah I İbrahimTəbrizi ələ keçirsə də,
Cəlairi Sultan Əhmədin Bağdaddan yürüş xəbərini eşidərək geri dönmək
məcburiyyətində qaldı. Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını
birləşdirmək təşəbbüsü bir nəticə vermədi.
Bu dövrdə Cənubi Azərbaycan
torpaqları Teymuri Əbu Bəkrin hakimiyyəti altında qalmışdı. Qaraqoyunlu Qara
Yusif 1406-cı ildə Naxçıvan və 1408-ci ildə isə Sərdrud döyüşlərində Teymuri Əbu
Bəkri məğlub edərək Teymurilərin Azərbaycandakı ağalığına son qoydu. 1410-cu
ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək
Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu
dövlətini yaratdı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi
Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil oldu (Azərbaycan tarixi,
Üçüncü cild, s. 81; Nəcəfli T.H.Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi
müasir türk tarixişünaslığında. Bakı, 2000, s. 56; Efendiev O.A. Karabax
vsostave qosudarstv karakoyunlu, Akkoyunlu i Sefevidov (XV-XVIIvv.). // Karabax.
Oçerk istorii i kulturı. Bakı, 2004, 62-63).
Qarabağın Qaramanlı tayfaları
Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində
əhəmiyyətli rol oynadılar. 1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I
İbrahim, Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş
qüvvələrinə qarşı döyüşdə Yar Əhmədin rəhbərliyi altında “Qaraman əsgərləri”
yaxından iştirak etmişdi. Kür çayının sahilində baş verən bu döyüşdə Qara Yusif
Qarabağ dəstələrinin yardımı ilə qələbə qazandı (Petruşevskiy İ.P. Qosudarstva
Azerbaydjana v XV v. Sb. Statey po istorii Azerbaydjana, Vip. 1, Baku, 1949, s.
160; Nəcəfli T.H. Göstərilən əsəri, s. 58-59; Efendiev O.A. Karabax v
sostave..., s. 62).
1420-ci ildə Qara Yusifin ölümü
Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Arran
Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında
Qarabağ hakimi Yar Əhməd Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu (Xavafi
Fasix. Mudjmali Fasixi. Perevod, predislovie i ukazateli D.Ö.Ösupovoy, Taşkent,
1980, s. 188). 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə
teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı.
Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qara köpəkdə (hazırda Füzuli
şəhərinin şimal-şərqində-T.N.) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar
Əhmədə qarşı göndərdi (Xəvafi F. Gös. əsəri. S. 190).
Faruk Sümer yazır ki, Yar
Əhməd Qaramanlı Gəncə-Qarabağ ətrafında Cağatay ulusundan vergi toplayan
təhsildarlara hücum edərək mallarını əllərindən almışdı. Buna görə də, Şahrux
Baysunquru Yar Əhmədin üzərinə göndərdi. O, Gəncəni tərk edərək Gürcüstan
torpağındakı Esfərzən qalasına sığınsa da, aman verilərək Şahruxun hüzuruna
gətirildi və əfv olundu (Sümer F. Gös. əsəri, s. 118; Efendiev O.A. “Vseobşoe
istorie Xafiza Abru kak istoçnik po istorii Zaqafqaziya pervoy çetverti XV v. //
istoçnikovedçeskie raziskanie 1979. Tbilisi, 1984, s. 226-227”). Fəsix Xəvafi
yazır ki, Sultan Şahrux Qaraqoyunlu İsgəndərlə Aləşgərd döyüşündə vuruşan zaman
Yar Əhməd Qaramanlı Bərdə qalasından gətirilərək edam olundu (Xəvafi F. Gös.
əsəri, s. 19).
Bu zaman Qaraqoyunlu İsgəndər
Sultan Şahruxun Azərbaycanda möhkəmlənməsinə ciddi müqavimət göstərmişdi.
