Bu muzeydə
Rusiya Dumasının bütün üzvlərinin rəsmləri var. Çox maraqlıdır ki, Rusiya
İmperiyası Dumasında İrəvanı hər zaman azərbaycanlı deputatlar təmsil etmişdi.
Bunun səbəbi heç də azərbaycanlıların siyasi cəhətdən ermənilərdən daha fəal
olması deyildi. Sadəcə, o zamanlarda İrəvanın əhalisinin əksəriyyəti
azərbaycanlılar idi. Lakin sonrakı dövrlərdə Rusiya azərbaycanlıları bu
ərazilərdən deportasiya etməklə erməniləri öz tarixi maraqlarının girovuna
çevirmişdi.
Bu etnik təmizləmələr siyasəti məhz azərbaycanlıların, türklərin
hesabına aparılırdı və ermənilər bölgədə Rusiya imperiyasının maraqlarına uyğun
olaraq bufer rolunu oynamalı idilər. Rusiya etnik təmizləmə aparmaqla,
erməniləri tarixən türklərə aid olan bölgələrə yerləşdirməklə Azərbaycan
türklərini Türkiyədə və İranda yaşayan soydaşlarından ayırmaq məqsədi güdürdü.
Bölgədə parçalanma və etnik-demoqrafik dəyişikliklər siyasəti Sovet İttifaqı
zamanında da davam etdirildi. Dövlət siyasəti olaraq, azərbaycanlılar dəfələrlə
Ermənistandan kütləvi şəkildə deportasiyaya məruz qalmışdılar.
Ötən əsrin
80-90-cı illərində Cənubi Qafqazda müstəqillik uğrunda mübarizə başlayanda da
Rusiya erməni faktından yararlanmağa üstünlük verdi. Bu dəfə Ermənistan-Azərbaycan
münaqişəsinin başlanmasına rəvac vermək məqsədilə Sumqayıt hadisələri törədildi.
Bu yaxınlarda Sumqayıt hadisələrini xatırladan erməni millətçi dissident Paruyr
Ayrikyan da etiraf etdi ki, Sumqayıt olayları və digər qırğınlar məhz Kreml
tərəfindən təşkil olunaraq həyata keçirilmişdi.
Məqsəd də Azərbaycan-Ermənistan
münaqişəsini alovlandırmaq, ortaya nifaq salaraq bu iki xalqı bir-birinə düşmən
etmək idi. Bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünün, bu təcavüzün
yaratdığı problemlərin və münaqişənin həll oluna bilməməsinin əsas səbəbləri də
bundan öz maraqları üçün yararlanmaq istəyən üçüncü qüvvələrin siyasəti ilə
bağlıdır. Eyni zamanda bu gün Ermənistanı idarə edən şəxslər öz siyasi
karyeralarını məhz bu münaqişənin üzərində qurublar. Və onlar münaqişəyə son
verməklə öz karyeralarını zərbə altında qoymaq istəmirlər.
İlk gündən
münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların təşəbbüsləri iflasa uğrayıb.
ATƏT vasitəçilik missiyasını üzərinə götürmüş beynəlxalq təşkilat kimi
münaqişənin həllində heç vaxt hüququn aliliyi prinsipini nəzərə almayıb. 1992-ci
ilin mart ayında bu münaqişə ilə bağlı olaraq BMT-nin ilk faktaraşdırma
missiyası bölgəyə səfər etmişdi. Bu missiyanın rəhbəri Norveç mütəxəssisi
Ayzborn Ayte münaqişənin həllini ölkələrin ərazi bütövlüyü və milli azlıqların
hüquqlarının müdafiəsi kontekstində qəbul etmişdi. Onun BMT-yə münaqişə ilə
bağlı tövsiyyəsi də məhz bu amillər əsasında verilmişdi.
