“Müharibə elə də asan məsələ deyil ki, onu hərbçilərə etibar edəsən”. Klemanso
2006-cı il ərzində baş verən hadisələr, aparılan danışıqlar, nəticəsiz cəhdlər
Qarabağ məsələsinin həllinin, daha doğrusu erməni işğalının nəticələrinin yalnız
hərbi yolla aradan qaldırılmasının mümkün olduğunu bir daha və bir dəfəlik təsdiq
etdi. “Heç vaxt heç kəsin ağlına da gələ bilməzdi ki, əhali öz ölkəsini əldə silah
müdafiə etməkdən çəkinəcəkdir” (Makiavelli). Danışıqlar, yaxud “sülh yolu” deyilən
yol tərəflərdən hər hansı birinin vaxt qazanması, baş vermiş işğal faktının daxili
və beynəlxalq ictimai rəydə adiləşdirilməsi, işğal faktı ilə bağlı adekvat və impulsiv
reaksiya imkanlarının heçə endirilməsi, maraqlı dövlətlərin iqtisadi mənfəətlərinin
təmin olunması məqsədilə regionda sabitliyin qorunub saxlanılması üçün sərfəlidir.
Deyilənlərin heç biri torpaqları işğal altında olan, ərazi bütövlüyü pozulan Azərbaycanın
maraqlarına uyğun gəlmir.
Vaxt amilinin Azərbaycanın xeyrinə işlədiyini deyənlər ciddi yanlışlığa yol verir,
ya da səmimi mövqe bildirməkdən çəkinirlər. Əgər ötən vaxt ərzində Azərbaycan ordusu
düşmənin silahlı qüvvələrini müxtəlif parlamentlərə görə bir neçə dəfə ötüb keçsəydi,
erməni təcavüzünün beynəlxalq səviyyədə qəti ittiham olunmasına, bu işğal faktına
qarşı birmənalı beynəlxalq ictimai rəyin formalaşdırılmasına nail ola bilsəydik,
Ermənistana qarşı hər hansı beynəlxalq təşkilatın kəskin və əməli addımlarla möhkəmləndirilən
qətnaməsi ortada olsaydı, Azərbaycanın haqlı mövqeyinə dəstək aydın hiss olunsaydı,
hərbi müttəfiqlərimizin sayı artsaydı (əksinə, azalma meyli hiss olunur), onda vaxt
amilinin rolunu qabardanlarla bəlkə də razılaşmaq olardı. Təəssüf ki, deyilənlərin
heç biri müşahidə olunmur.
Azərbaycan danışıqları davam etdirməklə Dağlıq Qarabağdan imtina yolunu seçmişdir.
Dövlət başçısı, ayrı-ayrı məmurlar tərəfindən vaxtaşırı verilən kəskin bəyanatlar
ictimai rəyin aldadılmasına yönəlmişdir. Bədbin və düşkün vəziyyətə salınmış xalq,
ictimaiyyət könüllü şəkildə aldadılmağa meylli kimi görünür, baş verən hadisələrin
mahiyyətinə varmır, heç cəhd də göstərmir, daha çox deyilən yalanları reallıq kimi
qəbul edərək, özünü bu yalanlarla ovundurmaqla kifayətlənir. Ictimai rəydə “bizdən
nə asılıdır, nə edə bilərik, bu iş bizlik deyil” fəlsəfəsi möhkəmlənir. Fərdlər
ən yaxşı halda “lazım gəlsə” deyimi ilə özlərinə təskinlik tapmağa çalışırlar.
Beynəlxalq təşkilatlar, onları idarə edən dövlətlər vəziyyətin bu şəkildə qalmasında,
sonsuz şəkildə davam etdirilməsində maraqlıdırlar. Onlar iqtisadi maraqları üçün
yarana biləcək təhlükədən çəkinir, eyni zamanda region ölkələrini nəzarətdə saxlamaq,
təsir dairələrindən çıxmalarına imkan verməmək üçün dondurulmuş münaqişələrdən vasitə
kimi istifadə edirlər. Ona görə də “vasitəçilik missiyası” deyilən təsir və idarə
etmə alətini öz monopoliyalarında saxlayır, kənar müdaxilələrə imkan vermirlər.