Qaraqoyunlular arasında ara müharibələrinin başlanmasına baxmayaraq, İsgəndər
dövlətin bütövlüyünü qoruyub saxlamışdı. 1429-cu ildə Sultan Şahrux Azərbaycana
II yürüşü zamanı Səlmas döyüşündə İsgəndəri məğlub edərək Azərbaycana yiyələnmiş
və ölkəni tərk edən zaman hakimiyyəti İsgəndərin qardaşı Əbu Səidə versə də, az
sonra İsgəndər hakimiyyəti qardaşından geri almışdı. 1435-ci ildə Sultan Şahrux
Azərbaycana yenidən yürüş etmiş və Qarabağda qışlamışdı.
O, 1436-cı ilin
yazında Azərbaycanın idarəsini İsgəndərin digər qardaşına Teymurilərin
aslılığını qəbul edən Cahanşaha tapşırmışdı. İsgəndər bununla razılaşmayaraq
hakimiyyətini qəsb edən qardaşına qarşı mübarizəyə başlamışdı. Lakin, 1438-ci
ildə “dövlətinin əsas əmirlərindən” olan Piri bəy Qaramanlının Cahanşahın
tərəfinə keçməsi nəticəsində Həft-Çeşmə yaxınlığında qardaşı ilə döyüşə girməyən
İsgəndər Əlincə qalasına qaçdı və orada öldürüldü (Tehrani
Ə.Kitab-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və
göstəricilərin müəllifi Rahilə Şükürova, Bakı, 1998, s. 90; Sümer F. Gös.əsəri,
s. 139; Efendiev O.A. Karabax v sostave..., s. 62).
Güman etməyə əsas vardır ki, bu
zaman Piri bəy Qaramanlı Gəncə və Bərdə hakimi olmuş və görünür Yar Əhməd
Qaramanlını əvəz etmişdi. Cahanşahın dövründə də Qarabağ Qaraqoyunlu dövlətinin
tərkibində qalmışdı. 1467-ci ildə Cahanşahın Uzun Həsənlə döyüşdə
öldürülməsindən sonra Qarabağ qaraqoyunluların digər torpaqları kimi
Ağqoyunluların nəzarətinə keçmişdi. Cahanşahın oğlu Həsən Əli atasının
öldürülməsindən sonra ordu toplayaraq vəziyyətdən çıxmağa çalışmışdı. Lakin,
1468-ci ildə Mərənd yaxınlığında Uzun Həsənlə döyüşdə məğlub olaraq xilas olmaq
üçün Qarabağa qaçmış və Bərdəyə gəlmişdi. Əbubəkr Tehrani yazır ki, Cahanşahın
ölümündən sonra həmin vilayətin hakimi olmuş Piri bəy Qaramanlının övladları
əvvəlcə onu tutub Uzun Həsənin hüzuruna göndərmək istədilər, lakin sonra bu
fikirdən daşınıb ona imkan verdilər ki, Ərdəbilə getsin və böyük şeyxlərin
hüzuruna pənah aparsın (Tehrani Ə. Gös əsəri, s. 250; Efendiev O.A Karabax v
sostave..., s. 62).
Dövrün qaynaqlarında Qarabağ
Sultan Şahrux ordusunun ənənəvi qışlaq yeri kimi xatırlansa da, bu vilayət
haqqında konkret məlumatlar çox azdır. Uzun Həsənin oğlu Sultan Yaqubun
hakimiyyəti dövründə (1478-1490) Gəncə və Bərdə vilayətləri mərkəzi hakimiyyətin
yerli tayfa başçılarının təyin etdiyi şəxslərin idarəsi altında qalmaqda davam
etmişdir.Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin qeyd etdiyinə görə,
Gəncə və Bərdə vilayətlərinin idarəsi Sultan Yaqub tərəfindən oğlu Baysunqura
həvalə olunmuşdu (Xindci F.R, Tarix-i alam-ara-yi Amini. Perevod s anqliyskioqo
na ruskiy T.A.Minorskoy. Bakı, 1987, s. 87; Efendiev O.A. Karabax v sostave...,
s. 63).