Təəssüf ki, bununla
bağlı müvafiq sənədlər Ermənistanı dəstəkləyən qüvvələrin, ermənilərin güclü
beynəlxalq lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq təşkilatlar, ilk növbədə
də ATƏT-in nəzdində yaradılmış Minsk qrupu tərəfindən nəzərə alınmadı. ATƏT öz
təməl sənədlərini pozaraq ATƏT-ə üzv olan ölkənin ərazi bütövlüyünü tanımayan
Ermənistanla hansısa qarşılıqlı kompromislər əsasında sülhü yaratmaq barədə
tövsiyyələr verdi və bu istiqamətdə işlər davam etdirilir. Belə hüquqi nihilizm
yaradılanda münaqişənin həlli ilə bağlı düyünlər də yaranır ki, o düyünləri də
açmaq mümkün olmur. Münaqişənin həlli ilə bağlı uzun müddət ərzində
irəliləyişlərin olmamasının səbəbləri də beynəlxalq hüquq normalarından yan
keçilməsidir.
Ermənistan
təbliğatı çox vaxt bu münaqişənin həlli ilə bağlı iki prinsip arasında olan
ziddiyyəti önə çəkir. Bu ziddiyyətlər «sərhədlərin toxunulmazlığı və ölkələrin
suverenitetinin aliliyi» ilə «xalqların öz müqəddəratını təyin etməsi»
məsələsidir. Son illər Avropa hüquqşünasları bu məsələ ilə bağlı araşdırmalar
apardılar və bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Şurasının
Parlament Assambleyasında (AŞ PA) müvafiq sənədlər qəbul olundu. Bizim vaxtilə
bu münaqişə ilə bağlı Venetsiya komissiyasına etdiyimiz müraciətə belə bir cavab
gəlmişdi ki, «xalqların öz müqəddəratını təyin etmək hüququ» heç də digər
dövlətin ərazisində yeni bir dövlətin yaradılması demək deyil.
Xalqların öz
müqəddəratını təyin etməsi muxtariyyat formasında ola bilər. Bu ya mədəni
muxtariyyat formasında ola bilər, ya da hansısa səlahiyyətlərin daha çox
verilməsi formasında. Sərhədlər heç zaman zor müstəvisində dəyişdirilməməlidir.
Bu ancaq könüllü surətdə, qarşılıqlı razılaşmalar və könüllü sazişlər formasında
olmalıdır. Necə ki, Çexiya ilə Slovakiya, Çernoqoriya ilə Serbiya arasında oldu.
Amma ərazilərin işğalı, hansısa döyüş əməliyyatları nəticəsində xalqların
müqəddəratının zorla dəyişdirilməsi cəhdləri qəbuledilməzdir və beynəlxalq hüquq
normaları ilə ciddi ziddiyyət yaradır.
Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilmiş bir sıra beynəlxlaq
sənədlərdə Azərbaycan ərazisinin işğal faktı qabardılmamışdı və xüsusi olaraq
qeydə alınmamışdı. Doğrudur, BMT-nin sənədlərində Azərbaycan ərazilərinin erməni
qüvvələri tərəfindən işğal olunması faktı müəyyən qədər qeyd olunmuşdu. Və
BMT-nin 4 qətnaməsində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad
edilməsi barədə məsələ öz əksini tapmışdı. Lakin məhz Ermənistanın Azərbaycan
ərazilərini işğal etməsi, azərbaycanlıların etnik təmizləməyə məruz qalması və
yüzminlərlə insanın qaçqın vəziyyətə düşməsi faktı ilk dəfə Avropa Şurasının
qətnamələrində əks olunmuşdu.
Bu özlüyündə onu nümayiş etdirir ki, artıq
dünyanın bu münaqişəyə yanaşması dəyişib. Yaxın günlərdə ABŞ-ın Dövlət
Departamentinin də öz illik hesabatında məhz Ermənistanın Azərbaycan ərazilərini
işğal etməsi faktını qeyd etməsi onu göstərir ki, Cənubi Qafqaz bölgəsində ciddi
proseslər gedir və proseslərin inkişafında maraqlı olan ölkələr artıq
münaqişələrin həllinə də daha çox hüququn aliliyi nöqteyi-nəzərindən yanaşırlar.