Dünyanın üç super gücü-ABŞ, Rusiya və Fransa vasitəçilik missiyası ilə Qarabağ münaqişəsinin
nizama salınması deyil, öz maraqlarının regionda balanslaşdırılması məqsədini güdürlər.
Bəzi analitiklərin fikrinə görə, dünyada gedən proseslərə həlledici təsir imkanlarına
malik olan üç dövlətin nizamlama prosesində iştirakı yeganə məqbul variantdır. Bu
məntiqə görə, supergüclərin öz aralarında razılığa gəlməsi məsələnin birdəfəlik
həllinə gətirib çıxarmalı idi. Tamamilə yanlış yanaşmadır. Regionda daban-dabana
zidd maraqlara sahib olan dövlətlərin münaqişənin həlli ilə bağlı nə vaxtsa ortaq
məxrəcə gələcəyi ehtimalı sıfıra bərabərdir. Ötən illərin təcrübəsi bunu aydın şəkildə
təsdiq edir və bundan sonra bu perspektivə inanmaq ən azından ağılsızlıqdır.
Hazırda yaranmış vəziyyət Ermənistanı tam qane edir. Dağlıq Qarabağ Azərbaycanın
nəzarətindən tam çıxarılmış, Dağlıq Qarabağın ətrafındakı 7 rayonun ərazisi şəriksiz
istifadə üçün ələ keçirilmiş və bütün zəbt olunmuş torpaqlar Ermənistanın daxili
əraziləri kimi idarə və istifadə olunur. Üstəlik, beynəlxalq təşkilatlar tərəfindən
heç bir sanksiya tətbiq olunmur, təzyiq göstərilmir. Beynəlxalq təşkilatların münaqişəyə
görə məsuliyyəti tərəflər arasında tam bərabər şəkildə bölüşdürməsi, “balanslaşdırılmış
günah” xəttini yeritməsi işğalçı Ermənistanın maraqlarına tamamilə uyğun gəlir.
“Müharibədən doğan oğruları sülh dar ağacından asır” (Makiavelli). Indi hər şey
tərsinə cərəyan edir, oğrular, quldurlar, terrorçular öz istəklərini diktə edirlər.
Tarixdə işğalçı dövlətə qarşı bu cür xoş münasibətin analoqu yoxdur və yəqin ki,
gələcəkdə də olmayacaqdır. Ermənistanın müstəqil olmaması, Rusiyanın “forpostu”na
çevrilməsi, bu gün- sabah iqtisadi cəhətdən çökəcəyi haqda müxtəlif səviyyələrdə
tez-tez bəyanatlar səsləndirilir.
Bu, yanlışlıqdan, özünü aldatmaqdan, daha doğrusu, fəaliyyətsizliyə bəraət qazandırmaq
cəhdindən başqa bir şey deyildir. Ermənilər “müstəqillikdən qismən və yaxud tam
imtina müqabilində torpaq” siyasətindən bir neçə dəfə uğurla bəhrələniblər. Onlar,
deyəsən, hamıdan daha əvvəl başa düşüblər ki, dünyada müstəqillik daha çox nisbi
(planetimizin hansı dövlətinin öz müstəqilliyindən tam qətiyyətlə danışa biləcəyi
mübahisəli bir məsələdir), torpaq isə daha çox əbədi anlamdır. Onlar 1828-ci ildə
özlərini birmənalı şəkildə Rusiyanın ixtiyarına verərək “erməni vilayəti” deyilən
qurumun yaradılmasına nail oldular, 1918-ci ildə ABŞ-ın tam himayəsini qəbul edərək,
Irəvan və ətraf əraziləri ələ keçirdilər (ona görə də o vaxtkı ABŞ prezidenti V.Vilsonu
özlərinin mənəvi atası hesab edir və onun şərəfinə ən böyük abidəni ucaltmağa hazırlaşırlar),
1920-ci ildə müstəqilliklərindən Rusiyanın xeyrinə imtina etməklə Zəngəzuru aldılar,
Dağlıq Qarabağ üçün isə uyğun zəminin bünövrəsini qoydular. Ermənistan bu gün Dağlıq
Qarabağı və işğal olunmuş digər əraziləri nəzarətdə saxlamaq üçün müstəqilliyini
girov qoymaqla Rusiyanın himayəsindən bəhrələnir, sabah Dağlıq Qarabağda həmişəlik
möhkəmlənmək üçün ABŞ və yaxud hər hansı başqa dövlətin qoltuğuna sığınacağı, hər
halda cəhd edəcəyi şübhə doğurmur.
