Tarixiliyin və
çağdaşlığın sıx vəhdəti, hadisə və mahiyyətin aktuallığı, realist düçüncə
tərzinin və mətnaltı mənanın çoxqatlılığı C.Cabbarlının bir sıra əsərlərində
olduğu kimi “1905-ci ildə” pyesində də özünü qabarıq biruzə verməkdədir. Dövlət
türk Bədaye teatrosunda 1 oktyabr 1931-ci ildə ilk tamaşasından sonra əsəri
“Xalqlar dostluğunun təntənəsi”, “beynəlmiləlçilik abidəsi” adlandıranlar da
oldu, “milli münasibətləri qızışdıran”, “fəhlə hərəkatının üzərinə kölgə salan”,
“siyasi istiqamətdən sapınan” pyes kimi dəyərləndirənlər də! Öncədən onu
vurğulamaq lazımdır ki, müdhiş “37”nin qan çilənmiş üfüqlərinin göründüyü
mürəkkəb və məsuliyyətli zamanda bədii əsərin ideoloji prinsiplərə söykənmiş
siyasi meyarlarla qiymətləndirilməsi ədəbi tənqidin elmi-müqayisəli təhlil
metodologiyasınıa və ədəbi-bədii, ideya-estetik məziyyətlərin dəyərləndirmə
prinsiplərinə ən yumşaq deyimdə yaddır.
30-cu illərin siyasi ab-havasını çox
gözəl görən və duyan sənətkar üçün 25 il əvvələ 1905-ci ilə qayıdaraq
erməni-müsəlman qırğınını mövzu seçməsi müəllifdən böyük cəsarət və qətiyyət
tələb edirdi. O “köhnəlmiş yaraları (yaddaşları-A.R.) təzələməkdən” narahatlıq,
nigarançılıq keçirmir, əksinə, milli vətəndaşlıq borcunu və sənətkar
narahatlığını ifadə edirdi.
C.Cabbarlı
mövzunu hərtərəfli öyrənmək üçün arxiv sənədlərini nəzərdən keçirmiş,
Qarabağa-Tuğ kəndinə, Şuşaya, Ağdama getmiş, qırğının iştirakçılarını və
zərərdidələrini dinləmişdi. 1918-ci ilin qanlı mart günlərində ermənilərin
Bakıda Azərbaycan türklərinə qarşı törətdikləri ağılasIğmaz vəhşiliklərin,
soyqırımının canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin,
xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, barbarlığın,
simasızlığın bütün təzahür formalarını açıq və ya üstüörtülü şəkildə “1905-ci
ildə” tarixi dramında əks etdirmişdir. Doğrudur, pyesdə tarixi şəxsiyyətlər
olmasa da tarixi hadislərərin bədii lövhələri çox real və inandırıcı verilmişdir.
Müəllif ermənilərə və türklərə (Əsərin əlyazmasındakı “türk” sözləri sonralar
əsassız olaraq bütün nəşrlərdə “azərbaycanlı” sözü ilə əvəzlənmişdir-A.R.) xas
ümumi keyfiyyətlərlə fərdi xüsusiyyətləri kəskin tarixi hadisələr fonunda
süzgəcdən keçirib ümumiləşdirərək tipik obrazlar qalareyası yaratmağa nail
olmuşdur. Allahverdi, Nabat, Eyvaz, Sona, Murad, Ağamyan, Gənc
Baxşı-müsəlman-türk aləmində geniş yayılmış bu adları pyesdə daşıyanlar XIX
əsrin əvvəllərində törətdikləri xəyanətlərə görə İran və Türkiyə ərazisindən
Qafqaza, xüsusilə Qarabağa sürgün edilmiş, adaptasiya dövrünü yüksək məharətlə
keçmiş ermənilərin xələfləridir.
