Ermənilərin Azərbaycanın tarixi torpaqlarının böyük bir hissəsini (İrəvan,
Naxçıvan, Qarabağ və. b.) öz ərazilərinə daxil etməsinin kökü V əsrdən başlanır.
F.Buzandatsi «Ermənistan tarixi» adlı əsərində belə etmişdir. «Erməni
tarixinin atası» hesab edilən M.Xorenatsi də bu səhv mövqeni əsas götürmüşdür.
Həmin dövrə dair erməni tarixşünaslığının təhlili göstərir ki, bu reallıqdan
uzaq olub, siyasi niyyətə, yəni dövlətçiliyini itirmiş Ermənistanın süni şəkildə
mədh edilməsinə əsaslanmışdır. Beləliklə, Azərbaycan torpaqlarının müəyyən
hissəsinin ermənilərin ərazisinə daxil edilməsi kimi yanlış ənənə yaradıldı.
Təsadüfi deyil ki, bu müəlliflərin əsərləri həm erməni, həm də rus dillərində
dəfələrlə çap edilmişdir (Buzandatsi F., 1883 (SPb.), 1953 (Yer.)
və s.; Xorenatsi M., 1893 (M.), 1961 (Yer.) və s.).
Lakin problemin ən təhlükəli cəhəti ondan ibarətdir ki, bu uydurmalar tədricən
iddiaya çevrilməyə başladı.
1918-ci ilin mayında
tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldı. 1918-ci il erməni-gürcü
müharibəsində Borçalı bölüşdürüldü. Sovet dövlətinin köməyi ilə Zəngəzur
Ermənistana ilhaq edildi. Bu ərazilərlə bağlı iddialar «qapandı». Qarabağ və
1921-ci il Moskva və Qars müqavilələrinin müvafiq müddəasına baxmayaraq,
Naxçıvanla bağlı iddialar isə davam etdirilməyə başladı.
İşdə Ermənistanın Dağlıq Qarabağa iddiası və onun reallaşdırılması cəhdlərinin
əsas mərhələləri nəzərdən keçirilir. Bu məqsədlə erməni
qarabağşünaslığının tarixi, Ermənistanın Dağlıq Qarabağa dair sənəd və
materialları sistemləşdirilmiş və təhlil olunmuşdur.
Ermənistanın ərazisinə daxil edilən ümumi Azərbaycan torpaqları içərisində
Dağlıq Qarabağın xüsusi olaraq ayrılması, əsasən, XVIII əsrin əvvəllərinə aiddir.
Rus çarı I Pyotrun (1682-1725) Şərqə yürüşü strateji baxımdan böyük önəm
daşıyan Qarabağın, xüsusilə onun dağlıq hissəsinin əhəmiyyətini artırır.
Ermənilər I Pyotrun diqqətini cəlb etmək üçün Qarabağın onlara məxsus olduğunu «əsaslandırmaqla»
ondan bir vasitə kimi istifadəyə çalışır. Belə bir vəziyyət Rusiyanın siyasi
maraqları ilə üst-üstə düşür. Bu Rusiyada ermənişünaslığın xüsusi bir sahə kimi
ayrılmasına, Azərbaycan torpaqlarına münasibətdə onun başlıca yanaşmasına
üstünlük verilməsinə zəmin yaradır.
Dağlıq Qarabağda məlikliklərin meydana gəlməsi və Nadir şahın dövründə
(1736-1747) onların rolunun yüksəldilməsi bu əraziyə olan marağı daha da
artırmışdı. Ermənilər II Yekaterina zamanı (1762-1796), xüsusilə XIX
əsrin əvvəllərində Şimali Azərbaycanda Rusiya işğalları dövründə Dağlıq
Qarabağın erməni torpaqları kimi qələmə verilməsinə, işğalçılarla əlbir olmaqla
burada hakimiyətini qırmağa cəhd etmişdir. Qarabağlı İbrahim xanın Rusiya ilə
Kürəkçay müqaviləsini imzalaması (1805, 14 may) bu planları boşa çıxardı.
Qarabağ xanlığının
ləğvi (1822) və Türkmənçay müqaviləsindən (1828) sonra Şimali Azərbaycana
köçürülən ermənilərin böyük bir hissəsinin Qarabağda yerləşdirilməsi onların
mövqelərini xeyli möhkəmləndirdi. Rus üsul-idarəsinə xidmət edən ermənilər də bu
sahədə ciddi iş aparırdı. Rus-erməni hakim dairələri mövqelərindən istifadə
edərək həmin dövr Azərbaycan qarabağşünaslığına (Mirzə Adıgözəl bəy (1845),
Mirzə Camal (1847) və b.) da təsir göstərməyə çalışırdı.