Əlbəttə, bu, özünə hörmət edən millətlərin qəbul etmədiyi şərəfsiz dövlətçilik
yoludur. Bu, onların öz işidir, biz onları şərəfləndirə, yaxud bu yoldan çəkindirə
bilmərik. Bu, bizim işimiz deyil. Amma şərəfsiz dövlətçilik yolu tutmuş bu eybəcər
toplumun fitnə-fəsadları bizim başımızda çatlayır, hər dəfə torpaq itkilərinə biz
məruz qalırıq.
Ona görə də biz hadisələrə düzgün qiymət verməli, prioritetlərimizi reallığa
uyğun müəyyənləşdirməli, yanlış görüntülərlə özümüzü aldatmamalıyıq. Obyektivlik
naminə onu da nəzərə almalıyıq ki, ermənilər bu yolda on minlərlə həmtayfalarını
qurban vermiş, milyonlarla vəsait xərcləmişlər. Və bu gün də “yoruldum, usandım,
çəkildim”, -demirlər. Bunu müharibə adı gələndə “müharibə ölüm-itim, qandı” deyib,
daş atıb, başını tutan, Qarabağ yolunda pul xərcləmək lazım gələndə “Meydanda vermişdim,
bilmədim hara getdi” deyən, Qarabağ uğrunda ortaya çıxıb mübarizə aparmaq lazım
gələndə “yorulmuşam, usanmışam, çox şey etmişəm, daha bəsdir” deyib dalda-bucaqda
gizlənən soydaşlarımızın nəzərinə çatdırmaq üçün dedim. Əlbəttə, 200 illik qanlar,
itkilər və xərclərdən yorulmayan ermənilərə qarşı 2 atımlıq barıtdan sonra usanmış
soydaşlarımızla mücadilə aparmaq ağla sığan məsələ deyil. Gərək, usanmaq, yorulmaq
sözlərini yaddan çıxaraq. Ermənilərin də narahatçılığı elə bundadır, qalan bütün
işlərini yoluna qoyublar.
Ötən il Azərbaycan diplomatiyası üçün tam uğursuzluqla nəticələndi. Ən ümidverici
proqnozlardan, müxtəlif səviyyələrdə görüşlərdən, danışıqlardan sonra məlum oldu
ki, müzakirə olunan məsələlər ölkənin maraqlarına qətiyyən uyğun deyil və yaxşı
halda işğal faktını özündə ehtiva edən status kvonun saxlanılmasına, pis halda isə
Ermənistanın iddialarının tam təmin olunmasına xidmət edir. Azərbaycan tərəfi Dağlıq
Qarabağın ətrafındakı rayonların bir hissəsinin azad olunması, sülhməramlı qüvvələrin
münaqişə zonasına yerləşdirilməsi, zəbt olunmuş ərazilərdə qondarma rejimin “hələlik”
saxlanılması, statusla bağlı referendumun keçirilməsi, Azərbaycanla Ermənistan arasında
iqtisadi və digər əlaqələrin bərpa olunması kimi məsələlərin müzakirəsində iştirak
etməklə milli maraqlardan kənara çəkilmişdir. Bu müzakirələrlə ortaya gələcək fəlakətli
nəticələri hələ bir kənara qoyuruq, bu müzakirələrdə iştirakın özü artıq fəlakətdir.