Tarixi ərazilərdən Qafqaza qovulmuşlar maddi və
mənəvi boxçalarının kasadlığından yeni yaşayış yerlərinə əliboş gəlsələr də
türklərin xeyirxahlığından və qonaqpərvərliyindən maksimum sui-istifadə edərək
maddi və mənəvi sərvətlərimizdən nəinki barınmışlar, hətta onların zaman
keçdikcə mənimsəmiş müqavimətə rast gəlmədikcə özününküləşdirmişlər. Azərbaycan
ərazilərinə səpələnən ermənilər yerli əhalinin rəğbətini qazanmaq üçün
övladlarına türk adları qoyub, türk dilində danışır, türk mahnıları oxuyur, türk
çalğı alətlərində çalır, türk həyat tərzinə və ənənələrinə yiyələnirdilər.
C.Cabbarlı
“1905-ci ildə” göstərir ki, Qoca Baxşı milliyyətcə erməni olan Gənc Baxşını öz
övladı kimi qəbul edir, ocağının başında ona yer ayırır, əziyyətlərə qatlaşaraq
böyüdür, oxudur... Əsərdə Qoca Baxşı-xeyirxahlıqla qollarını yetimlərə, aclara,
imknasızlara, qovulmuşlara, açmış qocaman Odlar yurdunu, Gənc Baxşı isə
vətənindən uzaqlara atılaraq qayğıya, şəfqətə möhtac qalan, naəlaçlıqdan
Azərbaycana pənah gətirən, türk səxavətinə sığınan, qonaqpərvərliyinə güvənən,
erməniləri təmsil edir.
Pyes Qoca
Baxşının tar çalması və “Sarı gəlin” xalq mahnısını oxuması ilə başlanır:
Saçın ucun
hörməzlər,
Neynim aman,
aman sarı gəlin.
Səni mənə
verməzlər,
Neynim aman,
aman sarı gəlin.
Əsər boyu tarın və “Sarı gəlin”in səsi və təsiri duyulmaqdadır. 30-cu illərdə
tarın “sıxma-boğma”ya salındığını və “Sarı gəlin”ə gəlmələrin bu gün də iddialı
olduğunu nəzərə alsaq sənətkar uzaqgörənliyini iqrar etməklə yanaşı C.Cabbarlı
həssaslığını, narahatçılığını duymaq, dərk etmək və dəyərləndirmək bu gün
həmişəkindən daha zəruridir. Erməniləri “Sarı gəlin” mahnısına şərik edənlər (bax:
P.Əfəndiyev. Cəfər Cabbarlı və xalq yaradıcılığı. Bakı, Yazıçı, 1985, s. 164)
mənim fikrimcə yanılırlar. Ermənilərin “Sarı gəlin” mahnısını oxuması, hələ
onların bu mahnını yaratmasına dəlalət etmir. Sığındıqları türk xalqının nəinki
mahnılarını, hətta tar, kaman kimi xalq çalğı alətlərini mənimsədikləri barədə
də tarixdən onlarla misal çəkmək olar.
Cəfər Cabbarlı,
Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”, N.Nərimanovun “Bahadur və Sona” əsərlərinin
ideya istiqamətinə sadiq qalaraq türk Baxşı ilə erməni Sonanın, eləcə də erməni
Baxşı ilə türk Sonanın izdivacını mümkünsüz sayır. Doğrudur, Baxşı dilinin
mahnısını, sevimli tarını Sonaya bağışlayır. Hətta, qırğının şıddətli anlarında
heç nədən qorxub-çəkinməyərək bir dəstə gül ilə Sonanın toyunu təbrik etməyə də
gedir, təhlükələrə baxmayaraq orada tar çalıb oxuyur da!
Bütün bu cizgilərdə
Baxşının Sonaya məhəbbətindən daha çox rəhmdilliyi, xeyirxahliği, qonşuluq
münasibətlərini yüksək qiymətləndirməsi görünməkdədir. Əlində gül dəstəsi
tutmuş Baxşını Sonanın adaxlısı Haykaz sərtliklə qarşılayır:-“Sizə nə lazımdır?”
