Ermənistanın Azərbaycana torpaq iddiası və hərbi təcavüzü nəticəsində
ölkədə demoqrafik fəlakət yaşanır. Qədim tarix boyu ayrı-ayrı coğrafi
məkanda (dağlıq, aran) məskunlaşan aborigen azəri türkləri və onlarla
birgə yaşayan etnoslar öz əzəli əmək vərdişlərini yadırğayır və
yeni şəraitdə yeni şərtlərlə yaşamağa məhkumdurlar.
Bununla yanaşı, müharibədə ermənilər milli genofondumuzu birbaşa təhdid
edən bəşəri cinayətlər törədiblər:
1.Ermənilər XX əsrin ən böyük faciəsini –Xocalı
qətliamını törətmişlər, minlərlə insanı əsir və girov götürmüşlər.
2.Əsir və girovlarla davranışda dünyada qəbul edilmiş qaydalar
gözlənilmir. Əksinə əsir və girovlarla ən vəhşi, alçaldıcı üsullarla
davranılır, onlara qarşı bəşəri cinayətlərə yol verilir. Əsirlərin
orqan və toxumaları çıxarılaraq satılır, şikəst edilir.
3.Əsir qadın və qızlarla azərilərin milli mentalitetinə və ənənələrinə
zidd olan, onların birbaşa heysiyyatına toxunan əxlaqsızlıqlar edilir
Yaranmış situasiyada Ermənistanın Azərbaycana hərbi təcavüzü və əzəli
torpaqlarımızın 20 %-ni işğal etməsi artıq çoxdan etnik zəmində qarşıdurmadan
beynəlxalq əhəmiyyətli bir konfliktə çevrilmişdir. Problemin siyasi həlli
ilə ABŞ, Avropa dövlətləri və Avropanın beynəlxalq strukturları (ATƏT)
məşğuldur. Lakin müharibənin ölkəmizə vurduğu nəticələrin aradan qaldırılması,
milli genofondun sağlamlığının qorunması, ekoloji problemlərin həlli,
yaşayış yerlərindən məhrum olmuş və müharibədə əlil olmuş şəxslərin
kompleks reabilitasiyası isə Azərbaycanın daxili problemi olaraq qalır və
onların həlli ilə dövlət və cəmiyyət birgə məşğul olmalıdır.
Ölkədə aktual olan problemlərdən biri də sayı uzunmüddətli müharibə
və ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması nəticəsində sıraları
getdikcə artmaqda olan Qarabağ əlillərinin problemləridir. Dövlət yaxın
gələcəkdə ciddi sosial problemlərlə qarşılaşmamaq üçün indidən bu
istiqamətdə problemlərin həllinə başlamalıdır. Kütləvi informasiya vasitələri,
qeyri-hökumət sektoru və bütövlükdə cəmiyyət əlillərə (xüsusilə
də müstəqil Azərbaycanın müharibə əlillərinə) qayğı göstərməlidir.
Əlillərə xidmət göstərmək insanların hobbisinə çevrilməlidir.
Çünki əlillik bir tale məsələsidir, əlilliyə heç kəs könüllü düçar
olmur. Vətən yolunda əlil olmuş, əzalarını itirmiş insanlara isə ən
azı xüsusi diqqət tələb olunur. İlk növbədə onlar bu qiymətə layiqdirlər,
digər tərəfdən isə bu milli qürur, vətənpərvərlik və heysiyyat məsələsidir.
Əlillik geri dönən proses deyil. Lakin əlil olmuş şəxslərin həyatının
keyfiyyətinin yaxşılaşdırılması, onların tibbi (müalicəsi, tibbi diaqnostik
və bərpa mərkəzlərinin yaradılması, istirahəti), psixoloji və sosial
reabilitasiyası (təhsili, istehsalata cəlb olunması, maddi və texniki təminatı)
üçün imkanlar var və bunlardan yararlanmaq gərəkdir. Bu məsələnin həlli
üçün ilk növbədə əlilliyin xarakterinin, dərəcəsinin öyrənilməsi
və bu təsnifatın beynəlxalq meyarlarla uzlaşdırılması tələb olunur.
Vyetnam müharibəsinin sindromunun Amerika cəmiyyəti üçün törətdiyi nəticələri
nəzərə almaq və onları önləmək üçün bu kompleks tədbirlər zəruridir.
Beləliklə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində milli genofondun
qorunması və reabilitasiyası üçün yaxın dövrdə görülməsi vacib olan
təxirəsalınmaz tədbirləri aşağıdakı kimi ümumiləşdirmək olar:
1.Qaçqın və məcburi köçkünlərin dislokasiya və yaşayış yerlərində
sanitar-epidemioloji vəziyyətin dəyərləndirilməsi və zəruri tədbirlərin
görülməsi;
2.Qaçqın və məcburi köçkünlərin psixoloji reabilitasiyasının təşkili
üzrə dövlət proqramının işlənib hazırlanması ;
3.Əsirlikdən azad edilmiş və işğal zonasında müvəqqəti saxlanılan
şəxslərin tibbi monitorinqinin və psixoloji reabilitasiyasının təşkili
üzrə dövlət proqramının işlənib hazırlanması;
4.Müharibənin milli genofonda vurduğu zərbənin tibbi aspektlərinin kompleks
dəyərləndirilməsi məqsədilə komissiyanın yaradılması və bu materialların
əsasında dünya tibb ictimaiyyətinə və Ümumdünya Səhiyyə Təşkilatına
müraciət edilməsi;
5. Qaçqın və məcburi köçkünlərin xüsusi statistika və tibbi uçotu
sisteminin yaradılması;
6.Respublika vətəndaşlarının əvəzsiz donorluğu və qan bankı sisteminin
yaradılması;
7.Qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərdə həkiməqədərki
tibb yardımı üsullarına yiyələnməsi və onların ambulator tibb yardımı
ilə təchiz edilməsi üçün tədbirlərin görülməsi;
8.Azərbaycan Respublikasında Qarabağ əlillərin sosial təminatının və
müdafiəsinin təşkili işinin yaxşılaşdırılması üçün müvafiq konsepsiyanın
yaradılması;
9.Qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərin həkimlərlə
təminatı üçün tədbirlərin görülməsi;
10.Göstərilən məsələlərin dövri mətbuatda mütəmadi işıqlandırılması.