Azərbaycan hakimiyyəti referenduma razılıq verdiyini artıq bildirmişdir. ”Statusun
müəyyən edilməsi prosesi Qarabağın erməni və azərbaycanlı icmalarının birbaşa və
tam iştirakı ilə keçiriləcəkdir. Ermənilər referendumun 5 ildən, biz isə 15 ildən
sonra keçirilməsini istəyirik” (E. Məmmədyarov). Referendum ideyası, onun cəmiyyətə,
ictimai rəyə yeridilməsinin özü zərərlidir.
Istənilən formada referenduma razılıq vermək işğal faktının üzərindən sükuta
keçməyə və Dağlıq Qarabağın mübahisəli ərazi olduğunu etiraf etməyə bərabərdir.
Digər tərəfdən, Ermənistan möcüzə nəticəsində Rusiyanın təsirindən çıxaraq referendumun
15 ildən, hətta 100 ildən sonra keçirilməsinə razılıq verərsə, bu o deməkdir ki,
Dağlıq Qarabağdakı qondarma rejim həmin müddət ərzində beynəlxalq təminatla tam
sərbəst mövcudluğunu davam etdirəcək, Azərbaycanın hər hansı müdaxilə imkanları
heçə endiriləcək, Ermənistan isə bölgənin, o cümlədən Azərbaycanın bütün təbii və
qeyri-təbii sərvətlərindən, regional layihələrdən geniş şəkildə bəhrələnmək imkanı
qazanacaqdır. Bəzi “ekspertlər”, hakimiyyət sözçüləri “irəliləyiş” deyəndə yəqin
bunları nəzərdə tuturmuşlar.
Bu proseslərin “qabırğa” effektlərindən biri də “xalq diplomatiyası” deyilən
hərəkatdır. “Azərbaycan ordusu Qarabağı işğaldan azad edə bilər, amma bu, münaqişənin
həllinə gətirib çıxarmayacaqdır”. – “Xalq diplomatları”mızın son dövrdə ortaya atdıqları
tezislərdən biri də budur. Normal təfəkkürlə və normal vəziyyətdə bu sillogizmi
axtarıb tapmaq çətin olardı. Görünür, iri məbləğdə qrantın yaratdığı şiddətli qızdırma
“dostlarımızın” təxəyyülünü xəstə halına gətirib çıxarıb. Qrant zəlillərinə bir
daha başa salmağa çalışıram: qrant da, onu verənlər də, bu dünyanın rahat, firavan
həyatı da müvəqqətidir; əbədi olan torpaqdır. Irəvanı, Göyçəni, Zəngəzuru ermənilərə
verib, sonra da onlarla kirvə olan dədələrin yolu ilə getməyin! Xalq diplomatiyası,
xoş münasibət və şirin dillə erməniləri öz “erməniliyindən” əl çəkməyə vadar etmək
mümkün deyil. Əvvəl bəylik ləyaqəti ilə, daha sonra isə proletar beynəlmiləlçisi
kimi erməniləri başa keçirəndə, onlara abidələr ucaldanda, vəzifələr verəndə, heç
ağlımıza da gəlməzdi ki, onlar Şuşada şair Vaqifin heykəlinin uzunluğunu ölçür,
doğum evlərində övladlarımızı şikəst edir, “türklərdən qisasımızı aldım” deyə Cavidlərimizi,
Müşfiqlərimizi, Cavadlarımızı edam kötüyünə göndərir, uca dağ kəndimizdəki pinəçidən
tutmuş paytaxtımızdakı “sexovşik”ə qədər erməni fondlarına pul keçirirlər. Bu yaxınlarda
isə Ermənistanda xarici təşkilatların keçirdiyi sorğunun nəticələrinə görə ermənilərin
ən çox nifrət etdikləri millət azərbaycanlılardır (87 faiz). Bu da “xalq diplomatları”
mızın “ağır” zəhmətlərinin nəticəsidir.