Baxşı təmkinlə cavab verir: “Mən eşitdim ki, bu gecə Sonanın toyudur. Biz
qonşuyuq, mən öz borcumu yerinə yetirməyə gəldim. Mən Sonanı təbrik etməyə
gəldim” (C.Cabbarlı. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh.409).
Sanki iki obraz
yox, iki mədəniyyət, iki dünyagörüş üz-üzə gəlir. Haykaz-hayiklərin, ermənilərin
təmsilçisidir. Qarşısındakı müsəlamanı görüb əlini silahına atmağa hazırdı.
Baxşı qocaman, qədim bir mədəniyyətin təmsilçisidir. Onun xalqı unutqan deyil,
sadəcə olaraq türklərin insanlara, qonşuya, qonağa sevgisi, məhəbbəti qəzəbindən,
nifrətindən qat-qat böyükdür. Baxşı, vaxtikən əl tutduğu, ocağının başında yer
verdiyi, saxladığı, sonralar açıq düşmənə çevrilən hayiklərin içinə silahla yox,
gül-çiçəklə getməyi bacaran qorxmaz, mərd, ləyaqətli türk obrazıdır.
Baxşı ilə
Haykazın üz-üzə gəldiyi səhnə türk ilə erməninin qarşılaşdığı səhnədən daha çox
ləyaqətlə qəbahətin, məhəbbətlə-rəzalətin, səmimiyyətlə-nifrətin,
xeyirxahlıqla-bədxahlığın, mədəniyyətlə-cəhalətin baş-başa gəldiyi səhnəni daha
çox xatırladır. İkincinin arxalandığı gücə və qəddarlığa rəğmən birinci geri
çəkilmir. Baxşının Sonaya bağışladığı tarını alıb hayiklərin içərisində çalması
ikincilər üzərində mənəvi zəfərin təntənəsi kimi səslənir.
Ermənilərin
türklərə qarşı törətdikləri ilk kütləvi qırğınlar Azərbaycanın əksər ərazisini
bürüsə də Cəfər Cabbarlı insan, zaman, məkan şərtliyi hüdudlarında əsəri üçün
1905-ci ildə, Qarabağda, qarabağlıların simasında cərəyan edən hadisələri mövzu
seçmişdir. Birinci şəkil “Qarabağın yaşıl bir yamacında kiçicik bir kənd”də baş
verir. Azərbaycanlı Gülsün (Müəllif əlyazmasında surətin adı Gülsün olsa da çox
təəssüf ki, bütün nəşrlərdə Gülsüm şəklində getmişdir-A.R.) qonşusu erməni
Nəbatı səsləyərək: “Ay Nabat bacı! Ay Nabat bacı! Bu yiyəsi ölmüş çil toyuq iki
gündür yenə də fal aparır. Heç bilmirəm hara baş götürüb gedir, deyirəm, bəlkə,
sizin hinə gəldi?!
Nabathinə bax,
Ay Gülsün bacı, dünən hindən iki dənə qərib yumurta tapmışam” (C.Cabbarlı.
Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh. 371-72).
Pyesin əvvəlində
ustalıqla verilmiş bu lakonik dialoq, psixoloji mənzərə erməni xarakterini
tamamlayan və sənətkarın bu üzlü qonşulara münasibətini əks etdirərək çox güclü,
yaddaqalan ştrixdir. Gülsünün iki ədəd itmiş yumurtasını digər qonşuların deyil,
məhz Əsriyanlar ailəsinin hinində axtarması, buna bənzər hadisələrin əvvəllər də
olduğunu təsdiqləyir. Eyni zamanda bu iki yumurtanın itiyinə düşüb axtarılması,
Qarabağda yaşayan türk ailələrinin mövcud durumunun, kasıbçılığın, imkansızlığın
və ehtiyacın göstəricisidir. Nabat bir gün əvvəl “hindən iki dənə qərib yumurta
tap”dığını məhz qonşu soraqladıqdan sonra boynuna alır. Gülsün qonşu ilə
münasibətləri zədələməmək, Nabatı-onun düşdüyü pərt vəziyyətdən xilas etmək üçün
“yiyəsi ölmüş bir yerdə qaxıla bilmir”-deyərək günahı çil toyuqda axtarır. Yaxud,
pyesin üçüncü şəklində “Qarabağda Baxşıgilin kəndi”, hamı “Ay kəmərim, kəmərim”
Azərbaycan xalq mahnısını oxuyub-oynayır.