Mən bu məsələdə ilk növbədə enerji layihələrini qabartmazdım.
Düşünürəm ki, son
vaxtlar bizim bölgədə GUAM təşkilatının yaradılması, GUAM ölkələrinin beynəlxaq
təşkilatlarda bölgədəki münaqişələrin həlli ilə bağlı eyni mövqedən çıxış etməsi,
Bakı-Axalkalaki-Qars nəqliyyat dəhlizinin yaradılması, regionumuzun Şərqlə Qərb,
Şimalla Cənub arasında yeni bir sistem formalaşdırması Ermənistanı çox pis
vəziyyətə salır. Bu sistemin dünya üçün önəmi artıq regional münaqişələrə
yanaşmanı da fərqli edir.
Münaqişə zamanı
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdülüb və mülki əhali
əleyhinə kütləvi cinayətlər törədilib. Xocalı faciəsi başda olmaqla münaqişə
bölgəsində azərbaycanlılar əleyhinə törədilmiş bütün hərbi cinayətlər məhkəmə
predmeti olmayıb və cinayətkarlar cəzasız qalıb. Düşünürəm ki, Azərbaycan GUAM-a
üzv olan ölkələrlə birlikdə Cənubi Qafqazda törədilmiş hərbi cinayətlərə qiymət
verilməsi üçün beynəlxalq tribunalın yaradılmasına nail olmalıdır. Bu eyni
zamanda gələcəkdə bölgədə bu cür cinayətlərin baş verməməsi üçün zəmin yarada
bilər.
Azərbaycan yaxın
müddətdə öz hüquqlarını beynəlxalq təşiklatlarda fəal müdafiə edə bilər.
Beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı fərqli mövqeni və müvafiq sənədləri
əldə etmək olar. Hələlik haqqında danışdığımız iki sənədin mövcudluğu
Azərbaycana imkan verir ki, məhz bu modelləri, bu presedentləri digər beynəlxalq
təşkilatlarda, ilk növbədə Azərbaycanın üzv olduğu ATƏT-in Parlament
Assambleyasında, NATO-nun Parlament Assambleyasında da qəbul etdirək. Beynəlxalq
ictimai fikri də münaqişənin mahiyyətinə, həllinə yönəltməklə Azərbaycanın
vəziyyətində köklü dəyişiklik əldə edə bilərik.
Münaqişəni istənilən halda sülh
yolu ilə həll etmək Azərbaycan dövlətinin və xalqının marağına uyğundur. Burada
müddət uzun və proseslər daha çoxpilləli ola bilər. Azərbaycan Ermənistandan və
onun arxasında duran qüvvələrdən fərqli olaraq bölgədə sabitliyin yaranmasının,
böyük layihələrin reallaşdırılmasının tərəfdarı olan ölkə kimi münaqişənin sülh
yolu ilə, beynəlxalq təşkilatların təzyiqləri vasitəsilə həllinə nail olmalıdır.
Bu istiqamətdə bütün resurslar istifadə olunmayıb və çox ciddi yeni imkanlar
yaranıb. Azərbaycan həm diplomatik sahədə, həm də münaqişə ilə bağlı dünya
ictimaiyyətini məlumatlandırmaq istiqamətində işlər görərək, öz iqtisadiyyatını
inkişaf etdirərək, qüdrətli silahlı qüvvələrini yaradaraq münaqişənin sülh yolu
ilə həlli üçün ciddi arqumentlər əldə edə bilər.
Bir faktı da xatırlatmaq yerinə
düşər ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə
bərabərdir. Qarşıdakı illərdə bu nisbət Azərbycanın xeyrinə daha çox dəyişəcək.
Amma bu o demək deyil ki, Azərbaycan bundan hərbi məqsədlər üçün və Ermənistanın
əleyhinə istifadə edəcək. Sadəcə, bu faktordan danışıqlar zamanı istifadə
olunmalıdır.