Ermənilər bizə nifrət edirlər və ona görə nifrət edirlər ki, onların göz dikdikləri
torpaqlar bizimdir. Günah özümüzdədir, özümüz gətirmişik, hər şeyimizə şərik etmişik,
həmişə də qabaqlarından qaçmışıq, ona görə də ayaqları yer alıb. Indi ya yenə də
qaçıb getməli, göz dikdiklərini verməli, ya da bu torpağın sahibi, ağası olduğumuzu
sübut etməliyik. Yoxsa qulun, nökərin ağaya olan bu nifrəti tükənməyəcəkdir. “Mənimki,
sizə bir yaxşılığım dəyməyib, nə üçün mənə bu qədər nifrət edirsiniz?!” (yunan məsəli).
Göründüyü kimi, bu gün bütün parametrlər üzrə yalnız ən xoşagəlməz nəticələrlə
üz-üzə qalmışıq:
-Ordumuz istənilən səviyyədə deyildir;
-xalq və cəmiyyət passiv müşahidəçi rolu ilə kifayətlənmək zorundadır;
-beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər münaqişənin beynəlxalq hüquq normaları
müstəvisində nizama salınmasına heç cəhd də göstərmirlər;
-dünya birliyinin işğala məruz qalan tərəfə rəğbəti hiss olunmur;
-işğal faktı ilə bağlı obyektiv beynəlxalq ictimai rəy formalaşdırılmamışdır;
-Ermənistan haqsız iddialarının üzərində dayanır, ermənilərin bizə qarşı nifrəti
və iddiaları azalmamışdır ki, artmışdır.
-potensial hərbi müttəfiqlərimizin sayı azalmaqdadır;
-Azərbaycanda müharibə və qisas əhval-ruhiyyəsi istənilən səviyyədə deyildir.
Bu vəziyyət Qarabağ məsələsinin həllinə dair yanlış yolun tutulması ilə bağlı
yaranmışdır. Işğala məruz qalan ölkənin öz torpaqlarını ən radikal vasitələrlə azad
etmək yolundan imtina edərək, mənasız danışıqlar variantına üstünlük verməsi nəticəsində
Azərbaycan cəmiyyəti passiv kütləyə, beynəlxalq təşkilatlar biganə seyrçiyə, Ermənistan
işğalçı hərəkətlərinə bəraət qazandırmağa, müdafiə olunmağa cəhd göstərmək əvəzinə,
fəal hücumçuya (danışıqların nə vaxt və harada keçiriləcəyini, hansı məsələlərin
müzakirə olunacağını da Ermənistan müəyyənləşdirir, öz mövqeyini diktə edir) çevrilmişdir.
Potensial hərbi müttəfiqlərimiz isə maymaq və dişsiz siyasət yeridən bir ölkədən
artıq üz döndərmişlər.
Yaranmış vəziyyətdən çıxış yolları barədə müxtəlif fikirlər səsləndirilir. Onlardan
dördü daha tez-tez ortaya gəlir: 1) NATO-ya üzv olub, bu qurumun imkanlarından istifadə
etmək; 2) Demokratik cəmiyyət quruculuğunu başa çatdırmaq; 3) Iqtisadi cəhətdən
güclü dövlətə çevrilmək; 4) Hər hansı digər partiya hakimiyyətə gələrsə, məsələ
dərhal həll olunacaqdır.
Bu mövqelərin heç biri ciddi tənqidə davam gətirmir, daha çox bu və ya digər
ictimai, siyasi qüvvələrin öz fəaliyyətsizliklərinə bəraət qazandırmaq cəhdi, bəzi
hallarda isə xarici qüvvələrin planlarının reallaşdırılması istəyi kimi görünür.
NATO-nun siyasətini müəyyənləşdirən əsas ölkə Minsk Qrupu həmsədrlərindən biridir.