Q.Artsuruni (1845-1892) və onun redaktoru olduğu «Mşak» (Əməkçi) qəzetinin
ermənilər içərisində millətçiliyi qızışdırması nəticəsiz qalmır. A.Melik-Akopyanın
(Raffi) Xəmsə məlikləri (1600-1827) əsəri həmin qəzet tərəfindən çap edilir (Tiflis,
1882). Ermənilərin Dağlıq Qarabağa iddiasının formalaşmasına ciddi təsir
göstərən bu əsər 1895-ci ildə və sonralar (1964, 1987, 1991) yenidən çap edilir.
Qısa bir müddətdən sonra K.Ezyanın (Q.Ezov) Böyük Pyotrun erməni xalqı ilə
münasibətlərinə dair sənədlər toplusu (SPb., 1898) nəşr olunur. Ermənilər
1905-1906-cı illərdə iddialarını təbliğatla birlikdə,
azərbaycanlıların fiziki cəhətdən məhv edilməsi ilə də həyata keçirməyə çalışır.
1918-ci ildə Ermənistan respublikası qurulduqdan sonra Dağlıq Qarabağa iddialar
daha bir əlamətlə, yəni siyasi xarakter kəsb etməsilə diqqəti cəlb edir.
Sovet hakimiyyətinin
ilk dövründə də bu xətt davam etdirilir. Dağlıq Qarabağın
muxtariyyətləşdirilməsi də Ermənistanın iddialarına son qoymadı, əksinə onun
reallaşdırılmasında bir vasitə oldu. Ermənilər 1920-30-cu illərdə Dağlıq
Qarabağa dair təbliğatlarını davam etdirdilər. 1925-ci ildə Q.Koçaryanın,
1927-ci ildə isə M.Şaginyanın Dağlıq Qarabağ kitabları çap olundu. 1945-ci ildə
isə Ermənistan KP MK-nın I katibi Q.Arutinov İ.Stalinə müraciət edərək, Dağlıq
Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi məsələsini irəli sürdü. M.C.Bağırovun
cavab məktubundan sonra bu məsələ dayansa da, ermənilər təbliğatlarını və əməli
fəaliyyətlərini dayandırmadılar.
Ermənistan 1965-ci
ildə DQMV-nin ələ keçirilməsi üçün imza toplamasını təşkil edir. Sov. İKP MK
Katibliyi 1966-cı ildə Ermənistan və Azərbaycan KP
MK-larına DQMV haqqında məsələ hazırlanmasını tapşırır. Dövlət səviyyəsində
növbəti cəhd SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı irəli sürüldü.
Bu dəfə də istəklərinə nail ola bilməyən ermənilər əsassız iddialardan əl
çəkmədilər. Dağlıq Qarabağın tarixi və mədəniyyət abidələri (Mkrtçyan Ş., 1980;
Qulyan A., 1982; Ulubabyan B., 1982 və b.) haqqında təhrif dolu əsərlər çap
olunmağa başladı. Bu mərhələni Z.Balayanın bədnam «Ocaq» kitabı (1984) tamamladı.
M.S.Qorbaçovun 1985-ci
ildə SSRİ-də hakimiyyətə gəlməsi ilə erməni iddiaları bütün kəskinliyi ilə
ortaya çıxdı. Bunu Qorbaçovun müşaviri akademik A.Aqanbekyan 1987-ci ilin
noyabrında «Humanite» qəzetində dərc edilmiş müsahibəsində açıq şəkildə bəyan
etdi. O, müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun
olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirmişdi. 1988-ci
ilin fevralından Dağlıq Qarabağ erməniləri Ermənistan SSR ilə birlikdə
Azərbaycana qarşı təzyiqini gücləndirdi. Həmin dövrdən Ermənistan və onunla
vəhdətdə DQMV, sonralar isə burada təşkil edilmiş oyuncaq rejimə məxsus sənəd və
materialların sayı daha da artır. SSRİ-nin dağılması və Ermənistanın
müstəqilliyini elan etməsindən sonra Dağlıq Qarabağa iddialar yeni müstəviyə
keçdi.
Ermənistan Azərbaycana
qarşı elan edilməmiş müharibədə Rusiyanın yaxından köməyi ilə Dağlıq Qarabağ və
onun ətrafında yeddi rayonun ərazisini işğal etdi. 1994-cü ildə Ermənistanla
Azərbaycan arasında atəşkəs haqqında müqavilə imzalandı. Ermənistan zəbt etdiyi
Azərbaycan ərazisində işğal rejimi quraraq, Dağlıq Qarabağı Azərbaycandan
qoparmaq və perspektivdə onu öz ərazisinə birləşdirməyə çalışır. Ermənistanın «Dağlıq
Qarabağ dosyesi»nin əsl mahiyyəti də bundan ibarətdir. Bu isə həm tarixi, həm də
beynəlxalq hüquq normaları baxımından yolverilməzdir.