F.R.Xunci Səfəvi Şeyx Heydərin
1488-ci ildə Şirvan və Dağıstana yürüşü zamanı Qarabağ haqqında müəyyən məlumat
verir. Müəllif yazır ki, Şeyx Heydər “Bərdə vilayətində olan Calabert dairəsinə
çatan zaman baş qazinin mülkü olan bu ərazini qarət etdi və zimmilər icmasının
əmlakını müsadirə etdi. Bu zimmilər (yəni xristian albanlar-T.N.) sülh
şəraitində yaşayaraq cizyə və uşr vergisini ödəmiş, əzabdan və zülmdən azad
olmuşdular” (Xunci F.R.Gös.əsəri, s. 86). F.R.Xunci Sultan Yaqubun hakimiyyəti
dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda
Qaraağacda keçirirdi (Xunci F.R.Gös əsəri, S. 119; Efendiev O.A. Karabax v
sostave..., s. 63).
Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac “Tall
Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara
yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir
zirvə necə yüksəlmişdi” (Xunci F.R.Gös.əsəri, s. 101; Efendiev O.A. Karabax v
sostave..., s. 63). Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur
ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn
hökmdarı “Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə
salamlamışdı” (Xunci F.R. Gös.əsəri, s. 101; Efendiev O.A. Karabax v sostave...,
s. 63). Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud
torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi.
Dövrün qaynaqlarında Qarabağ
Sultan Yaqubun oğlu Baysunqurun qısa hakimiyyəti dövrünün hadisələri şərh
olunarkən yenidən xatırladılır. 1492-ci ildə Eybə Sultan Bayandurla Baysunqur
arasındakı döyüş Gəncə və Bərdə arasında baş vermişdi. Dövrün qaynağının verdiyi
məlumata görə, Eybə Sultan öz bayrağı altında Qarabağ Qacarlarını birləşdirə
bilmişdi. Buna görə də, baş vermiş döyüşdə Baysunqur məğlub olmuş və 1493-cü
ilin avqustunda Bərdə ətrafındakı ikinci döyüşdə də öldürülmüşdü (Xunci F.R.
Gös.əsəri, s. 143-144).
Bu fakt bir daha təsdiq edir ki, artıq bu dövrdə Qacar
tayfası Qarabağda yaşayırdı. Azərbaycan Səfəvi dövlətinin yaranmasında əsas rol
oynayan Qızılbaş tayfalarından biri olan Qacarların mənşəyi və Azərbaycanda
məskunlaşması tarixilə bağlı tarixşünaslıqda müxtəlif yanaşma mövcuddur. Türk
tarixçisi Z.V.Toğanın qənaətinə görə, Qacarlar Azərbaycana Oğuz xanın İran
səfərlərində gəlib yerləşmiş və monqolların Azərbaycana yürüşləri vaxtı Xalxal
ətrafında yaşamışdılar. Qacarlar Hülaku ordusuna yardım edərək onlarla birlikdə
Şam tərəflərinə göndərilmiş, Əmir Teymur və Qaraqoyunlular dövründə isə oradan
təkrar Azərbaycana qayıtmışdılar (Toğan Z.V. Azərbaycan etnoqrafisinə dair.//
“Azərbaycan Yurt Bilgisi”, c. II, sayı 14, İstanbul, 1933, s. 56; Bu haqda geniş
məlumat üçün bax: Nəcəfli T, Nəcəfli G. Role of Qacars in Azerbaijans politikal
life in XVI-XVII centrues. // Azerbaydjan i azerbaydjani. Baku, 2006, 1-4, s.
137-138).
“Qızılbaşlar tarixi” müəllifinin təsdiq etdiyinə görə, Qacarlar
qədimdən Gəncə və Bərdədə yaşamışlar və onların bir qismi Şamdan gəlmişdir
(“Qızılbaşlar tarix i”. Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir, Bakı, 1993, s.
36).
Bu faktlar bir daha təsdiq edir
ki, Oğuz boylarından olan Qacarlar hələ monqol yürüşləri ərəfəsində Azərbaycanda
yaşamış və monqol hücumları qarşısında digər türkmanlarla yanaşı Şərqi Anadoluya
çəkilməli olmuşdu. XV yüzillikdə Qacarlar Ağqoyunlu tayfa birliyinə daxil
olmuşdu. XV yüzilliyin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli
mübarizədə Qarabağda yaşayan Qacarların yaxından iştirak etdiyini dövrün
qaynaqları təsdiq edir.