Ona görə də NATO çərçivələrində hansısa yeni yanaşmanın nümayiş etdiriləcəyinə ümid
azdır. Digər tərəfdən, tarixi təcrübə kənardan müdaxilə nəticəsində münaqişənin
ədalətli prinsiplərlə həll olunacağına inam yaratmır. 1920-ci ildə Azərbaycan parlamentində
kommunist nümayəndələr oxşar tezislə çıxış edərək, yalnız Qırmızı ordunun gəlişindən
sonra Qarabağın, Zəngəzurun xilas ediləcəyini bildirirdilər. Qırmızı ordu gəldi
və Zəngəzuru Ermənistana, Dağlıq Qarabağı isə ermənilərə verdi (heç bir ehtiyac
olmadan verilən muxtariyyətin başqa adı yoxdur). NATO gələrsə, onun da oxşar yolla
gedəcəyini tam əminliklə demək olar.
Demokratik cəmiyyəti bütün dərdlərin dərmanı kimi təqdim etməyə çalışanlar yanılırlar.
Əvvəla, demokratik cəmiyyətin kriteriyaları, meyarları hələ də mübahisəlidir. Başqa
bir ölkənin ərazisinə daxil olub, kütləvi qırğınlar törədən və özünü “demokratiyanın
qarantı” adlandıran ölkənin demokratikliyinin qəbul olunması da çox mübahisəli məsələdir.
Bu demokratiya çabaları daha çox Sovetlərin “tam və qəti qələbə” oyunlarını xatırladır.
Bu gün demokratiya dedikdə hansısa dövlətin təsiri altında olan hansısa siyasi qüvvənin
hakimiyyətə gəlməsi nəzərdə tutulur. Vaxtilə hər hansı ölkədə sosializmin qələbəsi
Rusiyanın nəzarəti altında olan hər hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi anlamını
verirdi. Azərbaycanda da belə olmuşdu. Daha sonralar hər hansı uzaq qitənin cəngəlliklərində
yaşayan və sosializmin heç nə olduğunu da bilməyən serjant və polkovniklər bundan
məharətlə yararlanırdılar. Demokratik cəmiyyət qurmaqla dünyanın haqqımızı tanıyacağına,
ədalətli mövqe tutacağına inanmaq sadəlövhlükdür. Tarix demokratik cəmiyyətlərin
deyil, güclülərin, öz haqqını müdafiə edə bilənlərin tarixidir.
Iqtisadi gücün artırılması ciddi və həlledici əhəmiyyətə malikdir. Burada həqiqət
var. “Müharibə etmək qabiliyyəti hərbi müstəvidən iqtisadi müstəviyə keçmişdir”(K.
Klauzevis). Istənilən qarşıdurma iqtisadi güclərin toqquşması, mübarizəsi və sınağıdır.
Lakin iqtisadi güclərin nisbətini mütləq həddə çatdırmaqla məsələnin öz-özünə həll
olunacağına ümid bəsləmək düzgün deyil. Bu halda sonsuzluğa qədər gözləmək olar,
amma heç bir nəticə hasil olmayacaqdır. Müəyyən kəmiyyət və keyfiyyət həddinə çatmış
iqtisadi gücdən məqamında istifadə olunmursa, o gələcəkdə ciddi təsir amilinə çevrilmək
imkanını itirir. Özündə güc hələ heç nə demək deyildir, onun reallaşdırılma imkanları
axtarılıb tapılmalıdır. Azərbaycanın bu gün malik olduğu iqtisadi güc Ermənistana
qarşı qəti və təcili addımların atılmasına imkan verir.
Iqtisadi gücdən bu gün yararlanmağın əleyhinə olanlar, yaxud onun hələ də kifayət
etmədiyini deyənlər dövləti və cəmiyyəti əfsanəvi iqtisadi gücə nail olmaq ümidi
ilə “X” anına qədər çalışmağa, gözləməyə çağırırlar. Belə absurd fikirlər də səsləndirilir
ki, guya bizim iqtisadi gücümüz elə bir yüksək həddə çatacaq ki, ermənilər bu gücün
qarşısında və onun tətbiq edilmə ehtimalından qorxaraq, bütün iddialarından geri
çəkiləcək, torpaqları da boşaldacaqlar. Gülünc və bayağı tezisdir, amma hər halda
yüksək səviyyələrdə müdafiə olunur, kifayət qədər tanınan ekspertlər tərəfindən
də dəstəklənir.