“Aram. Oho,
Allahverdi dayı ilə İmamverdi dayı gəldi.
Murad. Çəkin
onları ortaya, bir Qaytağı (kursiv mənimdir-A.R.) vursunlar” (C.Cabbarlı.
Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh. 378).
Səkkizinci
şəkildə isə Əsriyanlar ailəsi Qarabağdan Bakıya köçür. Sona Baxşının tarını (kursiv-A.R.)
Alıb özü ilə
aparır. Gülsün əsriyanlar ailəsi üçün “bir az xırda-mırda hazırlayır ki, yolda
yeyərlər”. Bu ürək böyüklüyü və mənəviyyat zənginliyi məhz Azərbaycan türkünə
məxsus xüsusiyyətdir.
Müəllif pyesin
başlanğıcından və ilk şəkillərindən Qarabağda sığınacaq tapmış ermənilərin yerli
türk xalqının adından, mahnılarından, əsrarəngiz təbiətindən, təsərrüfatından
zaman-zaman faydalandıqlarını, yumurtasına, toyuğun, tarına və torpağına iştahı
artdığını xarakterik, inandırıcı cizgilərlə göstərir və xüsusi vurğulayır.
Eyvaz Əsriyan
obrazı bir neçə parametrdən yanaşdıqda 1918-ci ilin martında azərbaycanlılara
qarşı törədilmiş soyqırımın təşkilatçısı və baş rejissorun Stepan Şaumyanın
bədii əksi, məkrli və ikiüzlü erməni siyasətçisinin çoxrəngli portretidir.
Tarixdən məlumdur ki, S.Şaumyan bolşeviklərin lideri Leninin tapşırığı ilə
1904-cü ildə Tiflisə gəlir, az sonra isə Bakıda fəaliyətini davam
etdirir.1905-1906-cı illər “erməni-müsəlman” qırğınları zamanı o, Bakıda olur,
erməni və rusdilli mətbuatda çıxışlar edir, qırğına “sinfi mübarizə” donu
geydirərək açıq və ya gizlin şəkildə türklərə qarşı bütün imkanlarından istifadə
edirdi.
C.Cabbarlı Eyvaz Əsriyanı sovet dövrü ədəbi tənqidinin dəyərləndirdiyi kimi
idealizə etmir, əksinə prototipinin (Şaumyanın-A.R.) dünyagörüşündəki örtülü
məqamları, məkrli niyyətlərini ümumiləşdirərək qəhrəmanının” dilindən, elə
“birinci şəkil”dən açıqlayır:
“Imamverdi:-...
Eyvaz da getdi özünə peşə tapdı, nə var mən raboçi olmuşam, bir
naçalnikdən-zaddan olmadı ki, nəmalə işimiz düşəndə düzəltsin.
Eyvaz-Mən əgər
naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib, güllələrdim” (C.Cabbarlı.
Seçilmiş əsərlər. Çaşıoğlu, 2004, səh. 373).
Müəllif elə ilk
şəkildə ixtiyar Azərbaycan türkü ilə gənc erməni “dığa”sını, xeyirxahlıqla,
bədxahlığı, Imamverdi ilə Eyvazı üz-üzə gətirir. Birinci ikinciyə yüksək vəzifə,
ikinci birinciyə isə ölüm arzulayır. Əsriyanlar-Şaumyanlar ilk qırğında böyük
imkanlara malik olmasa da böyük təcrübəyə sahib çıxdılar, yiyələndilər.