F.Sümerin yazdığı və dövrün qaynağının təsdiq etdiyi
kimi Uzun Həsənin nəvəsi Rüstəm Mirzənin Əlincə qalasından azad edilərək
taxt-taca gətirilməsində Gəncə ətrafında yaşayan Qacarlar əsas rol oynamışdır.
(Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu.
Ankara, 1976, s. 53), Rüstəm Padşah 1497-ci ildə Gödək Əhməd tərəfindən məğlub
edildiyi zaman, yenə də Gəncə ətrafındakı Qacar bəyinə sığınmış və ondan yardım
istəmişdi. Qacar bəyi Rüstəmə yardım etsə də, o, 1497-ci ilin yazında baş vermiş
döyüşdə məğlub olmuş və ələ keçirilərək öldürülmüşdü. F.Sümerin qənaətinə görə,
bu zaman Qacar tayfasının başında Ziyad bəy olmuşdu (Sümer F. Gös. əsəri, s.
54).
XV yüzilliyin son rübündə şeyx
Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları arasında Qarabağ Qacarları da
xüsusi yer almışdı. İ.P.Petruşevskinin fikrincə, XV yüzilliyin sonunda qızılbaş
tayfalarına vaxtilə Ağqoyunlu tayfa birliyinə olan Qacar (Ağqoyunlu Qacar) türk
tayfası da qoşulmuşdu (Petruşevskiy İ.P. Oçerki po istorii feodalnıx otnoşeniy v
Azerbaydjane i Armenii v XVI v.v., L., 1949, s. 91) XV yüzilliyin sonunda
Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşmiş və
1500-cü ildə dövlət Ağqoyunlu əmirləri arasında parçalanmışdı.
Cənubi Azərbaycan,
Qarabağ, Naxçıvan və Diyarbəkr Sultan Əlvəndin, Ərəb İraqı, Fars və Kirman isə
Sultan Muradın əlində qalmışdı (Petruşevskiy İ.P. Qosudarstva Azerbaydjana v XV
v, s. 179; Efendiev O.A. Obrazovanie azebaydjanskoqo qosudarstva Sefevidov v
naçale XVI v. Baku, 1961, s. 84). 1499-cu ildə İsmayıl Lahicanı tərk edib
Ərdəbil istiqamətində hərəkət edən zaman onun yanındakı sadiq müridləri arasında
Qara Piri bəy Qacar da olmuşdu. Zeynəlabdin Əli “Təkmilətül-əxbar” əsərində
yazır ki, göstərdiyi igidliyə görə “Tozqoparan” ləqəbini alan Qara Piri bəy
Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilən
avanqard qüvvələrə rəhbər təyin edilmişdi (Efendiev O.A. Obrazovanie
azebaydjanskoqo qosudarstva Sefevidov., s. 146). XVI yüzilliyin başlanğıcında
Qarabağ Azərbaycan Səfəvilər dövlətinin tərkibinə mərkəzi Gəncə olan Qarabağ
bəylərbəyliyi kimi daxil olmuşdu.
Beləliklə, XV yüzillikdə Qarabağ
Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş və Azərbaycan dövlətlərinin
tərkibində qalmışdı. Bu dövrdə Qarabağ əhalisinin əsas hissəsini Azərbaycan
Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinə daxil olan türkdilli Azərbaycan
tayfaları və onun oymaqları təşkil etmişdir. Qarabağ əhalisi və onun etnik
tərkibi haqqında ən mühüm məlumat 1593-cü ildə Osmanlı maliyyə məmuru İmamzadə
Mehmed tərəfindən tərtib olunan “Gəncə-Qarabağ icmal dəftərin”də verilmişdir (Bax:
Kırzıoğlu F. 1593 (H.1001) yılı Osmanlı vlayet Tahrir defterinde anılan
Gence-karabağ sancaqları “Ulus” ve “Oymakları”-Edebiyyat Fakültesi Araştırma
Dergisi ahmet Safaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979). Qaynağın təsdiq
etdiyinə görə, Qarabağda Qaramanlı, Qacar, Baharlı, Hacılı, İyirimidördlü,
Otuzikili, Şəmsəddinli, Qapanlı və digər türk tayfaları yaşamışdı.