Hakimiyyətə iddialı olan siyasi qüvvələr hakimiyyətə qədərki dövrdə də öz işlərini
görməli, milli maraqlara uyğun mövqedən çıxış etməlidirlər. Bu halda “hakimiyyətə
gələrəmsə, məsələni həll edəcəyəm” tezisi kifayət etmir. Hər bir partiya üçün hakimiyyətə
qədərki dövrün öz tələbləri var. Bu tələbləri yerinə yetirməyən, konkret addımlar
atmaq istəməyən partiyanın gələcək üçün verdiyi vədlər inandırıcı görünmür. Hakimiyyət
də, hakimiyyətə gəlmək istəyən nüfuzlu partiyalar da milli maraqları dünya güclərinin
transmilli maraqlarına uyğunlaşdırmağa çalışır və Qarabağ məsələsinin bu müstəvidə
öz həllini tapacağına ümid edirlər. Tamamilə yanlış və zərərli mövqedir.
Dünya gücləri dünyada gedən və qloballaşma adlandırılan proseslərə problemsiz
qoşulmağımızın tərəfdarıdırlar. Həmin proseslərə tam səlahiyyətli üzv kimi qoşulmaq
üçün ya öz problemlərimizi özümüz həll etməli, ya artıq yük gətirən amil kimi kəsib
atmalıyıq. Bizdən istənilən budur. Qarabağ məsələsi beynəlxalq müstəvidə ən yaxşı
halda dondurulub saxlanıla bilər. Ona görə də məsələnin həlli bütövlükdə daxili
amillərə bağlıdır. Bizdə hələ də bu həqiqəti qəbul etmək istəmirlər. Fərd olaraq
“tək canımla nə edim”, partiya olaraq “nə isə etməyim üçün hakimiyyətə gəlməliyəm”,
hakimiyyət olaraq “nə mümkündür, edirəm” tezisləri arxasında gizlənənlər ötüb-keçən
günləri sayır, yalnız imitasiyadan ibarət fəaliyyəti davam etdirirlər.
Özümüzün də günahımız ucbatından Qarabağ məsələsi çətin bir düyünə çevrilmişdir.
Hətta baş vermiş hadisənin mahiyyətini də ən müxtəlif müstəvilərdən yozur, məsələni
mümkün qədər mürəkkəbləşdirir və həll yolunun olmadığı haqda fikir formalaşdırmağa
çalışırlar. Bu, məlum və dəfələrlə sınaqdan çıxarılmış yanaşma metodudur. Bu yanaşmanın
əsas şərtlərindən biri çıxılmazlıq vəziyyətinin yaradılmasından ibarətdir. Sonda
çıxılmazlıq vəziyyətini süni şəkildə yaradanlar xilaskar kimi ortaya çıxaraq, yeganə
“çıxış” yolunu göstərirlər.
Təəssüf ki, cəmiyyətimizdəki münasibətlər müstəvisində də Qarabağ məsələsi düyünə
çevrilmişdir. Hər bir tərəf, istər hakimiyyət, istər müxalifət, istərsə də ictimai
birlik, ya da fərd məsələnin həll imkanlarına obyektiv mövqedən deyil, daha çox
öz maraqlarının pəncərəsindən baxmağa çalışırlar. Bizdən fərqli olaraq, erməni cəmiyyəti
üçün hər şey aydındır, bütün nöqtələr öz yerindədir: nəzərdə tutulan ərazilər işğal
olunmuşdur, işğal faktı təsbit olunmalıdır, o vaxta qədər danışıqlar davam etdirilməlidir.
Bütün erməni toplumu bu strategiyanın həyata keçirilməsi ilə məşğuldur. Bizdə isə
hətta işğal faktının özü ilə də bağlı vahid mövqe yoxdur. Ona görə də kimlərsə Dağlıq
Qarabağın statusunun ölçülərindən danışır, qardaşını müharibədə itirən başqa birisi
ermənilərlə “dostluq körpüsü” yaratmağa çalışır, digərinin isə deyəsən heç vecinə
də deyil. Məlum təmsilin yükü hərəsi bir tərəfə çəkən personajlarının gününə düşmüşük.