Şaumyanlar
üçün 1905-ci il hadisələri 1918-ci il soyqırımı faciəsinin baş məşqi idi. Onlar
1905-ci ildə buraxdığı taktiki “səhvlər”ə 1918-ci il qırğınları ərəfəsində yol
vermədilər. Bir-birinə zidd, əqidəli hərbi qüvvələri, daşnak, menşevik və
bolşevik əqidəli yüksək cinli hərbçiləri-qırmızı qvardiyanın qərargah rəisi,
polkovnik Avetisyanı, Amazaspı, Kazaryanı, hərbi komissar Korqanovu, Suxartsyevi,
Biceraxovu, generallardan Dronu, Andranik Ozanyanı və başqalarını Azərbaycan
türklərinə qarşı bir araya gətirməyi bacardılar və sadəlövh, təmiz qəlbli
İmamverdiləri divara söykəyib güllələdilər.
Müəllif pyesin
altıncı şəklində bir-birinə zidd, əks təbəqələrin erməni millətindən olan
nümayəndələrinin-Eyvaz Əsriyanla Rüben Ağamyanın barışmaz mövqeləri üçün neçə
“ortaq məxrəc” tapdıqlarını dialoqla böyük ustalıqla, incə cizgilərlə vermişdir.
Ağamyan-Mən
eşitdim, dünən mitinqdə Salamovun atasını yandırmışsan.
Eyvaz-
Yandırmışam.
Ağamyan-Bərk
dayan, Eyvaz, var-yox karta qoyulmuşdur: ya onlara verər Allah, ya bizə...
Eyvaz- Lakin
unutmayın ki, mən inqilab yolunda vuruşan bir əsgərəm.
Ağamyan-Onun heç
bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən... Sən bir dəstənin başında
durmuşsan, mən bununla ancaq fəxr edə bilərəm. Həm də mənim üçün bir təminatdır.
Bilirəm ki, mənim filan yerdə adamım var.
Eyvaz-Adamın?
Kimdir o sizin adamınız?
Ağamyan-Kim? Sən!
Hər halda ermənisən, sənin damarlarında erməni qanı axır, sən mənim ətimi yesən,
sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən məni, öz millətini qaniçən
Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük bir təminatdır. (C.Cabbarlı.
Seçilmiş əsərləri, Çaşıoğlu, 2004, s.392,393.).
Cəfər Cabbarlı
üçün sirr deyildir ki, Azərbaycanın tarixi ərazisi olan Qarabağda, Zəngəzurda,
Naxçıvanda türklərə qarşı kütləvi soyqırımının təşkilatçısı və icraçısı Andranik
Ozanyanın siyasi təminatçısı Stepan Şaumyan idi.
Tarixən məlumdur
ki, Naxçıvanda qanı su yerinə axıdan A.Ozanyan 1918-ci ilin iyunun 14-də Bakı
komissarlarının sədri S.Şaumyana ünvanladığı teleqramında yazırdı: “Hazırda
Naxçıvan qəzasındayam. Başçılıq etdiyim dəstə ilə özümü Rusiya Respublikasının
ayrılmaz tərkib hissəsi hesab edirəm... Türkiyə qoşunlarının Naxçıvan ərazisinə
daxil olmasına mane olmağa çalışacağam. Cavab və sərəncamınızı gözləyirəm.
General-mayor Andranin” (V.Həbiboğlu. “Terrorçu Andranik” və “Böyük Ermənistan” xülyası Bakı, Gənclik, 2003, səh.94).
Azərbaycan
torpaqlarında saysız-hesabsız türk qanı axıtsa da “damarlarında erməni qanı axan”
(C.Cabbarlı) Andraniki S.Şaumyan çox gözlətmədi. Qatı erməni terrorçusuna
ünvanladığı teleqramında yazırdı: “Culfa, xalq qəhrəmanı Andranikə. Sizin
teleqramınızı aldım. Teleqramın tam mətnini Moskvaya, mərkəzi hökumətə çatdırdım.