Kişinin də, dövlətin də, ölkənin də başına iş, o cümlədən işğal işi də gələ bilər.
Dərd onda deyil, dərd ondadır ki, bu iş başına gələ və onun çarəsini tapa bilməyəsən.
Qarabağda şəhid olanların ailələrini, əlil olanların özlərini küçələrdə diləndirirlər,
Qarabağ deyənlərin dilini kəsir, Qarabağ deyib, müharibə istəyənləri “yalançı patriot”
adlandırırlar. Kimin həqiqi vətənpərvər olduğu bilinmir. Dəyərlər dəyişib, mənasızlaşıb,
qiymətdən düşüb. Cəmiyyət “nə etməli?” sualı qarşısındadır. Bu sualın birmənalı
cavabını bilən də yoxdur. Dəhşətlisi isə odur ki, bu sualın cavabını axtaranların
sayı yox dərəcəsindədir. Böyük əksəriyyət axtardığını tapıb, kreslosunda, piştaxtasının,
yazı masasının, ya da topun, tankın arxasında, daha doğrusu kölgəsində rahatlanıb
oturan kimi görünür. Piştaxta və yazı masası arxasında dayananların arasında elə
bir ciddi fərq qalmayıbdır.
Mən yaranmış vəziyyətdən çıxış yollarına dair geniş konsepsiya ilə çıxış edib
ağıl sahiblərini, ictimai “fikir dahilərini” qəzəbləndirmək istəmirəm. Onsuz da
heç kəs, heç kəsin nəinki kitabını, heç balaca bir yazısını da oxumur. Daha çox
hansısa ekstrasensin, öncəgörənin Qarabağ məsələsinin neçənci ildə həll olunacağı
haqda dedikləri oxunur, dinlənilir və müzakirə olunur. Nə etməli, biz də bu reallığı
yaşayırıq.
Mənim də daxil olduğum məlum cərəyanın fikri cəmiyyətə bəllidir. Biz ləngimədən
müharibənin başlanmasını istəyir və bunun üçün əlimizdən gələni edirik. Istədiyimiz
isə odur ki, bu müharibənin daha tez başlanması üçün hər kəs bacardığını etsin.
Vətən işğal atındadır. “Vətəni sevmək imandandır”(Qurani-Kərim). “Vətənə həqiqi
məhəbbət və Vətən naminə cəsarətli qəhrəmanlıq yolu ilə xoşbəxt olmaq olar”(Stendal).
Hakimiyyətdə oturan və hakimiyyətə gəlmək istəyən hər bir kəs Vətəni işğaldan azad
etmək üçün ən acı həqiqəti deməyi, ən ağır yolu tutmağı bacarmalıdır.
Hər bir vətəndaş bu yolda çətinliklərə, əziyyətlərə, şərəfli ölümə hazır olmalıdır.
“Siz məndən soruşursunuz, məqsədiniz nədir? Mən bir kəlmə ilə cavab verə bilərəm:
nəyin bahasına olursa olsun, qələbə; bütün dəhşətlərinə rəğmən, qələbə; nə qədər
uzun və çətin olmasına baxmayaraq, qələbə; çünki qələbə olmasa, həyat da olmayacaqdır”
(Çerçill). Çətin sual qarşısında düzgün seçim etməyi bacarmalıyıq. Makedoniyalı
Aleksandr Qordi düyünü, Şah Ismayıl Təbriz divarları, dünya xalqları faşizm vəbası,
xorvatlar serb millətçiliyi qarşısında seçimlərini etdilər və qələbə çaldılar. Qarabağ
düyünü də qılınc, güc və zorla həllini tapacaqdır. Doğrudan da, “tarixi qaliblər
yazır” (U.Eko), məğlublar isə yazılan tarixi oxumaqla kifayətlənirlər. Biz də tariximizi
yazmalıyıq. s