Sizin simanızda öz tərəfimizdən əsl xalq qəhrəmanını saxlayıram”.
Şaumyan
Andraniki niyə xalq qəhrəmanı adlandırır? Məgər onun terrorçu Ozanyanın qanlı
cinayətlərindən xəbəri yox idi? Bu suallara Cəfər Cabbarlı erməni keşişinin
dilindən daha aydın, sərrast və məntiqli cavab verir. “Keşiş-Ey İsanın əmin
quzuları, bizim namusumuzu ləkədən qurtaran milli qəhrəmanımız Eyvaz Əsriyan
budur. Qan tökmək haramdır, lakin onun tökdüyü qan millət yolunda, din
yolundadır. O, millət qəhrəmanıdır” (C.Cabbarlı. Yenə orada. səh. 404).
Şaumysanın
məntiqi ilə yanaşsaq Andranikin də tökdüyü türk qanı, “millət yolunda, din
yolunda” olduğu üçün o xalq qəhrəmanıdır.
Eyvaz Əsriyanın
həyatdakı prototipi Stepan Şaumyanlardı. Üzdə özünü bolşevik, xalq hərəkatının
nümayəndəsi adlandıran bu erməni millətçisinin əsl siması böyük peşəkarlıqla
ört-basdır edilmiş, maskalanmışdır. Böyük dramaturq qəhrəmanının acınacaqlı
taleyini onun prototipinin miskin taleyi kim məntiqli sonluğa çatdırır. Tarixi
faktla bədii həqiqət üst-üstə düşür, bir-birini tamamlayır. Əlləri Azərbaycan
türklərinin qanına batmış, 1905-ci il qırğınının gizli rəvac verənləri və ideya
rəhbərləri Əryanlar-Şaumyanlar-tanrı və tarix qarşısında haqlı cəzalarına
çatırlar-güllələnirlər.
Müəllif hadisələri soyqırımının apogeyi sayılan 1918-ci
ilin martından 1905-ci ilə köçürməklə hələ “Bakı müharibəsi”ndə mart faciəsinin
baş ideoloqu kimi təqdim etdiyi Şaumyanın bədii obrazına 30-cu illər sovet
rejiminin duyuq düşmədiyi riskli cizgilər, tünd boyalar əlavə etmişdir.
Azərbaycan tarixinin qara səhifələrindən birinə həqiqət işığı salmağı
bacarmışdır. Dramın “Başlanğıc”nda Qoca Baxşının qızı gənc Sonaya oxuduğu qara
cildli kitab Azərbaycanın qara və Qarabağlı günlərinin tarixidir. Gənclər ərəb
əlifbasını oxuya bilmədiyindən Azərbaycanın qanlı, qarğaşalı günlərindən
xəbərsizdir.
Qoca Baxşı üzünü müasir gəncliyə tutaraq müxtəlif vasitələrlə
unutdurulan keçmişimizi, tariximizi ürək ağrisi ilə yada salaraq deyir: “Bir
azdan sonra gəncliyimiz bu qara kitabı oxuya bilsə belə, hər halda anlaya
bilməyəcəkdir. Çünki oradakı həyat ona yabancı və xəyali bir uydurma kimi
görünəcəkdir. Halbuki burada yazılanlar bir xəyal deyil, hələ dünən
keçirtdiyimiz qara bir həqiqətdir” C,Cabbarlı. Seçilmiş əsərləri. Bakı,
Çaşıoğlu, 2004, səh. 371.
C.Cabbarlı
şəxsiyyətinin böyüklüyünü, sənətinin qüdrətini şərtləndirən amillərdən biri də
odur ki, bütün siyasi təzyiqlərə və təpkilərə baxmayaraq 30-cu illərin
qasırğaönü Azərbaycanın qara cildli tarix kitabını vərəqləməyə cəsarətli addım
atmış, qaranlıq səhifələrə həqiqət işığı salmağı bacarmışdır.